12 Avqust 2015 16:11
1 240
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İndi hər yerindən duran özünə hüquq müdafiəçisi deyir. Ancaq hüquq müdafiəçisi olmaq üçün böyük məktəb keçmək lazımdır. Söhbət nəzəri və praktiki məktəbdən gedir. Azərbaycanda hüquq müdafiə hərəkatının təməli ötən əsrın 80-ci illərinin sonunda qoyuldu. Milli-azadlıq hərəkatının təlatümü, Qarabağ problemi, 20 Yanvar faciəsi hüquqmüdafıə hərəkatının genişlənməsinə, 25 ildən çox bir zamanı bu fəaliyyətə həyatlarını həsr etmiş bizlərin ortaya çıxmasına təkan verdi.O zaman əlimizdə indiki müasir vasitələr, internet, heç lazımi ədəbiyyat belə yox idi. Hər birimiz ayrılıqda əlimizdən gələni, Azərbaycan həqiqətlərini, Qarabağ dərdimizi dünyaya çatdırmağa çalışırdıq. Amma zaman göstərdi ki, toparlanmaq, birgə fəaliyyət göstərmək vacibdir. Həm də ki, o zaman Avropada, ABŞ-da bu sahədə təcrübə toplamaq, hüquq müdafiəsinin nəzəriyyəsini öyrənmək şəraitləri var idi ki, biz də bu imkandan yararlanırdıq”.

Bunu Teleqraf.com-a müsahibəsində İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı bildirib. Müsahibəni təqdim edirik:

- Səidə xanım, hazırda İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun fəaliyyəti varmı?

- Yay mövsümü olduğundan, Birgə İşçi Qrupunun bir sıra üzvlərindən kiminsə məzuniyyətdə, kiminsə Bakıdan kənarda olmaları səbəbindən İşçi Qrupunun iclaslarının keçirilməsi ləngiyir. Bu səbəbdən fəaliyyətimiz gözə çarpmır. Təbii ki, Qrupda təmsil olunan dövlət strukturlarının nümayəndələri və bizim kolleqalar yay istirahətdən döndüklərindən sonra toplantımız keçiriləcək. Amma Bakıda olan hüquq müdafiəçiləri fəaliyyətlərini davam ediblər. Çünki bizə daxil olan şikayətlər öz həllini gözləyə bilməz. Mütəmadi olaraq həftədə bir dəfə toplanmışıq, şikayətləri nəzərdən keçirmişik və onların həll edilməsi yönündə lazım olan addımları atmışıq, müvafiq dövlət strukturlarına müraciətlər ünvanlamışıq, çalışmışıq ki, şikayətlər qovluqlarımızda yatıb qalmasın.

- Yay mövsümündə hansı məsələlərlə bağlı işləyirsiniz?

- Bildiyiniz kimi, mənin də daxil olduğum və 15 ildir ki, fəaliyyət göstərən Hüquqmüdafiə Təşkilatları Monitorinq Qrupunun beş üzvü Birgə İşçi Qrupunda təmsil olunur. Monitorinq Qrupuna qalaq-qalaq şikayətlər daxil olur. Məmur qapılarında problemlərinə nicat tapmayan vətəndaşlarımız məcbur olub bizlərə pənah gətirirlər. Bizimsə borcumuz bu insanlara əlimizdən gələn köməyi göstərməkdir. Hazırda şikayətlərin bir qismi ilə məşğul oluruq. Şikayətlər əsasən sosial hüquqlar, məhkəmələr, məhbuslar, qadın hüquqları, alimentlərin verilməməsi, ev problemləri ilə bağlı olur. Çalışırıq ki, bütün şikayətlərə diqqətlə yanaşaq. Əyalətlərdən gələn şikayətlərə gəldikdə, yay mövsümündə bir neçə dəfə rayonlara gedərək şikayətçilərlə görüşüb, onları dinləmişik. Çalışırıq ki, şikayətçinin problemini yerındəcə həll edək. Alınmayanda isə artıq paytaxtda müvafiq strukturlara müraciət edirik.

- İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun toplantısı nə zaman keçiriləcək?

- Son toplantımız aprel ayında keçirilib. Avropa Oyunlarının keçirilməsi, daha sonrasa yay məzuniyyətləri İşçi Qrupunun işini müvəqqəti saxladı. Bayaq söylədiyim kimi, toplantı hər kəs işə çıxandan sonra baş tuta bilər. Ümid edirəm ki, sentyabrın ilk ongünlüyündə toplaşa biləcəyik.

- Belə fikirlər və iddialar var ki, İşçi Qrupunun fəaliyyəti dayandırılıb...

- Bəli, buna bənzər fikirləri biz də eşidirik. Bu sadəcə bunu arzulayanların xülyasıdır. Belə bir məsələ yoxdur, İşçi Qrupu işləyib və bundan sonra da işləyəcək. Sizə də məlumdur ki, İşçi Qrupu Prezident İlham Əliyevlə Avropa Şurasının Baş Katibi T.Yaqlandın ötən ilin iyun ayında Strasburqda keçirdikləri görüş zamanı əldə edilmiş razılıq nəticəsində fəaliyyətini bərpa edib. Bu, vətəndaş cəmiyyəti ilə hökumət strukturları arasında yeganə dialoq körpüsüdür və bu körpü dağıdılmamalıdır. Birmənalı anlamaq lazımdır ki, hüquq müdafiəçiləri daxil olan şikayət və müraciətləri, cəmiyyətdə yaranmış ağrılı problemləri təkbaşına həll edə bilməzlər. Bunun üçün dövlət strukturları ilə kontaktda olmaq gərək. Bu mənada, İşçi Qrupu ən gözəl vasitədir. Tam bir il olmayıb ki, İşçi Qrupu ikinci dəfə işini bərpa edib. Amma bu zaman kəsiyində nə qədər vətəndaşımıza köməklik göstərilib, bir sıra məhbusların, o cümlədən qadın məhbuslarının, azadlığa çıxmasına nail olmuşuq. Yəni, İşçi Qrupunun fəaliyyəti öz müsbət nəticələrini verir. Təəssüf ki, bizim fəaliyyətimizin müqabilində cəmiyyətdə ünvanımıza xoşagəlməz fikirlər səslənir. Görürsünüz, indi də işimizin dayandırılması ilə bağlı şayiələr yayılır...Bu şayiələr olub, var və davam edəcək də... Bunlara vaxt sərf etsək, fikir versək qapımızı döyən insanların problemlərinin həllinə zaman çatmaz. Bir məqamı da diqqətinizə çatdırmaq istərdim. Peşəkar hüquq müdafiəçisi gördüyü işin müsbət nəticəsini əldə etdikdən sonra mətbuata çıxıb bunu hay-küylə təqdim etməməlidir. Bizim missiyamız insanlara kömək etməkdir, onların hüquqlarının bərpasına nail olmaqdır. Amma gördüyü işə görə dividend qazanmaq, özünü gözə soxmaq düzgün hərəkət deyil. İşçi Qrupunun da əsas missiyası insansevərlik və humanizm üstündə qurulub.

- Azərbaycanda hüquq müdafiəçisi çoxdurmu, ümumiyyətlə, hüquq müdafiəçisi olmaq üçün bir bəyanat vermək yetərlidirmi?

- İndi hər yerindən duran özünə hüquq müdafiəçisi deyir. Ancaq hüquq müdafiəçisi olmaq üçün böyük məktəb keçmək lazımdır. Söhbət nəzəri və praktiki məktəbdən gedir. Azərbaycanda hüquqmüdafiə hərəkatının təməli ötən əsrın 80-ci illərinin sonunda qoyuldu. Milli-azadlıq hərəkatının təlatümü, Qarabağ problemi, 20 Yanvar faciəsi hüquqmüdafiə hərəkatın genişlənməsinə, 25 ildən çox bir zamanı bu fəaliyyətə həyatlarını həsr etmiş bizlərin ortaya çıxmasına təkan verdi. O zaman əlimizdə indiki müasir vasitələr, internet, heç lazımi ədəbiyyat belə yox idi. Hər birimiz ayrılıqda əlimizdən gələni, Azərbaycan həqiqətlərini, Qarabağ dərdimizi dünyaya çatdırmağa çalışırdıq. Amma zaman göstərdi ki, toparlanmaq, birgə fəaliyyət göstərmək vacibdir.Həm də ki, o zaman Avropada, ABŞ-da bu sahədə təcrübə toplamaq, hüquqmüdafiəsinin nəzəriyyəsini öyrənmək şəraitləri var idi ki, biz də bu imkandan yararlanırdıq. Veteran-hüquqmudafiəçilərimizin əksəriyyəti, özüm də o cümlədən, o müəllimlərimizə ömrümüz boyu borcluyuq. Onlar bizi inqilab etməyi öyrətmirdilər. Onlar hüquqmüdafiənin əsaslarını, professionallığı hansı yollarla əldə etməyi, vətəndaş cəmiyyətini necə qurmağı öyrədirdilər. Bizim hamımızın ən sevimli müəllimi Varşavada yerləşən İnsan Hüquqları üzlə Helsinki Fondunun rəhmətlik prezidenti Marek Novitski “Solidarnost” hərəkatının yaradıcılarından biri idi. O, əsil mənada böyük demokrat idi... Bakını, bizləri çox sevirdi, Qarabağ problemi onu çox ağrıdırdı.Məhz onun dərsləri nəticəsində biz hüquqmüdafiənin əsaslarını, professionallığı hansı yollarla əldə etməyi, vətəndaş cəmiyyətini necə qurmağı, dövlət strukturları ilə necə işləməyi öyrəndik. Sonradan bu unudulmaz müəllimimiz bir neçə dəfə Azərbaycana səfər etdi, burada seminarlar qurduq, o da bilikləri ilə gənclərinizlə bölüşdü. Həmin gənclərin arasında hazırda ölkəmizə töhfə verən neçə-neçə dəyərli, təcrübəli insanlar var.

- Amma indi bu yolu keçmədən özlərini hüquq müdafiəçiləri elan edirlər...

- Haqlısan... Son 10 ildə həbsxanadan kim çıxırdısa elan edirdi ki, bu gündən hüquq müdafiəçisidir. Burda iki səbəb görünür. Birincisi, yəqin ki, onlar həbsxananın ab-havasını, ədalətsizliyi görərək özlərini hüquq müdafiəçiliyi işinə həsr etmək istəyiblər. Bu alqışlanmalı haldır. Sadəcə bunun üçün öyrənməkdən qaçmamalıdırlar. Hay-küy yaratmaqla, bəyanatlar verməklə hüquqmüdafiəçisi olmaq mümkün deyil. Zaman başqa yanaşmalar tələb edir.Belə insanlara kömək etməyə, sıralarımızda görməyə həmişə hazırıq. İkinci bir səbəb də odur ki, bəziləri hüquq müdafiəçilərini qrant dağarcığı zənn edırlər. Bu isə kökündən yanlış yanaşmadır. Son bir ildə baş verən məlum hadisələr, hüquq müdafiəçilərinin həbsi bizi nə hala saldı – göz qabağındadır. Hesablar qapanıb, bir çox qeyri-hökumət təşkilatları ofislərini bağlamaq zərurətilə üzləşiblər. Amma bu o demək deyil ki, hüquq müdafiəçisi işləməməlidir ki, para yoxdur. Şikayətçiyə, bizlərdən imdad istəyənin üzünə qapılarımızı bağlaya bılmərik. Hər bir şəraitə uyğunlaşaraq işləməliyik!

- Həm də sizi ittiham edirlər...

- Elədir. İttiham etmək, qısqanclıq nümayiş etdikmək, satqın adlandırmaq, suçlamaq həm asandır, həm də səviyyəsizlikdir... İnanın, əgər bizi suçlayanları Birgə İşçi Qrupuna daxil etsəydilər heç dinib-danışmazdılar. O suçlayanların hər biri (ad çəkmək istəmirəm) orada olmaq, dialoq masası arxasında oturmaq arzusunda idilər. Alınmadı, ona görə də orada təmsil olunanların hamısını qamçılamağa başladılar. Biz o qədər sadəlövh deyilik ki, bunu anlamayaq.

- Ancaq sizi daha çox tənqid edənlər Avropaya gedənlərdir...

- Hamısı yox. Avropada yaşayan, yaşadıqları ölkənin həyatına inteqrsiya edən, hətta Azərbaycanın adını ucaldaraq həmin ölkələrin dövlət strukturlarında təmsil olunan o qədər dəyərlı insanlarımız, dostlarımız var ki... Hər biri ilə fəxr edilməlidir. Amma Avropanın təmiz havasını uda-uda, avropalıların dövlətlərinə ödədiyi vergi hesabına, ya da qrantlar hesabına yaşayaraq Vətəni aşağılayan, bizlərı söyən və suçlayan o kiçicik qrupa sözüm budur: elə ağıllı, cəsarətli, vətənsevənsinizsə buradaca oturub mübarızə edəydiniz. Vaxtınızı nifrətə, nifaqa sərf etməkdənsə, düşdüyünüz ölkənin həyatına fayda verməklə məşgul olun. Zəhmətsevən avropalıların hesabına yaşamaq başucalığı gətirmir.

Nemət Hüseynli


Müəllif:

Oxşar xəbərlər