8 Sentyabr 2015 12:09
1 284
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hər bir seçki cəmiyyəti gücləndirir. Bu, olduqca vacib məsələdir. Avropa ölkələrini xilas edən onların seçkiləridir. Bu yolu Türkiyə də keçməlidir. Ərəb ölkələrində baş verən proseslərin bir səbəbi də seçimlərin olmamasıdır. Odur ki, mən Türkiyədə keçiriləcək 1 noyabr seçkilərinə normal yanaşıram. Bu seçkilər Türkiyəni irəli aparır. Biz 1 noyabr seçkilərinin nəticəsi olaraq Türkiyədə güclü hökumətin ortaya çıxacağı düşüncəsindəyik”.

Bunu qəzetimizə müsahibəsində tarix elmləri doktoru, “Məhəmməd Əmin Rəsulzadə Mərkəzi”nin sədri Nəsiman Yaqublu bildirib. Müsahibəni təqdim edirik:

- Nəsiman müəllim, siz mətbuat və cümhuriyyət tarixi ilə bağlı araşdırmaların müəllifisiniz. Bu mənada, yeni elmi fəaliyyətiniz, çapa hazırladığınız kitablar haqqında məlumat verə bilərsinizmi?
- Bu il Məhəmməd Əmin Rəsulzadə haqqında olan ensiklopediyanı Moskvada nəşr etdirdik. Orada kitabın təqdimat mərasimi keçirildi, tədbirdə Rusiyanın tanınmış alimləri, ölkəmizin ziyalıları, diaspora nümayəndələri iştirak etdi. Həmin ensiklopediyanı həmçinin Türkiyədə türkcə nəşr etdirdik. Orada da böyük təqdimat mərasimi təşkil etdik, kitabı Türkiyə ictimaiyyətinə təqdim etdik. Eyni zamanda, bu il Rəsulzadənin üç dildə biblioqrafiyasını nəşr etdirdik.

- Hazırda hansı kitab üzərində çalışırsınız?
- Bildiyiniz kimi, sentyabrın 15-i Bakının azad edilməsi, qurtuluşu günüdür. Qafqaz İslam Ordusunun, başda Nuru Paşa olmaqla türk əsgərlərinin Azərbaycan ərazilərini ermənilərdən və digər xəyanətkar ünsürlərdən təmizləməsi günüdür. Bu həftənin sonunda mənim hazırladığım kitab çap ediləcək. Kitabın adı “Qafqaz İslam Ordusunun Azərbaycanda izləri” adlanır. Gəncədən başlayaraq Yevlax, Hacıqabul, Kürdəmir, Şamaxı, Ağsu, Qobustan, Qobu, Ucar və digər rayonları Qafqaz İslam Ordusu düşməndən azad edib. Kitabda ordunun azad etdiyi və keçdiyi bütün ərazilərin fotoları və bu haqda məlumatlar toplanıb. Belə bir kitab ölkəmizdə indiyə qədər hazırlanmayıb. Çünki çox adam bilmirdi ki, Göyçayda konkret olaraq hansı döyüşlər gedib, Gəncə ətrafında harada yaşayıblar, Şamaxı istiqamətində döyüş harada baş verib və s. Gələn həftənin əvvəllərində kitabın təqdimat mərasimini keçirəcəyik. Digər iş ondan ibarətdir ki, Rəsulzadənin mühacirətdəki əsərlərini təxminən 8-10 cild hazırlamaq niyyətindəyəm. Bu işə indi başlayırıq. Fikrimcə, bu da mühüm işdir. Çünki onun fəaliyyətinin mühüm hissəsi mühacirətdə keçib. Əlbəttə, onun əsərlərini toplamaq və çap etmək önəmli məsələlərdəndir. Bütün bunlar həm də tarixdir. Mənim yaxın dövr üçün hazırladığım iş planım bundan ibarətdir və inanıram ki, bu işləri başa çatdıra biləcəyik.

- Əslində, siz bir istiqamətdə işləmirsiniz. Həm də digər şəxslərin də həyatını araşdırırsınız...
- Əlbəttə ki, araşdırmalarım ancaq Rəsulzadə ilə bağlı deyil. Mən bundan əvvəl Azərbaycanın görkəmli hərbçisi, dövlət xadimi Əbdürrəhman bəy Fətəlibəyli Düdənginski haqqında əhatəli kitab buraxmışam. Düdənginski böyük tarixi şəxsiyyətdir. Digər mövzularda da kitablarım işıq üzü görüb. Məsələn, “Kaspi” qəzeti barədə kitab nəşr etdirdik. Eləcə də, Azərbaycanda yaşayan milli azlıqların mətbuatı haqqında kitabımız olub. Ancaq mənim bir alim olaraq əsas araşdırdığım dövr Azərbaycan Xalq Cümhuriyyəti və mühacirət dövrüdür. Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli haqqında kifayət qədər ciddi araşdırmalar aparmışam. Mən gələn ildən planlaşdırıram ki, “Cümhuriyyət Qurucuları” adında kitab hazırlayım. Yəqin ki, bu proses 3 il çəkəcək. Burada 30 şəxsiyyətin geniş fəaliyyəti, fotoları və sənədlər olacaq.

- Bir zamanlar Düdənginskinin məzarının yox olması, silinməsi məsələsi var idi. Bu problem həll edildi?
- Bəli, artıq bu problem yoxdur. Xaricdə məzara görə pul ödəmək lazım gəlir. Düdənginskinin məzarı ilə bağlı da belə problem ortaya çıxmışdı. Məndə olan məlumata görə, Şərur, Düdəngə camaatı bu məsələyə kömək etdilər.

- Qarşıdan parlament seçkiləri gəlir. Adətən, seçkilərdə iştirak edirsiniz. Bu il namizədliyinizi irəli sürəcəksinizmi?
- Seçkilərdə iştirak edəcəyəm. Artıq dünən Dairə Seçki Komissiyasına sənədlərimi də vermişəm. Niyyətim belədir ki, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən namizədliyimi irəli sürüm. İndilikdə seçkilər haqda bir söz deyə bilmərəm, çünki ortalıqda heç nə yoxdur. Hələlik imza vərəqlərini də götürməmişəm. Təbii ki, seçki prosesi aktivləşdikcə, bizim də fikirlərimiz olacaq.

- Siz bu dairədən əvvəl də namizədliyinizi irəli sürmüsünüz?
- Bəli. 2010-cu il parlament seçkiləri zamanı da namizədliyimi 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən irəli sürmüşdüm. Bundan əvvəl isə 44 saylı Abşeron-Sumqayıt Seçki dairəsindən namizəd olmuşam. Yəni, mən üçüncü dəfədir ki, parlament seçkilərində iştirak edirəm. İnanıram ki, qarşıdan gələn parlament seçkiləri Azərbaycana yeni uğurlar gətirəcək. Əlbəttə, kifayət qədər təcrübəm var. Bir neçə dəfə namizədliyimi irəli sürmüşəm, seçki kampaniyası aparmışam, seçicilərlə işləmək baxımından təcrübəliyəm. Ancaq indi seçki prosesi başlamayıb, odur ki, nəsə deməyim doğru olmazdı. Seçki prosesi başlayandan sonra Seçki Məcəlləsinə uyğun olaraq namizədin atacağı addımları atacağıq.

- Namizədliyiniz daha çox fərdi şəkildədir, yoxsa partiya tərəfindən irəli sürülüb?
- Mənim namizədliyim Müsavat Partiyası tərəfindən irəli sürülüb. Yəni, partiya məni rəsmi şəkildə dəstəkləyir. Biz rəsmi olaraq artıq sənədləri dairəyə təqdim etmişik.

- Normalda sizin namizədliyinizi bütün partiyalar dəstəkləməlidir...
- İndi bu haqda bir söz deyə bilmərəm. Həm də bu kimi məsələlər seçki prosesi boyunca bilinəcək. Onda görəcəyik ki, kim bizi dəstəkləyir, kim dəstəkləmir. Ancaq hələlik bizim hüquqi addımımız odur ki, sənədlərimizi təqdim etmişik və cavab gözləyirik.

- Nəsiman müəllim, Türkiyədə baş verən prosesləri izləyirsiniz?
- Təbii ki, izləyirik.

- Qardaş ölkədə nə baş verir?
- Əslində, Türkiyədə baş verənlər bir alim kimi mənə XIX əsrdə baş verən prosesləri xatırladır. Çünki XIX əsrdə Türkiyəyə qarşı Avropa ölkələrinin bir səlib yürüşü başlamışdı. 1850-ci illərdə Süveyş kanalı açıldıqdan sonra artıq demək olar ki, Avropa ölkələrinin Şərqə bir səlib yürüşü başladı. Əsas hədəflərdən biri isə qardaş Türkiyə idi. Türkiyə də böyük bir mücadilə apararaq bu həmlələrdən yaxasını qurtara bildi. O dövrdə Türkiyədə yaşayan ermənilərin aktivləşməsi, Türkiyə ərazisində çoxlu sayda üsyanların baş verməsi kimi hallar, əslində, kənar dəstək hesabına baş verirdi. Məqsəd Türkiyəni parçalamaq, dağıtmaq idi. Lakin Türkiyəni dağıtmaq mümkün olmadı. Çünki Türkiyənin 623 illik bir imperiya gücü, təcrübəsi və böyük dövlətçilik tarixi vardı. Bu gün Türkiyədə baş verən proseslərə diqqət edəndə bəlli olur ki, əslində, məqsəd eynidir. Başqa sözlə, ərəb ölkələrində baş verən proseslərə Türkiyəni yaxınlaşdırmaq və bu ölkəni mümkün qədər silkələmək. Təbi ki, biz Türkiyədə baş verən terror aktları, günahsız insanların öldürülməsi, qətlə yetirilməsi, PKK-nın amansız qətllərini ürək ağrısı ilə qarşılayırıq. Ancaq inanıram ki, Türkiyə bütün bunların qarşısını alacaq, bu yolu keçəcək. Türkiyə daxilən demokratikləşmə xəttini tutub və bu xətti də uğurla başa çatdıracaq.

- Siz indiki proseslərdə PKK-nın müstəqil olaraq addımlar atmadığı düşüncəsindəsiniz?
- Təbii. Burada birmənalı belədir ki, xarici təsirlər və əllər var. Türkiyənin gücü və qüdrəti bu kənar təsirlərin qarşısını ala biləcək. Müşahidələr göstərir ki, PKK uzunmüddətli belə fəaliyyət göstərə bilməz. Mən bu qənaətdəyəm. Həm də Türkiyədə demokratikləşmə prosesi gedir və bu da ortaya yeni problemlər çıxarır. Bu problemlərdən də Türkiyə güclü və sağlam dövlət olaraq çıxa biləcək.

- Türkiyə həm də erkən seçkilərə gedir, noyabrın 1-də parlament seçkiləri keçiriləcək. Əslində, çoxları düşünür ki, Türkiyənin indiki situasiyası son parlament seçkilərinin nəticəsi olaraq ortaya çıxıb...
- Hər bir seçki cəmiyyəti gücləndirir. Bu, olduqca vacib məsələdir. Avropa ölkələrini xilas edən onların seçkiləridir. Bu yolu Türkiyə də keçməlidir. Ərəb ölkələrində baş verən proseslərin bir səbəbi də seçimlərin olmamasıdır. Odur ki, mən Türkiyədə keçiriləcək 1 noyabr seçkilərinə normal yanaşıram. Bu seçkilər Türkiyəni irəli aparır. Biz 1 noyabr seçkilərinin nəticəsi olaraq Türkiyədə güclü hökumətin ortaya çıxacağı düşüncəsindəyik.

- Yəni, AKP təkbaşına hökumət qura biləcək və HDP barajı aşa bilməyəcək?
- Açığı, bu cür düşünmürəm. Sadəcə olaraq, proqnoz vermək də çətindir. Amma aparıcı partiyaların parlamentə düşəcəyi mümkün olacaq. İnanmıram ki, AKP lazım olan səsləri toplayıb təkbaşına hökumət qurmaq imkanı əldə etsin.

Nemət Orucov


Müəllif:

Oxşar xəbərlər