Ölkəmizdə mötəbər tədbirlər keçiriləndə, mühüm hadisələr baş verəndə Qərb dövlətləri, qurumları tərəfindən müxtəlif təzyiqlərlə üzləşirik. Parlament seçkilərinə bir aydan da az vaxt qaldığı bir ərəfədə bu təzyiq elementləri yenidən özünü göstərməyə başlayıb. Avropa Parlamentinin çıxardığı qətnamə, ardınca İnsan hüquqları məsələləri üzrə İşçi Qrupunun tərkibindən Avropa Şurası nümayəndəsinin geri çağrılması bu təzyiqlərin davamı kimi qiymətləndirilə bilər. Halbuki, insan haqlarının və demokratiyanın pozulması nəticəsində Ermənistandan qaçaraq Azərbaycan sığınan Martirosyan ailəsi nədənsə Avropa qurumlarının diqqətindən kənarda qalır.
Xatırladaq ki, 2014-cü ildə Avropa Şurasının baş katibi Turbyorn Yaqland Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edərək birgə işçi qrupunun fəaliyyətinin bərpa olunmasını xahiş edib və dövlət başçısı xoş niyyətini nümayiş etdirərək buna razılıq verib.
Fəaliyyəti bərpa olunduqdan sonra Azərbaycan vətəndaş cəmiyyətinin və hakimiyyətinin nümayəndələrindən ibarət birgə işçi qrupu birinci iclasını 2014-cü il, oktyabrın 22-də keçirib. Birgə işçi qrupunun bu iclasında Avropa Şurası baş katibinin nümayəndəsi də iştirak edib. Qısa müddətdə insan hüquqlarının müdafiəsi təşkilatlarının siyahılarında qeyd olunmuş 16 nəfər azad edilib, 1 nəfərin cəza müddəti azaldılıb.
“Bu kimi hallar parlament seçkiləri öncəsi Azərbaycana təzyiq vasitəsidir”
Məsələyə münasibət bildirən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri Rufiz Qonaqov bildirib ki, Azərbaycana qarşı qısqanc münasibət var. Onun sözlərinə görə, ölkəmizdə keçiriləcək seçkilər, o cümlədən mötəbər tədbirlər ərəfəsində Azərbaycanla bağlı bu kimi faktlar meydana gəlir: “Həm Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyaların tətbiq olunması ilə bağlı çağırışları, indi isə Avropa Şurasının nümayəndəsinin İşçi Qrupdan geri çağırılması onu göstərir ki, həqiqətən də, Azərbaycana qarşı Qərbin erməni lobbisinin təsiri altında olan siyasi dairələri çox qısqanc münasibətdədir. Buradan bəlli olur ki, dünyada ikili standartlar var və həmin yanaşma imkan vermir ki, ölkələrə qarşı eyni münasibət olsun. Yəni, əgər söhbət insan hüquqlarından, demokratiyanın vəziyyətindən gedirsə, Azərbaycanda nə insan hüquqlarının, nə demokratiyanın, nə söz və mətbuat azadlığının, nə internetin məhdudiyyəti ilə bağlı hər hansı problem və çətinlik yoxdur”.
R.Qonaqov deyib ki, ölkəmizdə bütün bu məsələlər beynəlxalq hüquq normaları, hətta Avropa standartları çərçivəsində tənzimlənir: “Avropa Şurasının irəli sürdüyü ittihamlar ilk növbədə Azərbaycanın 20 faiz torpağını işğal edən təcavüzkar Ermənistana tətbiq olunmalıdır. Azərbaycan bu gün Qafqazın lider dövlətinə çevrilib, günbəgün nüfuzu artır və ölkəmiz beynəlxalq infrastuktur layihələri həyata keçirir və deyərdim ki, qısqanclıq buradan irəli gəlir. Ona görə də bu kimi hallar parlament seçkiləri öncəsi Azərbaycana təzyiq vasitəsidir. İndi Azərbaycana qarşı aparılan kampaniya bir neçə ilə əvvəl başlanan qara piarın tərkib hissədir”.
“Bəhanələrin yer aldığı açıq şəkildə görünür”
Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) sədri Asif Əsgərli deyib ki, bu məsələ ilə bağlı Azərbaycan hökuməti öz xoşməramlı niyyətini açıqlayaraq, çoxtərəfli bir İşçi Qrupunun yaradılmasını dəstəkləyib: “Bu İşçi Qrupunda həm Avropa Şurası, həm hökumət nümayəndələri, həm də yerli hüquq müdafiəçiləri təmsil olunub. Təəssüflər olsun ki, indi Avropa Şurası bu razılaşmanı pozdu. Özü də qrupu tərk etməklə bağlı irəli sürdükləri fikirlərdə tutarlı əsaslar yoxdur, bəhanələrin yer aldığı açıq şəkildə görünür. Xüsusilə, Azərbaycanda seçkilər öncəsi və ya mötəbər tədbirlər ərəfəsində bu kimi addımların atılması yalnız beynəlxalq ictimaiyyəti aldatmaq, və ölkəmiz haqqında mənfi imic yaratmaq məqsədi güdülür”.
A.Əsgərli deyib ki, Avropa Şurası olmadan belə bu İşçi Qrupunun fəaliyyəti davam edəcək: “Buranı tərk edən də, itirən də Avropa Şurası olacaq”.
BƏXTİYAR