9 Oktyabr 2015 16:03
3 762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com gənc müğənni Günay İbrahimli ilə müsahibəni təqdim edir.

- Günay, digər həmkarlarınıza nisbətən tez tanındınız. Sizi digər ifaçılardan fərqləndirən nədir?
- Əslində tanınmağım tez deyil. 7 ildir ki, fəaliyyət göstərirəm. Mənim məşhurlaşmağıma ətrafım da kömək etdi. Və bununla yanaşı ifa etdiyim mahnılar. Müğənninin diplomu onun təqdim edəcəyi mahnılarıdır. Mənim bir kaprizim var, mahnını özüm seçib oxumalıyam. Deyə bilməzlər ki, sifarişli mahnıdır və bu qədər pul veririk, oxumalısan. Xoşum gəlməyən mahnı olsa, milyonlar versələr də, oxumaram. Amma başqa hallarda heç bir kaprizim yoxdur.

- Sizi hər zaman qlamur obrazda görürük? Bu stilistin, yoxsa özünüzün seçiminizdir?
- Yeddi ildir ki, stilist Elnur Həsnovla işləyirəm. Mən bütün obrazlarımda stilistlə, fotoqrafla, ətrafımdakı insanlarla məsləhətləşirəm. Məsələhət etmək mütləq lazımdır. Deyə bilmərəm ki, mütləq filan geyimi geyinməliyəm. Hər şey komanda şəklində görülməlidir ki, nəticəsi uğurlu alınsın.

- Geyimlərinizə nə qədər pul xərcləyirsiniz?
- Geyim üçün çox pul xərcləyirəm. Artıq xərcləməməyi düşünürəm. Çünki biznes qurmaq, başqa işlər görmək istəyirəm. Vaxtilə geyimə çox pul xərcləmişəm, amma hazırda çoxlu modelyer dostlarım var. Bununla yanaşı tanıdığım butiklər var ki, oradan geyinirəm və dostluq edirəm. Çünki bir paltarı iki-üç dəfədən artıq geyinə bilmirəm. Geyinən zaman sosial şəbəkədə yazırlar ki, bundan başqa paltarı yoxdurmu? Doğrudan da paltara pul çatdıra bilmirik. Və yaxud da özümü rahat hiss etdiyim və sevdiyim paltarları bir neçə dəfə geyinirəm. Bundan əlavə paltara xərclədiyim pulu biznesə sərf etmək istəyirəm.

- Biznesi hansı sahədə quracaqsınız?
-Düzü, biznesi hələ qurmuram. Çünki kariyerama aid işlərim var. İki ilə yaxın bu sənətlə yanaşı başqa gəlir yerimin də olmasını istəyirəm. Mütləq şəkildə.

- Sizin şəxsi eviniz varmı?
- Şəxsi evim yoxdur , ailəmlə yaşayıram. Şəxsi evim hazır olsun, qonağım olarsınız.

- Bir çox müğənnilər toy qiymətinə dəyişiklik ediblər. Son vaxtlar toylara çox gedən müğənnilər sırasında sizi də görmək olur. Qiymətə dəyişiklik etməyə ehtiyac varmı?
- Toylara yarım saatlıq və bütöv gedirəm. Toy qiymətini demək istəmirəm. Çünki bəzi insanlara güzəştə də gedirəm.

- Günay xanımla, sizinlə ailə qurmaq istəyənlər çoxdur?
- Bəli. Amma nə vaxt qarşıma arzuladığım bəy çıxacaq, o zaman da ailə quracam. Ümumiyyətlə, şəxsi həyatım haqqında çox danışmaq istəmirəm. Amma vaxtı gələndə ailəm, uşaqlarım, nəvələrim, nəticələrimin olmasını istəyirəm. Hazırda kariyeramla məşğulam. Evlənən zaman hamıya xəbər edəcəm və heç nə gizlin olmayacaq.

- Müğənni ilə evlənərsiniz?
- Müğənni ilə evlənə də, evlənməyə də bilərəm. Onu həyat göstərər. İndidən heç nə deyə bilmərəm.

- Verilişlərin birində müğənni Xəyyam Nisanov sizə evlilik təklif etdiyini bildirib. Aranızda sevgi münasibətləri olub?
- O haqda danışmaq istəmirəm.

- Bəs, gələcək həyat yoldaşınızı necə görmək istərdiniz?
- Ən əsası ailə quracağım insandan enerji almalıyam. Gözəl olması şərt deyil. Oğlan gözəl olmaz. Əsas odur ki, daxili gözəl olsun. Eləcə də mənə hörmət edən, alicənab və ali təhsilli olması vacibdir.

- Sizi müğənni İradə İbrahimovaya bənzədirlər. Buna münasibətiniz necədir?
- Bəli, mənə deyirdilər ki, İradə İbrahimovanın bacısınız, xalası qızısınız. Nədənsə son zamanlar demirlər. Amma sənətdə yeni-yeni addımlarımı atanda çox bənzədirdilər.

