Nyu-Yorkda BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti Vladimir Putin arasında saat yarımlıq görüşdən sonra rəsmi Moskva Suriyada hərbi əməliyyatların aparılması barədə göstəriş verdi. Ekspertlər hesab edirlər ki, Rusiyanın bu addımı ABŞ-la razılaşdırılıb. Politoloq Fikrət Sadıqov da Teleqraf.com-a müsahibəsində bu fikiri bölüşdüyünü bildirdi:
- ABŞ və Rusiya arasındakı gərginlik Obama və Putinin çıxışlarında özünü göstərdi. Bir-birini tənqid edirdilər, amma tənqidlər çox ölçülü-biçili idi. Çünki onlar başa düşürlər ki, ümumi təhlükə var. Bu, radikal İslam qruplaşmaları, terrorçulqdur. Mən əminəm ki, saat yarımlıq görüşdə Obama və Putin Suriya məsələsində müəyyən razılığa gəldilər. Görüşdən dərhal sonra Putin Suriyada İŞİD-in bombalanması barədə əmr verdi. Deməli, Obama və Putin İŞİD-ə qarşı birgə mübarizə məsələsində anlaşıblar. Bəşər Əsədlə bağlı fikir ayrılığı da aradan qalxıb. Əvvəllər Putin hesab edirdi ki, Əsəd qalmalıdır, Obama isə onun getməsində israrlılıq nümayiş etdirirdi. Amma indi ABŞ anlayır ki, Əsədin getməsi Suriyada problemləri həll etməyəcək. Əvvəl İŞİD ilə bağlı problemlər həll olunacaq, sonra Əsədin məsələsinə baxılacaq.
- Sizcə, Rusiya Suriyada quru əməliyyatları aparacaqmı?
- Əfqanıstan təcrübəsi göstərdi ki, başqa bir ölkənin ərazisində quru əməliyyatlarının aparılması effekt vermir. Quru əməliyyatları daha çox vaxt aparır və xeyli maliyyə itkisi deməkdir. Əgər Rusiya Suriyada uzun müddət qalmaq istəmirsə, hava əməliyyatları ilə kifayətlənməlidir. Zaman və təcrübə göstərir ki, iri dövlətlər hansısa münaqişəni həll etmək üçün başqa bir ölkənin ərazisinə girirsə, orada uzun müddətli qalmalı olur və çoxsaylı itkilərə məruz qalır. Vyetnam və Əfqanıstan təcrübəsindən dərs çıxarılmalıdır.
- Dini ideologiyaya söykənən qruplaşmanın sonuna çıxmaq mümkündürmü?
- Heç bir qruplaşmanı, ideologiyanı kökündən qazıyıb atmaq olmur. Amma aparıcı dövlətlər birgə çalışsalar, belə qüvvələrin nüvəsini dağıda, dayaqlarını laxlada bilərlər. Gündəmdə əsas məsələ İŞİD-in genişlənməsinin qarşısını almaqdır. İŞİD-i tam məhv etmək mümkün olmayacaq. Faşizm üzərində qələbə qazanılsa da, Avropada faşizm yönümlü təşkilatlar qaldı və indinin özündə də onlar aksiyalar keçirirlər.
- Sizcə, ABŞ nəyin müqabilində Rusiyanın Suriyada hərbi əməliyyatlar aparmasına razılaşıb?
- Qeyd etdim ki, ABŞ-ın Əsədlə bağlı planları dəyişib və Rusiyanın İŞİD-i bombalaması Ağ Evin maraqlarına zidd deyil. Kremilin addımlarını ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya dəstək kimi də qiymətləndirmək olar. ABŞ başa düşür ki, İŞİD-ə qarşı təkbaşına mübarizə aparmaq çətindir. Bir neçə ay ərzində ABŞ koalisiyası Suriyaya yüzlərlə aviazərbə endirib, amma nəticə yoxdur. Ona görə də ABŞ Rusiyaya "yaşıl işıq" yandırmağa məcbur oldu. İkinci tərəfdən, İŞİD Rusiya üçün daha təhlükəlidir. ABŞ okeanın o tayındadır. İŞİD-dən uzaqda yerləşir. Rusiya isə terrorçuların bir addımlığındadır. Həmçinin İŞİD-in tərkibində çoxlu sayda Rusiya vətəndaşları var. Şimali Qafqazda İŞİD-in ideologiyasını bölüşən xeyli sayda insanlar var. Və onlar Rusiya üçün böyük təhlükə deməkdir. İŞİD dəfələrlə bəyan edib ki, Şimali Qafqaz onların növbəti hədəfidir. Putin bunu başa düşür və təhlükəni adlamaq üçün indidən addımlar atır.
- Ukrayna məsələsində necə, Rusiya güzəştə gedəcəkmi?
- Ukrayna məsələsilə Minsk qrupu məşğul olur. İlkin razılıq əldə edilib. Bundan sonra genişmiqyaslı hərbi əməliyyatların olacağına inanmıram. Hər iki tərəf başa düşür ki, heç bir nəticə əldə etmək mümkün olmayacaq. Rusiya Krımı geri qaytarmayacaq. Amma Şərqi Ukraynada hansısa dövlətin yaradılmasına da razı olmayacaq. Putin Şərqi Ukraynadakı vilayətlərin başçılarına bildirib ki, onlar müəyyən güzəştlərlə Ukraynanın tərkibində qalmalıdırlar. Donetsk və Luqanskın rəhbərləri bunu yaxşı başa düşürlər, ona görə də güzəştə gedirlər.
Ruslan