Teleqraf.com Şərif Ağayarla müsahibəni təqdim edir.
- Şərif, maraqlıdır, özün öz bioqrafiyanı qısa şəkildə necə anlada bilərsən?
- Laçında doğuldu. Bakıda yaşayır. Oxuyur, yazır. Ailəlidir, iki uşağı var.
- Sənə bələd adamam. Bilirəm ki, bir insan kimi də, qələm adamı kimi də, bacardığın qədər haqqı nahaq ayağına verən deyilsən. Həmişə çalışıbsan ki, düz olanı danışasan, yazasan. Ancaq son vaxtlar səndə bir şey də müşahidə eləmişəm. Elə bil get-gedə işığın azalır, yəni fikirlərini əvvəlki kimi redaktəsiz dilə gətirmirsən, bir az düşünə-düşünə danışırsan, elə bil indi daha çox ölçüb-biçirsən. Bilmək istəyirəm, nədən irəli gəlir bu? Bəlkə, uşaqların böyüyür, ona görədir?
- Özüm böyüyürəm... Yaş öz sözünü deyir yəqin... Səbr və təmkin artırsa burda pis heç nə yoxdur. Amma, təbii, korlanmamaq şərtiylə.
- Əvvəl qoşmalar və sərbəst şeirlər yazıbsan. Bir şeir kitabın da çap olunub. Sonra nəsrə keçdin. Yadda qalan hekayən var. Bir povestini və bir romanını da bilirəm. Artıq cəmiyyətdə bir yazıçı kimi tanınırsan. Hətta gənc yazıçılara məsləhətlər də verirsən. İndi təxminən 40 yaşın var. Bütün bunlardan sonra özünlə təkbətək qalanda əlini ürəyinin üstünə qoyub deyə bilirsənmi yox, məndə alınmadı.
- Elə düşünmürəm. Alınan da oldu, alınmayan da. Bundan sonra da belə olacaq. Amma ümumilikdə, yaradıcılıqla bağlı tərəddüdlərim çox olub. Yazmağa dəyərmi, mən bunu bacarırammı? Görünür, daha çox alınır deyə düşünürəm ki, yazmağa davam edirəm. Həm də alınmasa bu qədər hekayə və roman ən azı sənin yadında qalmazdı. Düşünürəm ki, sənin kimi yüzlərlə, bəlkə, minlərlə adamın yaddaşında mətnlərim var. Demək, alınır.
- Elə bil əsəbiləşdin, nəsə pis söz dedim ki?
- Allah eləməsin. Əsəbiləşəndə gizləmirəm.
- Bəs bundan sonra səndən daha ciddi nələrsə gözləməyə dəyərmi?
- Niyə də yox? Folkner deyir ki, ən mükəmməl nəsr 40 yaşdan sonra yaranır. Sən niyə mənim haqqımda hökm verməyə tələsirsən ki? İstəməsən, oxumamaq kimi bir lüksün var.
- Dünənə qədər yazıçının oxumaqla nəyəsə nail olacağına o qədər inamın yox idi, oturub-durduğun dost məclislərindəki söhbətlərindən, ayrı-ayrı yazılarından bunu anlamaq çətin deyildi. Ancaq qəfil bu fikirlərin əksini gördük. Hətta gənc yazıçılara verdiyin məsləhətlərin birinci şərti oxumaqla bağlı idi. Birdən-birdə sənin fikirlərini kim dəyişdi, necə dəyişdi, nə cür dəyişdi? Ümumiyyətlə, bu proses necə baş verdi?
- Tövsiyələr istedadlı yazarlar üçündür. Həm də adama necə tövsiyə eləmək olar ki, istedadlı ol. Sən əgər demək istəyirsənsə ki, oxumaqla adam istedadlı və ləyaqətli olmur, bununla razıyam. Amma demək istəyirsənsə ki, oxumağa ehtiyac yoxdur, istedad kifayətdir, bununla razı deyiləm. Oxumayan yazıçı boş qazan kimi danqıldayır. Kitab və oxumaq haqda fikrim dəyişməyib heç vaxt. Ola bilsin, indi daha çox reklam edirəm, sənə elə gəlir. Bilirsən, sən tip olaraq kitab oxuyan deyilsən. Bu səbəbdən kitabla bağlı söhbətlər səni qıcıqlandırır. Olan şeydir. Necə rahatdır elə et və elə də düşün. İstəsən kitabla bağlı heç danışmayaq. Dünya geniş, mövzu çoxdur.
- Mənə deyirsən ki, sən tip olaraq kitab oxuyan deyilsən. Yadıma gəlir, eyni fikri Əsəd Cahangir hansısa bir müsahibəsindəmi, yazısındamı, ya statusundamı sənin haqqında demişdi. Bir də yazmışdı ki, Şərifin 40 yaşı var, Nizami Gəncəvini hələ indi oxuyur.
