“Suriyada yaranan xaotik vəziyyət, Bəşər Əsədin yaratdığı situasiya son anda ölkədə müəyyən silahlı qüvvələrin yaranmasına gətirib çıxardı. Belə xaotik durumdan istifadə edən terrorçu qüvvələr müxtəlif adlar altında birləşərək terror fəaliyyətini həyata keçirməyə, genişləndirməyə başladılar. Həmin ərazidə indi bir sıra silahlı birləşmələr, o cümlədən terror təşkilatları fəaliyyət göstərir. Ancaq onların içərisində İŞİD və PKK-nı ən təhlükəli olan təşkilatlar hesab edirəm”.
Bunu Teleqraf.com-a müsahibəsində Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib. Müsahibəni təqdim edirik:
- Arif bəy, parlament seçkilərinə üç ay qalır. Müsavat Partiyası seçkilər haqqında nə düşünür, hansı mövqedədir?
- Seçkilərə az müddət qalsa da, ölkədə siyasi fəallıq, seçki ab-havası müşahidə edilmir. Buna səbəb cəmiyyətdə siyasi fəallığın olmaması, insanların siyasi proseslərdən uzaqlaşmasıdır. Ancaq Müsavat Partiyası siyasi fəallığın artırılması istiqamətində mövcud resurslar çərçivəsində səy göstərmək niyyətindədir. Əlbəttə, Müsavat seçki islahatlarının aparılması istiqamətində öz təkliflərini irəli sürüb və bu istiqamətdə fəaliyyət göstərmək niyyətindəyik. Eyni zamanda seçki prosesinə qatılmaqla, qanunun verdiyi imkanlar çərçivəsində cəmiyyətə mesajlarımızı çatdırmağa çalışacağıq.
- Müsavat Partiyasının seçkilərdə iştirakı formatı necə olacaq?
- Müsavat üzvlərinə seçkilərə hazırlıqla bağlı tapşırıq verilib. Partiyanın bütün strukturları bu istiqamətdə hazırlıq işlərini davam etdirir. Yetmişdən çox seçki dairəsində ilkin namizədlərimizi müəyyən etmişik. Bu namizədlərin sayı daha da artacaq. Yəqin ki, bu ayın sonunda keçiriləcək Müsavat Məclisinin növbədənkənar sessiyasında həm partiyanın seçki platformasına, həm də Müsavatın seçkilərdə iştirak edəcək namizədlərinə dair qərar qəbul ediləcək.
- Müsavat Partiyası seçkilərdə təkbaşına iştirak edəcək, yoxsa hansısa bloklar yaradacaq və ya mövcud olan bloklardan birinə qoşulacaq?
- Biz seçki kampaniyasında ideoloji-siyasi xətləri uyğun olan təşkilatların birgə iştirakının tərəfdarıyıq. Ancaq bu gün Azərbaycanda mövcud olan siyasi reallıq blokların yaranacağına ümidi azaldır. Müsavat Partiyası bu istiqamətdə səyləri davam etdirməklə yanaşı seçkilərdə təkbaşına iştirak variantına hazırlıq işlərini davam etdirir.
- Siz özünüz hansı dairədən namizəd olacaqsınız, bunu müəyyən etmisinizmi?
- Müxtəlif dairələrdən namizədliyimin irəli sürülməsinə dair müraciətlər olub. İstər partiya üzvləri, istərsə də, seçicilər tərəfindən belə təkliflər var. Yəqin ki, bu məsələ partiyada müzakirə edildikdən sonra yekun qərar qəbul edəcəyik və o zaman konkret seçki dairəsinin adını çəkmək mümkün olacaq.
- Müsavat Partiyası seçkilərdə partiya üzvü olmayan namizədləri müdafiə edə bilərmi?
- Müsavat Partiyasının qarşısında partiyanın proqram və nizamnaməsinə, eyni zamanda Müsavatın ümumi siyasi xəttinə uyğun olaraq fəaliyyət göstərəcəyi barədə öhdəlik götürən partiya üzvü olan və olmayan şəxslərin partiyanın adından seçkilərdə iştirak etmək hüququ var.
- Müsavat Partiyası 2010-cu ildə AXCP ilə birlikdə seçkilərə qatılıb. Hətta AXCP-Müsavat seçki bloku da təsis edilmişdi. Yenidən AXCP ilə birgə seçkilərə getməyi mümkün hesab edirsinizmi?
- Qeyd etdiyiniz dövrdə belə bir seçki blokunun yaranması çox böyük bir fəaliyyətin nəticəsində, göstərilən çabalara rəğmən mümkün oldu. Həmin dövrdə bu, düşündüyünüz qədər asan başa gəlmədi. Hazırda da siyasi partiyalarla əməkdaşlıq mühitinin yaradılması üçün çalışırıq, bu istiqamətdə müəyyən səylər göstəririk. Hələlik bu səylərimiz uğurla nəticələnməyib. Mən bu prosesin yaxın gələcəkdə uğurla nəticələnəcəyini düşünmürəm.
- Siz, Müsavat Partiyasının başqanı seçildikdən sonra elan etmişdiniz ki, bütün siyasi qüvvələrlə əməkdaşlığa hazırsınız. Hətta AXCP rəhbərliyi ilə də görüşünüz olmuşdu. Bəs, indi münasibətlər hansı səviyyədədir?
- Bizim mövqeyimizdə hər hansı bir dəyişiklik baş verməyib. Yenə də Azərbaycanda fəaliyyət göstərən siyasi qüvvələrlə əməkdaşlığın yaranmasına və inkişaf etməsinə çalışırıq. Bu istiqamətdə əvvəllər irəli sürdüyümüz, 2013-cü ilin sonunda verdiyimiz təkliflər qüvvədə qalır. Bu mənada hesab edirəm ki, söz digər təşkilatlarındır. Əgər Müsavat Partiyasının bu xoşməramlı mövqeyinə adekvat mövqe sərgilənərsə, təbii ki, əməkdaşlıq münasibətlərini bərpa etmək mümkün ola bilər. Lakin bu ancaq bizdən asılı deyil.
- Müsavat Partiyasının KXCP ilə münasibətləri hansı səviyyədədir, sizin bu partiyanın qurultayında görünməməyiniz şübhəli və maraqlı versiyaların gündəmə gəlməsinə səbəb olub...
- Müsavat Partiyasının KXCP ilə münasibətlərində son dövrlər hansısa ciddi dəyişikliklər baş verməyib. Mənim KXCP-nin qurultayında iştirak etməməyimdən uzağa gedən nəticələr çıxarmağa ehtiyac yoxdur.
- Müsavat Partiyasının üzvü olan şəxs partiyadan kənar seçki bloku təsis edə və insanları bura cəlb edə bilərmi?
- Müsavat Partiyasının nizamnaməsində belə bir hal nəzərdə tutulmayıb.
- Arif bəy, Türkiyədə mövcud olan ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiniz?
- Türkiyə çox mürəkkəb ölkədir. Burada müxtəlif millətlərin yaşaması, milyonlarla kürd əsilli vətəndaşların zaman-zaman müxtəlif tələblərlə çıxış etməsi, bəzi siyasi partiyaların ölkə daxilində az qala silahlı mübarizə aparması ciddi mürəkkəb vəziyyət yaradır. Xüsusilə, son dövrlər İraq və Suriyanın Türkiyə ilə sərhədində gedən silahlı qarşıdurmalar, siyasi dəyişikliklər Türkiyə daxilinə təsir edir, vəziyyəti gərginləşdirir. Son həftələr ərzində Türkiyə dövlətinin atdığı addımları müsbət dəyərləndirirəm. Hesab edirəm ki, 70 milyondan artıq əhalisi olan və mürəkkəb geopolitik məkanda yerləşən bir ölkədə bu cür sərt tədbirlərin həyata keçirilməsi zərurəti yarananda qətiyyət nümayiş etdirmək düzgündür. Yəqin ki, aparılan anti-terror əməliyyatları uğurla nəticələnəcək və Türkiyədəki siyasi vəziyyətin qismən stabilləşməsi ilə yekunlaşacaq.
- PKK Türkiyədən nə istəyir, onun son addımlarına səbəb nədir, məqsəd nəyə hesablanıb?
