29 Avqust 2015 10:51
1 319
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Teleqraf.com-un suallarını cavablandırıb. Medianın durumunu dəyərləndirən M.Ələsgərli reket jurnalistikaya qarşı mübarizə sahəsindən görülən işlərdən, internet medianın tənzimlənməsi yönündə tətbiq olunan mexanizmdən danışıb.

- Müşfiq bəy, bu gün reket jurnalistikası ilə mübarizə istiqamətində görülən işləri qənaətbəxş saymaq olarmı?
- Əgər söhbət Mətbuat Şurasının "reket jurnalistika"ya qarşı apardığı mübarizədən gedirsə, bəli, bu sahədə işlərin qənaətbəxş olmasından danışa bilərik. Amma ümumilikdə cəmiyyətin, media ictimaiyyətinin "reket jurnalistika"ya qarşı mübarizəsindən danışasaq, bu sahədə işləri qənaətbəxş saymaq omaz. Görüləsi işlər hələ çoxdur. Mətbuat Şurası ictimai rəydə bu anlayışı yarada bildi ki, ölkədə neqativ fəaliyyətlə məşğul olan, peşə prinsiplərinə sayğısız davranan KİV qurumları, "jurnalistlər" var, onlara qarşı mübarizə aparılmalıdır. Mətbuat Şurası həm də, bu neqativ KİV-lərə qarşı aparılmalı olan mübarizənin mexanizmini hazırladı, onu tətbiq etdi: bu cür media haqqında mətbuat açıqlamaları yayıldı, "Qara siyahı" tərtib olundu. Bütün cəmiyyət bildi ki, neqativ fəaliyyətlə məşğul olanlar kimlərdirlər, ictimai rəydə bu baxımdan fikir formalaşdı. Təəsüf ki, bu prosesi dəstəkləyənlərlə yanaşı, ona qarşı çıxanlar, ən azı passiv mövqe tutanlar da oldu. Pis odur ki, prosesə qarşı çıxanlar haqsız olduqlarını bilirdilər, sadəcə hansısa maraqlar naminə belə mövqe tutdular. Kimisi "reket" adlandırdığımız bu qrupun qorxusundan, kimisi də saxta söz azadlığı müdafiəçisi imicini formalaşdırmaq üçün əks mövqedə dayandı. MŞ belə mövqeliləri ifşa edib prosesi uğurla davam etdirsə də, bu günə qədər "reket" deyə biləcəyimiz KİV-lərin hələ də mövcudluğu deməyə əsas yaradır ki, görüləcək işlər çoxdur, proses hələ tamamlanmayıb...

- Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı" nə dərəcədə effektivdir?
- "Qara siyahı"nın tətbiq edilməsi neqativ fəaliyyətlə məşğul olan KİV-lərin sayının kifayət qədər məhdudlaşmasına səbəb oldu. Ən azı bu qəbildən olan media qurumları fəaliyyətlərində ehtiyatlı davranmağa məcbur oldular. Hər kəs etiraf edə bilər ki, indi "reket qəzetlər"in sayı əvvəlki qədər çox deyil. Düzdür, bu yöndə fəaliyyət göstərənlər indi fərqli taktikadan istifadə edirlər: hazırda onlar öz fəaliyyətlərini internet media üzərinə köçürüblər. Yəni qəzetlər müstəvisində reketçiliyə qarşı Mətbuat Şurası tərəfindən sistemli mübarizənin qurulduğunu görüb, internet xəbər resursları yaratmağa və bu yolla öz fəaliyyətlərini davam etdirməyə başlayıblar. Amma onlar üçün bir müstəvinin - qəzetlərin bağlanması özünü də uğurlu nəticə sayıla bilər. Artıq "reket jurnalistika"ya qarşı mübarizə mexanizmləri mövcuddur. "Reket jurnalistika"nı internet müstəvisinə daşıyan qurum və şəxslərə qarşı da mübarizəmiz davam edəcək. Güman edirəm ki, biz yaxın gələcəkdə elektron mediada da "reketçiliyə" qarşı mübarizənin səmərəsindən danışa bləcəyik. "Qara siyahı" barədə çox hallanmamış bir fikri də bildirmək istəyirəm. Şuranın "Qara siyahı"ya daxil etdiyi qurum və şəxslərin təhlil aparmaq bacarıqları olsaydı, anlayardılar ki, əslində Mətbuat Şurası bu yolla onları çox böyük problemlərdən xilas edib. Nəzərə alın ki, vətəndaşlar tərəfindən Mətbuat Şurasına ünvanlanan müraciətlərin hər biri, real məhkəmə predimetidir. Əgər Şura bu mübahisələri ictimai qınaq yolu ilə tənzimləməsə, o müraciətlər məhkəmələrə ünvanlanar, bu şəxs və qurumlar ən yaxşı halda külli miqdarda cərimələnər, yaxud həbsə düşərlər. "Qara siyahı"nın bir effekti də, bu cür mübahisəli, təhlükəli sonluq yarada biləcək halları sülh yolu ilə, sadəcə ictimai qınaq vasitəsilə həll etməsidir...

- Bayaq qeyd etdiniz ki, əvvəlki "qəzet reketlər"in bir çoxu indi internet müstəvisinə keçiblər. İnternet medianın tənzimlənməsi yönündə hansı model tətbiq olunmalıdır?
- Azərbaycan internetin azad olduğu ölkələr sırasındadır. Bilirsiniz ki, ölkəmizdə hətta internetə aid xüsusi qanunvericilik də yoxdur. Düzdür, ayrı-ayrı sahələrə aid qanunlarda dolayısı ilə internetdə xəbər yayımına da toxunulub. Amma bütövlükdə internetdə sərbəstliyi və ya məhdudiyyətləri ehtiva edən əlahiddə qanunvericilik yoxdur. Bu isə internet üzərində azadlığın ifrat həddə çatmasına şərait yaradıb. Əksəriyyət elektron medianı azad platformadan daha çox, nəzarətsiz zona kimi anlayır və burada "nə istəsə, yayımlaya bilər" fikrinə düşür. Belələri anlamırlar ki, şəxsi hyatın toxunulmazlığı, təhqir, böhtan, dövlət sirri və sair kimi prinsipial anlayışlar internet üçün də keçərlidir və bu prinsipləri pozan informasiyaları internet üzərindən yayımlamaq olmaz. Xatırlayırsınız ki, 2014-cü ilin avqust ayında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində ciddi münaqişə yaşanan zaman electron media istehsalçıları ölkəmiz üçün necə ciddi problem yaratdılar. İş o yerə çatdı ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev həmin il avqustun 29-da ölkənin xəbər istehsalçıları ilə əlahiddə müşavirə keçirib ciddi müzakirələr aparmalı oldu. Həmən ilin sentyabr ayının 24-də isə Prezident İlham Əliyev təmas xəttində informasiya təhlükəsizliyinə dair əlahiddə proqram üçün sərəncam imzalamalı oldu. Bütün bunları xatırlatmaqla demək istəyirəm ki, indi internetdə azadlıq məsələsi internetdə təhlükəsizlik məsələsi ilə paralel olaraq gündəmdə durur.

- Azərbaycanda internet media tənzimlənməsi yönündə hansı model tətbiq olunmalıdır?
- Elektron medianın tənzimlənməsi üçün elə modellər tətbiq edilməlidir ki, bu medel həm azadlığı məhdudlaşdırmasın, həm də təhlükəsizliyi təmin etsin. Amma bu müstəvidə hələ dünyada standartlaşmış, hamı tərəfindən qbul edilən modellər formalaşmayıb. Ümumi prinsiplərlə yanaşı, ayrı-ayrı ölkələrin tətbiq etdiyi modellər də var. Məsələn, elə ölkələr var ki, orada facebook səhifəsi açmaq üçün vətəndaşın öz kredit kartından simvolik vəsait ödəməsi tələb olunur. Deyək ki, Azərbaycan pulu ilə bir manat. Bu simvolik vəsaiti kredit kartı ilə ödədiyi üçün, həmin vətəndaş haqqında məlumat bazası qeydə alınır. Beləliklə, həmin şəxs internet üzərindən, yaxud sosial şəbəkələrdə təhlükəli informasiyalar yayarsa, dərhal müəyyənləşdirilib zərərsizləşdirilə bilir. Yaxud, Çexiyada başqa bir model tətbiq edilib. Burada Şəxsi Həyat Sirlərini Qoruyan Dövlət Agentliyi mövcuddur. Agentliyin səlahiyyəti var ki, barəsində neqativ informasiya yayılmış vətəndaş müraciət edən zaman, informasiya yayılmış saytı dərhal bloklaşdırsın. Yəni modellər çoxdur və bunlar öyrənilir. Hansı biri daha çox effektiv olarsa, onlar Azərbaycanda da tətbiq ediləcək. İndilik isə iki müstəvidə iş qurulur. Birinci variant qanunvericiliyin təkmilləşdirilməsidir. Məsələn, 2013-cü ilin may ayında Azərbaycan Cinayət Məcəlləsinin 147-148-ci maddələrinə əlavələr edildi. Həmin əlavələrə görə, internet üzərində xəbər yayan şəxs təhqir və böhtana yol verərsə, bu maddəalarla cəzalandırılacaq. Digər qanunvericilik aktları da, bu formada təkmilləşdirilməlidir. İkinci müstəvi isə internet xəbər yayıcısı olan KİV-lərin, xəbər portallarının Mətbuat Şurasının üzvlüyünə cəlb edilməsi, yaxud, bu qurumlar barədə rəy bildirilməsi üçün Şuraya səlahiyyətlər verilməsidir. 2013-cü ildə Jurnalistlərin qurultayında Mətbuat Şurasının Nizamnaməsində dəyişiklik edildi və ona internet media resursları barədə etik prinsipləri pozduqları halda rəy çıxarmaq səlahiyyəti verildi. İndi bu səlahiyyətin icra mexanizmləri hazırlanır. Daha doğrusu, ilkin mexanizmlər var, onların təkmilləşdirilməsi prosesi gedir. Azərbaycan qanunlarında tam təkmilləşmə getdikdən və Şuranın səlahiyyətlərinin icrası mexanizmləri tamamlandıqdan sonra, bu sahədə effektiv iş görmək mümkün olacaq.