- Canı sağ olsun... Yəqin bir şey bilir ki, deyir.
- Məşhur “Qafqaz əsiri” filminin qəhrəmanı Şurik görür ki, Nina avtobusda kitab oxuyur. Onun da gözləri kitaba zillənir, Ninanın yanına düşüb gedir, amma hara getdiyini özü də bilmir. Hərdən mənə elə gəlir ki, kitaba münasibətinlə sən də hara getdiyini bilmirsən. Görəsən, niyə sənin kitabla davranışın hər dəfə Şuriki yadıma salır? Dəqiq bilirsən ki, problem yalnız məndədir?
- Filmi düz başa düşməmisən. Zahirən kitaba aşırı bağlılıq gülüş doğursa da, mesaj mən deyəndir, kitabla hər şey əldə olunur: imtahan da, eşq də... Hətta qarşıya çıxan maneələr də dəf olunur. Köpəyi və kanalizasiya quyusunu deyirəm... Kitab oxuyan özünü köpəyə qapdırmaz, quyuya düşməz, hər cür çətinlikdən özünü də, sevdiyini də xilas edər və s. Kitabla bağlı problem yüz faiz səndədir. Oxumayan yazıçı bunu heç olmasa bəyan edib özünü ifşa etməməlidir. Təəssüf ki, oxumamışam ən doğrusudur.
- Bayaqdan iki-üç sualımda gənc yazıçılara verdiyin məsləhətlərini qeyd elədim. Qoy konkret bu məsələ ilə bağlı bir şey soruşum. Nədənsə, mənə elə gəldi ki, yaxından tanıdığım bir adam kimi, verdiyi məsləhətlərin əksəriyyəti sənin özündə yoxdur. Ya da özünə verilən nəsihətlərə bir az müdrik don geyindirib başqalarına ünvanlayıbsan. Məsələn, doğrudan, sənin özün arzuladığın qədər vicdanlısanmı, arzuladığın qədər azadsanmı, arzuladığın qədər əqidəlisənmi, heç həqiqəti axtarmaqdan nə vaxtsa yorulmamısanmı?
- Əvvəla, tövsiyə o demək deyil ki, bunların hamısı məndə ideal səviyyədədir. Oğluma deyirəm ingiliscə öyrən, amma özüm bilmirəm. O da eyni qayda ilə deyər ki, sən bilmirsən, ona görə mən də öyrənmirəm. O ki qaldı əxlaq və vicdan məsələsinə, özüm barədə nə deyim? Deyim vicdanlı və əqidəliyəm? Məsələn, sən düşünürsən ki, elə deyil. Biri də əksini düşünür. Ümumiyyətlə, bu cür suallar qeyri-etikdir. Necə yəni, sən əminsənmi ki, vicdanlısan? Bəlkə, söyüş də söyəsən. Yalan deyəni belə-belə olsun-filan... Gülüncdür. Sən bir layihə kimi yayımlanan tövsiyələri də “Qafqaz əsiri” filmi kimi yanlış anlamısan, deyəsən. Niyə düşünürsən ki, gənc yazarlara yaxşı məsləhətlər verən adam yalnız özünü göstərir? Bəlkə, həqiqətən içimdən gələn arzulardır.
- Həmin məsləhətlərində demisən ki, yazıçı daxilən azad olmalıdır. Məsələn, adicə iş yerində azad ola bilmirsənsə, istədiyini dilə gətirə bilmirsənsə, ürəyindən keçəni qorxmadan yaza bilmirsənsə, bəs onda daxilən azadlıq nə deməkdir və bu, nəyə lazımdır?
- Mən harda nə danışmaq, necə rəftar eləmək lazım olduğunu yaxşı bilirəm. Və bu adi etiket qaydalarının insan mənəviyyatına dəxili yoxdur. Bir yerdə işləməyə razı olmusansa, o yerin şərtlərini qəbul etməlisən. Əks halda qapı açıqdır. Mən Kulisdə rahatam. Həyatım boyu Kulis qədər rahat iş yerim olmayıb. O ki qaldı ümumiyyətlə, arzuladığın qədər azad olmağa, məncə, Azərbaycan reallığında bu mümkün deyil. Mənim arzularım çox böyükdür.
- Deyirsən ki, bir yerdə işləməyə razı olmusansa, o yerin şərtlərini qəbul etməlisən. Yazıçılar Birliyində işləyənlər bu birliyin şərtlərini qəbul edirlər. Bəs sən niyə hər dəfə onları qınayırsan?
- AYB-nin şərtləri alçaldıcıdır.
