27 Oktyabr 2015 13:54
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Diqqət edin, bu qədər partlayıcı maddəni Türkiyə kimi ciddi, strukturlaşmış, ciddi məxfi xidməti olan, milli təhlükəsizlik orqanı olan dövlətin sərhədlərindən kim keçirib? Bu maddələr sonradan paytaxt Ankaraya daşınıb və böyük terror hadisəsi həyata keçirilib. Bütün bunlar göstərir ki, dediyimiz sadə proseslər deyil və bu cür prosesin təkrarlanması ehtimalı da qalır. Düşünürəm ki, Türkiyədə olan siyasi qüvvələr yeni yaranan situasiyada seçkilərə getsələr də, daha çox dövlətin maraqlarından çıxış etməlidir. Ümumi nəticə ondan ibarət olmalıdır ki, yaranan koalisiyaya hətta psixoloji münasibətlər mane olsa da, dövlətin maraqları tələb edirsə, buna gedilməlidir”.

Bunu Teleqraf.com-a müsahibəsində professor Adil Qeybulla bildirib. Müsahibəni təqdim edirik:

- Adil bəy, Müsavatın son mitinqi haqqında təəssüratlarınız nədən ibarətdir?
- Bu, mitinq deyildi axı. Özləri də etiraf ediblər ki, bu, aksiya yox, seçicilərlə görüş idi. Çünki həmin mitinqin elektoratı partiya üzvlərindən ibarət idi. Amma sözün açığı, həmin aksiyada seçiciləri görmədim. Hesab edirəm ki, o tədbiri mitinq adlandırmaq olmazdı. Hər halda nəzərə alsaq ki, bu qarşıdan gələn parlament seçkiləri ilə bağlıdır, bu halda həmin tədbirdə kütləvilik olmalı idi. Belə götürəndə istənilən situasiyada aksiyada iştirak edənlər az idi.

- Bu aksiyanı həm də Müsavatın indiki gücünün və durumunun göstəricisi kimi təqdim etmək olarmı?
- Təbii ki, olar. Hər halda bu, həm də cəmiyyətdə indiki ümumi durumun göstəricisi, siyasi passivliyin olması, əhalinin bu, məsələlərdə maraqlı olmamasıdır. Yəni, bütün bu faktorlar həmin tədbirdə öz əksini tapıb.

- Siz parlament seçkilərində iştirak edirsiniz?
- Xeyr. Bu seçkilərə qatılmadım. Ümumi vəziyyətə baxdım və daxilimdə belə qərara gəldim ki, seçkilərə getməyim.

- Seçkiyə getsəydiniz, Müsavatdan olan namizəd İkram İsrafillə üz-üzə gələcəkdiniz...
- Yox. Seçkiyə getsəydim, çalışardıq ki, İkram İsrafillə üz-üzə gəlməyək. Ən azı həmin dairədən başqa bir namizəd var. Həmin şəxs də Milli Məclisin deputatıdır. 115 saylı Şəki Kənd Seçki Dairəsindən namizədlərdən biri də Milli Məclisin deputatı Cavanşir Feyziyevdir.

- Azərbaycan Demokratik və Rifah Hərəkatının fəaliyyəti varmı?
- Fəaliyyətimiz var, hərəkat ölkə üzrə təşkilatlanma prosesini aparır, müəyyən proqramlar hazırlanır. Yəni, bu istiqamətdə işlər görülür. Hansısa bir konkret göstərici ortada yoxdursa, düşünməyin ki, fəaliyyət yoxdur. Biz həftədə bir dəfə iclas keçiririk. Bir çox məsələlər müzakirə edilir, bəzən qərarlar və təkliflər olur. Ola bilsin ki, bir çox hallarda media bundan xəbər tutmur. Təşkilatlanma prosesini də aparırıq. Hərəkatın təşkilatları formalaşır. Hərəkatın real üzvlərinin sayı bu gün Azərbaycanda olan siyasi partiyalarının əksəriyyətinin üzvlərindən çoxdur.

- Sosial şəbəkədən belə hiss olunur ki, ADR Hərəkatı ancaq Vurğun Əyyubun seçki təbliğatını aparır...
- Mən sizin kimi düşünmürəm. Şəxsən mən Vurğun Əyyubun seçki kampaniyasında iştirak etməmişəm. Arzu edərdim ki, iştirak edəm, lakin buna sadəcə olaraq vaxtım çatmır. Amma hərəkat rəhbərliyində təmsil olunan bir çox dostlarımız var ki, Vurğun Əyyubun seçki qərargahında iştirak etmir. Seçki qərargahında və kampaniyada iştirak edənlər rayon təşkilatımızın üzvləridir. ADR-in ən güclü rayon şöbəsi ordadır. Onlar əvvəl Müsavatın yerli təşkilatı idi, indi isə hərəkatın yerli şöbəsini qurublar və Vurğun Əyyuba yetərincə dəstək verirlər. Bu səbəbdən həmin dairədən daha çox şanslı namizəd Vurğun Əyyubdur.

