Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.
- Araz müəllim, partiyanızda seçkilərə hazırlıq işləri necə gedir?
- Avqustun 30-da ASDP mərkəzi komitəsinin plenumu keçirildi. Plenumda seçkilərə hazırlıq məsələsi müzakirə olundu. Qərara aldıq ki, seçkilərdə iştirak edək. 5 dairə üzrə namizədlərimiz olacaq.
- Onlar hansı dairələrdi və namizədləriniz kimlərdi?
- Şəkidən ASDP-nin yerli komitəsinin sədri Sahib Xəlilovun namizədliyini irəli sürdük. Sumqayıtdan namizədimiz var. Qalan üç nəfərin dairəsini hələ müəyyən etməmişik. Bizim qərargah Binəqədi rayonunda yanan binanın yaxınlığında yerləşir. Yanğından biz də zərər çəkdik. Telefon xətlərimiz kəsilib və digər problemlər yaşadıq. O üzdən işlərimizi hələ tamamlaya bilməmişik. Yaxın vaxtlarda yekun qərarımızı açıqlayacağıq.
- Özünüz namizədliyinizi verəcəksiniz?
- Namizədliyimi vermək fikirim var, amma hələ dairəni müəyyən etməmişəm. Müəyyən araşdırmalar aparıram.
- Digər partiyalar daha çox dairədən namizəd irəli sürüb. Sizin seçkilərdə az namizədlə iştirak etməyiniz nə ilə bağlıdır?
- Mənim digər partiyalarla işim yoxdur, onların daxili işlərinə qarışmaq istəmirəm. Biz ona görə az dairədən namizəd irəli sürmüşük ki, maddi imkanlarımız zəifdir.
- Hakimiyyətə gəlmək iddiasında olan bir partiyanın cəmi 5 dairədən namizəd irəli sürməsini nə ilə izah etmək olar?
- Seçkilərdə iştirak maddiyyət tələb edir. Bizim də maddi imkanlarımız o qədər də yaxşı deyil. Siz sualı digər partiyalara ünvanlayın ki, hakimiyyətə gəlmək istəyirsinizsə, seçkiləri niyə boykot edirsiz?
- Partiyanız seçkilərdə digər partiyalarla əməkdaşlıq edəcəkmi?
- Bizim partiyanın qurultayında qərar qəbul olunub ki, bütün seçkilərdə iştirak edək və heç bir bloka qoşulmayaq.
- Solyönümlü partiyalarla da əməkdaşlıq etməyəcəksiz?
- Yox. Seçkilərə təkbaşına gedirik.
- Ümumiyyətlə, seçkilərlə bağlı gözləntiləriniz nədən ibarətdir?
- Arzu edirəm ki, seçkilər azad və ədalətli keçirilsin. İndidən seçkilərin necə keçəcəyini söyləmək düzgün olmaz.
- Müsavat Partiyası və AXCP-nin imkanlarını necə qiymətləndirirsiz? Bu partiyalarda gedən prosesləri izləyirsiniz?
- Hər iki partiya deqradasiyaya uğrayıb. Onlar özləri qərar verməlidirlər ki, nə etsinlər. Parçalanıb-parçalanmamaqları öz işləridir.
- Yəqin ki, məlumatınız var, Razi Nurullayev AXCP adına iddia edən yeni qurum yaradıb...
- O kimdir?
- Razi Nurullayev Əli Kərimlinin müavini olub...
- Mən sizə bir söz deyim. Kül olsun AXCP-nin başına ki, Razi Nurullayev onün sədr müavini olub.
- Prezident seçkilərində müxalifətə qarşı sərt açıqlamalarınızla yadda qaldız. Parlament seçkiləri zamanı çıxışlarınızda ənənəvi müxalifətə qarşı ittihamlar səsləndirəcəksiz?
- Mən prezident seçkilərində ilk çıxışımı platformama həsr etdim. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə Milli Şuranın sədri Cəmil Həsənli bir-birinin ailə üzvlərini, qadınları təhqir edəndə, dedim ki, hər ikiniz səhv edirsiz. Bu, bizdə özünü sağçı, demokrat və milli demokrat adlandıran partiyaların xoşlarına gəlmədi və mətbuatda mənə qarşı təhqir, şər, böhtan kampaniyası başladı. Cəmil Həsənli kimdir ki, mən öz çıxışımı ona həsr edim. Mən çıxışımı həsr etdim iflasa uğramış, tarixin arxivində olmalı olan partiyalara. Parlament seçkilərində öz proqramımdan danışacam. Lakin mənə qarşə təhqir, şər və böhtanlar olsa, cavablarını verəcəm. Onların bir neçə qəzeti, saytı, internet televiziyası var, məndə isə yoxdur. Ona görə də, əgər onlar mənə qarşı cızıqlarından çıxsalar, ən effektiv vasitə olan televiziyadan istifadə eədəcəm.
- Bir çox solçu siyasətçi hesab edir ki, Avropada solçuluq günü-gündən genişlənir. Bir müddət əvvəl Yunanıstanın baş nazirinin istefa verməsi, ümumiyyətlə, Avropada sol siyasətin tənəzzülə uğradığını göstərmirmi?
- Yunanıstanda Tsipras baş nazir postundan istefa verdi. İndi Afinada sol partiyanı radikal sol qüvvələr əvəz edir. Sol ideyalar heç vaxt siyasətdən getməyəcək. Solçuluğun kökü dini kitablara gedib çıxır. Amma hazırda Avropada sol partiyaların liderləri solçu olduqlarını unudublar. Get-gedə onlar sağlaşırlar, özlərini sağçılar kimi aparırlar.
Ayxan