“Ərdoğanın o zamankı tutumu çox doğru idi. O bəyan edirdi ki, ilk növbədə Bəşər Əsəd hakimiyyətdən getməlidir. Türkiyənin bu mövqeyi çox doğru idi. Sonradan beynəlxalq güclər Bəşər Əsədin getməsindən qorxdular, düşündülər ki, onun yerinə ”Əl-Qaidə", “Əl-Nüsrə” kimi daha terrorçu qüvvələr gəlir, ona görə də onlar Əsədin qalmasına sakit surətdə razılaşdılar. Türkiyə isə pis vəziyyətdə qaldı. Çünki Türkiyə Suriya ilə bütün əlaqələri kəsdi və xətləri yandırdı. Türkiyə dövləti Misir, Yəmən, Liviyada demokratiya üçün çalışsa da, diktatorların getməsi ilə bağlı prosesə öncüllük etsə də, Qərb ölkələri daha böyük quyuya düşməkdən çəkinərək Türkiyəni tək qoydular. Nəticədə 2 milyondan çox qaçqın Türkiyəyə doluşdu, ən böyük zərbə alan bu ölkə oldu".
Bunu Teleqraf.com-a müsahibəsində Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri, konfliktoloq, müsavatçı Elxan Mehdiyev bildirib. Müsahibəni təqdim edirik:
- Elxan bəy, Türkiyə ilə Suriya sərhədindəki vəziyyət və PKK-ya qarşı əməliyyat fonunda qardaş ölkənin durumunu necə şərh edərdiniz?
- PKK-ya qarşı əməliyyatlarda Türkiyədəki daxili siyasət böyük rol oynayır. Hazırkı situasiyanı Kobani ətrafındakı bugünkü durumla izah etmək primitiv olardı. Düşünmürəm ki, Kobani ilə bağlı böyük problem var. Mövcud hakimiyyət erkən seçim arzulayır. Gedən bütün təşəbbüsləri heçə endirərək erkən seçimə getməyə çalışır.
- Koalisiya istiqamətində danışıqlar nəticəsizdir. Cümhuriyyət Xalq Partiyası ilə danışıqların baş tutmamasının kökündə nə dayanır?
- Koalisiya mümkün olmayacaq. Çünki bunu Türkiyədə ən yüksək səviyyədə oturan şəxs Rəcəb Tayyib Ərdoğan istəmir. Ədalət və İnkişaf Partiyasını (AKP) idarə edən şəxs də odur. AKP ən çox səs toplayan partiyadır, onun müxalif Cümhuriyyət və Xalq Partiyası (CHP) ilə koalisiyaya getməsini dəstəkləyirlər. CHP də məsuliyyəti öz üzərinə götürür. Ancaq CHP sədri Kamal Kılıçdaroğlunun dediyi kimi, Baş nazir Əhməd Davudoğlu koalisiyaya həvəs göstərsə də, Ərdoğan bunu istəmir. Ərdoğanın yeganə məqsədi koalisiyanın baş tutmaması, erkən seçimə gedib 370-400 deputat mandatı alması və prezidentlik üsul-idarəsinin yaradılmasıdır.
- Erkən seçimlərdən gözləntilər necədir?
- Məsələ odur ki, ilkin mərhələdə Ərdoğan erkən seçimə çalışır. Amma buna nail olub-olmayacağı sual altındadır. Bu baxımdan Xalqların Demokratik Partiyasını (HDP) sıradan çıxarmaqla onun səslərini qazanmaq istəyir. O zaman barajı aşıb istədiyi deputat sayını ala bilər. AKP-nin son seçkilərdə səsi Xalqların Demokratik Partiyasına keçmişdi. Türkiyə Prezidenti HDP-yə səs verən CHP və HDP-çilərin AKP-yə səs verəcəyinə ümid edir. Əsas məsələ odur ki, “Çözüm sürəci”, sülh, stabillik, barış, ölkənin güclənməsinə doğru gedən proses dayandı və pis istiqamətə yön aldı.
- Erkən seçim olarsa, AKP Xalqların Demokratik Partiyasının yığdığı səsləri yenidən özünə yönəldə biləcək?
