“Müxalifət daxilində iki siyasi xəttin təmsilçiləri var. Bunlardan bir qrupu ölkədəki status-kvonu real qiymətləndirərək hakimiyyətlə masa arxasında danışmağı məqsədəuyğun hesab edir, mövcud olan problemləri sivil şəkildə həll etməyə çalışır. Digər tərəf isə daha çox qarşıdurma və düşmənliyi təbliğ edən xətti müdafiə edir. Belə olan şəraitdə prosesin nəyə gətirib çıxaracağını öncədən müəyyən etmək olmur. Lakin bizim də daxil olduğumuz seçki bloku ölkədə olan siyasi vəziyyəti qiymətləndirərək qərara gəlib ki, seçkilər ərəfəsində və seçki müddətində mümkün qədər fərqli mövqedən çıxış etsin”.
Bunu Teleqraf.com-a müsahibəsində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirib. Müsahibəni təqdim edirik.
- Əli bəy, parlament seçkilərinə bir neçə ay qalır. Hazırlıqlarınız nə yerdədir?
- Bizim təmsil olunduğumuz “Azadlıq-2015" seçki blokunun tərtib etdiyi iş qrafiki var. Bu qrafikə müvafiq olaraq fəaliyyətimizi davam etdiririk. Hər hansı bir geriləmə yoxdur. Belə razılaşmışıq ki, avqustun birinci yarısında namizədlərimizin siyahısını yekunlaşdıraq. Bundan sonra konkret dairələr üzrə işimiz davam etdirilsin. Bununla paralel olaraq seçki kampaniyasının təbliğat məsələləri qurulur. Blokun şüarı, təbliğat vasitələrinə dair işlər görülür. Eyni zamanda, bloka daxil olan partiyaların keçirdiyi qurultayı da seçkilərə hazırlıq prosesinin tərkib hissəsi kimi qiymətləndirmək olar. Bir neçə gün əvvəl AXP-nin qurultayı oldu. Bu həftənin sonunda isə KXCP-nin qurultayı keçiriləcək. Blokun işləri Seçki Məcəlləsindən irəli gələn təqvim cədvəlinə, həm də özümüzün tərtib etdiyimiz iş qrafikinə uyğun davam edir.
- Ümumi müxalifətin durumunu necə qiymətləndirirsiniz?
- Düşərgənin durumu daha yaxşı ola bilərdi. Müxalifətin elektoratının səsinin parçalanacağını görməmək mümkün deyil. Seçki ərəfəsində bu düşərgənin 3-4 bloku formalaşacaq. Üstəlik bir neçə təşkilat namizədlərini irəli sürəcək. Faktiki olaraq müxalifətin seçicilərinin simpatiyası konkret dairə üzrə namizədin şəxsi keyfiyyətinə bağlı olacaq. Mənə elə gəlir ki, indi müxalifət düşərgəsində 2013-cü ildən sonrakı durumdan fərqli bir situasiya mövcud deyil. Əgər müxalifət düşərgəsi səpələnmiş formada 3-4 böyük və bir neçə kiçik siyahı ilə seçkiyə qatılacaqsa, bu, artıq müxalifətdaxili münasibətlərin anlaşılmaz olduğunu ortaya qoyacaq. Ancaq bu məsələni bir qədər qruplaşdırmaq lazımdır.
- Nəyi nəzərdə tutursunuz?
- Müxalifət daxilində iki siyasi xəttin təmsilçiləri var. Bunlardan bir qrupu ölkədəki status-kvonu real qiymətləndirərək hakimiyyətlə masa arxasında danışmağı məqsədəuyğun hesab edir, mövcud olan problemləri sivil şəkildə həll etməyə çalışır. Digər tərəf isə daha çox qarşıdurma və düşmənliyi təbliğ edən xətti müdafiə edir. Belə olan şəraitdə prosesin nəyə gətirib çıxaracağını öncədən müəyyən etmək olmur. Lakin bizim də daxil olduğumuz seçki bloku ölkədə olan siyasi vəziyyəti qiymətləndirərək qərara gəlib ki, seçkilər ərəfəsində və seçki müddətində mümkün qədər fərqli mövqedən çıxış etsin. Bu xətt iqtidarla danışıqları, problemi masa ətrafında müzakirə etməyi vacib sayır. Və davamlı olaraq seçki müddətinə qədər bu mövqenin hakim olacağını düşünürəm. Biz də partiya olaraq bu mövqeni bölüşürük və hesab edirik ki, yaranan ölkədaxili və beynəlxalq vəziyyətdə bu xəttin alternativi yoxdur. Çünki düşmənlik və radikalizm xətti məğlubiyyətlərə səbəb olub. Bizə görə, əvvəlki siyasi düsturlardan fərqli mövqe nümayiş etdirmək lazımdır. Biz də bu xətti bir ilə yaxındır ki, həyata keçiririk.
- Radikal və düşmənlik xəttini əsas götürən düşərgədə vəziyyət nədən ibarətdir?
- Mənim mətbuatdan izlədiyim odur ki, bu xəttin tərəfdarları olan təşkilatlarda durum qənaətbəxş deyil. Əvvəla, bu düşərgədə seçkilərə qatılmaq ovqatı mövcud deyil. Məncə, həmin düşərgənin seçkilərə qatılmamaq potensialı da qalır. Həmin qrupun aparıcı şəxslərinin verdiyi açıqlamalardan belə anlaşılır ki, seçki həvəsi gözə çarpmır.
- Bu düşərgədə həm də istefalar məsələsi gündəmdədir. Sizcə, son istefalara səbəb nədir?
