“Türkiyənin içində fəaliyyət göstərən və dövlətçiliyə tərəf olan siyasi qüvvələr birləşməli, ortaq məxrəcə gəlməlidir. Dövlət, hökumət qurulmalıdır. Sanki Türkiyəni pis anda yaxalayıblar. Odur ki, Türkiyə naminə olan siyasi qüvvələr birləşməlidir. Hesab edirəm ki, Türkiyəni 20 il əvvəlki duruma sürükləyə bilməyəcəklər, Türkiyə güclü dövlətdir, orada güclü diplomatlar, siyasətçilər var. Bu insanlar imkan verməzlər ki, Türkiyənin əleyhinə olan hansısa ssenarilər həyata keçirilsin. Onlar da gözəl anlayır ki, bu müharibələrin, hadisələrin arxasında Türkiyəni bölmək planları da ortaya çıxa bilər. Çalışarlar ki, Türkiyəni bölsünlər, hansısa dövlət yaratsınlar. Odur ki, bu gün Türkiyədə yaşayan bütün xalqlar və millətlər-kürdü, türkü, lazı, ərəbi birləşib ölkəni bu durumdan çıxarmalı, dövlətə dəstək verməlidir”.
Bunu Teleqraf.com-a müsahibəsində hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib. Müsahibəni təqdim edirik.
- Novella xanım, tez-tez Türkiyədə səfərdə olursunuz, CHP və MHP ilə təmaslarınız var. Hazırda qardaş ölkədə nə baş verir?
- Mənə çox təəccüblü gəlir ki, belə durumda Türkiyədə siyasi boşluq var. Azərbaycanda hər kəs Türkiyənin güclü olmasını istəyir. Çünki Türkiyənin güclü olması bizim güclü olmağımız deməkdir. Əlbəttə, biz böyük qardaşlardan imtina etmişik. Lakin qardaş Türkiyənin güclü olması gücümüzə güc qatır. Odur ki, Türkiyədə baş verən terror hadisələri, PKK-nın yenidən ortaya çıxması, İŞİD-in terror hadisələrinə start verməsi bizə pis təsir edir. Bu gün Türkiyənin problemləri bir faktordan asılıdır. HDP xaric bütün müxalifət-MHP və CHP AKP ilə bir araya gələrək koalisiya hökuməti qurmalı, Türkiyənin başı üzərində olan qara buludları ötürməlidirlər. Mən belə hesab edirəm. Şübhəsiz ki, mən Ərdoğanı, Kılıncdaroğlunu, Baxçalını ayrı-ayrılıqda başa düşürəm. Bilirsiniz ki, biz millətçiyik və MHP-ni daha çox sevirik. Ancaq iş ondadır ki, bu gün Türkiyə pis vəziyyətdədir. Bir çox dövlətlər də istəyir ki, Türkiyə zəifləsin, iqtisadiyyatı dağılsın, ələ baxan ölkə statusuna düşsün.
- Bunun müqabilində isə İranı gücləndirirlər...
- İran beynəlxalq izolyasiyadan çıxır, özünə müdafiəçilər tapır. Ötən gün məqalə oxudum, qeyd edilirdi ki, İranın silahlı qüvvələri Yaxın Şərqdə ən güclü ordudur. Yəni, bütün bunlar həm də Türkiyəni gözdən salmaq üçündür. Amma diqqət edin, niyə 30 ildir ki, Avropa İttifaqı Türkiyəni üzv kimi qəbul etmir, min bir bəhanə gətirir? Çünki Türkiyənin ordusu regionun ən güclü ordusudur. Onlar hər zaman türk ordusundan çəkiniblər. Prezident Ərdoğanın baş nazir olanda bir sıra müsbət addımları olub. Lakin onun mənfi addımı Türkiyə ordusunun müəyyən qədər zəiflədilməsində oldu. Məncə, ordu güclü olmalı idi. Vaxtilə Türkiyənin kəşfiyyatı, əks-kəşfiyyatı ən güclü strukturlar idi. Ordunun, kəşfiyyatın bir qədər zəiflədilməsi Türkiyəyə olan basqıları artırır.
- Nəyə görə məhz bu mərhələdə PKK aktivləşdi?
