15 Oktyabr 2015 11:40
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kondaliza Rays və digər sabiq yüksək çinli məmurlar məqalələrlə çıxış edirlər. Qeyd edirlər ki, Suriya probleminin necə həll edilməsindən asılı olmayaraq Rusiyanın maraqları nəzərə alınmalıdır. Yəni, bölgədə Rusiyanın hərbi bazası qalmalıdır. Rusiyanı da qıcıqlandıran Suriyadakı bazası ilə bağlı yanaşmadır. Nəzərə alın ki, bu bölgədə olan Rusiya donanması məhz Suriyadakı baza vasitəsilə yanacaq alırlar. İndi sən Suriyada Rusiyanın hərbi bazasını bağlayırsansa, deməli, faktiki olaraq Rusiya donanmasını əsir saxlayırsan. ABŞ bunu bilərəkdən edir”.

Bunu qəzetimizə müsahibəsində politoloq Rasim Ağayev bildirib. Müsahibəni təqdim edirik:

- Rasim müəllim, son zamanlar Rusiya-Türkiyə münasibətlərində kəskinlik müşahidə edilir. Bunu necə şərh edirsiniz?
- Hesab etmirəm ki, bu iki dövlət arasında hansısa problemlər mövcuddur. Rusiya Türkiyə üçün böyük və əvəzedilməz bir bazardır. Son 20-25 ildə Türkiyənin inkişafında bu bazar mühüm rol oynayıb. Çünki Türkiyə istehsalı olan mallar Avropa bazarında o qədər də populyar deyil. Ancaq Rusiya və MDB ölkələrində bu mallar populyardır. Başqa sözlə, Türkiyə bundan milyardlarla qazanc götürür. Yəni, ticarət baxımdan ciddi bağlılıq var. İkincisi, Rusiya da bu münasibətlərdən yararlanmaq, qazanc əldə etmək niyyəti güdür. Yəni, bu, birtərəfli münasibət deyil. Türkiyə də Rusiya üçün mühüm bir ölkədir. Bu mənada hesab etmirəm ki, münasibətlərdə hansısa problemlər yarana, tərəflər əməkdaşlıqdan imtina edə bilər. İndiki münasibətlər, xüsusilə, Ərdoğanın sərt anti-rus ritorikada danışması daha çox bu ölkədə keçiriləcək parlament seçkiləri ilə bağlıdır. Hazırda heç bir tərəf problemləri şişirtməkdə maraqlı deyil. Ərdoğanın bəyanatları ancaq seçkiyə hesablanıb. Çünki Türkiyədə anti-rus meyilləri də mövcuddur. Ərdoğan da istəməzdi ki, belə vaxtda ABŞ tərəfindən dəstəyini itirsin.

- Demək istəyirsiniz ki, Rusiya-Türkiyə münasibətlərində narazılıq yoxdur?
- Ortaya çıxan narazılıqlar var, amma nəzərə almaq lazımdır ki, bu, texniki narazılıqdır. Siyasi narazılıq yoxdur. Rusiya təyyarələri Türkiyə hava məkanını pozub. Lakin bu, düşünülmüş bir ssenari olmayıb. Buna görə Rusiya Türkiyəyə üzrxahlıq da edib.

- Suriya məsələsi bu iki ölkə arasında problem deyilmi?
- Suriya məsələsində Rusiya ABŞ-ı çıxılmaz duruma salıb. SSRİ zamanı Misir, Suriya, İraq, Liviya ilə hərbi əməkdaşlıq geniş idi. Ancaq həmin vaxt SSRİ özünü cəsarətli aparmır, harasa tank yeritmir, bombardman etmirdi. İndi Suriya məsələsində problem var, Türkiyənin mövqeyi də bir qədər fərqlidir. Həm də Türkiyə NATO-nun üzvüdür, ABŞ-ın müttəfiqidir. Bəyəm, siz inanırsınız ki, Rusiya qəsdlə Türkiyə hava məkanını pozub? Heç 100 metr də pozmayıb və buna görə üzrxahlıq da edib. İndilikdə isə Türkiyə üçün ciddi məsələ kürd məsələsidir. Daha dəqiq desək, bu regionda ara qarışıb, məzhəb itib. Belə bir durumda hər kəs öz problemini həll etməyə çalışır. Nəticədə mövqelər toqquşur. Türkiyə NATO üzvü olaraq qalır. Bütün NATO üzvləri bu saat öz həmrəylini və müttəfiqliyini göstərir. Ancaq NATO üzvü olan Türkiyə bir kənarda durub və faktiki Rusiya ilə isti münasibətlərdədir. Təbii ki, kiçik problem olanda NATO ölkələri dərhal canfəşanlıq edəcək.

- Rusiyanın gözlənilmədən Suriya məsələsinə müdaxilə etməsi nəyə hesablanıb?
- Əslində, bunu gözlənilməz hal saymaq olmaz. Kondaliza Rays və digər sabiq yüksək çinli məmurlar məqalələrlə çıxış edirlər. Qeyd edirlər ki, Suriya probleminin necə həll edilməsindən asılı olmayaraq Rusiyanın maraqları nəzərə alınmalıdır. Yəni, bölgədə Rusiyanın hərbi bazası qalmalıdır. Rusiyanı da qıcıqlandıran Suriyadakı bazası ilə bağlı yanaşmadır. Nəzərə alın ki, bu bölgədə olan Rusiya donanması məhz Suriyadakı baza vasitəsilə yanacaq alırlar. İndi sən Suriyada Rusiyanın hərbi bazasını bağlayırsansa, deməli, faktiki olaraq Rusiya donanmasını əsir saxlayırsan. ABŞ bunu bilərəkdən edir. Əslində, Bəşər Əsədin evini yıxan onun İranla birgə planları idi. Həmin plana görə Avropaya yeni neft və qaz boruları çəkilməli idi. Rusiya da bu prosesə qoşulsaydı, ABŞ-ın Yaxın Şərq proyekti sual altında qalacaqdı. ABŞ-ın məqsədi Yaxın Şərqi tam nəzarətə alıb dünyaya ağalıq etməkdir. Bu zaman Avropa da, Çin də, Rusiya da yerində oturacaqdı. Lakin ABŞ Əsədin qeyd etdiyim planını pozdu, Suriya indiki duruma salındı. İndi də Suriya məsələsini nə həll edə bilirlər, nə də indiki kimi dayandıra bilirlər.

- Bəs, Rusiya-Avropa, Rusiya-ABŞ münasibətlərinin indiki durumu nədən ibarətdir?
- Əslində, Avropa istəyir ki, bu məsələ tezliklə həll edilsin. Çünki bütün bu tarixi proseslərdə II Dünya müharibəsindən bu yana Amerikanın bir üstünlüyü olub. Bu da ondan ibarətdir ki, ABŞ şəhərlərinə bomba düşmür. II Dünya müharibəsində ABŞ gördü ki, Avropa əldən gedir, dərhal ikinci cəbhəni açdı, Avropaya ordu göndərdi. ABŞ-ın bu üstünlüyü indiyə qədər qalıb. Özü oturub okeanın o tayında, bu tərəfdə də müharibə gedir, insanlar qırılır, dövlətlər dağılır. Bunun Avropaya da ciddi və həm də mənfi təsiri olur. İndi Rusiya Suriya məsələsində nümayiş etdirir ki, ABŞ okeanın o tayında əyləşib düşünməsin ki, dünyada istədiyini edə bilər. Əksinə, günün birində raket Vaşinqtona da düşə bilər. Baxın, Rusiya gəmilərinin açdığı raket atəşləri Suriyadan 5 metr kənarda terrorçuların düşərgələrinə düşdü. Bütün bunları Avropa görür və düşünür ki, bizim nəyimizə lazımdır, öz yerimizdə rahat əyləşmişdik. ABŞ-ın özündə də Obama siyasətindən narazılıq var. Məsələn, ABŞ-ın keçmiş müdafiə naziri və digərləri açıq qeyd edirlər ki, Obama uduzdu. İndi Obamanın siması Əbülfəz Elçibəyin hakimiyyətinin son günlərindəki simasına oxşayır. Hamı üçün problem yaranıb. Biz də diplomatlarla görüşürük, dünya mediasını oxuyuruq. Hər kəs bu məsələdən tezliklə yol tapıb çıxmağın vacibliyini qeyd edir. Çıxış yolu da odur ki, hər kəsin maraqları təmin olunmalı, tərəflər kompramisə gəlməlidir.

- Ancaq görünən budur ki, tərəflər bir-birinə əks mövqe tuturlar, ABŞ Suriya müxalifətinə dəstək verəcəyini elan edib...
- Bəli. ABŞ elan edir ki, Rusiya Suriyaya raket göndərir, biz də müxalifətə silah göndərəcəyik. Söhbət hansı müxalifətdən gedir? Normalda Avropa, Amerika, Rusiya, Suriya hökuməti də oturub məsələni müzakirə etsinlər. Müxalifət bu müzakirədə iştirak edə bilməz. Xatırlayıram, o zamanlar bizdə də bir məsələ müzakirə ediləndə deyirdilər ki, müxalifəti də dəvət edin. Axı müxalifət kimdir ki, dövlət işlərində iştirak etsin? Müxalifət fəaliyyətini gücləndirsin, yazsın-pozsun və seçkilərdə qalib gəlsin. Suriyada isə müxalifət əlini silaha atıb və hərbi müxalifətə çevrilib. Suriyanın legitim hakimiyyətinə qarşı çıxan sivil müxalifət yoxdur. Orada bir terrorçu birləşmə ortaya çıxıb və adını da qoyub İraq Şam İslam Dövləti. Bunun nə ərazisi, nə dövlət strukturu var, nə də beynəlxalq qurumlar tərəfindən tanınır. Bu müxalifətlə necə müzakirə apara bilərsən? İndi də qərar verirsən ki, bu qüvvəyə silah verəsən. Adını da qoyursan Suriyanın hərbi müxalifətinə dəstək vermək. Demək, sən terrorçulara dəstək verirsən. Bunu necə izah etmək olar? Görünən budur ki, Yaxın Şərqdə suyu bulandırıb indi də balıq tutmaq istəyirlər. Bəli, mən Rusiyanın ünvanına deyilən tənqidlərlə razıyam. Amma Suriya məsələsində Rusiya klassik Avropa ölkəsi kimi hərəkət edir. Suriyanın legitim hakimiyyətinə kömək edir. ABŞı Suriyaya dəvət edən yoxdur, amma durub hərbi müxalifətə silah verir. Üstəlik də, bu müxalifət ABŞ-ın bombardman etdiyi İŞİD-lə müttəfiqdir. Burada söhbət ideoloji məqamdan, Rusiyada demokratiyanın olub-olmamasından getmir. ABŞ kiməsə ad qoyur, deyir ki, diktatorsan və sonra da başlayır oranı bombalamağa. Onda belə çıxır ki, sabah bizimlə ABŞ arasında münasibətlər pisləşsə, sabah bizə istədiyi adı qoyub buranı bombalayacaq ki, Azərbaycanın apardığı siyasət xoşumuza gəlmir? Ümumiyyətlə, indiki ABŞ siyasəti heç bir çərçivəyə sığmır. Bunu ABŞ siyasətçiləri də məqalələrində qeyd edirlər. Bunların məntiqinə görə, burada İsgəndər Həmidov kimi birisi ortaya çıxacaq, sən də ona müxalifət deyib əlinə silah verəcəksən? Bu, qəbuledilməz siyasətdir. Hər bir xalqın özünün daxili problemi var və bu da həmin xalqın daxili işidir.

- Hazırda Suriya müxalifəti deyəndə konkret hansı qüvvə nəzərdə tutulur?
- Bu saat Suriyada ondan çox qrup var. Bunlar bir yandan nizamnamə yazır, bir tərəfdən də silah alırlar. Birinin pulu Səudiyyədən, digərinin pulu Qətərdən, üçüncüsünün maliyyəsi ABŞ-dan gəlir və s. Onları müxalifət adlandırmaq olar? Azad Suriya Müxalifəti deyilən qurum isə silahlı birləşmədir. Onlar Əsəddən inciyən şəxslərdir. Mənim nə Bəşər Əsəd, nə də Hafiz Əsəd üçün ürəyim getmir. Hafiz Əsəd dönəmində mən də Suriyada işləmişəm. Bəli, min hoqqadan çıxırdı, qəddar, özünə arxalanan bir hərbçi idi. Ancaq bu başqa məsələdir. Bu saat Afrikada onlarla belə hökumətlər var. Əslində, Amerikanın davası bu iqtidarlarla deyil. Onların məqsədi Yaxın Şərqi ələ keçirmək, dünyanın enerji resurslarına sahib olmaq və ağalıq etməkdir.

Nemət Hüseynli


Müəllif: