“Mətbuat bu məsələləri bir qədər şişirdir. Düzdür, Ankarada baş verən terror hadisələri zamanı 96 nəfər öldürülüb, çoxlu sayda yaralılar var. Amma bu, bir şəhərdə baş verən hadisədir. Əgər, həmin gün on şəhərdə terror baş versəydi, biz iddia edərdik ki, məqsəd seçkilərdir. İnanmıram ki, Türkiyə bundan sarsılsın, seçkilərin keçirilməsində müəyyən çətinliklər yaransın. Hər şey qaydasında gedəcək, Türkiyə siyasi qüvvələri birlik nümayiş etdirəcək və seçkilərdən sonra hökumət qurulacaq”.
Bunu qəzetimizə müsahibəsində tarixçi-alim Rafiq İsmayıl bildirib. Müsahibəni təqdim edirik:
- Türkiyədəki son terror aktı hansı məqsədlə törədilib?
- Türkiyə cəmiyyəti təhlükəsizliyi ciddi qorunan paytaxtda terrorun baş verməsini şok vəziyyətində qarşıladı. Ölkənin müxtəlif yerlərində bundan istifadə edərək müəyyən hadisələrin törədilməsinə də cəhdlər oldu. Təbii ki, Türkiyənin dörd bir yanında bu hadisəni törədənlər lənətlənir, etiraz aksiyaları təşkil edilir. Başqa sözlə, xalqın terrorçulara və terror hadisələrinə nifrəti elan olunur. Türkiyənin indiki müvəqqəti hökuməti təhlükəsizliyi təmin etmək və bu halların qarşısını almaq üçün siyasi qüvvələrin konsolidasiyasına çalışır. Baş nazir Davudoğlu Cümhuriyyət Xalq Partiyasının sədri Qılıncdaroğlu ilə müzakirə aparıb, sonuncu dövlət televiziyasında çıxış edib, xalqa müraciət edib. Düzdür, MHP başqanı belə görüşdən yayınır, HDP sədri isə faktiki olaraq bu durumda situasiyanı bir qədər də qızışdırır. Ancaq faktiki olaraq, hökumət siyasi qüvvələrin bir mövqedən çıxış etməsinə çalışır. Siyasi elitanın təşəbbüsü, fəaliyyəti və iradəsi var. Şübhəsiz ki, terror lənətlənməli, bütün siyasi qüvvələr tərəfindən pislənilməlidir. Əminəm ki, qardaş Türkiyə xalqı bu məsələdə bütövlük nümayiş etdirəcək.
- Ankarada baş verən terror aktı cümhuriyyət tarixinin ən dəhşətli terror aktı hesab olunur. Bunu edənlərin məqsədi nədir?
- Cənab Ərdoğanın başçılıq etdiyi siyasi elita PKK və ya narazı kürdlərlə danışıqlar prosesinə getdilər, müəyyən layihələr irəli sürdülər, bunu gerçəkləşdirdilər. Amma nəticə etibarı ilə hakimiyyətin bu sahədəki fəaliyyəti genişlənmədi və lazımi səviyyədə uğur qazanmadı, rəğbətlə qarşılanmadı. Ona görə də, PKK və onun tərəfdarları bu təşəbbüslərin uğursuz olmasına görə, hökuməti günahlandırdılar. Bundan sonra əvvəl dağların ətəklərində, kürd toplumunun çox olduğu ərazilərə, sonra hərbçilərin çox olduğu yerlərə, polis məntəqələrinə, gözətçi məntəqələrə hücumlar təşkil olundu. Hazırda isə məktəblərdə, xəstəxanalarda, dinc mitinqlərin keçirildiyi məkanlarda terror təşkil edirlər. Məqsəd ölkəni xaos halına gətirməkdir.
- Sizcə, bu aksiyanı kim törədib: PKK, İŞİD, yoxsa daxildə hansısa maraqlı qüvvə?
- Bu saat bəzi terror aktları var ki, onun kim tərəfindən həyata keçirildiyi bilinmir. Məsələn, bir çox terror aktlarının məhz PKK tərəfindən törədildiyi sübuta yetirilir və aydındır ki, bu kimi hadisələrin arxasında da siyasi elitadan narazı qüvvələr dayanır. İndilikdə Ankarada baş verən terror hadisəsi isə tamamilə yeni təzahürdür. Bunun kim tərəfindən törədilməsi, konkret ünvanın göstərilməsi çətindir. Amma hakimiyyət təmsilçiləri hesab edir ki, Ankarada canlı terrorçu özünü partladıb və onun təşkilatçısı İŞİD rəhbərliyi olub.
