Teleqraf.com Tənzilə Rüstəmxanlı ilə müsahibəni təqdim edir.
- Tənzilə xanım, Azəri-Türk Qadınlar Birliyindən başlayaq. Maraqlıdı ki, təşkilatın adında qadın və birlik sözləri var. Doğrudan, qadınların bir olması, bir fikir ətrafında birləşməsi mümkün bir şeydirmi? Tarixən belə bir şey olubmu ki, qadınlar bir ideya ətrafında birləşsinlər?
- Ümumiyyətlə, bizim qadınıları birləşdirmək, onların birliyini təmin etmək deyə bir məqsədimiz yoxdur. Birliyin məqsədi Türkiyə və Azərbaycan qadınlarının iş birliyinə nail olmaqdan ibarətdir. Əvvəllər qurumun adı Türk Qdınlar Birliyi idi, amma sonradan dedilər, burda mütləq Azərbaycan sözü olmalıdır. Qadınların birləşməsinin bir ideya və amalı olur ki, biz də bu qurumda əsas şərt kimi türkçülüyü götürmüşük. Təkcə qadın təşkilatları ilə deyil, dünyanın bir çox ölkələrində fəaliyyət göstərən türk sivil toplumları ilə, həm də ictimai qurumlarla iş birliyimiz, əlaqələrimiz var. Biz yarananda bir-iki qadın təşkilatı ya vardı, ya da yox idi. Qeyri-hökümət təşkilatı olaraq yaranan birliklərdən biriyik. Biz yarananda bir əsas məqsədimiz də Qarabağ probleminə dünyadakı birtərəfli baxışı dəyişmək idi. İndi bu əməkdaşlığa nail olmuşuq. Böyük konfranslarımız, sempoziumlarımız həm Azərbaycanda, həm də bir çox dünya ölkələrində baş tutur.
- Müasir dünya milliyyətçiliklə heç bir şəkildə uyğun gəlmir. Milliyətçilik həm tənqid olunur, həm də bir çox hallarda ümumiyyətlə, qəbul olunmur. Belə bir şəraitdə doğrudanmı türk məfkurəsi ətrafında birləşib ciddi bir iş görmək olar?
- Əvvəla, bugünki Avropanın faşist milliyyətçiliyi ilə bizim türk milliyyətçiliyimiz qətiyyən üst-üstə düşmür, səsləşmir və heç müqayisə də etmək istəmirəm. Türk məfkurəsi, türk millətinə sevgi başqadır, şovinizm və faşizm başqadır. Ən azından bizim milliyyətçiliyimizdən heç kəsə zərər gəlməz, başqa millətlər aşağılanmaz. Biz millətimizi milli dəyərlər ətrafında birləşdirməyin, türk insanlarının bir-birini tanıması, dəstək olması məqsədi daşıyan bir işin yolundayıq. Bu yolu, bu məfkurəni biz yox, yüz il əvvəl Əli bəy Hüseynzadələr, İsmayıl Qaspıralılar, Hadilər, Hüseyin Cavidlər, Əhməd Ağoğlular, Ziya Göyalplar ortaya qoymuşdur.
- Aydındır.
- Düşünürük ki, onların açdıqları yolu davam etdirmək lazımdır. İndi o məfkurənin davamçıları şairlər, yazıçılar var, sadəcə, onları tapıb oxumaq, tanış olmaq lazımdır. Hüseyn Cavidə türklük məfkurəsindən kənarda necə baxmaq olar? Ona görə də bizim millətçiliyimiz bu gün Avropanın bizə geyindirmək istədiyi öz şovinist, irqçi təfəkkür gömləyi deyil. Özümü bu yolda böyük iş görmüş adam hesab etmirəm, o yolun dahiləri var. Heydər Əliyev “bir millət iki dövlət” deyəndə Türkiyə və Azərbaycanı nəzərdə tutmuşdu. Əslində, bu fikrin altında böyük bir türk millətçiliyi, məfkurəsi yatır, amma eyni zamanda başqa millətlərə də tolerant münasibəti vardı.
- Maraqlıdı, sizcə, bir Azərbaycan gəncindən soruşanda ki, milliyyətin nədir, necə cavab versin? Desin, türkəm, yoxsa azərbaycanlıyam?
- Azərbaycan ölkə adıdır. Azərbaycan vətənimdir, amma milli kimliyim türkdür. Yeri gəlmişkən, qeyd edim ki, heç bir ölkədə işə qəbul zamanı hansısa xarici dil bilgisini əsas götürmürlər. Görün, Gürcüstanda, Ermənistanda bunu edərlər?Amma bizdə kimisə işə qəbul eləyəndə soruşurlar ki, ingilis dilini bilirsən?
