Gənc müğənni Sevda Yəhyayeva avqustun 9-da Yaşıl Teatrda konsert verəcək. Bununla əlaqədar ötən gün müğənni media nümayəndələrini başına toplayıb, onların suallarını cavablandırıb. Fürsətdən istifadə edib biz də gənc müğənni ilə həmsöhbət olub, şou-biznesin durumunu analiz etdik, konsertdə təqdim olunacaq sürprizlərdən danışdıq.
- Deyəsən, bu yay istirahət etməmisiniz... Konsert öncəsi özünüzü necə hiss edirsiniz?
- Doğru deyirsiniz, bu yay istirahət etməmişəm. Düşünmürəm ki, konsertdən sonra da istirahət etmək planım baş tutsun. Çünki yeni mahnılar var. Onların aranjimanı, səsyazması ilə məşğul olacam. Bəzilərinə klip də çəkdirəcəyəm. Yəqin ki, payızda istirahət edəcəm. İndi əsas odur ki, konsertimi yüksək səviyyədə tamaşaçılara təqdim edim.
- Həyəcanlısınız?
- Əlbəttə. Amma çox böyük sevinclə konsertə ciddi hazırlaşıram. Avqustun 9-na dörd gün (3 gün - red.) qalıb. “Kevents” qrupunun təşkilatçılığı ilə baş tutacaq konsert Yaşıl Teatrda keçiriləcək. Çox məsuliyyətlə və ciddi şəkildə hazırlaşırıq. Budəfəki konsertim digərlərindən çox fərqli olacaq. Belə ki, bu konsertdə musiqi orkestri fərqlidir, musiqi rəhbəri gənclərin ən çox sevdiyi bəstəkar İsmayıl Əsədov və peşəkar Samir Sultanovdur. Mənim öz və digər ifa edəcəyim mahnılar tamaşaçılara məhz onların aranjimanında və tərtibatında təqdim olunacaq. Bu konsertdə fərqli bir komanda ilə çalışıram. Ona görə də tamaşaçılar məni tamamilə fərqli təqdimatda görəcəklər. Bu komanda çox peşəkar komandadır və mən onlara çox inanıram. Ona görə hər kəsi konsertimə dəvət edirəm. Yaydır, Bakının gecələri gözəldir, Yaşıl Teatr da ən gözəl konsert salonlarından biridir, istirahət etmək, dincəlmək üçün konsertə gəlin.
- Konsertdə musiqilərinizin müşayiəti ilə oynayacaqsınızmı?
- Konsertdə 20 mahnı səslənəcək. 10-a yaxın mahnıya rəqs qurulub. Rəqqaslar rəqs edəcək, mən də onlara qoşulacam. Hər zaman tamaşaçılara təqdim etdiyim işlərimdə keyfiyyətə çox önəm vermişəm. Bunun üçün də neçə aylardır ki, hazırlıqlar gedir. Həm musiqiçilərlə, həm rəqqaslarla məşqlərimiz davam edir. Hər bir xırda detalın belə keyfiyyətli və yüksək səviyyədə olmasına çalışmışam. Ona görə konsertdə həm səhnə dekoru, həm işıq, həm səs effekti yüksək səviyyədə olacaq. Bunlardan da ən vacibi mənim çıxışımdır. Konsertə gələn tamaşaçı nə istəyir? İstəyir gözəl, canlı musiqiyə qulaq assın, istirahət etsin. Mən söz verirəm ki, bu konsertdə əlimdən gələni edəcəm ki, tamaşaçılar istirahət edə bilsinlər, həm canlı musiqilərdən, həm rəqs qrupunun çıxışından zövq alsınlar.
- Konsertdə hansı geyimlərdə olacaqsınız?
- Konsertin geyimləri də fərqli olacaq. Bu dəfə Ləman xanımla çalışıram. Gəncdir, amma çox istedadlıdır. Konsert üçün iki geyim hazırlanır. Geyimlər mənim çəkimə bərabər olacaq. Çox ağır geyimlərdir. Bir geyimin üzərində 2 minə yaxın daş var. Hətta konsertdə geyinəcəyim ayaqqabı belə tikilir. İnanıram ki, tamaşaçılar bəyənəcək. Amma onu da deyim ki, mənim üçün əsas geyim deyil. Əsas olan səhnədəki çıxışım, mahnılarımı tamaşaçılara təqdim etmək, rəqqasların məni müşayiət etməsidir. Bunların hamısı ilə ayrı-ayrılıqda məşğul oluram.
- Həmkarlarınızdan kimləri konsertə dəvət edəcəksiniz?
- Ad açıqlamayacam, amma konsertdə sürpriz olacaq. Bunu indidən demək istəmirəm. Konsertdə görəcəksiniz.
- Biletlərin satışı və qiyməti necədir?
- Biletlər satılır. Yəni bu barədə hər şey yaxşıdır. Biletlərin qiymətləri çox münasibdir. 10 manatdan 80 manata qədərdir. Biz hər kəsi nəzərə aldıq. Qiymətlər baha da ola bilərdi, amma bunun düzgün olmadığını düşünüb belə addım atdıq. Hər təbəqədən insan var və onların özlərinə görə büdcələri var. İstəyən insan imkanına görə konsertdə iştirak edə biləcək.
