Bəstəkarlar İttifaqının idarə heyətinin üzvü, tanınmış bəstəkar Rauf Əliyevlə söhbətimiz iri həmcli əsərlər yazan bəstəkarların cəmiyyətdə mövqeyi, durumu ilə bağlı oldu. Bu mənada, özünü şanslı hiss edən bəstəkar uğura gedən yolun sirlərindən danışdı.
- Rauf bəy, hər zaman tələb olunan bəstəkarsınız. Bunun sirri nədir?
- 1975-ci ildə Konservatoriyanın bəstəkarlıq fakültəsini bitirmişəm. Həmin ildən "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru işləyirəm. Orada işlədiyimə görə kinostudiyada istehsal olunan filmlərə musiqilər yazmışam. İndiyə qədər müxtəlif janrlarda 50-yə qədər sənədli, bədii filmlərə musiqi bəstələmişəm. Bu böyük xoşbəxtlikdir ki, bəstəkarın yazdığı musiqi çox tez bir müddətdə ifa olunur. Bu xoşbəxtlik mənə qismət olub. Kinofilmlərə yazdığım musiqilər lentə yazılıb. Ondan başqa simfoniya, konsert, simfonik orkest üçün yazdığım əsərlərin hamısı da dəfələrlə ifa olunub. Yalnız Azərbaycanda deyil, əcnəbi ölkələrdə də musiqilərim səslənir. Məsələn, 2009-cü ildən başlayaraq mütəmadi olaraq Kiyevdə keçirilən beynəlxalq musiqi festivallarında simfonik orkest, akapella, simli kvartet üçün yazılan əsərlərim ifa olunub. 2013-cü ildən Qazaxıstanda, Qırğızıstanda keçirilən beynəlxalq musiqi festivallarında əsərlərim səslənib.
- Əsərlərinizdən qonorar əldə edirsiniz?
- Bəli, 75-ci ildən bu vaxta qədər bütün əsərlərim bizim Mədəniyyət və Turizm Nazirliyi tərəfindən alınıb. Başqalarını deyə bilmərəm, amma mənim bəxtim bu baxımdan gətirib. Ondan başqa, Mədəniyyət və Turizm Nazirliyi hər il mənə müxtəlif əsərlərin orkestrləşməsini tapşırır. Bu, bəstəkar üçün işdir, həm də siz deyən kimi, gəlirdir. Bununla yanaşı, filmlərə musiqi yazıram ki, bu da qazancdır.
- Sonuncu dəfə hansı filmlərə musiqi yazmısınız?
- "Çölçü", "Biz qayıdacağıq" və başqaları. Ola bilər ki, indi adlarını unutmuşam.
- Hər il Mədəniyyət və Turizm Nazirliyi bəstəkarlardan musiqi almaq üçün müsabiqə elan edir. Amma son illər bəstəkarlar arasında bəziləri var idi ki, onlar əsərlərinin nazirlik tərəfindən alınmamasından ciddi narazılıq edirdilər. Siz hər il həmin müsabiqəyə əsər təqdim edirsiniz?
- Bəli, hər il o müsabiqədə iştirak edirəm. Hər il də əsərlərim alınır. Mədəniyyət və Turizm Nazirliyində belə bir qayda var: onlar ancaq ifa olunan əsərləri alırlar. Mənim də əsərlərim ifa olunub. Dövlət Xor Kapellası ilə çox gözəl münasibətim var. Nə əsər yazıramsa, ifa edirlər.
- Belə çıxır ölkəmizdə hətta iri həmcli əsərlər yazmaq da gəlirli ola bilir. Çünki indiyə qədər bunun tam əksi bilinirdi.
- Mənə əsər yazmaq üçün sifariş veriləndə yazıram. Qonorar da alıram. Müqaviləsiz heç bir əsəri yazmıram. Bəlkə də bu kinostudiyanın qaydasıdır ki, mənim bütün işlərimə təsir edir. O baxımdan müqaviləsiz işləmirəm. 40 ilə yaxındır ki, kinostudiyada işləyirəm. İldə bir film olanda bu bəstəkar üçün çox yaxşı nəticədir.
- Bəs niyə həmkarlarınız şikayətçidirlər?
- Birinci gərək əsər ifa olunsun. Çünki ifa olunmayan əsər alınmır. Doğrudur, əsərlərin ifa olunması çox çətindir. Son illər Bəstəkarlar İttifaqı pleniumlar keçirir, elə bir cavan bəstəkar yoxdur ki, orada onun əsəri ifa olunmasın. Bu, necə baş verir? Bəstəkar İttifaqının idarə heyətinə əsər təqdim olunur, İttifaqın fəaliyyəti nəticəsində bütün bəstəkarların kamera əsərləri ifa edilir. Simfonik əsərin ifa olunması bir az çətindir. Ona görə bu vaxtaşırı baş verir. Amma kamera əsərləri ifa olunur. Bu da İttifaqın ardıcıl fəaliyyəti nəticəsindən baş verib. Və onu da deyim ki, bu elə də asan, rahat başa gələn iş deyildi. Hamısı İttifaqın sədri Firəngiz Əlizadənin gərgin əməyinin sayəsində ərsəyə gəlib. O, çox enerjili, təşkilatçılığı hər zaman yüksəkdə tutan bir insandır. Onun da əsas məqsədi əsərlərin ifa olunmasıdır. Gənc bəstəkarlardan kimsə deyə bilməz ki, əsər təqdim etmişəm, ifa olunmayıb.
- Bir qayda olaraq nazirliyə əsərinizi Bəstəkarlar İttifaqının xətti ilə təqdim edirsiniz. Bəstəkar olaraq necə, şəxsən özünüz təqdim edə bilərsiniz?
- Elə olur ki, nazirlik təqdimatsız da əsər alır. Bu da özləri hansısa bəstəkara sifariş verəndə baş verir. Təqdimat isə siyahı ilə olur.
- Bəstəkarların iri səviyyəli musiqilər yazmasına niyə az rast gəlinir?
- Ciddi musiqilərin efirlərdə təbliğatı azalıb. Amma unutmaq lazım deyil ki, bütün janrları arxasınca aparan böyük janrlardır. Yaxşı mahnıların olması üçün yüksək səviyyəli simfoniyaların olması şərtdir. Bizdə isə belə deyil.
- Amma bəstəkarlar etiraf edirlər ki, bu, birbaşa maliyyə və tələbatla əlaqədardır. Onlar iddia edirlər ki, tələbat olmadığı üçün yazdıqları əsərlər də ifa olunmur.
- Bunu belə demək düz deyil. Əgər simfonik əsər partiturasını aparıb dirijorlara təqdim edirlərsə, gec-tez ifa olunacaq. Sadəcə partuturaları bəstəkar təqdim etməlidir.
- Bəs indi yazılan mahnıların səviyyəsindən razısınız?
- Gözəl mahnılar var, amma sayı çox azdır. Bu da dövrlə əlaqədardır. Amma mən nikbin adamam. Şikayət etmirəm, məncə, insan özü öz işinə qiymət verməlidir.
Nərmin