"Çimnaz xanım yuxudadır" tamaşasında canlandırdığı rolla ulduzu parlayan bu qızın sonrakı uğurları sübut etdi ki, heç nə təsadüfi deyil. Bir-birinin ardınca teatrda yaratdığı rollar, uğurlu baş qəhrəmanlar ardınca kino və serial sahəsindəki məşhurluğu indi onu hər zaman axtarılan aktrisalardan birinə çevirib. Sözü çox uzatmayıb, müsahibəyə keçid alaq. Gənc Tamaşaçılar Teatrının tanınan, sevilən aktrisası Günel Məmmədovadır həmsöhbətim.
- Günel, səni hər zaman müsbət rollarda görürdük, yadımdadır, bir dəfə söhbət əsnasında mənfi rol oynamaq istədiyini demişdin. Və çox keçmədi ki, o rolu oynadın və bu bir rolla kifayətlənmədi. İndi də deyəsən, rejissorlar sənə müsbət rollar vermirlər?
- İnanmazsan, artıq o qədər mənfi rollar oynamışam ki, elə bilirlər xarakterim də elədir. Məni görənlər deyirlər ki, sən heç də canlandırdığın rollar kimi ifritə deyilsən. Bəziləri də elə bilir ki, mənfi rolları mənə ifritəliyimə görə verirlər. Bir müddət filmlərdə, seriallarda hətta teatrda müsbət, şirin qız obrazları canlandırırdım. Sonra o rollardan bezdim, ona görə istəyirdim ki, mənfi rollar oynayım. İlk mənfi obrazım "Ləkə" serialında oldu, ardınca "Ağarmayan saçlar", "Həyat çiçəyi", hərçənd sonuncu serialda rolum mənfidən müsbətə dəyişir və çox maraqlı bir xətti olan rol idi, amma yarıda dayandırdılar deyə tamaşaçılar bunu görmədi. Son dəfə isə "Səni sevdi ürəyim" serialında mənfi rol oynadım. İndi artıq müsbət obrazlar oynamaq istəyirəm. Amma onu da deyim ki, filmlərdə müsbət obrazlar yaratmışam.
- Amma filmlərinin də sayı azdır...
- Yox. Mən belə deməzdim. Sadəcə olaraq, nümayiş olunmadığına görə çoxlarının xəbəri yoxdur.
- Bu yaxınlarda aktrisaların səhnədə, efirdə soyunması ilə bağlı məsələlər gündəmə gəldi. Sən də bu barədə çərçivələri olan aktrisasan. Maraqlıdır, rolları adına, yoxsa səhnələrinə görə qəbul etmirsən? Yəni heç bir açıq-saçıq səhnəsi olmayan amma sadəcə, fahişə bir qadın obrazını canlandırmaq lazım gələrsə, razılaşarsan?
- Bilirsən ki, mənim çərçivələrim var. Amma təbii ki, ssenarini oxuyanda görürəm ki, orada açıq-saçıq səhnələr var, razılıq vermirəm.
- Yataqda olan hansısa səhnələrə, yoxsa bədənin müəyyən hissələrinin açıqlığına görə bu rollara razılıq vermirsən?
- Əlbəttə, yataq olmaz və baxır bədənin hansı hissələrinin göstərilməsinə və onu da necə göstərməyə... "Bakı, mən səni sevirəm" layihəsində bir filmdə çəkiləndə Konçalovski bir söz demişdi, onu xatırlayacam. Yataq səhnəsini elə çəkə bilərsən ki, orada eyni dərəcədə hər şey və həm də heç nə olmaya bilər. Yəni səhnəni elə çəkə bilərsən ki, heç ruhun da inciməz, tamaşaçı da şikayət etməz.
Amma biz elə mühitdə yaşayırıq ki, insanları oynadığı rola görə qiymətləndirirlər. Amma elə deyil. Necə olur ki, türk filmlərində, seriallarında öpüşmə səhnəsinə adi baxırıq, özümüzkülər oynayanda daşa tuturuq. Mən əvvəl deyirdim ki, çimərlik geyimində çəkilmərəm, amma bu qaydanı "Sirli bənövşə" filmində pozdum. Düzdür, qapalı çimərlik geyimində çəkilmişdim, amma bütün hallarda bu mənim üçün fərqli bir addım idi. Mənim üçün ad önəmlidir. Mənim kimi əksər aktrisalar da çalışırlar ki, o ada ləkə gəlməsin. Elə aktrisalar var ki, bu, onlar üçün önəmli deyil. Həmişə demişəm, mənim menecerim, prodüserim anamdır. Mənə təklif edilən rolları öncə anamla məsləhətləşirəm. Onun razılığı olmayan rola çəkilmirəm. Amma deyim ki, "Aktrisa"da çəkilmədiyimə görə çox peşmanam. İkinci dəfə o filmi çəksələr, məmnuniyyətlə çəkilərdim.
- Həyatda və yaradıcılıqda komplekslərin nələrdir?
- Fərdi davranışdan söhbət gedirsə, hər şeyi çərçivələr daxilində etməyə çalışıram. Çalışıram pərdə, çərçivə olsun ki, artıq söz-söhbətlər yaranmasın. Yaradıcı kompleskdən söhbət gedirsə, ən böyük kompleksim oxumaqdır. Ona da söz vermişəm, oxuyacam, klip də çəkdirəcək (gülür).
- Zarafatsız?
- Yox, təbii ki, zarafatdır. Amma oxumağa cəhd edəcəm.
- Səni hər zaman utancaq biri kimi tanımışam. Amma hərdən sosial şəbəkələrdə çox cəsarətli fotolarını görürəm.
- Utancaqlığım indi də var. Amma şəkil çəkdirməyi çox sevirəm. Hətta kefim olmayanda fotoqraf dostlarıma zəng vururam ki, gedək fotosessiyaya. Şəkil mənim üçün qidadır. Və çalışıram ki, şəkillərdəki obrazlarım bir-birinə oxşamasın. Fotoyla bağlı çox ideyalarım var.
- Ciddi bir iş kimi yanaşırsan?
- Yox, hobbidir. Professional model olsaydım, fotoyla peşəkarcasına məşğul olardım. Amma foto çəkdirməyi də, rəqs etməyi də çox sevirəm. Uşaqlıqdan indiyə qədər rəqslə məşğul olmağımın da səbəbi budur. Bu ruhumun qidalanması üçün çox vacibdir. Sənətim isə aktrisalıqdır.
- Xüsusi maliyyə ödəyirsən?
- Yox, ödəmərəm. Çünki bu, həm də fotoqrafların işinə də yardımçı olur. Mənə çox təkliflər olur, amma hər zaman seçim edirəm. Hər fotoqrafla işləmirəm. Tanıdığım insanlarla işləmək daha rahatdır.
- Özün fotoqraflıq etməyi xoşlayırsan?
- Yox. Amma yaxşı şəkil çəkməyin qaydalarını bilirəm. Hətta məsləhət də verə bilirəm.
- Günel, serialların sayəsində özlərinə "aktrisa", "aktyor" deyənlərin sayı çoxaldı. Bu peşəkar aktrisa kimi səni narahat edir?
- İstedadları varsa, bu işlə məşğul olsunlar. Amma elələri də var ki, zərrə qədər istedadı yoxdur. Kimsə ola bilsin ki, sənətinə dırnaqarası baxır, amma mən sənətimi çox istəyirəm. İndi aktrisalıq, aktyorluq sənətini çox ucuz tutulur. Və əgər hər yoldan ötən deyirsə ki, mən aktyoram, aktrisayam hələ mən özümüzü kənara qoyuram, onda əsl peşəkarlar neyləsinlər? Onlar da aktyor və aktrisalardır, yoldan keçənlər də... Eləcə də, rejissorlar, operatorlar, fotoqraflar... Hər əlinə kamera alan o demək deyil ki, fotoqrafdır, yaxud da hər serialda çəkilən adam aktyor və aktrisa deyil. Bu baxımdan mən narahatam, çünki onlar bizim sənətimizin adını aşağı salırlar.