- Hər halda ingilis dili beynəlxalq dildir... Məncə, soruşulması normaldır.
- Nə olsun, beynəlxalq dildir? Beynəlxalq dil xarici ölkələrə lazımdır. Mənim dövlət dilim Azərbaycan dili olduğu halda, niyə ingilis dilini bilmədiyim üçün işə götürülməməliyəm?
- Yəni demək istəyirsiniz ki, İngiltərədə də işə qəbul zamanı adamdan Azərbaycan dilini bilib-bilməməsini soruşmalıdırlar?
- Sizcə, soruşarlarmı?
- Əlbəttə, soruşmazlar.
- Niyə?
- Axı biz bir dövlət kimi hələ o səviyyəyə yüksəlməmişik. Bunu anlamaq çətin məsələ deyil ki...
- Əlbəttə, yüksəlmişik. Sadəcə, dəyərlərimizi və dəyərimizi bilməliyik. Mən öz ölkəmi dünyanın bir çox ölkəsindən üstün bilirəm. Axı onlarda hansı bağ, hansı dəyərlərdən danışmaq olar? Avropa dəyərlər baxımından bitmiş bir regiondur. Onlara bu qədər özənmək lazım deyil, mənəviyyatları pozulmuş haldadır. İnsanları soyuq, həyat eşqi yoxdur. Təbii, ola bilər, onlarda hüququn üstünlüyü çox önəmlidir, mən də bunun tərafdarıyam ki, dövlətimiz hüququn aliliyini təmin etsin, insanlar öz ölkələrində rahat yaşasın, yaşlılığı və xəstəliyi ona dərd olmasın, sosial təminatı olsun, bunlar normal yaşamağın əsas şərtlərindən biridir və mən inanıram ki, zamanla bunların hamısı olacaq, amma bunlarla yanaşı bizi millət edən dəyərlərimizi də qorumalıyıq.
- Bayaq türk məfkurəsi yolunda canını, qanını qoymuş şəxsiyyətlər sadaladınız. Bəs bu sırada qadın yoxdurmu?
- Təbii ki, var.
- Məsələn...
- Cəlil Məmmədquluzadənin xanımı Həmidə Cavanşir var. Onun “Molla Nəsrəddin” jurnalının çap olunması üçün nə qədər tövhəsi, əməyi olmuşdur. Şəfiqə Qaspıralı nə qədər məktəblər açıb maarifləndirmə işi ilə məşğul olmuşdur.
- Bu günümüzdə necə?
- Bu gün Mehriban xanım çox böyük işlər görür. Ziyalı bir nəslin nümayəndəsi olmaq çox önəmlidir, ədəbi mühitdə böyüdüyü üçün mənəvi dəyərlərə daha çox qiymət verir və bu yolu daha güclü şəkildə davam etdirir. O cümlədən bir çox xanımlarımız var ki, bu yola səmimi səkildə könül vermiş və maarifləndirmə işi ilə məşğuldurlar. Belə qadınlar çoxdur, sadəcə, görmək və sayqı duymaq lazımdır.
- Qənirə Paşayevanı bu sıraya daxil etmək olarmı?
- Əlbəttə, olar. O da çox çalışır, hərdən onun enerjisinə təəccüb edirəm.
- Tənzilə xanım, Azərbaycanda tez-tez deyirlər ki, qadın hüquqları pozulur...
- Bəli, pozulur. Qadınlara qarşı kobudluq, işgəncə var. Dünyanın hansı ölkəsində yoxdur ki? Hər yerdə var. Əlbəttə, bu hüquqları qorumaq, qadınlara imkan vermək, onları ikinci sinif kimi görməmək lazımdır. Qadın olduğu üçün deyil, insan, vətəndaşımız olduğu üçün, ana olduğu üçün hörmət etmək lazımdır. Qadına baxışımızı mütləq dəyişməliyik.
- Axı xalqın düşüncəsində var ki, qadın evdə oturmalıdır, evinin işini görməlidir, uşağına baxmalıdır... Qəbilədə də qadın odun keşikçisi idi. Tərəkəmələr qadına ocaqqırağı deyirlər.