- İnternet mediada resurslarının sayı gündən-günə çoxalır. Saytların bir-birini təkrarlaması halları ilə necə mübarizə aparmaq mümkündür?
- Xəbər portallarının, yaxud ənənəvi KİV-lərin internet saytlarının çoxalması ciddi problem deyil. Bunu bazar özü tənzimləyir. Kim səhih, doğru, operativ informasiya yayırsa, oxucu auditoriyası böyüyür və yaşamaq şansı yaranır. Kimdə proses əksinədirsə, onun oxucu kütləsi itir, fəaliyyəti dayanır və sıradan çıxar. Amma bu qədər sadə görünən bir prosesin içində, əslində, Sizin qabartmaq istədiyiniz ciddi bir problem var: bu, müəllif hüquqları problemidir. Jurnalistlərin dili ilə desək, copy-past. Bu gün xəbər saytlarındakı materialların əksəriyyətinin cüzi fərqlərlə, yəni simvolik dəyişikliklər edilməklə eyni bir material olduğunu görmək çətin deyil. Hansısa peşəkar jurnalistin, peşəkar redaksiyanın əziyyətlə hazırladığı materialı başqa biri əziyyət çəkmədən götürüb simvolik dəyişiklik etməklə, öz materialı kimi təqdim edir. Bu, təkcə Azərbaycanda deyil, bütün dünyada internetin gündəmə gətirdiyi aktual problemlərdən biri hesab olunur. Beynəlxalq Jurnalistlər Federasiyası bu problemi müəllif hüquqları başlığı altında cəmləyərək "Rəqəmsal mediada müəllif hüquqlarının qorunması prinsipləri" adlı proqram hazırlayır. Hazırlanan proqram bütün ölkələr üçün uyğun standartlardan ibarət olacaq və yəqin ki, bizdə də uğurla tətbiq ediləcək. Hələliksə bu məsələ sadəcə Müəllif Hüquqları Agentliyinin və məkəmələrin predimetidir. Təəssüf ki, Azərbaycanda Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin uğurlu olmasından danışa bilmirik. İnternetdə müəllif hüquqları probleminin kifayət qədər aktual olmasına baxmayaraq, Agentliyin bu sahədə uğurlu təkliflər paketi hazırlamasının şahidi olmamışıq. Yəqin ki, yaxın gələcəkdə bu msələni nəzərə alacaqlar. Qeyd olunan problemin aradan qaldırılması üçün Mətbuat Şurasında da mexanizmlər hazırlanır. Artıq Şura saytların bu sahədə şikayətlərinə baxır. Əgər hansısa internet media resursu Şuraya öz xəbərlərinin başqaları tərəfindən icazəsiz istifadəsi ilə bağlı müraciət edirsə, ona baxılır və rəy verilir. Bu sahədə prisident var.

NƏRGİZ


Müəllif:

Oxşar xəbərlər