15 Oktyabr 2015 16:25
1 359
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şübhəsiz ki, döyülənlər, qaçqınlar Türkiyəyə sığınmalıdırlar. Hazırda Türkiyədə milyondan çox qaçqın var. İkincisi, Türkiyənin ən böyük səhvi Suriya və İraqda yaşayan milyonlarla türkmənlə maraqlanmamasıdır. Türkiyə bu topluma yardım etmək əvəzinə Hizbullaha, Fələstinə yardım edir. Lakin bilmir ki, Fələstin Dağlıq Qarabağ məsələsində Ermənistanın, Suriya məsələsində Bəşər Əsədin yanındadır. Demək istəyirəm ki, Türkiyənin elə səhvləri var ki, indi bu səhvlər həm qardaş ölkənin başında, həm də içində partlayır”.

Bunu qəzetimizə müsahibəsində professor Firudin Cəlilov bildirib. Müsahibəni təqdim edirik:

- Firudin müəllim, Ankarada baş verən terror hadisəsi dünyanın diqqət mərkəzindədir. Siz durumu necə qiymətləndirirsiniz?
- Bu hadisə cümhuriyyət tarixində ən böyük terror aktından biridir. Yüzə yaxın insan həlak olub, çox sayda insan yaralanıb. Olay İŞİD, eləcə də, PKK ilə əlaqələndirilir. Şübhəsiz ki, bu akt məhz həmin qüvvələrin əli ilə gerçəkləşdirilib. Lakin bunun arxasında Orta Doğuda plan quran qüvvələr durur. Məqsəd Türkiyəni içindən zəiflətməkdir. Ötən müsahibəmdə dediyim kimi, Türkiyəni böyük bir oyuna cəlb ediblər. Türkiyənin bu oyundan birbaşa çıxmaq şansı da yoxdur. Sadəcə, Türkiyəni idarə edən siyasi qüvvənin buraxdığı səhvlərin nəticəsi olaraq bu mənzərə yaranıb. Osmanlı dönəmində ümmətçilik mümkün idi. Çünki o dövrdə indiki kimi super dövlətlər yox idi. Rusiya isə bir qədər uzaqda idi. Lakin indi Osmanlı adət-ənənəsi ilə ölkəni idarə etmək məntiqsizlikdir.

- Yəni, yeni Osmanlıçılıq siyasəti davam edir...
- O dövrdə Türkiyə islam dünyasının başında gedirdi, qəbul olunurdu. Həmin ovqatı indiki günə daşımaq səhvdir. Türkiyə kimi bir ölkəni indi ərəbləşdirmək mümkün deyil. Türkiyəni idarə edən siyasi qüvvənin əsas məqsədi o idi ki, məmləkəti ərəbləşdirsin. Hətta hakimiyyətin tərkibində olan nazirlər deyirdi ki, biz kökümüzə qayıtmalıyıq. Böyük bir islam nüfuzuna hakim olmaq, buna təsir etmək Türkiyənin imkanı xaricindədir. Nəzərə almaq lazımdır ki, hazırda güclü ərəb ölkələri var. Bu ölkələr dövlət kimi olmasa da, maliyyə baxımından ciddi mərkəzlərdir. Məsələn, Səudiyyə, Qətər kimi dövlətlər var. Həmçinin Misiri qeyd etmək olar. Türkiyə Misirə, Qətərə, Səudiyyə Ərəbistanına necə hakim ola bilər? Bunu gözləmək xəyal olardı. Bu xəyalın arxasınca getdikləri üçün ərəb ölkələri də Türkiyəni sevmir. Səni sevməyən, soykökü baxımından sənə bağlı olmayan toplumları niyə öz qanadının altına çəkmək iddiasını ortaya qoyursan? Məncə, buraxılan əsas səhv budur. Məhz bu səhvlərin nəticəsidir ki, indi qardaş ölkədə arzuedilməz oyunlar gedir, onu içəridən qarışdırmaq, zəiflətmək istəyirlər. Türkiyə yeganə müsəlman ölkəsidir ki, burada demokratik ənənələr var. Məncə, bu məqamları nəzərə almaq lazımdır. Hazırda Türkiyədə ciddi çaxnaşma var. Türkiyə hakim siyasi elitası islam dövləti haqqında maraqla danışırdı. Buyur, bu da sənə islam dövləti. Regionda İŞİD adı ilə islam dövləti qurulur. Əlbəttə, İŞİD vasitəsilə islam dövləti niyə qurulur, kimlərin əli ilə qurulur, məqsəd nədir suallarının cavabı bizə bəllidir. Ancaq bunlar ayrı məsələdir.

- Ancaq bölgədə də mürəkkəb geosiyasi proseslər gedir...
- Əlbəttə, Türkiyənin qonşuluğunda gedən bir coğrafiya davasını müşahidə edirik. Bu coğrafiya min illərdir bu şəkildə, müxtəlif dövlətlərin maraq dairəsində olub. Çünki bu coğrafiyada həm yanacaq resursları, həm də su rezervləri çoxdur. Gələcəkdə isə suyun neftdən daha önəmli faktor olacağı deyilir. Bunu da araşdıran ekoloqlar, mütəxəssislər var. Onlar bu regionun hədəfini bilirlər. İkincisi, bu coğrafiyada güclü dövlətlər öz nüfuz dairəsini yaratmaq istəyirlər. Burada Avropanın, Amerikanın, ərəb ölkələrinin özlərinin, İranın, Rusiyanın maraqları var. Sabah İŞİD deyilən qurum da burada özünü hökmran edə bilər. Baxın, indi bütün bu dövlətlərin bölgədəki maraqlarının əzabını Türkiyə çəkir.

- Niyə?
- Çünki bölgəyə ən yaxın ölkə Türkiyədir. Şübhəsiz ki, döyülənlər, qaçqınlar Türkiyəyə sığınmalıdırlar. Hazırda Türkiyədə milyondan çox qaçqın var. İkincisi, Türkiyənin ən böyük səhvi Suriya və İraqda yaşayan milyonlarla türkmənlə maraqlanmamasıdır. Türkiyə bu topluma yardım etmək əvəzinə Hizbullaha, Fələstinə yardım edir. Lakin bilmir ki, Fələstin Dağlıq Qarabağ məsələsində Ermənistanın, Suriya məsələsində Bəşər Əsədin yanındadır. Demək istəyirəm ki, Türkiyənin elə səhvləri var ki, indi bu səhvlər həm qardaş ölkənin başında, həm də içində partlayır. Başqa sözlə, son terror aktı adi məsələ deyil. Bu, Türkiyəyə gözdağı vermək, ölkəni içdən zəiflətmək, alovlandırmaq xəttidir. Məqsəd odur ki, Türkiyənin başı daxili problemlərinə qarışsın, qarşıdan gələn seçkilərdə uğursuzluq baş versin, ara yenidən qarışsın. Bir daha qeyd edirəm ki, Türkiyənin buraxdığı səhvlərin nəticəsi olaraq indi bomba partlayır. Burada bombanın canlı və ya paketdə olmasının fərqi yoxdur. Yəni, bu bombanı partladan bəlli olmaya bilər, həmin şəxs hansısa örgütün üzvü də ola bilər. Ancaq bu kimə sərf edir? Bunu analiz edəndə bəlli olur ki, olayı yaradanların arxasında böyük qüvvələr dayanır.

- ABŞ-ın Orta Doğu projesi haqqında çox danışılıb. Hazırda Yaxın Şərqdə baş verənləri bu projenin tərkib hissəsi hesab etmək mümkündürmü?
- Belə bir layihə var. Əslində, cənab Ərdoğan özü şəxsən qeyd etmişdi ki, bu projenin həmsədridir. Fikrimcə, ona inandırmışdılar ki, yumşaq şəkildə islam dövləti yaratmaq lazımdır, sizin də şansınız var ki, bütün bunlara rəhbərlik edəsiniz. Lakin bu layihənin arxasında nələrin durduğunu hesablaya bilmədilər. Əslində, yuxarıda dediyim fikirlərin də kökündə bu məqam durur. Türkiyəni aktiv oyunçu olaraq bu projeyə qoşdular. Amma məqsəd o deyildi ki, Türkiyəni qaldırsınlar, bütün ölkələrə örnək olsun, müsəlman dövlətləri tərəfindən sevilsin, xilafət kimi islam ölkələrinin tacı sayılsın. Məqsəd Türkiyəni zəiflətmək və regionda olan resurslara sahib çıxmaq idi. Bu projenin reallaşması üçün Tunisdə “Ərəb baharı” deyilən proseslər başlandı. Sonda Suriyaya dirəndi. Yəni, Türkiyənin sərhədinə. Bu, böyük bir oyundur. Sadəcə çalışıb bu oyun zamanı kənarda qalmaq lazım idi. Lakin Türkiyə kənarda qala bilmədi. Sənin Bəşər Əsədlə nə işin var? Düzdür, Əsəd rejimi demokratik quruluş deyil, bəyəm, digər ərəb ölkələrində demokratik quruluş mövcuddur? Başqa ölkənin iç işlərinə qarışmaq sənin öz başında partlaya bilər.