- Həmkarlarınızın çoxu konsert verməkdən çəkinir və bunu da maddi gəlirin olmamasına bağlayırlar.
- Bu barədə özümü çox xoşbəxt hiss edirəm. İndiyə kimi tamaşaçıların sevgisini qazana bilmişəm. Demirəm ki, bu sevgi həddindən artıq çoxdur, amma var və heç bir konsertimdə tamaşaçılar məni tək qoymayıblar. Ona görə də məndə belə bir qorxu yoxdur. İnanıram ki, insanlar həmin gecə mənimlə bərabər olacaq. Sağ olsunlar ki, mənə belə dəstək olurlar. Bu, bir müğənni kimi məni həvəsləndirir. Mənim ilk konsertim Gənc Tamaşaçılar Teatrında olub. 2012-cı ildə Heydər Əliyev Sarayda, 2013-cü ildə isə Yaşıl Teatrda konsert verdim. İstirahət məkanlarını saymıram, bunlar çox olub. Bu dəfə isə konsertim daha fərqli, daha gözəl olacaq.
Amma ümumiyyətlə, konsert bazarında problemlər var. Ötənlərə nisbətdə indi konsertlərə tələbat azdır, amma inanıram ki, bundan sonra vəziyyət dəyişəcək. 15-20 il öncə insanlar konsertlərə həvəsli idi, ildə neçə dəfə konsertlər keçirilirdi. Hazırda Türkiyədə, Rusiyada bir konsertdə beş-altı ulduzun iştirakını təşkil edirlər. “Kevents” qrupa təşəkkür edirəm ki, onlar Azərbaycanda konsertləri festival şəklində həyata keçirirlər. Təşkilatçılar ilk olaraq mənimlə açılışı edirlər. 9 avqustda mənim, 14 avqustda “Natiq” Ritm qrupunun, 21-22 avqustda isə Röyanın konserti olacaq. Hər konsert özünə görə maraqlı olacaq. Mənim konsertim mənə görə fərqli olacaq, Röyanın konserti Röyaya görə fərqli olacaq. Çünki həmişə fərqli konsertlərə imza atıb.
Konsertlər təşkil etmək lazımdır ki, insanlarda maraq oyansın. Vaxtilə futbola maraq var idi, hər kəs “Netfçi”nin oyunlarını izləyirdi, stadionda yer tapmaq olmurdu. Ümid edirəm ki, bundan sonra Azərbaycanda konsertlərə maraq olacaq. Əsas odur ki, konsert gözəl, maraqlı keçirilsin və tamaşaçı konsertdə darıxmasın. Çalışacam ki, insanlarla səmimi ünsiyyət yaradım, onlar özlərini rahat hiss etsinlər. Əlimdən gələni edəcəm.
- Gəlir əldə edə bilirsinizmi? Yoxsa hesabat konsertidir?
- Hesabat konserti deyil. Əslində, müğənni karyerasında gəliri düşünməməlidir. Biz hər şeydə gəlir fikirləşməməliyik. Biz həmişə bunu fikirləşdiyimizdən çox şeyləri etmirik. Ona görə də konsert bazarında konsert yoxdur, müğənnilər konsert vermirlər, buna görə konsertlərə maraq azalır. Konsert verməyi təbliğ etmək və davam etdirmək lazımdır. İndi barmaqla sayılacaq qədər müğənni konsert verir. Ümumiyyətlə, konsertlərdən gəlir əldə etməsək də, şükür Allaha ki, ziyan da olmur. Mən heç vaxt işimdə gəliri fikirləşməmişəm. Həmişə çalışmışam ki, gözəl iş təqdim edim. Heç vaxt maddiyyat güdməmişəm, deməmişəm ki, bunu edim bu qədər pul qazanım. Əgər pulu fikirləşsəydim, bu qədər iş görməzdim.
- Konsertdə xalq mahnıları olacaqmı?
- Köhnə mahnılar olacaq ki, onları heç kimin ifasında eşitməmisiniz. Bir-iki yeni mahnı olacaq. Ramal İsrafilovun musiqisi, sözləri Arzu Yəhyayevaya aid olan “Yanımda olmalısan” mahnısını ilk dəfə təqdim edəcəm.
- Hansı bəstəkarlarla işləməyə səy göstərirsiniz: məşhurlarla, yoxsa istedadlı, amma tanınmayanlarla?
- Ən çox gənclərlə işləməyi sevirəm. “Məşhur bəstəkardır, mahnısı da yaxşı olacaq” prinsipi ilə hərəkət etmirəm. Əsas odur ki, gənc olsun, istedadlı olsun, mahnısı gözəl olsun.
- Siz özünüz sifariş verirsiniz, yoxsa onlar?
- Çox vaxt təklif olur. Mahnılar yazılır, göstərilir, bəyənirəmsə, ifa edirəm. Bəyənməyəndə özüm müraciət edirəm.
- Bəyəndikləriniz çox olurmu?
- Onlarla mahnıya qulaq asıram, içərisindən bir-ikisini seçirəm. Çünki hər qulaq asdığım mahnını götürə bilmərəm. Hamısını dinləyəndən sonra qərar verirəm.
Nərmin Muradova