- Yox, mən bunu qəbul etmirəm. Bizim elə qadınlarımız olub ki, əri ilə çiyin-çiyinə vuruşub. Qadın ailənin özəyini təşkil edir. Sizin dediyiniz fikir sırf kişi düşüncəsidir. Qadın ancaq ocaq başında olmalıdır, ancaq evdə oturmalıdır, ocağı qorumalıdır, möhkəm saxlamalıdır...Kişilər belə düşünür.
- Milli Məclisdə nə qədər qadın deputatlarımız var. Bəs deyil?
- Bəs deyil. Lap çox olmalıdır. Sırf qadındır deyə bacarıqsız qadınları da hər işə cəlb etmək olmaz. Milli Məclisdə elə qadınımız var ki, kimsə onların səsini eşitməyib. Təbii, Milli Məclis millətin səsinin duyrulacağı yerdir və bunu edəcək insanlar isə millətin səs verərək oraya seçdiyi millət vəkilləridir.
- Milli Məclisə namizədliyinizi vermək fikriniz yoxdur ki?
- Bir şey deyim. Türkiyədə elə bilirlər ki, mən millət vəkiliyəm. Millətim məni vəkil edib də. Bu mənim üçün çox böyük xoşbəxtlikdir. Gəlsin bir millət vəkili qadın da, mən də çıxaq türk dünyasına, görək millətin nəzərində kimin statusu hansı səviyyədədir?
- Hər halda deputat da olsanız, pis olmazdı...
- Gün doğmadan, nələr doğar demiş, dədələrimiz.
- İnşallah, olarsınız...
- İnşallah...
- Tənzilə xanım, cəmiyyətdə eyni hadisələr tez-tez baş verir. Gəlin toydan qaçır, arvad üç uşağını, ərini qoyub evdən qaçır. Təbii, bütün bunlar nəinki bir ailə, həm də cəmiyyət üçün biabırçı hadisələrdir. Siz necə düşünürsünüz, bu məsələlərin qarşısını necə almaq olar? Problem hardan və nədən qaynaqlanır?
- Çox biabırçı bir məsələdir. Əvvəla, gəlinin evdən qaçması birinci dəfə baş verən məsələ deyil. Axı bunu ictimailəşdirmək nəyə və kimə lazımdır? Qızlarımızı dünyaya o cürmü tanıtdırmaq istəyirsiniz? Azərbaycanda o qədər namusu, şərəfi ilə ailə başçısı olan qadınlarımız var ki... Bu valideynlərin səhvidir ki, azyaşlı qızı ərə verirlər. Bu hansı əxlaq, hansı zehniyyətdir, bilmirəm. Bu kimi faciələrə qarşı mübarizə aparmaq lazımdır. Yəni cəmiyyətimizin əxlaqı bu qədərmi pozulub?
- Bəzən görürsünüz ki, bizim xalq artistləri televiziyalarda bir-birlərinə ağızlarına gələni deyirlər. Hətta bir-birlərini biədəb sözlərlə təhqir edirlər.
- İki-üç xalq artistimiz var ki, savadı, danışıq qabiliyyəti və səviyyəsi yerindədir.Yerdə qalanı danışanda ətin tökülər, kanalı məcbur qalıb çevirirsən. Ona görə bu haqda çox danışmaq istəmirəm...
- Soruşmaq istəyirəm ki, bəs bunların qarşısını alan bir mexanizm olmalı deyilmi?
- Televiziyalara nəzarət olsa, hamısının qarşısı alınar. Pul qazanırlar deyə səviyyəsiz proqramları yayımlayırlar. Ölkəmizin dəyərlərini aşağı sala biləcək hərəkətləri efirdə göstərməyə heç kimin haqqı və hüququ yoxdur. Bütün bunların qarşısı mütləq və mütləq alınmalıdır.
- Tənzilə xanım, heç şeir yazmısınız?
- Bəli, cavanlığımda yazmışam.
- Elə indi də cavansınız...
- Əlbəttə, o öz yerində, ruhum hələ cavandır. Amma indi şeir yazmıram. Evdə bir şair yetər. (gülür) Sabir bəyin qarşısına şeirlə çıxmaq doğru olmaz. Amma yazılarım var.
- Maraqlıdı, həyat yoldaşınız kimi deyil, sadəcə, bir şair kimi Sabir Rüstəmxanlıya münasibətiniz necədir? Şeirləri xoşunuza gəlir?
- Mənə elə gəlir, biz bu cür suallardan və sınaqlardan çoxdan keçmişik. Bir ömür yaşamışıq və eyni yolun yolçusuyuq. Mən Sabir Rüstəmxanlının qiymətini, dəyərini bilirəm. Onun yanında və yolunda olmağı həmişə özümə şərəf bilmişəm.