- Təbii ki, bu şərtlər daxilində mübarizə aparmaq o qədər də asan deyil. Məsələn, bu illər ərzində Müsavat yeganə təşkilat idi ki, istefalar dalğasından özünü xilas edə bilirdi. Lakin bu, sonsuza qədər davam etmədi. Onların keçirdiyi son qurultaydan sonra yaranan partiyadaxili vəziyyət mənzərəni açıq şəkildə əks etdirdi. Milli Şura və ona daxil olan partiyada da istefalar yaşandı. Bu, çox güman ki, aparılan siyasətin nəticəsizliyi ilə bağlıdır. Bu düşərgədə də real vəziyyət cəmiyyətə təqdim edildiyi kimi deyil. Həm beynəlxalq, həm də ölkədaxili şərtlərin nədən ibarət olduğunu hamı gözəl anlayır. Azərbaycan iqtidarı ölkənin real güc qütbüdür. Bu qütbü nəzərə almamaq mümkün deyil. Bu gücü nəzərə almamaq, ona qarşı tərs mövqe nümayiş etdirmək öncədən uğursuzluğu bəlli olan siyasi xəttin aparıcısı olmaq deməkdir.
- Radikal xəttin dəstəkçiləri varmı?
- Yürüdülən radikal siyasi xətt öncədən məğlubiyyətə məhkumdur. Bunu indidən demək olar. Təəssüflər olsun ki, bu cür xətt seçicini həvəsləndirmir, əksinə, ruhdan salır, inamsız edir. Bu mənada hesab edirəm ki, bizim ifadə etdiyimiz mövqe, yəni hakimiyyətlə dialoq əhvali-ruhiyyəsi daha düzgün xətdir. Həm seçicinin prosesə cəlb edilməsi üçün, həm beynəlxalq güclərin Azərbaycanda güddüyü məqsədlər, həm də Azərbaycanın dövlət maraqları üçün uyğun olan siyasi mövqedir. Hesab edirik ki, bu mövqenin təbliğ edilməsi vacibdir. Nəzərə alsaq ki, dövlət başçısı Milli Mətbuatın 140 illik yubileyi münasibəti ilə bir qrup jurnalistin təltif edilməsi mərasimində bir neçə dəfə siyasi islahatlara ehtiyacın olduğunu ifadə etdi. Mənə elə gəlir ki, Prezidentin bu mövqeyi bizim yaxın bir ildə yürütdüyümüz dialoq siyasi xəttinin nəticəsinin olacağı ümidini yaradır. Dövlətin zirvəsinin ən yüksək nöqtəsində ölkədə müəyyən dəyişikliklərin edilməsi zərurəti hiss edilir. Əgər Prezidentin davranışını düz təhlil etmişəmsə, onun rəsmi tədbirdə bu bəyanatı verməsini hakimiyyətin ən yüksək zirvəsində qəbul olunan qərar kimi qiymətləndirirəm. Ümid edirəm ki, parlament seçkiləri bu dəyişikliyin ilkin addımı olacaq.
- Dialoq gözlənilirmi?
- Blokun sonuncu toplantısı zamanı dialoq mövzusunu müzakirə etmişik. İyulun 22-də toplantımız olub, dialoqun vaxtının tamam olması qeyd edilib. Yeri gəlmişkən, bizim cənab Əli Həsənovla razılaşmamız var ki, görüşlər intensiv olsun. Vaxtın bitdiyi səbəbindən biz mətbuat vasitəsi ilə növbəti görüşün mövzuları haqqında mövqeyimizi qarşı tərəfə çatdırmışıq. Blokun növbəti toplantısında bu məsələ bir daha dəyərləndiriləcək. Dialoqun iki tərəfi var. Tərəflərdən biri əsasən “Azadlıq-2015" Blokunun üzvləridir. Dialoq təşəbbüsü də məhz bizim blokun tərəfindən qaldırılıb. Digər tərəf isə iqtidardır. Biz dialoqun davam etdirilməsini məqsədəuyğun sayırıq, ölkə üçün bunu lazımlı hesab edirik. Qalır hakimiyyətin bununla bağlı mövqeyi. Hakimiyyətin mövqeyi də yaxın günlərdə ortaya çıxar. Qeyd edim ki, bizim blokun dialoqun qarşı tərəfinə birbaşa təmas vasitəsilə çıxışı da var. Yəqin ki, biz bu məsələni bir daha dəyərləndirib prosesin davamlı olması üçün qərar qəbul edəcəyik.
- Təmsil olunduğunuz blok avqust ayında mitinq keçirmək haqqında qərar verib. Bu istiqamətdə yenilik varmı?
- Bu, əslində, blokun daxilində olan bir neçə partiyanın təşəbbüsüdür. Biz bu məsələni iyulun əvvəllərində müzakirə etmişik. Blok nümayəndələri hesab edirlər ki, kütləvi aksiyaların standartı bəzi partiyalar tərəfindən aşağı salınırsa və ölkədə 500-1000 nəfərlik tədbirin keçirilməsi mitinq kimi qiymətləndirilirsə, bizim imkanlarımız bu rəqəmdən də çox insanın toplaşdığı aksiya keçirməyə imkan verir. Ona görə də, kütləvi tədbirlərin monopoliyadan çıxarılması üçün belə bir arqument səsləndirilib. İstisna deyil ki, yaxın gələcəkdə blokun və ya onun bəzi üzvlərinin təşkil etdiyi kütləvi tədbirlərin şahidi olaq.
Nemət Orucov