28 Oktyabr 2015 14:26
1 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində bir sıra addımlar atılıb. Bununla bağlı ölkə başçısının imzaladığı fərman və sərəncamlar, qəbul edilən qərarlar eyni zamanda sahibkarlara təzyiq göstərən, qanunsuz yoxlamalar aparan, təhdid edərək pullarını əllərindən alan vəzifəli şəxslərin cəzalandırılması iş adamlarının fəallaşmasına səbəb olub. Qeyri-neft sektorunun inkişafı və sahibkarlığın dirçəlməsi istiqamətində görülən işlərlər bağlı Milli Məclisin sosial-iqtisadiyyat komissiyasının üzvü Əli Məsimli ilə söhbətləşdik. O, Teleqraf.com-a müsahibəsində öncə son günlər sahibkarlığın inkişafı ilə bağlı atılan radikal addımlara münasibət bildirdi.

- Bilirsiniz ki, mən həmişə sahibkarlığın qarşısında süni maneələrin olduğunu demişəm və bunun aradan qaldırılmasının vacibliyini vurğulamışam. Çox yaxşı haldır ki, prezident səviyyəsində məsələyə müdaxilə olundu və sahibkarlara qarşı təzyiqlər dövlətə xəyanət kimi qiymətləndirildi. Oktyabrın 12-də 9 ayın sosial-iqtisadi yekunları ilə bağlı keçirilən müşavirədə prezident bir sıra ciddi məsələlərə toxundu. Ondan sonra sahibkarlığın inkişafı istiqamətində kifayət qədər radikal addımlar atıldı. Mən həmin addımları alqışlayıram. Yoxlamaların iki il müddətində aradan qaldırlması sahibkarlığın inkişafı istiqamətində atılan samballı addımdır. Sahibkarların bundan səmərəli istifadəsi onların fəaliyyətində xeyli canlama yaradacaq. Lisenziyaların sayının azaldılması, sənədləşmənin ASAN Xidmətə verilməsi də sahibkarlığın inkişafı üçün olduqca faydalıdır. Fiziki şəxslərin xaricdən 10 min manat dəyərində məhsul gətirməsi də vətəndaşların durumuna müsbət təsir göstərəcək. Hesab edirəm ki, bu səpkili addımlar atılmaqda davam edəcək və sahibkarlığın inkişafında dönüş yaradacaq. Büdcədə qeyri-neft sektorunun payı artacaq, iş yerlərinin sayı çoxalacaq, iqtisadi fəallıq olacaq.

- Siz uzun illərdir ki, sahibkarlara təzyiqlərin olduğunu qeyd etmisiz. Sizcə, bundan sonra təzyiqlər tam aradan qalxacaqmı?
- Sahibkarlara qarşı təzyiqlərin yalnız bir qrumdan gəldiyini söyləmək doğru olmazdı. Digər qurumlar da sahibkarların qarşısında süni maneələr yaradır. Yəni biz bunu indi yox, illərdir ki, deyirik. Hesab edirəm ki, sahibkarılığın inkişafına mane olan problemlərin həllinə başlanıb və çözüm prosesi bundan sonra sürətlə davam edəcək.

- Dövlət büdcəsini qeyri-neft sektorundan əldə olunan gəlirlər hesabına formalaşdırmaq mümkündürmü?
- Ölkə prezidenti İlham Əliyev çıxışlarında bildirib ki, biz neft amilini unutmalıyıq və Azərbaycan neft ölkəsi deyil. Bu, o deməkdir ki, biz əsas diqqəti qeyri-neft sektoruna yönəltməliyik. Əgər ölkə iqtisadiyyatı bir məhsul üzərində qurulursa, həmin ölkə dünya iqtisadiyyatındakı konyukturadan asılı olur. Məhsulun dünya bazarındakı qiyməti artanda gəlirlər artır, qiymət ucuzlaşanda isə əksinə. Bu isə dövlət büdcəsinə ciddi təsir göstərir. Bizim büdcəmiz neftdən çox asılı vəziyyətə düşmüşdü. Dünya bazarında neftin qiyməti düşən kimi gəlirlərimiz də azaldı. İndi neftdən kənar sahələrin şaxələndirilməsi məsələsi aktuallaşıb. Hesab edirəm ki, bunun üşün xeyli ehtiyat resurslar var. Məsələn, sahibkarlığın inkişafına yol açılması iqtisadi fəallığın artmasına səbəb olacaq. Prezidentin hər bir rayonda sənaye müəssisənin açılmasına dair tapşırığına əməl edilməlidir. Sumqayıt və digər yerlərdə açılan sənaye müəssisələri artıq öz effektini verir. Kənd təsərrüfatı məhsullarının emalı üçün yeni müəssisələrin açılması da iş yerlərinin yaradılmasına, əhalinin və büdcə gəlirlərinin artmasına səbəb olacaq.

- Deputatı olduğunuz Şəkinin özündə hansı iqtisadi potensial var ki, o sahəni inkişaf etdirmək olar.
- Şəki ipəkçilik və taxıl məhsulları ilə məşhurdur. Dünyanın 1/5 hissəsini təşkil etmiş keçmiş SSRİ-nin ipək təlabatının 12 faizi Şəki İpək Kombinatının məhsulları hesabına ödənilirdi. Şəki İpək Kombinatı və onun filiallarında 5-7 min arası insan çalışırdı. Hardasa, 30 minə yaxın insan bu müəssiələrin hesabına dolanırdı. Şəki iqtisadiyyatının yarıdan çoxunu kənd təsərrüfatının payına düşür. Suvarma sistemini inkişaf etdirməklə yeni-yeni torpaq sahələrində məhsullar becərmək və yaxşı nəticələr əldə etmək olar. Biz hazırda imkanları öyrənirik, təkliflər hazırlayıb aidiyyəti qurumlara təqdim edəcəyik.

- Sahibkarların ən ciddi problemlərindən biri əldə etdikləri məhsulları sata bilməmələridir. Bununla bağlı hökumət hansı addımlar atmalıdır?
- Bununla bağlı problemlər var. Məsələn, Şəkidə bu il taxıl sahələrindən bol məhsul götürülüb. Məhsulun satışında əvvəlki illərdə olduğu kimi ciddi problem yaşanmayıb. Bu il də taxıldan bol məhsul götürülə bilər. Hesab edirəm ki, fermerlərin məhsulunun asan yolla bazara çıxarılması istiqamətində müəyyən işlər görmək olar. Siz çox doğru buyurusuz ki, bu gün sahibkarlar məhsulu vaxtında və sərfəli qiymətlərə sata bilmir. Düşünürəm ki, müvafiq qurumlar bu barədə araşdırma aparıb, çıxış yollarını göstərməlidirlər.

Ruslan Xəlil


Müəllif:

Oxşar xəbərlər