- Bizimlə yanaşı, qardaş Türkiyədə də seçki kampaniyası gedir, lakin bizdən fərqli olaraq orada kampaniya bəzən terrorla, insan faciəsi ilə müşahidə olunur. Bu prosesi necə qiymətləndirirsiniz?
- Təəssüflər olsun ki, Türkiyədəki seçkilər sabitlik dönəmində keçirilən seçkilər deyil. Türkiyəni qarışdırmaq istəyən, Türkiyənin daxili həyatını istədikləri kimi dizayn etməyə cəhd edən qüvvələr mövcuddur. Bu barmaq açıq hiss olunur. Ümumiyyətlə, Şimali Afrikada dünyanın yenidən bölüşdürülməsi prosesi başlayıb. Biz bu prosesi izləyirik. Orada baş verən dəyişikliklər, ayrı-ayrı dövlətlərin yaradılması gündəmə gəlir, müzakirə mövzusuna çevrilir. Mən Fələstin dövlətinin yaradılmasını, kürdlər üçün yeni bir ölkənin qurulmasını nəzərdə tuturam. Bütün bunlar müşahidə etdiyimiz siyasətin taktiki addımlarıdır. Türkiyədə keçirilən seçkilərə gəldikdə isə, artıq ordunun seçkilərə təsiri aradan qaldırılıb. İndi isə istəyirlər ki, bu seçkilərdə yeni situasiya yaratsınlar. Kürdlərin təmsil olunduğu siyasi partiyanı parlamentdən çəkmək və qarışıqlıq yaratmaq istəyirlər. İndilikdə biz bu prosesin detallarını müşahidə edirik. Bu terror hadisələrini araşdırsaq, ciddi qüvvələr ortaya çıxacaq.

- Nəyi nəzərdə tutursunuz?
- Diqqət edin, bu qədər partlayıcı maddəni Türkiyə kimi ciddi, strukturlaşmış, ciddi məxfi xidməti olan, milli təhlükəsizlik orqanı olan dövlətin sərhədlərindən kim keçirib? Bu maddələr sonradan paytaxt Ankaraya daşınıb və böyük terror hadisəsi həyata keçirilib. Bütün bunlar göstərir ki, dediyimiz sadə proseslər deyil və bu cür prosesin təkrarlanması ehtimalı da qalır. Düşünürəm ki, Türkiyədə olan siyasi qüvvələr yeni yaranan situasiyada seçkilərə getsələr də, daha çox dövlətin maraqlarından çıxış etməlidir. Ümumi nəticə ondan ibarət olmalıdır ki, yaranan koalisiyaya hətta psixoloji münasibətlər mane olsa da, dövlətin maraqları tələb edirsə, buna gedilməlidir. Təəssüflər olsun ki, biz əvvəlki seçkilərdən sonra bunu müşahidə edə bilmədik, nəticədə yeni seçkilərə gedildi. Əslində isə xalq bu cür proseslərdən bezir. Zamanında Doğru Yol Partiyası ilə Ana Vətən Partiyası bu cür seçimlər, koalisiyalar, erkən seçimlərə getdi. Xalq da bu prosesdən bezdi və yekunda seçici Ərdoğanın partiyasına səs verdi. Nəticədə Tansu Çillər və Məsud Yılmaz kimi siyasi fiqurlar siyasətdən getdilər. Çünki xalq seçimlərlə formalaşan dayanıqlı iqtidar istəyir ki, bu, Türkiyənin inkişafına xidmət etsin.

- Seçkilərin nəticələrinə dair proqnozunuz varmı?
- Türkiyədə son aylar müşahidə olunan terror hadisələri, bunun insan fəlakəti ilə müşahidə edilməsi seçkilərə təsir göstərəcək. Başqa sözlə, terror hadisələrindən sonra Xalqların Demokratik Partiyasının səslərində azalma müşahidə olunmalıdır. Lakin bəzən görürsünüz ki, seçkidə idman yarışında olduğu kimi gözlənilməz hallar da baş verir. Odur ki, seçkilərlə bağlı qəti proqnoz vermək çətindir.

- Bəzi mütəxəssislər iddia edirlər ki, 1 noyabr seçkilərindən sonra başqa bir Türkiyə və başqa bir hakimiyyət ortaya çıxacaq...
- Bununla bağlı ciddi maraqlar var. Yəni, Türkiyədə yeni iqtidarın hakimiyyətə gəlməsi hədəfi mövcuddur. Qoyulan strategiyanın bir hədəfi də Türkiyədə iqtidarın dəyişməsidir. Lakin bunun nə qədər real olacağını demək çətindir. Düşünürəm ki, hakimiyyət dəyişsə və yeniləşsə, bu işin xeyrinə olar.

- Türkiyənin xarici siyasətində problemlər yaşanır. Artıq Türkiyə-Rusiya münasibətlərində problemlər ortaya çıxır. Bu durumu necə şərh edərsiniz?
- Bu gün Rusiyanın siyasi meydanda və dünyada gedən proseslərdə aktiv iştirakı müşahidə edilir. Bu ayrı məsələdir ki, Rusiyanın belə aktiv şəkildə proseslərdə iştirak etməsi Amerika hakimiyyətinin qətiyyətsiz mövqeyi səbəbindəndir. Mən Amerikanın indiki siyasi hakimiyyətinin Rusiya məsələsində son dərəcə qətiyyətsiz hesab edirəm. Bu qətiyyətsizlik Rusiyanın əl-qolunu açdı. İndi etiraf olunmalıdır ki, Rusiya da dünyanın əksər regionunda davranışını sərgiləyir. Əslində isə Ukrayna hadisələri zamanı Qərb ortaya konkret və qətiyyətli mövqe qoymalı idi. Ancaq bunu müşahidə etmədik. Nəticədə bütün postsovet ölkələri Rusiyadan bir qədər də çəkinməyə başladı. Bu ölkələr düşünməyə başladılar ki, Qərb Ukraynanı müdafiə edə bilmədisə, bizi də müdafiə edə bilməz. Bu halda MDB-nin hansısa müstəqil bir ölkəsi Rusiya qarşısında nə edə bilər? Üstəlik, bir çox MDB ölkələrinin əraziləri işğal altındadır. Məhz bu səbəbdən bir çox MDB ölkələri xarici siyasətində Rusiya ilə ehtiyatlı siyasət aparır. Rusiya-Türkiyə münasibətlərində müşahidə olunan proseslər isə taktiki addımlardır. İndiki siyasi hakimiyyətin dəyişməsi müşahidə olunarsa, yəqin ki, mövqelər müəyyən qədər dəyişmiş olacaq. Ancaq Türkiyədə koalisiyanın alınmaması, erkən seçimlərə gedilməsi AKP-yə əlavə üstünlüklər gətirdi. Bu baxımdan növbəti seçkilərdə AKP-nin səs itirəcəyini zənn etmirəm.

- Regionda İranın da aktivləşməsi müşahidə olunur, Tehran Yaxın Şərqdə geopolitik oyunçuya çevrilir və Türkiyə ilə rəqabətə girir. Bunu necə qiymətləndirirsiniz?
- Əslində, İrana belə bir şansın verilməsi bir neçə məqsəd güdür. Birincisi, bəli, qonşu dövlətlərdə strateji müttəfiqlərin önəmini paylamaq, zəiflətmək. İkincisi, İranın demokratikləşməsi üçün onun daxili inkişafını stimullaşdırmağı vacib sayırlar. Düşünürəm ki, İranın xarici əlaqələrinin bu qədər artması son nəticədə müəyyən proseslərə gətirib çıxaracaq. Yəni, bu proseslər bütün dünyada yetişməkdədir və İran daxilində də yetişəcək, liberallaşma müşahidə olunacaq. Amma iqtisadi və geopolitik maraqlar daha öndə gəlir. Çünki Şimali Afrikada baş verən proseslər və bu proseslərdə konkret nailiyyətlərə nail olmaq üçün İran məsələsi nisbətən arxa plana keçir. Burada ambissiya deyil, daha çox geopolitik əhəmiyyətlik ön plana keçir. O ki qaldı Türkiyənin Qərb üçün önəminə, bu önəm hər zaman olacaq. Türkiyə böyük və güclü dövlətdir, onun böyük ordusu var. Heç bir terror hadisələri bu dövləti sarsıda bilməz. Türkiyə regionda öz siyasətini ehtiyatlı aparmalıdır. Çünki görünən budur ki, Türkiyə bir çox məsələlərdə təkdir. Avropa Birliyinə üzvlük məsələsi bunu sübut edən onlarla məqamdan biridir.

Nemət Orucov


Müəllif: