17 Oktyabr 2015 12:44
1 368
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz çox şey qazandıq. İlk olaraq dövlət müstəqilliyimizi qazandıq. Cəmiyyət olaraq dövlətçiliyin mahiyyətini anlamağa başladıq. Buna qədər bir qrup tədqiqatçı üç rəngli bayrağı bilirdisə və bayraq meydanda bir-iki dəfə qaldırılmışdısa, 18 oktyabrda bu, Azərbaycan dövlətinin bayrağı halına gəldi. Bundan əlavə, biz Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələni qazandıq. Eləcə də, iki əsrə yaxın Azərbaycan dövlətini və millətini düşünənlərin arzusu var idi. Bu arzular çin oldu, Sovet ordusu Azərbaycan ərazilərindən çıxarıldı. Sonra milli valyutamızı qazandıq, seçkilər keçirildi”.

Bunu qəzetimizə müsahibəsində Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bildirib. Müsahibəni təqdim edirik.

- Azərbaycanın Müstəqillik Aktının qəbul edildiyi 18 Oktyabrın növbəti ildönümünü yaşayırıq. 1991-ci ilin 18 oktyabr gününü necə xatırlayırsınız?
- Əslində, Müstəqillik Aktının qəbulu 1980-cı illərin sonunda başlanan milli azadlıq hərəkatının məntiqi nəticəsi idi. Bəzən fərqli mövqelər də səsləndirilir. Qeyd edilir ki, məsələn, Türkmənistan da müstəqil oldu, amma orada hər hansı bir hadisə baş vermədi və s. Əslində isə bütün bunlar Pribaltika ölkələrində, Azərbaycan və Gürcüstanda başlanan azadlıq hərəkatının, Sovet hökumətinin həyata keçirdiyi qırğınların nəticəsi olaraq ortaya çıxan mənzərə idi. Lakin Azərbaycanda 18 oktyabr 1991-ci ildən əvvəl isə tamam başqa bir dəhşətli hadisə baş vermişdi. Yəni mart ayında Azərbaycan Ali Soveti SSRİ-nin saxlanılması haqqında referendum keçirməklə bağlı qərarını vermişdi. Lakin buna baxmayaraq milli demokratik qüvvələrin, əslində isə milli azadlıq hərəkatının və Ali Sovetdəki 40-a yaxın deputatın səyi hesabına 18 oktyabr tarixi yarandı. Baxmayaraq ki, 6 ay əvvəl həmin parlament SSRİ-ni saxlamaq istəyirdi. Lakin 18 oktyabrda müstəqilliyin elan olunması məntiqi və uzun illərin mübarizəsinin nəticəsi idi. Bunda milli azadlıq hərəkatının və onun təşkilatı olan Azərbaycan Xalq Cəbhəsinin müstəsna rolu var idi. Əlbəttə, həmin dövrdə parlamentə daxil olan Demokratik Blokun da fəaliyyəti qeyd olunmalıdır. Təbii ki, kommunist blokunda olan tanınmış və xalqını düşünən insanlar var idi. Düzdür, onların sayı az idi, lakin var idi. Onlarla birlikdə cəmi 46 nəfər idik. Mən martda SSRİ-nin saxlanılmasına dair referendumun əleyhinə çıxan deputatları nəzərdə tuturam. İstiqlalçı millət vəkilləri də onlar hesab olunur. Lakin oktyabrın 18-də hamı artıq müstəqillik və konstitusiya aktına səs verdi. Həmin gün əhvali-ruhiyyə çox yüksək idi. Nəyin necə olmasından asılı olmayaraq bayram əhvalı mövcud idi. Dava-dalaş da vardı, lakin 18 oktyabrda Müstəqillik Aktı qəbul olundu.

