8 Oktyabr 2015 16:33
1 459
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Televiziyaya alim, mədəniyyət adamı, ziyalı çıxmalıdır. Baxın, görün bunlar kimləri efirə çıxarır? Guya ortaya çıxardıqları ekspertlərdir. Bunlar haranın ekspertidir, onları kim seçib, hansı təşkilatı təmsil edirlər? Öz tanışlarını efirə çıxarırlar, onlar da nə gəldi danışırlar, sözün əvvəli-axırı yoxdur. Aparıcının da danışığı başqa formada olur, Azərbaycan dilini pis duruma salırlar. Buna heç kimin ixtiyarı yoxdur. 1960-cı ildə bir sözün işlədilməsinə görə, az qala bizi işdən çıxaracaqdılar. İndi isə nə istəyirsən de, necə istəyirsən tələffüz elə, vurğunu istədiyin formada elə. Buna görə, sənə bir kimsə söz demir”.

Bunu qəzetimizə müsahibəsində əməkdar jurnalist, Prezident təqaüdçüsü, Jurnalistlər İttifaqının katibi, İctimai Televiziyanın Yayım Şurasının sabiq üzvü Altay Zahidov bildirib. Müsahibəni təqdim edirik:

- Altay müəllim, televiziya kanallarının bayağı və zövqdən uzaq proqramları ilə bağlı müzakirələr aparılır. Bu məsələyə Sizin münasibətiniz necədir?
- Məhz bu cür zövqsüz verilişlər səbəbindən əhali daha çox Rusiya və Türkiyə kanallarına baxır. Bunu edənlər də televiziyanın rəhbərləridir. Çünki həmin rəhbərlərin çoxu televiziya jurnalistikasından uzaq adamlardır. Heç biri uzun illər televiziyada işləməyib, bu sahəni kiçik detallarına qədər bilmirlər. Televiziya cəmiyyətin güzgüsüdür. Əslində, indi televiziyanı pis günə qoyanlar cəmiyyət qarşısında cavab verməlidirlər. Təsəvvür edin ki, bir veriliş gedir, amma verilişin mövzusu, ssenarisi heç kəsə lazım deyil. Kanala isə veriliş zamanı gedən reklamın pulu lazımdır. Nə veriliş verirsənsə, ver, əsas odur ki, proqramın gəliri, sponsoru və reklamı olsun. Bununla televiziya olmaz. Televiziyada verilişlərin hazırlanması, onun təqdim olunması əsas xətt olmalıdır. Ancaq indi görürük ki, bizim kanalların çoxunda bu xətt yoxdur. Mən uzun illər dövlət televiziyasında işləmişəm. Azərbaycan Dövlət Televiziyasını yaradan Teymur Əliyev idi. Televiziya gərək insanların dərd-sərini bilsin, onlara kömək etsin, görsün ki, ətrafda nə baş verir. Amma indi kanallarımızın çoxu səhərdən axşama qədər şit-şit verilişlər hazırlayır. Oxuyanları kanala çıxarırlar. Açıq görünür ki, kanalların fikri əsasən sponsor və reklam əldə etməkdir. Mən səhərdən-axşama qədər verilişləri müşahidə edirəm. Məsələn, Elgizin 2 saatlıq verilişinin 1 saat 40 dəqiqəsi reklamlardan ibarətdir. Belə şey olarmı? Əlbəttə, televiziya reklamlardan gəlir götürür. Ancaq bu o demək deyil ki, pul qazanmaq naminə efirə nə gəldi verməlisən. Televiziyada mənəvi dəyərlər yoxa çıxır, biabırçılıq baş alıb gedir. Azərbaycan dilində danışan adam yoxdur, aparıcıların geyiminə, danışıqlarına baxın. Mən uzun illər Moskvada işləmişəm, Rusiya televiziyasından çox şey öyrənmişəm. Mənim öz qızım da 10 il televiziyada informasiya proqramları departamentində çalışıb. Ancaq indi televiziya şouya, gülüşə çevrilib. Bir müddət əvvəl bəyan etmişdim ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) səlahiyyəti yoxdur. İndi yaxşı haldır ki, “Televiziya və radio yayımı haqqında” Qanuna fevral ayında dəyişiklik oldu və həmin dəyişikliklə MTRŞ-yə “Televiziya və radio yayımı haqqında” Qanunun pozulmasına görə həm verilişlərin, həm də kanalların fəaliyyətini dayandırmaq səlahiyyətləri verildi. İndi də MTRŞ zövqdənkənar hazırlanan proqramları dayandırıb. Bu, müsbət haldır. Diqqət etsəniz görərsiniz ki, bağlanan proqramların çoxu oğurluq layihələrdir. Bu proqramların çoxunun aparıcıları da televiziya mütəxəssisləri deyil. Mən plagiat verilişləri nəzərdə tuturam. Bunları bağlayanda da hay-həşir qopur.