- Bu oxşarlıq sənətə ilk addımını atan gənc ifaçı üçün prestijli idi?
- Xeyr deməzdim. Hazırda sənətdə yeni deyiləm. Əslində yeni çıxan müğənnilər özlərini kiməsə bənzətməyə çalışırlar və bu çox normal bir haldır. Yəni ki, insan özünü sübut edənə qədər. Əsas odur ki, hazırda heç kimə bənzətmirlər. Vaxtı ilə bənzədiblər və pis insanlara da oxşatmayıblar. Onları çox sevirəm və sənətlərinə hörmətim var.

- Hətta deyirlər ki, şou-biznesdə İradə İbrahimovanın yerini siz doldurmusunuz?
- Bu fikirlə razı deyiləm. Sənətdə hər kəsin öz yeri var. Hər insan öz gələcəyi üçün əziyyət çəkir. İradə İbrahimovanın da şou-biznesdə öz yeri var və olacaq da. Mənim məqsədim odur ki, öz yolum olsun.

- Sənətə gəlişinizdə Könül Kərimovanın sizə böyük dəstəyi olub. Bu, doğrudur?
- Xeyr. Mənə sənətə gələndə ilk əvvəl valideynlərim dəstək olub. Onların icazəsi olmasaydı, mən bu sənətdə olmazdım. Öncə Allahıma təşəkkür edirəm ki, mənə bu şansı yaradıb. İkincisi, valideynlərimə, üçüncüsü isə mənə kömək üdən bütün insanlara minnətdarlığımı bildirirəm. Çünki mənə yalnız Könül Kərimova deyil, bir çox insanlar dəstək olublar.
Birinin adını çəkərəm, biri yadımdan çıxar. Mütləq insanın yaxşı çevrəsi, dostları olmalıdır. Çevrəsiz heç nə etmək olmur.

- Maraqlıdır ki, bu gün Günay İbrahimlinin dəstəyə ehyiyacı varmı?
- Dəstəyə hər zaman ehtiyacımız var. Mən deyə bilmərəm ki, bu gün artıq tanınıram və dəstəyə ehtiyacım yoxdur. Hər insanın dəstəyə ehtiyacı var.

- Bir müddət əvvəl açıq-saçıq klip çəkdiyinizə görə valideynlərinizlə münasibətiniz yaxşı deyildi. Hazırda necədir və valideynləriniz sizə hər hansı məhdudiyyət qoyub?
- Valideynlərimlə hazırkı münasibətim əvvəlkindən də çox gözəldir. Mən müğənniyəm və müğənni hansısa baryerləri keçməlidir. Düzdü, bəzi hərəkətlər etməklə qazandığın sevgini itirmək olar. Tamaşaçı müğənnidən hər zaman yenilik gözləyir. Mütəmadi olaraq obrazı dəyişmək lazımdır. Lazım olsa, başımı keçəl də etdirərəm. Sənətim mənim üçün çox önəmlidir və elə hallarda heç bir kompleksim yoxdur. Tənqid etsələr də, tərifləsələr də.

- Bundan sonra da açıq-saçıq kliplər çəkdirəcəksiniz?
-Niyə də yox, amma ikinci dəfə etsəm, insanlar üçün maraqsız olacaq.

- Konsert proqramı gözlənilirmi?
- Hazırda yeni mahnılar üzərində işləyirəm. İnşallah, 2016-cı ildə konsert verməyi planlaşdırıram. Əslində, əvvəlcədən nəsə demək mənə düşmür. Amma onu deyə bilərəm ki, Heydər Əliyev adına Sarayda konsertimin olması ən böyük arzumdur. Konsert xətrinə deyil, möhtəşəm konsert etmək istəyirəm.

- İlk konsertiniz zamanı geyimləriniz çox tənqid olundu. Növbəti konsertdə tənqid olunmaqdan çəkinirsinizmi və necə paltar geyinəcəksiniz?

- Heç vaxt tənqiddən qorxmuram. Konsertə o cür geyinmək lazım idi. Qarşıdakı konsertimdə isə daha fərqli geyinəcəm. Tənqid həmişə olacaq və bu normal haldır.

- Günay xanım, sizi daha çox sarı saçla görmüşük, indi isə tünd rəngi seçmisiniz. İmic dəyişkənliyinizin hər hansı səbəbi var?
- Saç rəngimi üç aydan bir dəyişirəm və yeniliyi sevən insanam. Saçımı tünd rəngləməyimin səbəbi yeni mahnılardır. Çünki mahnılar bu obrazı tələb edir. Üç-dörd ay tamaşaçılar məni bu obrazda görəcəklər. Mahnının adı "Günah"dır və musiqisi Tərlan Hüseynova, sözləri Sənan Mayılova aiddir. İnşallah, yaxın günlərdə klip də çəkdirəcəyik. Bundan başqa Aygün Səmədzadə, Aynur Adilqızı və Pərviz Mahmudovun və Hacı Nazimin də mahnılarını səsləndirəcəm. Yəni ki, işlərimiz var və görürük.

Rəqsanə Həsənova


Müəllif: