27 Oktyabr 2015 14:54
1 136
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Parlament-2015” Seçki Monitorinq Koalisiyasının sədri Rufiz Qonaqov Teleqraf.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

- Rufiz bəy, seçki prosesini yaxından müşahidə edən şəxs kimi, beynəlxalq təşkilatların bu prosesdəki iştirakını necə qiymətləndirirsiz?
- Azərbaycanda hər dəfə seçkilər keçiriləndə, mühüm yarışlar olanda beynəlxalq təşkilatlar, erməni lobbisinin təsiri altında olan qüvvələr ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Bu dəfə də belə hallara rast gəlindi. Avropa Parlamenti seçkidən öncə Azərbaycan əleyhinə qətnamə qəbul etdi. Ölkəmizə qarşı qara-piar kampaniyası aparan qüvvələr heç bir nəticə əldə edə bilmədilər. Ona görə də bəzi Avropa strukturları, ABŞ və MDB-dən olan təşkilatlar seçkiləri müşahidə etmək qərarı verdilər. Azərbaycan Avropa Parlamentinin qərəzli qətnaməsini cavabsız qoymadı, müəyyən addımlar atıldı, Avronestdən imtina edildi və s. Azərbaycanın güclənməsi, prezident İlham Əliyevin müstəqil siyasət yürütməsi bəzi dairələri narahat edir. Həmin dairələr ölkə başçısının, xüsusilə, Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı prinsipial mövqeyini qəbul edə bilmirlər. Prezident dəfələrlə bəyan edib ki, Azərbaycanla güc dilində danışmaq mümkün deyil. Azərbaycanla xahiş dilində danışmaq, bizə təklif vermək olar. Azərbaycan tutduğu prinsipial müstəqil siyasətindən dönən deyil. Odur ki, bu parlament seçkilərində də bəzi beynəlxalq təşkilatların Azərbaycana qarşı qaralama kampaniyası oldu və davam edir. Uduzan Azərbaycan deyil, həmin beynəlxalq təşkilatlar olacaq. Azərbaycan seçkiləri demokratik şəkildə keçirəcək.

- Spiker Oqtay Əsədov bildirib ki, beynəlxalq qurumlar digər ölkələrlə müqayisədə Azərbaycana daha çox müşahidəçi göndərmək istəyirlər. Sizcə, burada məqsəd nədir?
- Hesab edirəm ki, beynəlxalq qurumların Azərbaycana daha çox müşahidəçi göndərməsinin səbəbi seçkilərə daha çox diqqət göstərmələridir. Bir yer uğurunda 6 nəfərin mübarizə aparması göstərir ki, Azərbaycan ictimaiyyətinin seçkilərə böyük marağı var və bu da beynəlxalq təşkilatların ölkəmizə olan diqqətini artırır.

- Amma xarici müşahidəçilərin çoxluğunu Azərbaycana qarşı təzyiq kimi qiymətləndirənlər də var.
- Mən düşünmürəm ki, bu, beynəlxalq təşkilatların Azərbayacana qarşı təzyiq etmək niyyətlərindən doğur. Hesab edirəm ki, beynəlxalq təşkilatlar Azərbaycana qarşı hansısa təzyiq göstərmək, ölkəmiz əleyhinə qətnamə qəbul etmək istəsələr, bunu 5 nəfər müşahidəçi ilə də edə bilər. Burada sayın çoxluğu onların hansısa məqsəd güdməsinə xidmət eləmir.

- Əvvəlki seçki dönəmlərindən fərqli olaraq bu dəfə müxalif düşərgədə susqunluq müşahidə olunur. Yəni izdihamlı mitinqlər keçirilmir. Bu nə ilə bağlıdır?
- Xatırlayırsınızsa, 2013-cü ildə bütün radikal və loyal müxalifət Milli Şura adlı qurumda birləşdilər. Dövlət onlara mitinq və piket keçirmək üçün mərkəzi meydanlarda yer ayırdı. Amma onlar bir stadionun cərimə meydançası qədər insan yığa bilmədilər. Bu faktdır. Meydana kifayət qədər insan yığa bilməyən siyasi qüvvələrin rəhbərləri 2013-cü ildə istefa verməli idilər. Bunu etməyiblərsə, indi düşdükləri vəziyyətə görə özləri məsuliyyət daşıyırlar. 20-30 illik məğlubiyyət ola bilməz, bütün seçkiləri boykot etmək olmaz. Dünya siyasətində belə bir praktika yoxdur. Sadəcə özlərinə başqa peşə tapmadıqları üçün öz ömürlərini burada başa vurmaq istəyirlər. Məncə, bu, heç bir siyasi partiyaya nüfuz gətirmir. Yaxşı olardı ki, partiya üzvləri bu barədə düşünsünlər. Heç bir sosial dayağı olmayan partiyalar iflas həddinə çatıblar.

- Namizədlərin fəallığını necə qiymətləndirirsiz?
- 18 yaşa çatmış hər bir vətəndaşın seçkilərdə iştirak etmək hüququ var. Namizədliyi təsdiq olunmuş şəxslər sonrakı dönəmdə öz imkanlarını hesablayırlar ki, onların şansı nə qədərdi? Özünə güvənən şəxs sonadək mübarizə aparır. Aktiv və passiv dairələr var. Elə dairələr var ki, orada 3-4 namizəd aktiv seçki kampaniyası aparır. Rəqabət apara biləcək səviyyədə görüşlər keçirirlər. Elə dairələr var ki, orada heç bir namizəd aktiv deyil. Namizədlərin potensial imkanlarından çox şey asılıdır. Onlar seçicilərlə işləməli, xalqı öz arxasınca aparmalıdırlar. Bunu bacaranlar seçkidə qalib gələcək, bacarmayanlar kənarda qalacaqlar.

Ruslan Xəlil


Müəllif:

Oxşar xəbərlər