- Konkret olaraq MTRŞ-nin ANS kanalının bir neçə proqramını dayandırmasını necə şərh edirsiniz?
- Bu qərarı dəstəkləyirəm. İndi MTRŞ-nin səlahiyyətləri artırılıb və bu qurum da ona verilən səlahiyyətdən istifadə edib müəyyən addımlar atır. Axı, o verilişlər nəyə lazımdır? Məsələn, hər bazar günü bir veriliş gedir. Həmin vaxt siz təcili tibbi yardıma zəng edin və görün həmin saatda nə qədər xəstə düşən, ürəyi gedən olur. Bunlar reallıqdır. İnsanı nə qədər ağladıb həyəcana salarlar. Şit verilişlərin bir məqsədi də pul qazanmaqdır.

- MTRŞ son iclası zamanı “Reklam haqqında” Qanununa əsasən, ANS kanalına 54 000 AZN məbləğində cərimə cəzası tətbiq edilməsi barədə qərar qəbul edib. Bu barədə nə deyə bilərsiniz?
- Çox gözəl. Buyurub cəriməni ödəsinlər. Siz bilirsinizmi televiziya kanallarında reklamın 1 dəqiqəsi neçəyədi? Səhv etmirəmsə, 1 saniyəsi 50 manatdır. Bu, böyük pullardır. Odur ki, cərimə kəsilibsə, ödənilməlidir. Bir daha qeyd edirəm ki, özəl kanallar dövlətdən maliyyələşmir, onların əsas gəliri reklamdır. Bunu anlayırıq. Ancaq bu o demək deyil ki, reklam naminə nə gəldi efirə verməlisən. Sanki durum belədir: nə veriliş verirsənsə, ver, nə danışırsansa, danış. Təki reklam gəlsin, pul olsun. Belə olmaz.

- Sözügedən bayağı verilişlər 1 ay müddətinə bağlanıb. Bir aydan sonra durum düzələcəkmi?
- Siz peşəkar qəzetçisiniz. Belə qərarlar təsadüfən verilmir. Azərbaycan televiziyaları bu gündə ola bilməz. Bıçaq sümüyə dirənib. Bizim dövlətimiz, qanunvericiliyimiz var. Qanunlar tətbiq edilməlidir. İkincisi, 10 kanal deyil, 6-7 olsun. Dünya dağılmayacaq. Sən uşaqların, gənclərin mənəviyyatın pozursan. Heç olmasa qonşu ölkələrin, Rusiyanın kanallarına baxın görün hansı səviyyədə verilişlər verirlər, nədən danışırlar. Hesab edirəm ki, bunlar vacib məsələlərdir.

- Ancaq belə yanaşmalar da var ki, şou proqramlar da olmalıdır. Bu, bütün dünyada var...
- Sizinlə razıyam. Ancaq bizdəkilər şou proqramlar deyil axı. Bu, söyüşdü, təhqirdir. İnsanları bir-birinin üzərinə qışqırdırlar. Bir müğənni tapırlar ki, həmkarı barədə nəsə söz desin. Sonra həmkarı onu məhkəməyə verir. Heç oxuyan da yoxdur. Ortaya çıxan hər kəs özünü sənətkar adlandırır. Mən Rəşid Behbudovla, Şövkət xanımla işləmişəm. Amma bir dəfə eşitməmişəm ki, bu şəxslər özlərinə sənətkar desinlər. Bu sənətkarlar bir-birinə kanalda bir söz belə demirdilər. Düzdür, həmin vaxt bədii şura var idi və məhz bu qurum hansı mahnıların efirə verilməsini müəyyən edirdi. Sizə bir maraqlı fakt deyim. Oqtay Ağayevin “Keçən günlərimi qaytaraydılar” mahnısı var. Bu mahnı televiziyada oxunan zaman, bilirsinizmi, necə hay-küy qopdu. Dedilər ki, siz nə danışırsınız, demək istəyirsiniz ki, kommunizmi kapitalizmə qurban verəsiniz. Əslində isə bu mahnıdakı sözlər sadəcə məhəbbət əfsanəsi idi. Hay-küylə mahnını efirdən çıxardılar. O zaman deyilən hər bir söz üçün mübahisə olurdu. Belə hallar var idi. Baxın, bizim kanallar indi nə oyun çıxarırlar? Televiziya hər bir ailənin evinə daxil olur, elə ev yoxdur ki, orada televiziya olmasın. Kanalı açırsan, dərhal deyirlər ki, 14 yaşında qız evdən qaçıb. Bu şey hansı ölkədə olur? Ana gəlib deyir ki, qızım üçüncü dəfədir ki, evdən qaçır. Və başlayırlar bunu araşdırmağa. Və ya 3 uşağı var, dördüncüsünə də hamilədir. Kanallara gəlir, çıxarırlar efirə və deyir ki, qalmağa yerim yoxdur. Bütün bunlar nə deməkdir?

- Azərbaycan müstəqil ölkədir, az-çox kanallarımız fəaliyyət göstərir. Sizcə, bizim kanallar daha çox hansı üslubda verilişlər hazırlamalıdır?
- Sizə misal deyim. 1972-1973-cü il idi. Heydər Əliyev hakimiyyətə gələndən sonra gördü ki, Azərbaycanda mədəniyyət bir qədər iflasa doğru gedir. Hörmət, izzət, mədəni davranış, dünyaya baxış dağılır. Deməli, hər həftənin cümə günü Flarmoniyaya Moskvadan sənətşünas xanım gəlirdi. Həmin vaxt bütün rəhbər işçilər xanımları ilə birlikdə Flarmoniyaya gəlirdi. Moskvadan gələn sənətşünas xanım isə bir dəfə Qoqoldan, bir dəfə Çaykovskidən mühazirə oxuyurdu. Başqa sözlə, maarifləndirmə işi aparırdı. Dolayısı ilə bütün bunları Heydər Əliyev edirdi. Bu fakt yaddan çıxıb. Belə tədbirlər zamanı insanların beyninə yeridirdilər ki, heç olmasa, dünyadan xəbərləri olsun. Bütün bu tədbirlər həm musiqidə, həm ədəbiyyatda, həm incəsənətdə irəliləyişə səbəb olurdu. Heydər Əliyev bunları təsadüfən etmirdi. İkincisi, televiziyaya alim, mədəniyyət adamı, ziyalı çıxmalıdır. Baxın, görün bunlar kimləri efirə çıxarır? Guya ortaya çıxardıqları ekspertlərdir. Bunlar haranın ekspertidir, onları kim seçib, hansı təşkilatı təmsil edirlər? Öz tanışlarını efirə çıxarırlar, onlar da nə gəldi danışırlar, sözün əvvəli-axırı yoxdur. Aparıcının da danışığı başqa formada olur, Azərbaycan dilini pis duruma salırlar. Buna heç kimin ixtiyarı yoxdur. 1960-cı ildə bir sözün işlədilməsinə görə, az qala bizi işdən çıxaracaqdılar. İndi isə nə istəyirsən de, necə istəyirsən tələffüz elə, vurğunu istədiyin formada elə. Buna görə, sənə bir kimsə söz demir.

- Hazırda ANS kanalı MTRŞ-nin məlum qərarları ilə razı deyil və məhkəməyə müraciət edəcəyini bildirir. Bunu necə qiymətləndirirsiniz?
- MTRŞ-nin qərarlarını dəstəkləyirəm. Əlbəttə, qərarla razılaşmayan məhkəməyə müraciət edə bilər. Lakin kimlərsə özünü böyük jurnalist sayır. Sən necə dövləti məhkəməyə verirsən? Qanun varsa, işləməlidir. Bu illər ərzində MTRŞ kanallara dəfələrlə müraciət edib, qüsurlarını göstərib. Buna da əməl edilməyib. Bu qurum da boğaza yığılıb və səlahiyyəti artırıldıqdan sonra müəyyən addımlar atıb. Hesab edirəm ki, MTRŞ verdiyi qərarlar bütün kanallar tərəfindən yerinə yetirilməlidir. Bu, qanunun tələbidir. Odur ki, MTRŞ-nin məhkəməyə verilməsini qeyri-ciddi hesab edirəm.

Nemət


Müəllif: