Hikmət Elp: "Sultan Səlimi türklüyün öndəri göstərib, Şah İsmayılı heçə saymağı şiddətlə qınayıram"
Türkiyə-Azərbaycan qardaşlığının daha da yaxınlaşmasında siyasi əlaqələrlə yanaşı, mədəni əlaqələrin də böyük əhəmiyyəti var. Çünki Türkiyə insanı hələ də tam mənası ilə Azərbaycan tarixi, mədəniyyəti və sair haqqında geniş məlumata malik deyil.
Əslən İrəvanın Vedi bölgəsindən olan Hikmət Elp də bu istiqamətdə fəaliyyətini qurub. Əvvəllər müəllimlik etdiyini deyən müsahibimiz, hazırda Türkiyədə Azərbaycan Kültür Evinin başqanıdır.
- Hikmət bəy, Azərbaycana səfəriniz nə ilə bağlıdır?
- Bakıya səfərimiz mədəniyyətlə əlaqədar həyata keçirdiyimiz işlərlə bağlıdır. Bunlara konsert, konfrans proqramları, nəşriyyatla bağlı işlərimiz daxildir. Burada çapa verdiyimiz kitablarla bağlı görüşlər keçiririk. Məqsədimiz Azərbaycan ədəbiyyatının, tarixinin, mədəniyyətinin Anadolu türklüyünə tanıdılmasıdır. Eyni zamanda, Azərbaycan mədəniyyətinin bir parçası olan musiqi sahəsində də işlər həyata keçiririk. Azərbaycan Kültür Günləri adı ilə hər il konsert proqramları təşkil edirik. Bu tədbirləri, adətən, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü daxil olan həftə ərzində keçiririk.
- Burada dövlət rəsmiləri ilə görüşmüsünüz?
- Yox, bu, şəxsi görüşlərdir. Əgər konsert proqramları hazırlayırıqsa, Mədəniyyət və Turizm Nazirliyindən əvvəl mədəniyyətlə bağlı insanlarla görüşürük. Əgər razılıq əldə olunursa, o zaman nazirliyə rəsmi müraciət edirik. Yox, əgər razılıq əldə olunmursa, onda biz şəxsi görüşlərimizi keçirib, bir nəticəyə nail oluruq.
- Sizcə, bu gün Azərbaycanı Anadolu türkünə anlatmağa ehtiyac varmı?
- Həm də çox ehtiyac var. Tarixən məzhəb üzərindən Azərbaycan insanı ilə Anadolu türkü arasında bir xətt çəkilib, süni əngəllər yaradılıb. XX əsrin əvvəllərinə kimi bir-birilərini doğru-düzgün tanımayıblar. Hətta Azərbaycan türkləri, sanki farsların bir parçası olaraq "əcəm" adlandırılıb. Lakin ötən əsrin əvvəllərində Azərbaycan ziyalıları Osmanlı ilə münasibətləri inkişaf etdirir və ilk dəfə türkçülük ideyası ətrafında birləşmə gedir. Bundan sonra Osmanlıda yüksək yerlərdə Azərbaycan haqqında fikirlər dəyişir. Ancaq bunun xalqa çatdırılmayan tərəfi var. Misal üçün, tarixdə Şərqin Napaleonu adlandırılan Nadir şah haqqında Anadolu türkünün 90 faizi xəbərsizdir. Onların 10 faizi, bəlkə də, tanıyır, ya da tanımır. Bizim məqsədimiz onu tanıtmaqdır.
- Nədənsə, Şah İsmayıl və Sultan Səlimin münasibətləri məsələsi də hər zaman mübahisə mövzusu olur.
- Birini atıb, digərini tutan tərəf olmamalıyıq. Hər ikisini səhvləri də var və onlar bu millətin bir parçasıdırlar və millətimizin adının yüksəkdə durmasında hər ikisinin əməyi var. Hansının səhvinin çox və ya az olmasını deməklə birini göylərə qaldırıb, digərini ayaqlar altına atmaq düzgün olmaz. Bu iki hökmdar haqqında insanların özləri oxumalı və qərar verməlidirlər. Şah İsmayılın da, Sultan Səlimin gördüyü böyük işlər də, səhvlər də var. Tarixdə yeganə Osmanlı şahıdır ki, Səlim Qərbə yox, ancaq Şərqə, İslam dünyasına səfərlər edib. Eyni zamanda, Şah İsmayıl Anadolunu parçalayıb öz torpaqlarına birləşdirmək üçün xəlifələr göndərib. Sonda ikisi də üz-üzə gəlib və nə olubsa, millətə olub. Şah İsmayılı mədəniyyətindən olan bir adam kimi önə çəkib, Sultan Səlimi ayaqlar altına atmağı düzgün hesab etmirəm. Ancaq bununla bərabər, Yavuzu da türklüyün öndəri kimi göstərib, Şah İsmayılı heçə saymağı şiddətlə qınayan bir adamam.
- Erməni təbliğatı Türkiyədə güclüdür və bunın qarşısının alınması üçün nə etmək lazımdır?
- Ermənilərin təbliğatının güclü olmasından daha betəri, bu təbliğatın əsasının yüz il əvvəldən başlanmasıdır. Onlar bu gün deyil, dünəndən başlayıblar. Bu gün isə biz onu təzə başa düşürük. Erməni qətliamlarından canını qurtaran babanın nəvəsi olaraq bunu heç vaxt yüksək səviyyədə səsləndirməmişik, qətliam törədildiyini hallandırmamışıq. Dərdlərimizi içimizdə boğmağa üstünlük vermişik. Əksinə, ermənilər olmayan, həqiqətdən uzaq olan şeyləri olmuş kimi dünyaya çatdırıblar. Hətta 24 apreldə telekanallarda anım proqramları hazırlamağa qədər gedib çıxıblar. Türkiyədə onların qarşısında yenə də dayanan bizim yerli təşkilatlarımız oldu. Onların qarşısında etiraz mitinqi keçirən Azərbaycan Kültür Evi, Tələt Paşa Komitəsi və digər təşkilatlar idi.
BƏXTİYAR