28 Oktyabr 2015 17:12
1 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ana müxalifət olan Vahid Milli Hərəkatın seçkilərdə böyük səs alacağı gözlənilmir. Əlbəttə, onlar bizi tənqid edir, bildirirlər ki, seçkidə verdiyimiz vədlərin bəzilərini həyata keçirməmişik. Lakin bu o demək deyil ki, Vahid Milli Birlik Hərəkatı qalib olacaq. Onların üzərindən xətt çoxdan çəkilib. Lakin hesab edirəm ki, 2016-cı ildən sonra koalisiyanın tərkibində müəyyən dəyişikliklər ola bilər. Seçkidən sonra yeni koalisiyanın qurulması gözləniləndir. Nəzərə alın ki, seçkilərdə parlamentə digər siyasi qüvvələr də daxil olacaq. Böyük ehtimalla seçkinin nəticələrinə uyğun olaraq koalisiya hökuməti qurula bilər. Lakin “Gürcü Arzusu” koalisiyanın seçkilərdə qalib gələcəyinə heç kim şübhə etməsin”.

Bunu qəzetimizə müsahibəsində Gürcüstan parlamentinin üzvü, hakim “Gürcü Arzusu” koalisiyasının təmsilçisi Mahir Dərziyev bildirib. Müsahibəni təqdim edirik:

- Mahir müəllim, Gürcüstanda hakim partiyanın parlamentdə təmsilçisi olaraq ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiniz?
- Bunu bir neçə cümlə ilə ifadə etmək çətindir. Gürcüstanın ictimai-siyasi həyatı daima qaynar olub, siyasətdə durğunluq müşahidə olunmayıb. Bu gün gündəmdə olan bir neçə mövzu var və bu, müxalifətin “fəaliyyəti” nəticəsində yaranıb. İlk növbədə “Rustavi-2” kanalı ilə bağlıdır. Bundan başqa, milli valyutanın kursunun sabitləşməsi ilə bağlı məsələ var. Eyni zamanda bizim ölkənin xarici siyasət kursu, ərazi bütövlüyünün təmin olunması kimi məsələlər ictimaiyyəti daima məşğul edib.

- Hakimiyyətdə olan “Gürcü Arzusu” koalisiyasının daxilində hansı fikir ayrılıqları var?
- Açığı, sizin nəyi müşahidə etdiyinizi bilmirəm. Təbii ki, hakimiyyətdə 5 partiyanın birləşdiyi koalisiya var. Burada iqtidarda olan partiyalar təmsil olunur. Təbii ki, koalisiyada müəyyən məsələlər müzakirə edilərkən fikir ayrılıqları, məsələlərə fərqli yanaşmalar olur. Lakin qərarlarımız daima yekdil olub. Bağlı qapılar arxasında məsələlər müzakirə edildikdə fikir ayrılıqları və hətta mübahisələr də ola bilər. Lakin yekunda qərarlar konsensusla qəbul edilir. Bundan sonra isə hökumətin icrası, parlamentdə qərarların qəbulu, eləcə də, ictimaiyyətə müxtəlif bəyanatlar vahid mövqeyə əsaslanaraq verilir. Koalisiya daxilində müxalifətin iddia etdiyinin əksinə olaraq hələlik hər hansı problem yoxdur. Əgər ciddi problemlər, fikir ayrılıqları olarsa, bu, artıq hakim koalisiyanın sonu olardı. Belə bir hal isə müşahidə olunmur.

- Gürcüstan prezidenti ilə baş nazirin arasında fikir ayrılığı yoxdurmu?
- Bu, artıq məlumdur və burada gizli heç bir şey yoxdur. Gürcüstan prezidenti cənab Georgi Marqvelaşvili “Gürcü Arzusu” koalisiyasının təmsilçisi olub, 2012-ci il parlament seçkiləri zamanı namizədliyi bizim siyahıda olub və parlamentə düşüb. Sonradan hökumət təşkil ediləndə elm və təhsil naziri postunu tutub. 2013-cü ilin oktyabrında isə məhz “Gürcü Arzusu” koalisiyasının dəstəyi ilə prezident seçilib. Prezident seçildikdən bir qədər sonra Marqvelaşvili ilə hakim koalisiyanın liderləri arasında bəzi fikir ayrılıqları yarandı. Xüsusilə, keçmiş baş nazir, hazırda siyasətdə böyük nüfuz sahibi olan Bdzina İvanişvilinin bu məsələyə dair bir sıra açıqlamaları olub.