- İndi həssas məqamdır, Türkiyə parlament seçkilərinə gedir. Sizcə, seçkilərdən sonra sabit və hüzurlu bir Türkiyəni görəcəyikmi?
- Oyunların çoxu Türkiyənin başında oynanılır. Bu məqsədlərdən biri odur ki, Suriya bir neçə yerə parçalansın, orada Kürdüstan yaransın. Suriyada Kürdüstan yaranacaqsa, bu zaman sərhədin o tərəfində olan və kürdlərin yaşadığı Türkiyə ərazilərinə iddialar meydana çıxacaq. Beləcə, Kürdüstanla Türkiyə arasında 30-40 il davam edəcək münaqişə ocağı yaranacaq. İndi 40 ilə yaxındır ki, Türkiyə PKK ilə mübarizə aparır, Kürdüstan da yaransa, yaxın 40 ildə də bu qurumla mübarizə aparılacaq. Çünki onlar Türkiyəyə qarşı ərazi iddiaları irəli sürəcəklər. İndilikdə kiçik bir Kürdüstan var, böyük Kürdüstan yoxdur. Lakin bunun uğrunda mübarizə gedir. Baxın, Diyarbəkirdə, Şırnaqda PKK dağlardan enərək şəhərin içərisində müharibə aparır. Bu, pis anonsdur. Odur ki, Türkiyə siyasətini, özəlliklə xarici siyasətini təftiş etməli, səhvlərini düzəltməlidir. Əlbəttə, seçkilərdən sonra qurulacaq hökumətdən də çox şey asılıdır. Ancaq bir məqamı xüsusilə qeyd etmək istərdim. Türkiyənin başında olan qorxulu oyunların oyunçuları var. Məsələn, İran, Səudiyyə Ərəbistanı, İsrail bəllidir. Təbii ki, Avropa və ABŞ-ın öz marağı var, Rusiya da proseslərə müdaxilə edib. Rusiya aktiv olaraq oyuna qoşuldu. Amma Türkiyənin buraxdığı səhvləri Rusiya da buraxır. Cənab Putin risk edərək Suriyaya daxil oldu. Əlbəttə, burada məqsəd bu regionda oynanılan oyunları pozmaqdır. Hər halda bura müdaxilə Rusiyanın da ziyanına olacaq. Çünki burada super güclər ssenari cızıb. Zənn etmirəm ki, Rusiya bu oyunu poza bilsin. Əgər poza bilməyəcəksə, demək, bundan ziyan çəkən Rusiyanın özü olacaq. Bütün bunlarla yanaşı qeyd edim ki, böyük bir tarix, millətin keçdiyi tarixi proseslər var. Tarixi rakursdan baxdıqda Türkiyə sıradan bir ölkə deyil. Türkiyənin iç dinamikası var. Sən Türkiyəni boğarsan, amma birdən kəndiri yırtar və tələdən çıxıb özünü yaşadar. Bu daxili dinamikanı, tarixdən gələn gələnəyi heç kim məhv edə bilməz. Bu mənada Türkiyə qarşılaşdığı problemləri şübhəsiz ki, adlayacaq. Türkiyə bütün çətinliklərə dözəcək. Atatürkdən bu yana Türkiyəni zəiflətmək, parçalamaq istəyirlər, amma gücləri çatmır. Çünki Türkiyə xalqı güclüdür, torpağını, vətənini, bayrağını sevən bir xalqdır.


- Türkiyədə noyabrın 1-də təkrar parlament seçkiləri keçiriləcək. Seçkidən hansı nəticəni gözləyirsiniz?
- Hesab edirəm ki, Türkiyə xalqı seçkilərdə iradəsini ortaya qoyacaq. Müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, bu seçkilərdə siyasi qüvvələr yuxarı-aşağı ötən seçkilərdə aldığı səsi alacaqlar. Yəni, cüzi faiz dəyişiklikləri ola bilər. Son terror hadisələri ola bilsin ki, hakim partiyanın səslərinə təsir göstərsin, onun səs faizində azalma baş versin. Lakin 7 iyun seçkilərində partiyalar nə qədər səs almışdısa, bu nəticə yenidən təkrarlanacaq.

Nemət


Müəllif:

Oxşar xəbərlər