- Baş rol və ya ikinci dərəcəli rolu oynamağın sənin üçün əhəmiyyəti var?
- Bunun fərqi yoxdur. Əsas odur ki, o rolu necə oynayırsan, necə yaddaşlara həkk edirsən. İkinci dərəcəli rolu elə oynaya bilərsən ki, hətta baş rolları oynayanları belə arxada qoyarsan. Mən bütün rollarımı çox sevirəm.
- Bu il kommersiya filmlərimiz bol oldu, amma səni heç birində görmədik...
- Təklif olundu. Həm ssenari, həm də maliyyə cəhətdən məni qane etmədi. Güldürmək üçün özünü axırıncı yola qoymaq lazım deyil. Məncə, vəziyyətdən çıxış edərək güldürmək lazımdır.
- Hansı əsərlərin baş qəhrəmanını oynamaq istəmisən?
- Birini oynamışan. Bu Cülyetta obrazıdır. Qalanlarını demək istəmirəm.
- Ən çox sevdiyin roman və romanlar hansılardır?
- "Ceyn Eyr", "Qürur və qərəz" romanlarını çox sevirəm. Yaxşı, qoy bunu da deyim, "Qürur və qərəz"dəki baş rol - Lizini oynamaq istəyirəm. Sadəcə olaraq, bu tamaşa bizim teatrda səhnələşdirilməyib.
- İmicini tez-tez dəyişməyi sevirsən?
- İstər-istəməz alınmır. Amma çox sevirəm. Uzun saçlar üçün ürəyim gedir. Ona görə onları heç vaxt kəsdirmərəm. Saç rənglərini isə tez-tez dəyişirəm.
- Sosial şəbəkələrə nə qədər vaxt ayırırsan?
- Axır vaxtlar çox. Əvvəllər belə deyildi. Baxmayaraq, bu qədər işim olur, amma sosial şəbəkələrdəki hesablarımı tez-tez yoxlayıram. Səhər açılanda "İnstaqram"a girirəm, sonra "Facebook" ünvanımı yoxlayıram. Fotolarımı paylaşıram, yazılan şərhləri oxuyuram.
- Narahat edənlər olurmu?
- Tanımadığım insanlara cavab vermirəm.
- Sevgiyə münasibətin necədir? Sevgiylə ailə qurmağın tərəfdarısan, yoxsa məntiqlə?
- Məntiqlə ailə qursaydım, bu, çoxdan baş verərdi. Yox, mən məntiqlə ailə qura bilmərəm. Gərək həmin insana qarşı hissim olsun, sevim və sonra ailə qurum. Biz incəsənət insanları ürəklə yaşayırıq və mən də ürəklə hərəkət edənlərdənəm. Ona görə sevgi mənim üçün önəmlidir.
Çoxları deyir ki, sevgi yoxdur, amma məncə, var.
- O hissi yaşamısan?
- Hələ ki, yaşamamışam.
- Sevgini yaşamaya-yaşamaya bunu səhnədə yaşatmaq necə hissdir?
- Onda rolumu ağılla, məntiqlə bir az texniki oynayıram. Sevgi səhnəsində Günel olaraq rol oynamıram. Çünki Günel o hissləri yaşamayıb.
- Seçəcəyin adam necə biri olmalıdır?
- Mənim seçdiyim həyat yoldaşı hamı kimi ola bilməz.
- Xəyanəti bağışlayarsan?
- Yox. Xəyanəti nə dostluqda, nə sevgidə qəbul edə bilmərəm. Çünki bir az da kinliyəm. Adicə götürək, dostum mənimlə arası dəyəndən sonra gedib düşmənlərimlə əlbir olursa, o insan artıq mənim üçün yoxdur.
Nərmin Muradova