- Tez-tez Anarı və Fikrət Qocanı tənqid eləyirsən. Qəribədir ki, davanız get-gedə şəxsi müstəviyə keçir. Bu yaxınlarda Fikrət Qoca sənin haqqında nəsə demişdi, tez sən də ona cavab verdin. Maraqlıdır, niyə sənin qəhrəmanlığın Anarın və Fikrət Qocanın tənqidindən o yana keçə bilmir? Daha cəsarətli olmaq mümkün deyilmi?
- Fikrət Qocayla problemim yoxdur. O, mağmın adamdır. Anarla bağlı isə dəfələrlə demişəm və yazmışam. Söhbət Anarın şəxsindən getmir. Söhbət cəmiyyətdə mənəvi metastaz vermiş Anar əxlaqından gedir. Bu uzun işdir və burda müzakirə olunası mövzu deyil. Çünki sən AYB üzvüsən, iki gündən bir Anarın otağındasan, atan da orda işləyir. AYB və Anar mövqelərinə əks olan insanları aşağılamaq meyllərin var. Mənimsə yersiz mübahisəyə həvəsim yoxdur. O ki qaldı cəsarətə, Anarizmin əleyhinə çıxmaq adi insani davranışdır. Bunun üçün cəsarət, qəhrəmanlıq lazım deyil. Ümumiyyətlə, özümü cəsarətli adam saymıram. Hətta Azərbaycan nadanlıqları qarşısında qorxularım var.
- Yazdığım yazılara, verdiyim müsahibələrdəki tənqidi fikirlərimə görə məni bu gün-sabah üzvlükdən çıxaracaqlar, əmin ola bilərsən, sən isə deyirsən ki, AYB üzvüsən, iki gündən bir Anarın otağındasan, atan da orda işləyir və s. Tanınmış bir adamsan, oxucuların üçün maraqlı olan sualları verirəm. Bəs sən niyə cavabdan daha çox məsələni mənim üzərimdə həll eləməyə çalışırsan? Soruşuram ki, daha cəsarətli olmaq mümkün deyilmi? Qayıdırsan ki, gündə Anarın otağındasan. Mən hara, Anarın otağı hara?
- Mən bacardığım qədərini yazıram və deyirəm. Sən deyəsən, özün gizlənib məndən daha artıq cəsarət istəyirsən. Ona görə söhbət sənin üstünə gəlir. Nəyi əskik hesab edirsənsə, özün düzəlt də. Əlini pişik yeyib? Bir cəsarət nümunəsi göstər, sübut elə ki, biz bacarmadıq, sən elədin. Danışmaq asandır. Elə məsələlər var ki, ondan danışmaq üçün mənəvi haqqın olmalıdır.
- Bax, indi mən sənə bir çox məsələlərlə bağlı açıq suallar vermək istəyirəm, ancaq bu sualları sənə verməyə qorxuram. Səncə, buna görə günahkar kimdir? Sən, yoxsa mən? Bəlkə Salam Sarvandı günahkar, Qəşəm Nəcəfzadədir, Etimad Başkeçiddir, kimdir?
- Çətin sualdır... Ciddi deyirəm... Cavab variantım yoxdur...
- Qağa, əgər sənin ruhun dil açıb danışa bilsəydi, o, insanlara nə deyərdi? Bu günə kimi danışdıqlarını ruhun da təsdiq edərdimi?
- Çox ruhlu sual oldu. Nə deyim. Ədəbiyyat məsələlərində maksimum səmimiyəm. Başqa sahələrdə bu mümkün deyil. Bizim məhəllədə bir qarovulçu var. Oturduğu köşkün bir küncünə balaca bir elan yazıb: “Burda maşın saxlamaq olmaz”. Amma bir manat alıb park xidməti göstərir. Bir dəfə özünə dedim ki, hərə bir yalanla başını dolandırır, sən də bu küçücük yalanla evinə bir loxma çörək aparırsan. Belədir. Cəmiyyət belədir... Ədəbiyyatın da əsas funksiyası cəmiyyətin balacalı-böyüklü bu yalanların içində məhv olub getməsini ən azı bir az ertələmək, yubatmaqdır. Başqa heç nə... Ruhumun özünə əziyyət verib danışması lazım deyil. Çünki mən onu mətnlərimdə yetərincə danışdırıram. Saxta və yalan yazmıram.
- Ümumiyyətlə, necə düşünürsən, bu günə kimi sən daha çox susmusan, yoxsa danışmısan?
- Ölçməmişəm. Amma ömrü təzədən başlasaq daha çox susardım. Yazıya güc verərdim.
- Düzünü de, hansısa şairin, yaxud yazıçının mifini yaratmaq imkanı sənin əlində olsaydı, onlar kimlər olardı?
- Mifi sevmirəm. Sevdiyim yazıçılar çoxdur amma.
- Səlim Babullaoğlu Dünya Şairlər Hərəkatının səfiri oldu. Sənin fikrincə, Səlim Azərbaycan şeirinin harasındadır? Ümumiyyətlə, o, şeirimizin adından danışmağa layiq bir şairdirmi?
- Bu barədə susum.
- Qulağıma de, aramızda qalacaq.
- Səlim bəy əslində şəxsiyyətinə hörmət elədiyim adamdır. Ancaq tənqid və iradlara qarşı dözümsüzdür. Ona görə heç nə söyləmək istəmirəm.
- Yadıma gəlir, Kamal Abdullanın əsərlərini tənqid edirdin, xüsusən, dil qüsurlarından tez-tez danışırdın, ancaq sonradan Kamal müəllimin “Unutmağa kimsə yox” romanını oxudun və heyrətini gizlətmədin. Bəs bu fikir dəyişkənliyini necə yozaq? Əvvəl səmimi idin, yoxsa sonra? Yəni doğrudanmı səhvini başa düşdün?
- “Unutmağa kimsə yox” romanını oxumamışdım. Oxudum, bəyəndim, hətta istədim yazı da yazam. Sonra düşündüm ki, bu yazıda bax, sənin kimi başqa məqsədlər axtaranlar olacaq. Ona görə sadəcə, status yazdım ki, bəyəndim. Yaxşı əsərdir. Səni səmimi olub-olmadığıma inandırmaq həvəsim yoxdur. Düşüncəndə azadsan.
- Ədəbi prosesdə bir şeyi müşahidə eləmişəm. Əsəd Cahangirin büdrədiyi yerlərdə Cavanşir Yusifli gündəmə gəlir. Bildiyimə görə, sənin də Əsədlə tənqidçi-yazıçı münasibətləriniz əvvəlki kimi şirin deyil. Elə bu ərəfədə redaktoru olduğun saytda Cavanşir Yusifli ilə müsahibən getdi və həmin müsahibənin girişində onu görkəmli tənqidçi kimi təqdim eləmişdin. Sən doğrudanmı Cavanşir müəllimi görkəmli tənqidçi hesab edirsən, yoxsa bu söz ona doğum günü hədiyyən idi?
- Cavanşir Yusiflinin ad günündə qısa bir söhbət eləmişik. Bəli, o, həqiqətən Azərbaycan ədəbi mühiti üçün görkəmli tənqidçidir. Mən belə düşünürəm və belə də yazmışam. O ki qaldı yuxarıda kimin büdrəyib kimin gündəmə gəlməsi, əmin ola bilərsən ki, bu söhbətlər cəfəngiyyatdır. Bundan əvvəl Əsəd Cahangirin ad günündə onunla bağlı da yazı getmişdi Kulisdə. Mənim münasibətimdən asılı olmayaraq bunlar məşhur, görkəmli tənqidçilərdir və Kulis də çevik ədəbiyyat portalı olduğu üçün onların həyat və fəaliyyətini izləyir. Məsələ bu qədər sadədir. Kim buradan hansı siyasi-sosial məqsədlər çıxarır, öz işidir. Qoy təxəyyülünün hüdudlarını yoxlasın.
- Bir az da öz yaradıcılığından danışaq. Ancaq yaradıcılığın barədə bütün suallarımı bir cümlədə ümumiləşdirmək istəyirəm. Əgər sənin əsərlərini yazmaq üçün hansısa bir komputer proqramı quraşdırılsaydı, sən əsər yazarkən dayandığın yerdə o proqram da ilişib qalardımı?
- Sualı başa düşmədim. Bircə onu deyim ki, romanım yekunlaşmaq üzrədir. İlin sonunacan, imkan tapıb çap edəcəm. Məncə, ədəbiyyatımız üçün hadisə olacaq bu kitab. Yazmağa həvəsliyəm bu aralar... Yeni yazılar da olacaq...
- Şərif, sən Allah, düzünü de, bayaqdan danışan dəqiq özün idin?
- Yox, qonşunun əri... Hahaha! Hə, nə olsun? Məncə, jurnalist müsahibinə hörmət etməlidir. Sən müsahibi aşağılamağı peşəyə - biznes fəaliyyətinə çevirmisən. Zaman gələcək bu imici dağıtmaq üçün çox əziyyət çəkəcəksən. Yox əgər düşünürsən ki, zarafat edirsən, onda mənim cavabımı da o cür qəbul elə. Uğurlar.
- Deyəsən, son sualım dəqiq oldu. Hər halda ariflər anlayacaq.
- Ariflər üçün bu müsahibəyə ehtiyac yoxdur. Hamını əla tanıyırlar.
Kəramət Böyükçöl