- Bəs, onda İŞİD nəyə görə Türkiyəni hədəfə alır?
- Demirəm ki, bu terroru İŞİD edib. Belə bir informasiyam yoxdur. Lakin Türkiyənin siyasi elitası, konkret olaraq baş nazir Əhməd Davudoğlu İŞİD-i günahlandırır, hesab edir ki, bu akt İŞİD tərəfindən törədilə bilər. Lakin bütün hallarda təhqiqat aparılır və yaxın günlərdə bu terror hadisəsinin kim tərəfindən törədildiyi məlum olacaq.
- Hazırda Türkiyə-İŞİD münasibətləri necədir, çoxları iddia edirdi ki, Ankara İŞİD-ə hansısa formada dəstək verir...
- Türkiyə-İŞİD münasibətləri deyəndə bəzi şəxslər və ölkələr bundan konyunktura məqsədilə istifadə edirlər. Yəni, qərəzlə deyirlər. Əgər terror aktları varsa, insanların qanı tökülürsə, başlar kəsilirsə, uşaqlar məhv edilirsə, Türkiyə bunu necə müdafiə edə bilər? Əslində, Türkiyə rəsmi və qeyri-rəsmi olaraq bu halları pisləyib. Odur ki, Türkiyənin İŞİD-ə yaxşı münasibət bəsləməsi fikri kökündən səhvdir. O ayrı məsələdir ki, İŞİD Türkiyənin əleyhdarlarına, konkret olaraq PKK-nın güclü olduğu yerlərə basqınlar edir. Amma bununla bərabər İŞİD qüvvələri türkmənlərin yaşadığı bölgələrdə də soyqırımlar törədir. Bu halda İŞİD-lə Türkiyənin yaxşı münasibətlərinin olmasını söyləmək siyasi qərəz və məqsəd güdür, oyunlara xidmət edir.
- Hadisənin seçki ərəfəsində törədilməsi təsadüfdürmü?
- Mətbuat bu məsələləri bir qədər şişirdir. Düzdür, Ankarada baş verən terror hadisələri zamanı 96 nəfər öldürülüb, çoxlu sayda yaralılar var. Amma bu, bir şəhərdə baş verən hadisədir. Əgər, həmin gün on şəhərdə terror baş versəydi, biz iddia edərdik ki, məqsəd seçkilərdir. İnanmıram ki, Türkiyə bundan sarsılsın, seçkilərin keçirilməsində müəyyən çətinliklər yaransın. Hər şey qaydasında gedəcək, Türkiyə siyasi qüvvələri birlik nümayiş etdirəcək və seçkilərdən sonra hökumət qurulacaq.
- Türkiyənin özündə belə versiyalar irəli sürülür ki, bu kimi terror hadisələri AKP-nin nüfuzuna zərbə vurur, HDP-nin mövqeyini isə gücləndirir. Hazırda HDP ilə hökumət arasında qarşıdurma da müşahidə olunur. Siz bu durumu necə qiymətləndirirsiniz?
- Türkiyə demokratik bir ölkədir. Burada tədbirlərin həyata keçirilməsi qanun və konstitusiyaya əsaslanır. Ümid edirəm ki, hər şey normal başa çatacaq.
- Konkret nəyi nəzərdə tutursunuz?
- Yəni, seçkilər keçiriləcək, partiyalar səslərini toplayacaq və buna uyğun olaraq parlamentdə yerlərini tutacaq. Ən çox səs toplayan partiya hökuməti təşkil edəcək. Parlamentdə təmsil olunacaq iki partiya hökumət qura biləcək.
- Seçkilər və onun nəticəsi sizcə necə olacaq, tək partiyalı hökumət qurmaq imkanı yaranacaqmı?
- İndiki şərtlər daxilində tək partiyalı hökumətin qurulmasından söhbət gedə bilməz. Başqa sözlə, nə Cümhuriyyət Xalq Partiyası, nə də Ədalət və İnkişaf Partiyası 50 faizdən çox səs toplaya biləcək. Əksinə, səslər 50 faizdən az olacaq.
- Deməli, Türkiyə yenidən koalisiya hökuməti qurmalı olacaq. Sizcə, bu davamlı hökumətlərdən imtina və ya problemlərin bir qədər də çoxalmasını şərtləndirməyəcək ki?
- Türkiyə Ədalət və İnkişaf Partiyasına qədər daima koalisiya hökumətləri tərəfindən idarə olunub. Tək partiyalı hakimiyyət uzun müddət olmayıb. Atatürkdən sonra Cümhuriyyət Xalq Partiyasının tək hakimiyyətinə son qoyulub. Daha sonra nadir hallarda bir partiya seçkilərdə maksimum səs toplayaraq tək hökumət qurub. Sözümün mənası odur ki, Türkiyə uzun illər koalisiya hökumətləri tərəfindən idarə edilib. Əslində isə Türkiyə tipli ölkələrdə dövlətin və millətin xeyrinə ən yaxşı yol koalisiya hökumətidir. Nəzərə alın ki, koalisiya hökumətlərində iqtidarı quran partiyalar faktiki olaraq bir-birinə nəzarət etmiş olur. Eyni zamanda qarşılıqlı razılıq əsasında işlər görülür, qərarlar qəbul edilir. Təcrübə göstərir ki, bu cür hökumətlər Türkiyənin maraqları və çıxarları baxımından daha sərfəlidir. Bunun üçün koalisiya hökumətlərinin qurulduğu dövrə də baxmaq olar. Odur ki, müşahidəmə görə, seçkilərdən sonra koalisiya hökuməti qurulacaq. Mümkündür ki, bu hökumət AKP və CHP tərəfindən qurulsun.
- Hazırda Türkiyə-Rusiya münasibətlərində gərginlik hökm sürür. Bu məqamı necə qiymətləndirə bilərsiniz?
- Rusiya-Türkiyə münasibətləri pisləşməyib, sadəcə müəyyən narazılıq yaranıb. Buna da Türkiyə deyil, Rusiya təqsirkardır. Çünki Rusiya təyyarələri Türkiyənin hava məkanını pozub. Türkiyənin əleyhinə olan qüvvələrə hansısa formada dəstək verilir, Suriyanın gələcəyinin müəyyənləşməsində Bəşər Əsədin əsas rol oynayacağını bəyan edilir. Rusiyanın bu hərəkətləri və mövqeləri Türkiyənin maraqlarına uyğun gəlmir. Odur ki, narazılıq mövcuddur. Amma prinsip etibarı ilə Rusiya Türkiyədən kifayət qədər asılı durumdadır. Elə Türkiyə də Rusiyadan müəyyən qədər asılıdır. Odur ki, iqtisadi zəmində bu iki ölkənin bir-birilə asılı olduğu dövrdə münasibətlərin gərginləşməsi tərəflərin maraqlarına uyğun deyil. Odur ki, biz münasibətlərin tam olaraq pozulacağını deyə bilmərik. Nəzərə alın ki, bu iki ölkə arasında ciddi iqtisadi əlaqələr mövcuddur.
- Hazırda Suriya dünyanı bir-birinə qatıb. Suriya ilə bağlı proqnozlarınız nədir?
- Bəşər Əsəd aləmi elə qarışdırıb ki, gələcəyin aydınlaşması üçün müəyyən qədər vaxt lazım olacaq. Çünki Suriya parçalana da, vahid hakimiyyət, demokratik rejimin təməli də qoyula, ölkədə vətəndaş müharibəsi davam edə də bilər. İndiki halda Suriyanın taleyinin yaxın dövr üçün necə olacağına dair proqnoz səsləndirmək qeyri-ciddi olardı.
- İndi Suriya məsələsində Vaşinqton-Moskva qarşıdurması müşahidə olunur. Hər iki ölkə İŞİD-i vurur, amma həm də bir-birinə qarşı bəyanatlar verir...
- Nəzərə almaq lazımdır ki, Qərbin sanksiyaları Rusiya üçün həmişə təsirli olur. Ona görə də, Rusiya iqtisadi çöküşə getməyə razı ola bilməz. İndidən Qərblə birgə hərəkət etməyə dair söhbətlər gedir, informasiyalar yayılır. Bu da, deməyə imkan verir ki, Rusiya-Qərb münasibətləri tam olmasa da, müəyyən qədər yaxşılaşacaq. Bunu artıq indiki şərtlər tələb edir. Ancaq aydındır ki, Qərb Rusiyaya qarşı sanksiyalardan da imtina etməyəcək.
Nemət