20 Avqust 2015 14:36
2 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış rəqqasə Oksana Rəsulovanın Teleqraf. com-a müsahibəsini təqdim edirik.

- Hazırda bütün məşhurlar istirahətdədir. Siz istirahətinizi hansı ölkədə keçirdiniz?
- Əslində istirahət edə bilmədim. Yay ərəfəsində Kənan Musayevin “Zaman adlı qatar” filminə çəkildim. Filmin çəkilişləri iki ay davam etdi. Buna görə normal istirahət edə, hətta dənizə də gedə bilmədim. Amma film çəkilişlərindən əvvəl Dubayda “Alba Aborts” festivalı keçirilirdi və orada Hindistan kinoaktyorlarının mükafatlandırılması mərasimi oldu. Ona görə Dubayda 8 gün qaldım və normal istirahət etdim, çimərliyə getdim, "zaqar" aldım. Bir sözlə, nə gördümsə, orada gördüm... Ondan sonra istirahət etməmişəm, heç vaxtım da yoxdur. “Zaman adlı qatar” filminin çəkilişləri bitib. Hazırda isə rejissor Samir Kərəmoğlunun ikinci filminin çəkilişləri başlayacaq. Hələ ki, o filmə hazırlıq gedir. Düşünürəm ki, “Zaman adlı qatar” çox gözəl filmdir və rolumun öhdəsindən yaxşı gələ bilmişəm. Gözəl ssenarisi var. Dəqiq bilmirəm, tamaşaçılar filmi necə qarşılayacaq? Çünki, Kənanın da birinci işidir. Amma ekran işinin yaxşı alınacağını düşünürəm. Çünki Kənan çox istedadlıdır. Eləcə də mən ilk dəfə böyük kinoda çəkilməyimə baxmayaraq, rolumun öhdəsindən yaxşı gəldiyimi düşünürəm. Mən özümü çox uğurlu insan hesab edirəm ki, filmə Həmidə Ömərova, Ayaz Salayevlə çəkildim. Onlardan çox böyük təcrübə götürdüm. İnşallah, filmin premyerası oktyabrın son həftəsinə nəzərdə tutulub.O zaman rejissor işini və eləcə də mənim obrazımı hamı görəcək. Gəlib qiymətləndirərsiniz.

- Düşünürsünüz ki, aktrisa kimi fəaliyyət göstərsəniz, rəqqasəlik arxa plana keçə bilər?
- Xeyr. Aktrisa kimi filmlərə çəkilməyim heç vaxt rəqsimi arxa plana keçirə bilməz. Hazırda yeni rəqs üçün kostyumlar tikilir və o rəqsə qrupum ilə klip də çəkdirmək istəyirəm. Əminəm ki, çox gözəl bir iş alınacaq. Rəqsin xoreoqrafı özüməm. İkinci filmin çəkilişləri arasında iki-üç gün fasilə götürüb hind rəqslərim üzərində də çalışacam. Düzdür, yeni hind rəqsi də hazırlamışam. Hər iki işimi yaxın günlərdə görəcəksiniz.

- Son vaxtlar fəaliyyətinizdə sanki durğunluq var. Bu filmə çəkilməklə bağlıdır?
- Düşünürəm ki, fəaliyyətimdə durğunluq yoxdur. İnsanlar hər ay mənim yeniliklər təqdim etməyimə öyrəşiblər. Amma inandırım ki, bu dəfəki işim ən böyük yenilik olacaq. “Zaman adlı qatar” filminin çəkiliş və məşqlərinə birlikdə üç ay vaxt sərf etdim. Ona görə televiziyalarda çıxa bilmədim. Məşqlərdə, çəkiliş meydançalarında olurdum. İnşallah, işlərimiz var və onları yeni sezonda görəcəksiniz.

- Hindistanda ZEETV kanalı ilə müqaviləniz var. Oradakı son yeniliklər haqqında məlumat verməyinizi istərdik...
- Müqavilə haqqında heç bir məlumat verə bilmərəm. Çünki əlimdə müqavilə və iş vizası var. Hazırda orada yağış sezonu olduğu üçün getmək istəmirəm, çünki küçələr çox palçıqlı olur. O ərəfədə Hindistanda yaşamışam və mənim üçün çox sıxıcı olur. İnşallah, ikinci filmin çəkilişindən sonra uzun müddətə Hindistana getmək istəyirəm.

- Azərbaycanda fəaliyyətə başladığınız ilk gündən məşhurlaşdınız və sevildiniz. Amma bir çox insanlar sənətdə əziyyət çəkirlər, tanınmırlar. Sizin tez məşhurlaşmağınızın səbəbi nədir?
- Düşünürəm ki, uğurlarım və tanınmağım səmimiyyətimə görədir. Düzünü deyim, xasiyyətim yaxşı deyil, çünki evdəkilər narazılıq edirlər. Amma heç kim hələ ki, mənim insanlığımdan, səmimiliyimdən narazı qalmayıb. Eləcə də dürüstlüyümə, yalan danışmamağıma görə nə dostlar, nə evdəkilər, nə də tanışlar məndən narazı qalıblar. Yəqin tamaşaçılar bunu hiss edib. Elə an olub ki, sözümü də demişəm, düzgün hərəkət də etməmişəm, amma təbii olmuşam. Ümumiyətlə, sünilikdən qaçan insanam.

- Uğurlarınıza təkbaşına nail olduğunuzu bildirmisiniz. Bunu necə bacarmısınız?
- Allahın köməyi ilə. Bundan başqa mənə valideynlərim hər zaman dəstək olublar. Hər zaman onların sevgisini, anamın ürək döyüntüsünü, dualarını hiss etmişəm. Həmişə hər böyük layihəmə anam dəstək verib. İnandırım ki, bu dəstək nəyə desəniz dəyər. Düşünürəm ki, uğuruma, gücümə inanan insan var. Və bundan sonra uğur qazana biləcəyim ikinci məsələdir. Həyatda hər şey Allahdan və ananın xeyir- duasından asıldır.

- İxtisasca həkimsiniz. Fəaliyyətinizdə hər hansı çətinlik yaşayan zaman düşünmüsüz ki, kaş həkim kimi çalışardım?
- Xeyr, heç vaxt o cür düşünməmişəm. Həkimlik də mənim sənətimdir, amma yaradıcılıq sahəsi başqa aləmdir. Rəqs sənətini çox sevirəm. Ona görə də heç vaxt deməmişəm ki, gərək həkim kimi karyeramı davam etdirərdim.

- Tez-tez xarici ölkələrdə olursunuz. Sizin üçün ailənizdən kənarda yaşamaq nə dərəcədə çətindir?
- Bəli, Hindistana tez-tez gedirəm. Ailəmdən kənarda yaşamaq hədsiz dərəcədə çətindir. Buna görə də tez-tez Bakıya qaçıb gəlirəm. Əslində işlərimlə bağlı Hindistanda qalmalıyam, amma qala bilmirəm. Ailəm, yeməklərimiz üçün çox darıxıram. Hindistana ancaq çəkilişlərlə bağlı gedib gəlirəm.

- Gənc və gözəl xanım olaraq ailə qurmağı planlaşdırırsınız?
- Hələ ki, ailə həyatı qurmağı planlaşdırmıram. Bu haqda düşünmək belə planımda yoxdur.

- Həyatda ən böyük arzunuzu eşitmək istərdik...
- Ən böyük arzum ailə üzvlərimin uzun, sağlam və xoşbəxt ömür yaşamasıdır.

- Həyatda çox xəyalqırıqlığı yaşadığınızı qeyd etmisiniz. Bu xəyalqırıqlığı kimlər tərəfindən yaşadılıb?
- Nəinki sevgi məsələsində, hətta dost, rəfiqə xəyanətindən də xəyalqırıqlığı yaşadım. Amma bütün yaşadıqlarımdan sonra nəticə çıxarmışam ki, insana dost, çox rəfiqə lazım deyil. Nə qədər rəfiqən var, o qədər də xəyalqırıqlığı yaşayacaqsan. İnsanın ən yaxın rəfiqəsi anadır, anadan başqa kiminləsə rəfiqəlik etmək yalandır. Şou-biznesdə iki rəfiqəm var, Natavan Həbibi və İlhamə Qasımova. Çox da olmayacaq. Çünki artıq rəfiqə tərəfindən gördüklərimi görmüşəm. Rəfiqə, dost hamısı boş şeydir.

- Geyimlərinizdə markaya üstünlük verirsiniz?
- Bəli, marka mallarına üstünlük verirəm. Ayaqqabı və çantam mütləq marka olmalıdır. Marka olmayan paltar almıram, çünki marka davamlı olur. Az, amma keyfiyyətli mal alıram.

- Tanınmış xanım olaraq özünüzə necə qulluq edirsiniz?
- Gözəlliklə bağlı suallar veriləndə deyirəm ki, özümü gözəl saymıram. Həqiqətən də gözəl qızlar, gözəl xanımlar var. İnsanın ruhu, daxili gözəl olmalıdır. 28 yaşından sonra dəriyə xüsusi qulluq lazımdır. Əsas odur ki, daxilin təmiz olsun. İnsanın gözləri onun daxilini göstərir. Ona görə də qəlbən təmiz insan olmaq lazımdır.

Rəqsanə Həsənova


Müəllif:

Oxşar xəbərlər