20 Oktyabr 2015 18:35
1 139
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com 19 saylı Nərimanov 1-ci seçki dairəsindən deputatlığa namizəd, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu ilə müsahibəni təqdim edir:

– Hikmət müəllim, seçkiyə necə hazırlaşırsınız?
– Ümumiyyətlə, seçki prosesinin təbliğat-təşviqat kampaniyası həddən artıq məsuliyyətli mərhələdir. Hüquqi baxımdan da çox diqqətli olmaq lazımdır. Biz seçki qərargahı ilə birlikdə Mərkəzi Seçki Komissiyasının tələblərinə uyğun olaraq, Azərbaycanda seçki hüququnun imkanları daxilində təbliğat kampaniyamızı davam etdiririk, görüşlər keçiririk.

Ümumiyyətlə, 2015-ci il parlament seçkiləri ərəfəsində respublikamızın bütün dairələrində olduğu kimi, 19 saylı birinci Nərimanov dairəsində də seçicilərdə yüksək seçki əhval-ruhiyyəsi formalaşıb. Seçicilər görüşlərdə aktiv ünsiyyətə can atır. Müşahidə etdiyim məsələlərdən biri də odur ki, onlar Azərbaycanın hüquq sistemini mənimsəmiş savadlı insanlardır.

İkinci əsas cəhət isə, Yeni Azərbaycan Partiyasının (YAP) seçicilər arasında nə qədər etimad qazanmış olmasıdır. Əslində, görüşə gələn seçicilərin əksəriyyəti YAP-ın namizədi ilə görüşə gəldiklərini bilirlər, YAP-ın namizədi kimi münasibət göstərirlər. Bu da məni çox sevindirir. Uzun illərdir üzvü olduğum partiyanın xalq arasında bu nüfuzu məndə xüsusi bir fəxarət yaradır.

– Təbliğat-təşviqat kampaniyasında əsasən hansı məqamlarda dəstəyə ehtiyac hiss edirsiniz?
– Mənim müşahidəmə görə, seçicilər artıq Azərbaycanda hüquqi dövlətin, hakimiyyət bölgüsü prinsipinin olduğunu bilirlər. Onlar bilirlər ki, ali qanunverici orqanı formalaşdırmaq üçün nümayəndə seçirlər.
Azərbaycanda hüquqi cəmiyyət kifayət qədər oturuşub və vətəndaşlar ölkənin hüquq sistemini dərindən mənimsəyiblər.

Bütövlükdə seçicilərimiz yüksək səviyyədə qarşılıqlı dialoq, qarşılıqlı təşəbbüskarlıq, ideya mübadiləsi mühitində keçir. Eyni zamanda, seçiləcəyim halda onların irəli sürdükləri problemləri ali qanunverici orqanın tribunasından səsləndirəcəyimə söz verirəm. Bu prosesdə hər bir YAP namizədi kimi, mənim də üstünlüyüm odur ki, seçicilər partiya sədri, ölkə prezidentinin gördüyü işə böyük qiymət verirlər. Seçki uğurunun təməlində də birinci amil məhz budur.

– Hikmət müəllim, seçicilər sizdən hansı problemlərin həllini gözləyirlər?
– Problemlərin həlli məsələsində mənim bəxtim kifayət qədər gətirib. Namizəd olduğum dairədə məndən əvvəl YAP-ın icra katibi, Baş nazirin müavini, hörmətli Əli Əhmədov deputat olub. O dairədəki seçicilərin bir millət vəkilinin həll edəcəyi problemləri həll edilib. Ona görə də seçicilərin elə bir tələbi yoxdur.

– Bəs millət vəkili seçiləcəyiniz təqdirdə parlamentdə hansı məsələləri müzakirəyə çıxarmaq fikrindəsiniz?
– Azərbaycanda qanunvericilik daim təkmilləşir. Azərbaycan sosial dövlətdir, sosial dövlət fəlsəfəsinə söykənərək əhalinin məişət probleminin həlli daim ölkə başçısının diqqət mərkəzindədir. Ancaq bu proseslərdə daha təkmil qanunlara ehtiyac olur. Əhalinin sosial müdafiəsinin təşkil olunması, problemlərinin həll edilməsi, digər iqtisadi-maliyyə güzəştlərinin tətbiqi, yəni sıradan bir seçicinin dövlət tərəfindən himayəsini təmin edən hüquqi bazanın formalaşdırılması həmişə mövcud olub və olacaq. Bu, daimi təkmilləşmə tələb edən prosesdir. Mən də seçicilərimə əsasən bu prosesdə aktiv olacağıma, partiyamın nüfuzuna söykənərək onların bütün məişət problemlərini həll edəcəyimə söz verirəm.

– Seçkinin nəticələrindən gözləntiniz nədir, qalib gələcəyinizə inamınız yüksəkdirmi?
– Mənim dairəmdən olan seçicilərimlə aramda çox yüksək, səmimi dialoq yaranıb. Bu görüşlərdən məndə belə bir əhval formalaşıb ki, YAP-ın nümayəndəsi kimi seçicilər mənə səs verəcəklər. Mən buna bütün qəlbimlə inanıram.


Müəllif:

Oxşar xəbərlər