- Sizin həmin gün Ali Sovetə gəlməmək ehtimalınız var idimi?
- Yox, həmin gün hamıda böyük həvəs var idi. Təsəvvür edin ki, 18 oktyabrda Müstəqillik və Konstitusiya aktı qəbul edildikdən sonra Azərbaycanın üç rəngli bayrağını bu işə aidiyyəti olmayan şəxs zala gətirdi. Amma nə fərqi var, əsas o idi ki, bayraq zala gətirildi. Yüksək ab-hava mövcud idi. Bəzən bəzi məqamları unudur və ya qarışdırırlar. Məsələn, 18 oktyabrda olan əhvali-ruhiyyə ilə 15 mayda olan əhvalı qarışdırırlar. Yaxud, həmin ilin mart ayında olanlarla 18 oktyabrı qarışdırırlar. Əslində isə mart ayında vəziyyət çox gərgin idi. Ölkədə komendant üsuli-idarəsi mövcud idi, təhdidlər olurdu. 18 oktyabrda isə vəziyyət bir qədər fərqli idi. 18 oktyabrda hər kəs parlamentə gəlmişdi və böyük həvəslə iştirak etmək istəyirdi. Sadəcə, bunu dillə ifadə etmək mümkün deyil. Müstəqillik aktı qəbul edildikdən sonra isə insanlar bir-birini təbrik edirdi.

- Həmin gün - 18 oktyabrda sizin evinizdə yas mərasimi var idi...
- Bəli, bizim evdə yas mərasimi var idi. Bu, səsvermə bitəndən sonra baş vermişdi. Daha doğrusu, səsvermə bitənə yaxın bu hadisə baş vermişdi, lakin mən bir qədər gec bildim. Günün axırına doğru bir polis kapitanı avtomobillə 5 yaşlı övladımı səkidə vurmuşdu. Belə bir hadisə baş vermişdi...

- 18 oktyabrda müstəqillik elan olundu. Millət olaraq qazancımız nə oldu?
- Biz çox şey qazandıq. İlk olaraq dövlət müstəqilliyimizi qazandıq. Cəmiyyət olaraq dövlətçiliyin mahiyyətini anlamağa başladıq. Buna qədər bir qrup tədqiqatçı üç rəngli bayrağı bilirdisə və bayraq meydanda bir-iki dəfə qaldırılmışdısa, 18 oktyabrda bu, Azərbaycan dövlətinin bayrağı halına gəldi. Bundan əlavə, biz Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələni qazandıq. Eləcə də, iki əsrə yaxın Azərbaycan dövlətini və millətini düşünənlərin arzusu var idi. Bu arzular çin oldu, Sovet ordusu Azərbaycan ərazilərindən çıxarıldı. Sonra milli valyutamızı qazandıq, seçkilər keçirildi. Əlbəttə, kiminsə şəxsi faciəsinin olub-olmaması ayrı məsələdir, amma müstəqillik aktının qəbul olunması ümummilli məsələ idi. Biz artıq tariximizi öyrənməyə başladıq, gördük ki, bizdən öncə olanlar nələr edib, hansı həyat yaşayıblar. Bu, bir şərəf məsələsidir. Dövlət müstəqilliyinin elan olunması Azərbaycanın bayramıdır və millətimizin özünəqayıdış günüdür. 18 oktyabrda parlamentin iclasının başlanması zamanı bir-birini tənqid edən, hətta bir-birinə fiziki təsir göstərməkdən çəkinməyən adamlar sonda barış şəklində idi, hamı bir-birini təbrik edirdi, qeyri-adi bir atmosfer var idi.

- 18 Oktyabrda müstəqillik aktının qəbulu baş tutmasaydı, necə olacaqdı?
- Bu, əvvəl-axır baş verməli idi. Qürur, şərəf, tale üçün biz millətimizə və allaha şükür etməliyik. Mütləq şəkildə bu, baş verməli idi.

- Millət vəkili Vahid Əhmədov deyir ki, əgər 18 oktyabrda biz deyil, SSRİ imperiyası qalib gəlsəydi, hamımız Sibrə sürgün olunacaqdıq...
- Vahid Əhmədovun dediyində bir qədər həqiqət var. Lakin 18 oktyabrdan altı ay əvvəl - martda vəziyyət daha pis idi. Altı ay əvvəl yüzdə-yüz Vahid müəllim dediyi kimi ola bilərdi. Təsəvvür edin ki, onda aclıq aksiyası keçirənlərdən tutmuş, SSRİ-nin saxlanılmasının əleyhinə səs verənlərin ümumi sayı 50 nəfər deyildi. Əgər 18 oktyabr olmasaydı, şübhəsiz ki, bizim taleyimiz bizdən əvvəlkilərin taleyinə oxşar olardı. Lakin məncə, məsələ artıq həll olunmuşdu. 20 yanvarda dönüş nöqtəsi baş vermişdi və müstəqilliyə doğru addımlar qarşısıalınmaz proses idi. Ancaq Vahid müəllimin dediyi də ola bilərdi, 20 yanvarı edənlər bunu yenidən təkrarlaya bilərdilər.