- PKK bir terror təşkilatıdır. Bizim bütün terror təşkilatlarına münasibətimiz eynidir. Bütün terror təşkilatları silahları yerə qoymalıdırlar. Əgər bu addımlar könüllü şəkildə atılmırsa, onlar buna vadar edilməlidirlər. Dövlət öz gücünü nümayiş etdirərək qanunsuz silahlı birləşmələri ləğv edib sıradan çıxarılmasına nail olmalıdır. Təbii ki, burada yalnız ordunun gücündən istifadə etməklə qlobal nəticələr əldə etmək çətindir. Ona görə də, həm siyasi danışıqlar, həm də güc nümayişi ilə bu problemi həll etmək lazımdır. PKK-ya münasibətimiz bütün terror qurumlarına olan münasibətimizlə eynidir.
- Türkiyədə seçkilərdən sonra hökumət formalaşmayıb. Necə düşünürsünüz, son proseslər erkən seçkilərə getməyə səbəb olacaqmı?
- Müşahidələr deməyə əsas verir ki, Türkiyədə erkən seçkilər keçiriləcək. Bu seçkilərin nəticəsində Türkiyənin indiki hakimiyyətinin daha böyük nəticələr əldə edəcəyini düşünmürəm. Siyasi qüvvələr nisbəti bundan əvvəl keçirilən seçkilərdə açıqlanan səs faizlərinə yaxın olacaq. Mümkündür ki, son dövrlər apardığı siyasətə görə, Xalqların Demokrat Partiyasının (HDP) əldə etdiyi səslərin faizi bir qədər azalsın. Yəni bu partiya səs itirsin. Lakin bu partiyanın səslərinin azalmasının avtomatik olaraq Ədalət və İnkişaf Partiyasının səslərinin artması ilə nəticələnəcəyi barədə iddiaları düzgün hesab etmirəm. Çünki bu səslər yalnız hakimiyyətdə olan partiyaya getməyəcək, əksinə, digər siyasi partiyalar arasında da bölünəcək. Düşünürəm ki, erkən seçkilərə gediləcəksə, siyasi partiyaların aldığı səslərdə böyük fərqlər nəzərə çarpmayacaq. Kiçik səslər isə partiyaların erkən seçki zamanı aparacaqları təbliğatdan, seçki platformasından, kampaniyanı hansı şəkildə quracaqlarından asılı olacaq. Ümumilikdə, erkən seçkilər Türkiyə siyasi qüvvələrinin indiki mənzərəsində ciddi dəyişikliklər etməyəcək.
- İraq Şam İslam Dövləti (İŞİD) deyilən silahlı qurum Yaxın Şərqdən sonra Türkiyə üzərinə gəlir, terror hadisələri törədir. Bu qurum haqqında nə deyə bilərsiniz?
- Türkiyənin eyni zamanda İŞİD və PKK ilə bağlı qərar qəbul etməsini tamamilə məntiqə uyğun sayıram. Lakin İŞİD və PKK-nın hədəfinin ancaq Türkiyə olduğu fikri ilə razı deyiləm. İstər İŞİD, istərsə də PKK bəşəriyyət üçün təhlükəlidir. İŞİD-in yaranması, güclənməsi, fəaliyyəti əslində böyük bir müsahibənin mövzusudur. Xüsusi olaraq deyə bilərəm ki, İŞİD və PKK konkret olaraq terror fəaliyyəti ilə məşğul olan təşkilatlardır. Suriyada yaranan xaotik vəziyyət, Bəşər Əsədin yaratdığı situasiya son anda ölkədə müəyyən silahlı qüvvələrin yaranmasına gətirib çıxardı. Belə xaotik durumdan istifadə edən terrorçu qüvvələr müxtəlif adlar altında birləşərək terror fəaliyyətini həyata keçirməyə, genişləndirməyə başladılar. Həmin ərazidə indi bir sıra silahlı birləşmələr, o cümlədən terror təşkilatları fəaliyyət göstərir. Ancaq onların içərisində İŞİD və PKK-nı ən təhlükəli olan təşkilatlar hesab edirəm.
Nemət