“Türkiyə siyasətində yanlışlıqlar var. Hər kəs bilməlidir ki, Türkiyənin zəifləməsi Azərbaycan və Gürcüstanın da zəifləməsi anlamına gəlir. Artıq müxtəlif vasitələrlə Türkiyəni iç savaşa sürükləmək istəyirlər. Təbii ki, burada Avropa dövlətlərinin də marağı var. İndi isə siyasətə gələn, parlamentdə yer alan, türk xalqının səsindən istifadə edən HDP var. Bu partiyanın hərbi qolu kimi tanınan PKK Türkiyəni qarışdırmaq istəyir və layiq olduğu cavabları da alır. Ancaq bu cavab azdır. Türk dünyası Türkiyənin yanında olmalıdır. Əgər Türkiyənin iç dünyasını sarsıdan addımlar olacaqsa, bütün anlamlarda Türkiyənin yanında olmalıyıq”.
Bunu Teleqraf.com-a müsahibəsində “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bildirib. Müsahibəni təqdim edirik.
- Zəlimxan bəy, sizin iştirakınız olmadan ilk dəfə Borçalıda Elat mədəniyyət bayramı keçirildi. Tədbirin səviyyəsindən, təşkilati işlərin aparılmasından razı qaldınızmı?
- Tədbiri yüksək qiymətləndirirəm. Biz hər hansı bir işi görəndə bunu fərdin boynuna ölçmürük. Əksinə, dəyərlərə, ideallara görə qiymət veririk. Elat bayramını sağdan-soldan aşağılayanlara və cılız təfəkkürdə olanlara bildirirəm ki, toplumu bir araya gətirmək Allahın istəyidir. Borçalı türklərinin ildə bir dəfə milli azlıq olaraq öz bayramlarını qeyd etməsi ideallarımız idi. İnsanlar bir araya toplaşıb bayramlaşsın, paylaşsın, bölüşsün. Düzdür, 6 ildir ki, bu tədbiri təşkil edirdik. Məqsədimizdən biri də mexanizmin öz-özünə işə düşməsi idi. Əgər bu il birbaşa iştirakım olmadan tədbir alındısa, türk dünyası Borçalı türklərinin başına toplaşdısa, Gürcüstan siyasi hakimiyyəti də iştirak etdisə, 6 il əvvəl bu tədbirə görə bizə ağız büzənlər sevindisə, Allaha şükür edirəm. Bu, barış, birlik bayramıdır. Odur ki, “Borçalı” Cəmiyyətinə, bu işlərə könül verən insanlara, eloğlularıma, bizə dəstək verən media orqanlarına təşəkkür edirəm. Biz Elat timsalında bu bayramı, sevinci yaşada bildik.
- Sizi ciddi ittiham edirdilər, istefaya səsləyənlər də olurdu. Hətta Gürcüstanda olan bəzi şəxslər sizə qarşı fəaliyyət göstərirdilər. Həmin qüvvələr Dmanisidə keçirilən bu tədbirə mane olmağa çalışdılar?
- Təbii ki, tədbirə mane olmağa çalışdılar. Çünki bura kimsənin iradəsindən kənar insanlar toplaşır. Bu da çoxlarını narahat edir. Eləcə də, erməniləri. Düşünürlər ki, bu insanlar nədən bir araya toplaşır, qayələri nədir. Bu qayəni də tapmağa zorlanırlar. Zaman-zaman verdiyimiz şüarları, apardığımız xətti izləyirlər. Görürlər ki, burada mənəvi qidadan, dəyərlərdən başqa bir istək yoxdur. İnsanların yaxınlaşması, birlikdə olması Konstitusiyada təsbit edilən hüquqlarıdır. Bunun da ən dinc və mötədil yolunu seçmişik. Bu da açıq görünür. Təbii ki, hər zaman mane olmağa çalışacaqlar. Biz heç zaman ermənilərin maraqlarını ifadə edə bilməyəcəyik. Odur ki, Ermənistan və erməni lobbisi əleyhimizə çalışacaq. Gürcülərdə də müəyyən mənada ultraradikal düşüncəli elementlər var və onlar da əleyhimizə olacaqlar.
- Öz həmyerliləriniz arasında da narazılıq edənlər vardı...
- Bu tədbirin mahiyyətini anlamaqda zorlanan Azərbaycanda da kimlərsə narahat olacaq. Təbii ki, Gürcüstanda milli təhlükəsizlik konsepsiyasında Borçalı türklərinin bir arada olması qırmızı xətlə göstərilir. Biz inandırmalıyıq ki, bu, gözəl layihədir, xalqları, millətləri, dövlətləri, bayraqları, dəyərləri yaxınlaşdıran proyektdir. Sonuncu Elat bayramında Gürcüstanın millət vəkilləri, qubernator tədbirə qatıldı. Türkiyədən siyasət adamları, dərnək rəhbərləri, media qurumları, bələdiyyə başqanları iştirak etdi. Bir zaman gələcək ki, Azərbaycan, Türkiyə və Gürcüstan dövlət başçılarının zirvə toplantısı Elat bayramı günündə olacaq. Buna şübhəm yoxdur. Əgər 10 min insan bir araya toplaşırsa, hər kəndin sayılan nümayəndəsi bura gəlirsə, elə sözümüzü orada deyək. Bu bayram millətləri və xalqları yaxınlaşdıran, hətta siyasi hakimiyyətləri bir masa arxasında əyləşdirib daha mehriban edəcək layihə olacaq.
- Sonuncu tədbir sizinlə bağlı Gürcüstan tərəfinin yaratdığı problemi aradan qaldırmağa xidmət edəcək körpü rolunu oynaya bilərmi?
- Təbii ki, oynaya bilər. Gürcüstan siyasi hakimiyyəti mənim bu ölkəyə daxil olmağıma qadağa qoyur, amma özü də təşkil etdiyimiz tədbirə gəlir. Mənim tədbir zamanı telefonla çıxışımı əngəlləmək istəyənlər oldu. İstədilər ki, ora qoşulmayım. Əlbəttə ki, bu, xəstə təfəkkürdür. Bu tədbirin memarı mənəm, “Borçalı” Cəmiyyətidir. Çıxışım zamanı da söylədim ki, Gürcüstan bu səhvi üzərindən qaldırmalıdır. Türkiyədən olan dostlarımız da bu məsələni vurğulayıb, keçirdiyi görüşlər zamanı da qeyd ediblər. Artıq Gürcüstan siyasi hakimiyyəti dərk edəcək ki, yanlışlıq edib. Bu yanlışlığı düzəldəcəklərinə şübhə etmirəm.
- “Borçalı” Cəmiyyətinin qarşısında daha hansı planlar durur?
- Bu xətti intensiv şəkildə davam etdirmək, onun elmi və nəzəri əsaslarını işləmək, Azərbaycan, Gürcüstanın, Türkiyənin diqqətini bu layihəyə cəlb etmək. Bunun üçün konfranslar, dinləmələr, tədbirləri davam etdirmək. Ancaq ilin sonuna qədər bəzi iri layihələr haqqında da düşünürük. VII Elat bayramını qeyd etdik. Bu müqəddəs rəqəmdir. Bizim 7 çadırımız qurulmuşdu, 7 türk cümhuriyyəti adına qazanlar asılmışdı. Biz türk dünyası ilə Gürcüstan daha gözəl görünür modelini təklif etmişdik. Ola bilsin ki, VII elat mədəniyyətinin təqdimatını keçirək. Sonra geopolitik konfliktologiya, etnik bölücülük və birgəyaşayış mövzusunda konfransın keçirilməsi ideyası var. Təbii ki, bizim bir məqsədimiz də soydaşlarımızın gündəlik problemlərini zaman-zaman hakimiyyət orqanlarına çatdırmaqdır. Planlarımız var. Ancaq hazırda cəmiyyətin İdarə Heyəti məzuniyyətdədir. İdarə Heyəti toplananda biz ilin sonuna qədərki fəaliyyət planlarımızı hazırlayacağıq. Mən də bu təklifləri irəli sürəcəyəm. Azərbaycan siyasi elitasının, medianın münasibəti bu tədbirə çox pozitivdir. Azərbaycana təzyiqlər, siyasi və ekonomik basqılar var. Biz Azərbaycanın üzərinə gələn belə təzyiqləri ancaq hakimiyyətin üzərinə buraxsaq, doğru olmaz. Bunu həm də xalqımızın üzərinə qoymaq lazımdır.
- Qardaş Türkiyədə də arzuedilməz proseslər baş verir, terror hadisələri, anti-Türkiyə çıxışları müşahidə edilir. Bu məsələni necə qiymətləndirirsiniz?
- Türkiyə siyasətində yanlışlıqlar var. Hər kəs bilməlidir ki, Türkiyənin zəifləməsi Azərbaycan və Gürcüstanın da zəifləməsi anlamına gəlir. Artıq müxtəlif vasitələrlə Türkiyəni iç savaşa sürükləmək istəyirlər. Təbii ki, burada Avropa dövlətlərinin də marağı var. İndi isə siyasətə gələn, parlamentdə yer alan, türk xalqının səsindən istifadə edən HDP var. Bu partiyanın hərbi qolu kimi tanınan PKK Türkiyəni qarışdırmaq istəyir və layiq olduğu cavabları da alır. Ancaq bu cavab azdır. Türk dünyası Türkiyənin yanında olmalıdır. Əgər Türkiyənin iç dünyasını sarsıdan addımlar olacaqsa, bütün anlamlarda Türkiyənin yanında olmalıyıq. İç savaş o anlama gəlir ki, Türkiyə enerjisini kənara deyil, ölkə içinə sərf edə bilər. Düzdür, hökumətin qurulması prosesində böhran mövcuddur. Ancaq Türkiyənin siyasi qüvvələri-MHP, CHP və AKP dərk etməlidir ki, onların qovğası Türkiyənin bölünməsinə rəvac verə bilər. Odur ki, bir araya gəlmə modeli tapılmalıdır. Türkiyə cəmiyyəti güclü cəmiyyətdir. Türkiyə daim gərginliklər içərisində özünü qoruyan, cəmiyyətləşmiş, siyasi institutları yetkin, təhlükəsizlik sistemi güclü, texnologiyada irəli gedən dövlətdir. Türkiyə öz dayanaqlığını qoruyub saxlayacaq.
- Bu gün təmsil olunduğunuz KXCP-nin III qurultayıdır. Bu prosesdə iştirak edəcəksinizmi?
- Mən partiya funksioneri deyiləm, aktiv siyasi fəaliyyətlə məşğul olmuram. Partiyanın sıravi üzvüyəm. Üstəlik də qurultay nümayəndəsi deyiləm. Əgər qurultaya dəvət edilsəm, iştirak edəcəyəm. Bütün hallarda onlara uğur arzu edirəm. Xüsusi olaraq bir yenilik də gözləmirəm. Mirmahmud Mirəlioğlunun sədr seçiləcəyini gözləyirəm. Siyasi kursda son zamanlar dialoqa meyilli xətt var. 2003-cü ildə mən etimad mühiti ideyası ilə çıxış etdim. Onda məni daşlayan insanlar indi dialoqa getməyi məqbul sayırlar. Hər halda mən siyasi xətdə də ciddi radikal dəyişiklik görmürəm. Sadəcə, qanunun tələbinə uyğun olaraq qurultay keçiriləcək. İşçi qurultaydır, bu başdan onları təbrik edirəm.
- Siz vaxtında KXCP-də ikinci şəxs olmusunuz. Nədən qurultaya nümayəndə və ya qonaq qismində dəvətli deyilsiniz?
- Mənim adıma yazılmayıb ki, qurultay nümayəndəsi olmalıyam. Məsləhət bilməyiblər, mən də nümayəndə olmamışam. Problem yoxdur. Bunu da siyasiləşdirmək niyyətində deyiləm. Partiyanın fəaliyyətində, onun yaranmasında, təşəkküründə az-çox rolu olan kimi hər zaman özünütəsdiqin tərəfdarı olmuşam. Mən partiya üzvü və funksioneri kimi aktiv olmamışam. Bu səbəbdən də qəbul edirəm ki, fəaliyyəti olmayan yuxarı başda oturmaz.
Nemət Orucov