- Bu, böyük sual doğurur. HDP-yə kürd çoxluğu ilə yanaşı CHP, AKP-dən də səs verənlər vardı. Buna səbəb isə həmin şəxslərin prezident üsul-idarəsinin əleyhinə çıxması idi. Türkiyədə indiki dönəmdə prezident üsul-idarəsi hüququn çeynənməsinə aparan sistemdir. Bu baxımdan bütün qüvvələr, Türkiyə cəmiyyətinin böyük hissəsi birləşib HDP-yə səs verdi ki, prezident üsul-idarəsi baş tutmasın. Yeganə yol bu idi. Xalqların Demokratik Partiyası səs aldığından AKP səs itirdi.
- PKK-nın son vaxtlar aktivləşməsini nə ilə izah etmək olar?
- Ordu PKK düşərgələrini darmadağın etdiyindən onlar artıq atəşkəsin pozulduğunu elan edib əks tədbirlər görməyə başladılar. Son 2-3 ildir Ərdoğan hökuməti Türkiyədə barış, qardaşlıq və birliyin yaranması üçün PKK ilə danışıqlar aparırdı. Amma bu iş pozuldu. Bunu hansı tərəfin pozduğunu birmənalı şəkildə demək mümkün deyil, amma bu işin pozulmasının daxili siyasətlə bağlı çox nöqtələri var.
- Almaniyanın “Patriot” tipli raketləri geri çəkməsi ilə bağlı qərarını necə dəyərləndirirsiniz?
- “Patriot” tipli raketlərin yerləşməsi heç də daxili siyasətlə bağlı deyil. O, strateji məsələdir. Türkiyə NATO müttəfiqi olaraq müttəfiqlərin təminatına ehtiyac duyur.
- Beynəlxalq güclər qarşıdakı dönəmdə Türkiyə Suriya sərhədindəki proseslərə nə dərəcədə müdaxilə edəcəklər?
- Türkiyənin sərhədindəki keçmiş Suriya və İraq respublikaları dağılıb. Onların yerində Bəşər Əsədin idarəçiliyi altında Suriyanın bir hissəsi, İraqda isə şiə liderinin idarəçiliyində Bağdadın bir hissəsi qalıb. Qalan torpaqlarda kürd muxtariyyatı və Bərzani hökumətidir. Böyük ərazini isə İŞİD ələ keçirib. İŞİD-in kontrolunda həmçinin Suriyanın böyük ərazisi var və dövlət elan edib. İŞİD-in nəzarətindən kənarda olan Kobani və Türkiyə sərhədi bölgələrində kürdlərin rəhbərliyi altında mini şəhər dövlətlər yaranıb. Digər hissələrdə isə terror təşkilatları - “Əl-Qaidə”, “Əl-Nüsrə”, Azad Suriya ordusu hərəsi bir şəhərə nəzarət edir. Suriya və İraq adlı əvvəlki dövlətlər parçalanıb, yerlərində nəzarətsiz qüvvələrin hökmranlığı var. Türkiyə təbii olaraq bundan çox narahatdır. Çünki sərhədlərində qanunsuz, legitim olmayan silahlı qüvvələr dayanıb. Onların Türkiyə ərazisinə keçməyi çox asandır. Türkiyəyə keçib ölkə daxilində terror hadisələri törədir, təhlükəsizliyi və stabilliyi üçün təhlükə yaradırlar. Suriya məsələsini beynəlxalq güclər ilk dəfə ortaya saldı. Ərdoğanın o zamankı tutumu çox doğru idi. O bəyan edirdi ki, ilk növbədə Bəşər Əsəd hakimiyyətdən getməlidir. Türkiyənin bu mövqeyi çox doğru idi. Sonradan beynəlxalq güclər Bəşər Əsədin getməsindən qorxdular, düşündülər ki, onun yerinə “Əl-Qaidə”, “Əl-Nüsrə” kimi daha terrorçu qüvvələr gəlir, ona görə də onlar Əsədin qalmasına sakit surətdə razılaşdılar. Türkiyə isə pis vəziyyətdə qaldı. Çünki Türkiyə Suriya ilə bütün əlaqələri kəsdi və xətləri yandırdı. Türkiyə dövləti Misir, Yəmən, Liviyada demokratiya üçün çalışsa da, diktatorların getməsi ilə bağlı prosesə öncüllük etsə də, Qərb ölkələri daha böyük quyuya düşməkdən çəkinərək Türkiyəni tək qoydular. Nəticədə 2 milyondan çox qaçqın Türkiyəyə doluşdu, ən böyük zərbə alan bu ölkə oldu. Terrorçular da Türkiyəyə yığıldı, Suriyada nəzarət tamamilə itdi, Qərb ölkələri isə geri çəkildi. İndi Türkiyə çalışır ki, heç olmasa himayəsində olan qüvvələrlə öz sərhədlərinin təhlükəsizliyini təmin etsin.
- Bir neçə ay sonra Azərbaycanda önəmli siyasi aktivlik olacaq. Noyabrda parlament seçkiləri keçiriləcək. Seçkidə iştirak etməyi düşünürsünüz?
- Yox. Heç vaxt parlament seçkilərinə qatılmamışam, budəfəki seçkilərdə də iştirak etməyə marağım yoxdur.
- Müsavat Partiyasında üzvlüyünüz qalıb?
- Əlbəttə, qalıb. Müsavat Partiyasının rəsmi üzvüyəm.
- Qubad İbadoğlunun mövqeyini dəstəkləyənlər onun rəhbərliyi altında yaradılan Azərbaycan Demokratiya və Rifah hərəkatına üz tutur. Sizin belə niyyətiniz varmı?
- Mən Qubad İbadoğlunun yaratdığı hərəkatı ilə bağlı heç zaman hər hansı fikir bildirməmişəm. Bu hərəkatın yaradılmasında da iştirakçı olmamışam. Sadəcə olaraq, Müsavat Partiyasının qurultayında Qubad bəyə səs vermişəm. Hesab edirəm ki, qurultayda demokratik seçkilər keçirildi. Müsavat başqanı Arif Hacılıdır və onu dəstəkləyirəm.
- Qurultayda səs verdiyiniz Qubad İbadoğlu seçkiləri qeyri-legitim sayır və yeni təşkilat yaradıb. Belə çıxır ki, onun fikirlərini bölüşmürsünüz?
- Yox, artıq Qubad İbadoğlunun fikirlərini bölüşmürəm. Fikrimcə, seçki komissiyaları tamamilə şəffaf olub, seçkidə kimə səs verilibsə, səs həmin adamın hesabına yazılıb, heç kəsin səsini saxtalaşdırmayıblar. Seçkiöncəsi Qubad bəyin narazılığı o idi ki, seçki öncəsi kampaniya zamanı ədalətsizlik olub. Çalışmaq lazımdır ki, belə ədalətsizliklər olmasın. Qurultayda demokratik seçim olub, hər kəs istədiyi namizədə səs verib. Mən də şəxsən Qubad bəyə səs vermişdim, bu, o demək deyil ki, Qubad bəy sabah fikrini dəyişib partiyadan çıxırsa və başqa təşkilat yaradırsa, mən də onun arxasınca getməliyəm.
- Başqanlığa namizədlərdən biri olmuş Tural Abbaslı isə “Ağ” blok adlı yeni təşkilat təsis edib. Faktiki olaraq başqanlığa iddialılar üç cəbhəyə bölünüb. Bu durumla bağlı fikriniz nədən ibarətdir?
- Tural Abbaslının blok təsis etdiyindən xəbərim yoxdur. Düşünürəm ki, Tural Abbaslı Müsavata sadiqdir. Ola bilər partiya daxilində yeni seçki platforması üçün tərəfdaşlar toplayıb. Onun başqa addımlarından xəbərsizəm.
- İsa Qəmbərin başqanlıqdan getməsindən sonra Müsavat Partiyası ayrı-ayrı cəbhələrə parçalanıb. Partiya qurultayı ötən il keçirilsə də, təşkilat daxilində narazılıq səngimir. Bunun səbəbləri nədən irəli gəlir?
- Bunun səbəbi bir çox adamların ideologiya yox, daha çox şəxslərin arxasında durması ilə əlaqədardır. Şəxsən mən Müsavat ideologiyasına görə bu partiyanın üzvüyəm. Hər hansı şəxsə görə partiyaya gəlməmişəm. Hesab edirəm ki, incik olan şəxslər partiyanın bütövlüyünə zərbə vurmamalıdırlar.
- Elxan bəy, partiya işində niyə aktiv deyilsiniz?
- Mən partiya işində aktiv olmamışam. 1992-ci ildən bərpa mərkəzindən Müsavat üzvü olmuşam, amma heç vaxt aktivlik nümayiş etməmişəm. Mənim yolum fərqlidir.
Nərgiz Ehlamqızı