- 1991-ci ildə Heydər Əliyev də Müstəqillik Aktının lehinə səs vermişdi və bu prosesi müdafiə edirdi. Həmin dövrdə Demblokla Heydər Əliyev arasında kontaktlar var idimi?
- Heydər Əliyevin ola bilsin ki, deputatlarla təmasları, görüşləri və söhbətləri var idi. Epizodik olaraq bizim də təmaslarımız olurdu. Mart ayında SSRİ-nin saxlanılmasının əleyhinə səs verənlərin içərisində Heydər Əliyev də var idi və biz hamımız birlikdə 46 nəfər idik. Biz onda Heydər Əliyevlə görüşdük, mən təklif etdim ki, kommunist partiyasından imtina etməyimiz lazımdır. Heydər Əliyev dedi ki, siz hələ gəncsiniz, bir qədər gözləmək lazımdır. Həmin zaman heç Moskvada QKÇP hadisələri baş verməmişdi. Təbii ki, Heydər Əliyev Sovet hakimiyyətində yüksək vəzifələr tutmuşdu, uzun illər Mərkəzi Komitənin birinci katibi vəzifəsində olmuşdu, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü olmuşdu, nazirlər soveti sədrinin birinci müavini kimi yüksək postlar tutmuşdu. Təbii ki, həmin vaxt barmaqla sayılacaq qədər şəxs müstəqilliyin tərəfdarı idi. Heydər Əliyev müstəqillik mövzusunda konkret idi.

- Maraqlıdır, 1990-cı ildə parlamentə seçilən AXC üzvlərinin sayı 40 nəfərdən çox deyildi. Necə oldu ki, sizin təklifləriniz qalib gəldi?
- Martda referendum məsələsi ortaya çıxanda bəzi şəxslər artıq geriləməyə başlamışdı. Üçrəngli bayrağı platformalarına vursalar belə, bəzi yazıçılar və şairlər geri çəkilmək fikrinə düşmüşdü. Bu da onların mövqeyi, hüququ və xarakteri idi. Lakin biz od olsaydıq, özümüzü belə yandıra bilməzdik. Əgər milli azadlıq hərəkatı və onun təşkilatı olan Azərbaycan Xalq Cəbhəsi olmasaydı.

- 1991-ci ildə Müstəqillik Aktı qəbul edildi, Heydər Əliyev kimi böyük siyasət adamı da bu prosesə açıq dəstək verdi. Maraqlıdır, bundan sonra müstəqilliyin əleyhinə çıxış edən, fəaliyyət göstərənlər çox idimi?
- Niyə yox idi? İndi fəxr etmək lazımdır ki, Azərbaycanın hər yerində üçrəngli bayrağımız dalğalanır və hətta Bayraq meydanı tikilib. Mən bilirəm ki, müəyyən faktlar var. Təsəvvür edin ki, o zaman bayrağı bizim əlimizdən almaq, tapdalamaq istəyən insanlara indi allah qismət edib ki, bayrağın keşiyində dururlar. Hazırda təqaüd yaşına çatıblar, işə düzəliblər və bayrağımızın keşiyində, xidmətində dururlar. Bununla fəxr edirsən. Bu, əslində böyük qələbədir.

- Bəzən görürsən ki, Müstəqillik Aktına səs verən, SSRİ-nin saxlanılmasına dair referendumun əleyhinə çıxan insanlar az qala peşmançılıq hissi keçirdiklərini deyirlər. Sizdə peşmanlıq hissi yoxdur?
- Əsla yoxdur və heç zaman ola da bilməz. Həmin 46 nəfər də insandır, ola bilsin ki, biri ağrıyar, xəstəliyindən gileylənər. Canı ağrıyır, əsəbiləşir deyir. O adam bilsə ki, daşıdığı xəstəlik ona allahın lütfü, hədiyyəsidir, hətta buna şükür etməlidir. Bu, bizim taleyimizdir, şərəf hissidir. Buna görə, danışmaq, peşmanlıq hissi keçirmək nəinki mümkündür, hətta bu haqda düşünmək eyibdir.

Nemət


Müəllif:

Oxşar xəbərlər