- Baxın dünyaya, müharibələr ancaq müsəlman dövlətlərində gedir. Hər yan dayanıb, müsəlmanı müsəlmana qırdırırlar. Bu, kiməsə lazımdır. Kimsə istəyir ki, nefti ucuz qiymətə alsın, millətlərin arasında nifaq yaransın. Türkiyə bölgədə yeganə yerdir ki, buradan həm neft, həm də qaz daşına bilər. Onun üçün də Türkiyəni zəiflətmək istəyirlər. Bu qüvvələr vaxtilə İraqı bu duruma salıblar. Suriyada bunun üçün çalışırlar, Liviyada istədiklərinə nail olublar. İndi həmin qüvvələr Liviyada, İraqda nə istəyirlərsə edirlər. Məsələnin mahiyyəti bundadır. Başqa sözlə, PKK özbaşına aktivləşməyib. PKK-nı Türkiyədə fəallaşdıranlar, təlimat verənlər var. Digər tərəfdən də İŞİD silahlı qruplaşmasını Türkiyəyə qarşı aktivləşdirirlər. Məsələn, dünən Bülənd Arıncın çıxışı çox xoşuma gəldi. Cənab Arınc təklif etdi ki, terroru əldən buraxın, demokratik yolla fəaliyyət göstərin, ya da terror qurumu olan PKK-nı dəstəkləyənlərə qarşı ciddi addımlar atın. İndi Türkiyədə iqtidar-müxalifət olmamalıdır. AKP, CHP, MHP bir-birilə savaşmamalıdır, birlikdə Türkiyəni bu durumdan çıxarmalıdır. MHP və CHP-dən çoxlu sayda insan tanıyıram, bəziləri ilə dostluq edirəm. Şübhəsiz ki, AKP-də də tanışlarım var. Çoxu da ağıllı insanlardır. Onlar bir araya gələrək konsepsiya düzəltməli, Türkiyəni PKK və İŞİD caynağından qurtarmalıdır.
- İŞİD nədən Türkiyəni hədəfə almağa başlayıb?
- Məqsəd sadədir. İŞİD də hansısa mərkəzlərə bağlıdır və onlardan təlimatlar alır. İŞİD-in tərkibində kimlər var? Şübhəsiz ki, İraqda Səddam Hüseyndən sonra kənarda qalan tayfalar, hərbçilər. İndi onlar hegemonluq etmək istəyirlər. Türkiyə onlar üçün sivil-demokratik ölkədir. Əslində, İŞİD-in apardığı müharibə islami müharibə deyil. Bu, müsəlmanlıq da deyil. Əgər onlar müsəlmandırlarsa, Məhəmməd peyğəmbərin Quranına istinad edirlərsə, orada baş kəsmək yoxdur. Əksinə, Quran ən demokratik kitabdır, qadınlara sivil münasibət var. Səmavi kitabların arasında ən sivili Qurandır. Ancaq İŞİD-in törətdiyi qətliamlarla bu səmavi kitab arasında heç bir bağlılıq yoxdur. Sadəcə, kimlərsə göstərmək istəyir ki, müsəlmanlar vəhşidir, bir-birini qırır, terror törədirlər. Türkiyə və Azərbaycan isə müsəlman ölkələri içərisində yeganə demokratik dövlətlərdir. Biz Azərbaycan olaraq bu prosesdən kənardayıq, amma Türkiyə bu prosesin içindədir. Odur ki, Türkiyəni də gözdən salmaq istəyir, terrorun baş verdiyi məkana çevirməyə çalışırlar. Məqsəd həm də Türkiyəni geriyə aparmaq, zəiflətməkdir. İŞİD bu məqsədlə Türkiyəyə doğru istiqamətlənib.
- İŞİD-i kimlər Türkiyəyə istiqamətləndirib?
- Onu yönəldənlər nefti ucuz almaq, Liviyanın, Suriyanın, Misirin, İraqın Avropa banklarında olan pullarını ələ keçirmək istəyənlərdir. Əlbəttə, bunu ancaq güclü dövlətlər edə bilərlər. Bu, kiməsə lazımdır. İndi Türkiyə-Amerika işbirliyi mənim xoşuma gəlir. Niyə? Çünki bu gün Türkiyə NATO hərbi ittifaqının üzvüdür, Amerika ilə müttəfiqdir. NATO-nun üzvü olması həm də Türkiyəni ona qarşı olan basqılardan xilas edir.
- Suriyanın Türkiyə ilə sərhədi boyunca kürd toplumunun aktivləşməsi müşahidə olunur, özlərinə idarəçilik yaratmaq istəyirlər. Bunu necə qiymətləndirirsiniz?
- PKK-nın əsas məqsədi kürd dövləti qurmaqdır və bunu açıq deyirlər. İndi kimlərinsə "demokratiya istəyirik" fikirləri sadəcə sözdür. Baxın, demokratiya istəyən Atatürkün şəklini, Türkiyənin bayrağını yandırarmı? Mən Suriya ərazisində olan proseslərdən danışmıram. Ancaq indiyə qədər yüz dəfə HDP sədri cənab Dəmirtaşa deyilib ki, PKK ilə əlaqənizi kəsin, münasibətiniz olmasın. PKK terror təşkilatıdır, insan öldürür. Ancaq görürsən ki, HDP-dən olan deputatlar bunu nəzərə almır, PKK ilə söhbət belə edirlər.
- Bölgədə türkmənlərin durumu ağırdır və neçə illərdir ki, Türkiyə onları sahibsiz buraxmışdı...
- Bəli. Elə məhz bunun hesabına PKK Türkiyəyə yaxın sərhəd boyunca gücləndi. Bu, faktdır. Öz adamlarını kənarda qoyub ərəbləri qanadı altına çəkəndə belə olmalı idi. Baxın, mən bu gün İstanbula gedəndə Liviya, Suriya ərəblərini görəndə dəhşətə gəlirəm. İndi Türkiyəyə iki dəfə az turist gəlir. Çünki ölkədə Suriya, Liviya ərəbləri doludur. Çoxu da otellər alıblar. Kürd əsilli vətəndaşların əllərində yeməkxanalar, ərəblərin əllərində isə otellərdir. Hara gedirsənsə, bunlar ortaya çıxır. Mənim kürd əsilli vətəndaşlara qarşı heç bir iradım yoxdur. Onlar da türklər kimi bizim qardaşlarımızdırlar. Bu məsələdə heç bir problem yoxdur. Ancaq kürd, türk və ya azərbaycanlı terrorla məşğuldursa, mən bunu pisləyirəm və buna qarşıyam. Bundan sonra da, bu kimi əməllərə qarşı mübarizə aparacağıq. Müsəlmanları bütün yerdə vəhşi göstərmək xəttindən imtina edilməlidir. Bunun üçün də, terror, müharibə olmamalıdır.
- Türkiyə bu andan sonra Yaxın Şərqdə müharibəyə gedəcəkmi?
- Türkiyə müharibə istəmir, onu müharibəyə sürükləyirlər. Bu, açıq-aydın görünür. Məhz bu səbəbdən Türkiyənin içində fəaliyyət göstərən və dövlətçiliyə tərəf olan siyasi qüvvələr birləşməli, ortaq məxrəcə gəlməlidir. Dövlət, hökumət qurulmalıdır. Sanki Türkiyəni pis anda yaxalayıblar. Odur ki, Türkiyə naminə olan siyasi qüvvələr birləşməlidir. Hesab edirəm ki, Türkiyəni 20 il əvvəlki duruma sürükləyə bilməyəcəklər, Türkiyə güclü dövlətdir, orada güclü diplomatlar, siyasətçilər var. Bu insanlar imkan verməzlər ki, Türkiyənin əleyhinə olan hansısa ssenarilər həyata keçirilsin. Onlar da gözəl anlayır ki, bu müharibələrin, hadisələrin arxasında Türkiyəni bölmək planları da ortaya çıxa bilər. Çalışarlar ki, Türkiyəni bölsünlər, hansısa dövlət yaratsınlar. Odur ki, bu gün Türkiyədə yaşayan bütün xalqlar və millətlər-kürdü, türkü, lazı, ərəbi birləşib ölkəni bu durumdan çıxarmalı, dövlətə dəstək verməlidir. Eyni zamanda, bu durumdan çıxmaq üçün mexanizm hazırlanmalıdır. Əminəm ki, Türkiyə güclüdür və bütün bunları həyata keçirəcək.
Nemət Orucov