Əntiqə Qurbanova: "Yeganə təşkilatıq ki, adımız qara işlərdə hallanmayıb"
Teleqraf.com Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin "Din və maarifçilik" Mərkəzinin rəhbəri Əntiqə Qurbanova ilə müsahibəni təqdim edir:
- Əntiqə xanım, Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədani ilk dəfə olaraq Azərbaycana səfərə gəlib. Bunun tarixi əhəmiyyəti nədən ibarətdir?
- Ayətullah Həmədani böyük din xadimidir. Onun səfəri ilə bağlı müxtəlif ziddiyyətli fikirlər söyləyənlər də var. Amma onu deyə bilərəm ki, Azərbaycana istər dini, istərsə də siyasi yönümdə dəvət olunan insanlar heç vaxt ölkəmizə zərər verə bilməzlər. Artıq Azərbaycan oturuşmuş bir ölkədir. Bu gün Azərbaycandakı tolerantlıq hətta Avropa ölkələrinə də nümunədir. Roma Papası və ya xristian liderləri Azərbaycana gələ bilirsə, niyə İslam alimlərindən ölkəmizə gələn olmasın? Bu addımı alqışlayıram və hətta çox istərdim ki, belə səfərlərin sayı çoxalsın. Şeyxülislam daha çox din alimlərini Azərbaycana dəvət etsin, burada müzakirələr aparılsın, fikirlər bölüşülsün.
- Bəzən insanlar qeyd edirlər ki, niyə məhz İrandan din alimi dəvət olunur...
- Hələ Sovet dönəmində din basqı altında olanda o qədər də tanınmayan şeyxin Azərbaycana etdiyi xidmətlər danılmaz olub. Müstəqillik qazanandan sonra isə 20 Yanvar faciəsi zamanı SSRİ rəhbəri Mixail Qorbaçova yazdığı məktub və dünya ictimaiyyətinə müraciəti tarixə öz möhürünü vurub. Kimin nə deməyindən asılı olmayaraq, Allahşükür Paşazadə öz sözünü deyən bir insan kimi tarixə düşüb. Onun beynəlxalq səviyyədə çıxışlarında, müsahibələrində hər dəfə Azərbaycanda sabitliyin qorunmasını görürük. Radikal dini qruplara qarşı mübarizəsinin şahidi olmuşuq. Bu, elə də asan məsələ deyil. Belə dini zümrələr çox radikal olur, hətta özlərini partlatmaqdan da çəkinmirlər. Şeyx heç nədən qorxmadan, çəkinmədən onların anti-təbliğatını aparıbsa, Azərbaycanın xeyrinə fikirlər söyləyibsə, elə bunun özü Azərbaycanın daxili, xarici siyasətinə bir nümunədir. Mən Bakı İslam Universitetinin prorektoru vəzifəsində çalışmışam və pedaqoq kimi fəaliyyət göstərmişəm. O zümrəni tanıdığım və o əməllərin şahidi olduğum üçün bunu əminliklə deyirəm. Ötən əsrin 80-ci illərinin sonları çox ağır dönəmlər idi. Həmin vaxt Bakıda SSRİ Nazirlər Sovetinin qərarı ilə sovetlər məkanında ikinci İslam mədrəsəsi açıldı. Bundan əvvəl Səmərqənddə, Buxarada İslam Universiteti, Daşkənd İslam İnstitutu olub. Amma Azərbaycanda belə bir mədrəsəni yaratmaq heç də asan məsələ deyildi. Lakin Allahşükür Paşazadə bunu etdi. Bu mədrəsə sonra institut, daha sonra Bakı İslam Universiteti oldu. 90-cı illərin ortalarında universitetlə bağlı ərəb və digər ölkələrdən basqılar oldu, gah dedilər bağlanılsın, gah da Azərbaycanda belə bir təhsil ocağının olmasının lazım olmadığını dedilər. Belə təzyiqlərin qarşısında duruş gətirmək asan deyildi. Bu dəvət ona xidmət edir ki, Azərbaycan dövlətinin icazəsi, Qafqaz Müsəlmanları İdarəsinin təqdimatı olmadan gənclərimizin xaricdə dini təhsil almasına rəvac verilmir. Bunu bir növ mesaj kimi də götürmək olar ki, Azərbaycan dövləti oturuşub, özünün daxili, xarici siyasəti, öz dini konsepsiyası var və buna uyğun da hərəkət edir.
- Necə düşünürsüz, İŞİD-in Azərbaycana təhlükəsi varmı?
- Tək İŞİD deyil, digər terrorçu radikal təşkilatların hansı son illər Azərbaycana ayaq aça bilib? O vaxt adamın evinə oğru girə bilər ki, çəpəri olmasın. Məhz şeyxülislam Azərbaycanda dini konsepsiyanı o qədər qorumağa çalışır ki, bu cür radikal cərəyanlar özünə yer tapa bilmir. Təbii ki, nə vaxtsa təhlükə ola bilər, amma o təhlükəni Azərbaycan daxilində görməyəcəyik. Ona görə də, şəxsi mənafeyimiz ucbatından qlobal məsələlərə xidmət edən insanları qaralamağa çalışmayaq. Bir terror təşkilatı varsa və dünyaya meydan oxuyursa, biz çəpərimizi bərkitməliyik. O çəpər də bizim dinimizin düzgün təbliği, tolerantlığımızın qorunması və dini dözümlüyümüzə kölgə salmağa imkan verməməyimizdir. Əmin olun ki, heç vaxt hansısa terror təşkilatı Azərbaycana ayaq aça bilməyəcək. Yəqin, Əbu-Bəkr məscidinin partladılması hər kəsin yadındadır. Nəticə etibarı ilə hadisəni törədən məscidin içində olanlardan çıxdı. Biz təbiətən Allah inanclı bir xalqıq. Azərbaycan çox millətli, mədəniyyətli bir ölkədir. Çox şükürlər olsun ki, bu insanlar bir-birinə bağlıdır. Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin, Prezident yanında Bilik Fondunun xətti ilə maarifləndirici seminarlara gedirik. Hansı mövzudan asılı olmayaraq, müzakirələr zamanı dinimizin düzgün təbliği barədə damla qədər bir söz desək, o da bu sahəyə köməkdir. Eləcə də, kənardakı mesajlara cavabdır ki, Azərbaycan stabil dini siyasəti olan bir ölkədir və heç bir dini radikal qruplar buraya ayaq aça bilmir.
- Qərb mətbuatının "Qurani-Kərim"in Məhəmməd peyğəmbərdən əvvəl yazılması ilə bağlı irəli sürdüyü iddialar nə dərəcədə doğrudur?
- İslam alimləri İslamın Allahın vəhdətini təbliğ edən bir din olduğunu qeyd edir. İslamın bir din kimi meydana gəlməsi Həzrəti Məhəmmədlə bağlıdır. Ona görə də qeyd edirlər ki, axirətdən, qiyamətdən sonra yarananlar bir din kimi İslamı qəbul edəcəklər. Qurani-Kərimin birinci kəlməsi "oxu" ilə başlayır. Əvvəlki dini kitablarda da Allahın vahidliyi özünü göstərir, lakin Qurani-Kərimdə son dəfə olaraq Məhəmməd Peyğəmbərin vasitəsilə insanlara çatdırılır. Bu gün onlar İslam peyğəmbərini kölgədə qoymaq istəyirlər, amma alınmır. Allahın vahidliyi İslama qədər var idi, lakin Allahın göndərdiyi sonuncu elçinin missiyası İslamın yayılması və İslamın sonuncu din olaraq qəbul edilməsi oldu.
- Hüquq müdafiəçilərinin siyasətdə yer almasına necə baxırsınız?
- Biz hüquq müdafiəsi təşkilatıyıq. Dilarə Əliyeva adına Qadınların Hüquqlarını Müdafiə Cəmiyyəti Azərbaycanda ilk qeyri-hökumət təşkilatıdır. Burada çalışan xanımlar Azərbaycanın müstəqilliyi yolunda öz mübarizələrini aparıblar. Hətta Vətən yolunda canını fəda edən şəhid xanımlarımız olub. Mən demirəm siyasətdə yoxuq. Buradakı qadınların bir çoxu müxtəlif siyasi partiyalarda təmsil olunurlar. O cümlədən özüm Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyasındayam. Bu, bizim siyasi yönümüzdür. Qarşıdan parlament seçkiləri gəlir və biz də ciddi-cəhdlə hazırlaşırıq. Düzdür, hələ üzvlərimizin iştirakı ilə bağlı qərar verməmişik. Təbii ki, bizim xanımlarımızdan da namizədliyini verən olacaq. Amma biz fərqli düşünürük. Demirik ki, hökmən bu qadın və ya kişi filan yerdən namizədliyini irəli sürəcək. İnsan hüquqlarının qoruyucusu kimi istəyirik ki, layiq olanlar seçilsin. Təbii ki, öz qadınlarımızın öndə olmasını istəyirik. Bəlkə də yeganə təşkilatıq ki, adımız qara işlərdə hallanmayıb və hər zaman uğur qazanmışıq. Seçkilər zamanı verdiyimiz hesabatlarda tənqidi fikirlərimiz belə qəbul olunub.
- Siz namizədliyinizi irəli sürəcəksinizmi?
- Mən bu il keçirilən parlament seçkilərində namizədliyimi verməyəcəm. Ancaq daha layiqli namizədlərin təbliğatında ciddi cəhdlə çalışacağam. Çünki hesab edirəm ki, deputat olaraq bir neçə min insana xidmət edə bilərəm, amma hüquq müdafiəçisi olaraq daha çox vətəndaşa köməklik edərəm. Eyni zamanda, hər hansı məsələ ilə bağlı deputatların qapısı bizim təşkilatın, fərd olaraq bizim üzümüzə açıq olub. Biz istənilən mövzuda onlara ünvanladığımız sorğulara, müraciətlərə çox gözəl cavab almışıq. Millət vəkilləri həm ictimai, həm də siyasi yöndə bizə kömək ediblər. Hüquq müdafiəçisi olaraq insanlara köməklik göstərə biliriksə, bu, özü bir xoşbəxtlikdir. Ancaq kim bizə müraciət edərsə, həmin şəxsə uğurlar arzulayıb, təbliğatına çalışacağıq.
BƏXTİYAR