- Sabir müəllim də, siz də ictimai işlərdə fəal iştirak eləyən insanlarsınız. Bəs iş-gücdən yorulanda Sabir müəllimin dilindən şeirlər dinləyirsinizmi?
- Təbii ki, çox olur. O yazdığı bütün şeirləri mənə oxuyur, dinləyirəm və ən çox bu zaman dincəlirəm. Onun kitablarının ilk oxucusu da mən oluram.
- Heç Sabir Rüstəmxanlının şeirlərinə düzəliş edirsinizmi?
- Bəzən olub. Elə sözlər var onları Sabir bəyin dilinə yaraşdırmamışam. Demişəm ki, bu sözü dəyiş...
- Məsləhətlərinizə əməl edib?
- Bəli, çox vaxt əməl edib. Sabir bəy elə şeylərə diqqətlidir.
- Əvvllər çox yazı yazmırdınız, amma son vaxtlar elə bil çox yazırsınız...
- Yox, mən əvvəllər də yazırdım. Sadəcə, onları kitab halına salmağı düşündüyüm üçün mətbuata vermədim. Mən əsas türk mətbuatında çap olunuram.
- Tənzilə xanım, deyirlər, o ailələr möhkəm olur ki, orda bütün işlər qadının iradəsi ilə həll olunur. Siz bu fikirlə razısınızmı?
- Bəli, tamamilə razıyam. Əgər qadın qoruyucu və güclü olmasa, hər xırda məsələyə görə ailədə söz-sözhbət salarsa, o ailə yaşamaz. Gərək qadın hətta həyat yoldaşına belə, analıq duyğusu ilə yanaşsın. Hərdən mən də Sabir bəyə ana gözü ilə baxıram, övladlarımla onu bərabərləşdirirəm. Bəzən qadınlarımız eqolarına məğlub olurlar. Mən eqoistliyin əleyhinəyəm. Qadın ailədə mütəvazi olmalıdır.
- Yəqin elə buna görə günü-gündən boşanmaların sayı artır...
- Bəli, elədir. Bu, bütün dünyada belədir. Amma Azərbaycanda boşanmalar son dövrlərdə fəlakət sayda çoxalıb. Evlənirlər, qısa müddətdən sonra ayrılırlar.
- Əvvəllər belə şeylər çox az idi. Bizim kənddə bir ailə dağılanda arvadlar üzünü cırırdı, kişilər utandığından çölə çıxmırdı.
- Daha ağsaqqallarda ağsaqqallıq qalmayıb. Bu məsələni çox dəqiqliklə tutmusunuz. Biz də şahidi oluruq. Bizə qadınlar bu haqda müraciət edəndə məsləhət bilirik ki, dözüləcək qədərdirsə, ailənizi dağıtmayın, amma sonunda ölüm-itim olacasa, mütləq boşanın. Bir şeyi də qeyd edim ki, təəssüf, qızlarımız bəzən çox yanlış seçimlər edirlər.
- Hələ ənənəvi gəlin-qaynana problemi var.
- Təbii ki, çox ciddi problemdir.
- Siz də qaynanasınız...
- Mən də qaynanayam və mənim də gəlinim var. Gəlinim bizə qarşı, oğluma qarşı olduqca hörmətlə yanaşır. Mən də gəlinimi çox istəyirəm. Münasibətlərimiz çox gözəldir. Əsas oğlumun gözü gülürsə, nəvəm xoşbəxtdirsə, bu mənə yetir, başqa heç nə lazım deyil. Ümumən, bu məsələdə qaynana bir az səbrli olmalıdır. Klassik qaynana obrazına girmək lazım deyil.
- Nəvə sizi xoşbəxt eləyə bilirmi?
- Əlbəttə ki... O da mənim canımdan qopan bir parçadır, övladımın parçasıdır. Nəvəmin hər dəfə bizə gəlişi mənə dünyanı bağışlayır.
- Həmişə o fikirdə olmuşam ki, böyük qadınları xırda şeylər xoşbəxt edir. Çünki artıq onlar həyatın mahiyyətini dərk ediblər.
- Məsələnin dəqiqliklə anlamısınız, həqiqətən, belədir. Sadə və insani bir şey məni çox xoşbəxt edə bilər.
- Sizcə, qadın güclü və qüdrətli olanda o evin kişisinə niyə pis baxırlar?
- Qadın güclü və qüdrətli olanda o evin kişisinə niyə pis baxırlar ki? Deyim. Əmin olun ki, onu düşünən kişi öz evində çox zəifdir, kompleksi var. Bu, birmənalıdır. Çünki hər kəs öz düşüncəsinə görə fikir söyləyər. Kaş ki, mənim qızım getdiyi evdə, gəlinim öz evində güclü olsun. Zəif qadın zəif övlad yetişdirir. Yadınızda saxlayın, güclü kişi, yanında güclü qadın istəyər.
- Bir şeirdə var ki, qadına ən gözəl yaraşan şey göz yaşıdır.
- Mən anlamıram ki, bu, nə təfəkkürdür? Belə şeylər mənə çatmır, tərəfdarı da deyiləm. Bu normal insan düşüncəsi deyil.
- Tənzilə xanım, ədəbi prosesi necə, izləməyə vaxt tapa bilirsiniz?
- Təbii, izləyirəm. Ən çox şeirləri sevirəm. Bəlkə də mən Azərbaycanda ən çox kitab oxuyan xanımlardan biriyəm. Türkiyə ədəbiyyatını daha çox bəyənirəm. Oxuyan adamlara da böyük sayğım var. Və təəssüf hissi ilə deyirəm, Azərbaycan gəncliyi kitab oxumur.
- Sizcə, niyə belədir?
- Səbəbini bilmirəm, amma çox pis haldır. Görünür, məktəblərdə bu sahədə yönləndirmə işi zəifdir, təbliğat aparılmır. İnternet, televiziya gəncliyi məhv etdi. Bu da mənəviyyatın get-gedə zəifləməsinə səbəb olur. Bu hal məni çox narahat edir.
- Maraqlıdı, daim dinləməyə ehtiyac duyduğunuz bir müğənnimiz varmı?
- Məni müğənnilərə düşmən etməyin. (gülür) Son vaxtlar dinlədiyim heç bir müğənni yoxdur. Amma muğamı çox sevirəm. Alim Qasımovu sevə-sevə dinləyirəm. Təbii, türk musiqisini də çox xoşlayıram. Onlardan birincisi Ahmet Şəfəqdir.
- Bir ara sosial şəbəkələrdə çox fəal idiniz, yazılar paylaşırdınız, amma son vaxtlar görünmürsünüz...
- Yox, oradayam və yazıram, yəqin siz oxumursunuz. Yaxınlarda Cavid Hüseynovla və ölən jurnalist Rasim Əliyevlə bağlı maraqlı bir yazı paylaşmışdım. Həmin məsələni ciddi şəkildə araşdırıb yazmışam.
- Yeri gəlmişkən, o hadisəni bir az da siyasiləşdirib Türkiyə-Azərbaycan münasibətlərinə kimi gətirib çıxardılar.
- Əlbəttə ki, hər şeydən ölkəmizin əleyhinə istifadə etdilər. Dünya bir jurnalist öldürüldü deyə basbas bağırdı. Jurnalist adı böyük gəlir, jurnalistsən deyə ağzına gələni yazmalısan? Bilirsiz, hər kəs məsuliyyətini hiss etməlidir, qələmin kölgəsinə sığınıb insanlara mənəvi teror etməyə haqqın yoxdur, hüququ yollara baş vuran kimi dünyanı ayağa qaldırırlar ki, bizdə söz azadlığı pozulur, bəs sən qələmi reket silahına çevirirsənsə, bunun bir bədəli olmamalıdir? Amma nə olursa olsun, zamansız ölümlər olmasın, Allah Rasimə rəhmət eləsin, yaxınlarına da səbir versin.
- Belə... Bacınız Könül xanım haqqında təsirli bir yazınızı oxumuşdum. Allah rəhmət eləsin. Amma aradan müəyyən vaxt keçib. Bizdə belə bir ifadə var. Torpağın üzü soyuqdur. Bəs Könül xanımı indi necə xatırlayırsınız?
- Könül təkcə mənim kiçik bacım deyildi, həm də qızım idi, həmişə yanımda olmuşdu. Onu unutmaq mümkün deyil. Mən hələ onun ölümünü qəbul etməmişəm, yoxluğu ilə barışmamışam, elə bilirəm, harasa gedib və nə vaxtsa qarşıma çıxacaq. Könülün ölümü çox pis təsir etdi bizə. O, ailəmizin içində dipdiridir, əslində. Ən azı həftədə bir dəfə ziyarət edirəm, dərdləşirik. Məzar daşındakı şəkli elə canlıdır ki...
Kəramət Böyükçöl