- İki gün əvvəl sabiq baş nazir bəyan edib ki, Gürcüstan prezidentini onlar seçib, lakin prezident müxalifətə keçib...
- Cənab İvanişvili qeyd etdi ki, prezidentlə onun arasında fikir ayrılıqları Prezident İqamətgahı ilə bağlı olub. Cənab prezident bu posta gəlməzdən əvvəl elan edirdi ki, işə piyada gedəcək, Saakaşvilinin tikdirdiyi nəhəng iqamətgahdan imtina edəcək, sadə bir iqamətgahı olacaq. Əslində, prezident üçün sadə bir iqamətgah nəzərdə tutulmuşdu və bu məqsədlə 3 milyon lari xərclənmişdi. Lakin sonradan müəyyən qüvvələrin təsiri ilə Marqvelaşvili Saakaşvili zamanı tikilən nəhəng iqamətgahı seçdi. Bundan əlavə, bizim hökumətin xətti ilə uzlaşmayan bir sıra bəyanatlar verdi, addımlar atdı. Dəfələrlə parlament çoxluğunun qəbul etdiyi qanun layihələrinə veto qoyaraq geri qaytardı. Biz də veto qoyulan qanunları parlamentdə yenidən qəbul etdik. Son dövrlər prezidentin bir sıra bəyanat və çıxışları nəinki bizim koalisiyanın xəttinə qarşı yönəlib, həm də cəmiyyətdə gərginliyin artmasına xidmət edir, vətəndaş qarşıdurmasına gətirib çıxara bilər. Bu bəyanatın bir hissəsi “Rustavi-2” kanalı ilə bağlıdır. Prezident media azadlığı ifadəsinin adı altında verdiyi bəyanatlar, atdığı addımlar vətəndaş qarşıdurmasına gətirib çıxarır, ölkədəki gərginliyi körükləyir.

- Son zamanlar sizin hökumətin Rusiya qazını almaq istəməsi, bu məqsədlə “Qazprom” Şirkəti ilə gizli danışıqlar aparması da bəlli olub. Bunu rəsmi Tiflisin Azərbaycan qazından imtina etməyə hazırlaşması kimi qiymətləndirmək olarmı?
- Mən Azərbaycan mətbuatını izləyən şəxsəm. Son zamanlar Azərbaycanın bəzi media orqanları bu mövzunu nəinki dramatikləşdirib, hətta faciəvi durum kimi təqdim edib. Bəli, “Qazprom”la danışıqlar aparılır. Amma bununla yanaşı bizim hökumətin ən yüksək səviyyəli rəsmiləri-baş nazirdən tutmuş energetika nazirinə qədər elan ediblər ki, söhbət Azərbaycan qazının əvəzlənməsindən, Gürcüstanın siyasi kursunun dəyişməsindən getmir. Əslində isə Gürcüstanda Azərbaycan qazının əvəzlənməsi faktiki mümkün də deyil. SOCAR Gürcüstan bazarında oturuşub. Hətta nəzəri cəhətdən hər hansı gürcü hökuməti Azərbaycan qazını Rusiya və İran qazı ilə əvəzləmək istəsə belə, bu, mümkünsüz olardı. SOCAR Gürcüstanın qaz və neft bazarında öz yerini tutub, ən ağırlıqlı mövqe bu şirkətə aiddir. Açığı, bizim hökumətin Azərbaycan qazını Rusiya qazı ilə əvəzləmək kimi düşüncəsi yoxdur.

- Bəs, onda danışıqlar hansı məqsədlə aparılır?
- “Qazprom”la danışıqlar var. Bu, ancaq kommersiya obyektləri, operatorları üçün əlavə qazın alınması ilə bağlıdır. İkincisi, gələcəkdə Gürcüstanın qaza tələbatı artacaq. SOCAR isə bu zaman o həcmdə qazı Gürcüstana verə bilməyəcək. Bu baxımdan, habelə Gürcüstanın öz enerji təhlükəsizliyi baxımından belə danışıqların aparılması başadüşüləndir. Bir daha bəyan edirəm ki, burada söhbət Azərbaycan qazının əvəzlənməsindən getmir və gedə də bilməz. Hesab edirəm ki, cənab İlham Əliyevin noyabrın 6-da Gürcüstana gözlənilən səfəri nəinki mövcud əməkdaşlığın qorunması, habelə bu əməkdaşlığın bir qədər də inkişaf etdirilməsinə səbəb olacaq.

- Gürcüstanda həm də son zamanlar müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasının ofislərinə hücumlar edilir. Bunu necə izah edə bilərsiniz?
- Təbii ki, biz bu kimi addımların əleyhinəyik. Bunu bizim hökumətin nümayəndələri də açıq şəkildə bəyan etdilər. Mən də bir siyasi qüvvənin təmsilçisi kimi bəyan edirəm ki, bu cür hallar yolverilməzdir. Ancaq burada incə bir məqam da var. Vahid Milli Hərəkatın liderləri bu kimi durumlarda maraqlıdırlar. Bu hərəkatın ümumGürcüstan üzrə təxminən 15 minə yaxın üzvü var. Onlar gözəl bilirlər ki, bu hərəkatın hakimiyyətə gəlmək şansı yoxdur və bu ehtimal sıfıra bərabərdir. Bir növ gündəmdə qalmaq istəyirlər. Gələcəkdə də hakimiyyətə gəlmək şansları yalnız ölkədə vəziyyətin gərginləşməsindən, sabitliyin pozulmasından, aranın qarışmasından keçir. Ona görə də, bu qüvvə hər vasitə ilə buna nail olmağa çalışır. Onların siyasi “fəaliyyətləri” ancaq ona yönəlib ki, gündəmə gəlsinlər, vəziyyət kritikləşsin və s. Hər gün bir məsələni gündəmə daşıyırlar. İndi də “Rustavi-2” kanalı ilə bağlı məsələni qabardırlar. Məqsəd sabitliyi pozmaqdır. Ancaq ölkə əhalisi onların bu çağırışına getmir. Məsələn, neçə gündür ki, “Rustavi-2” kanalı xalqı çıxışlara, mitinqlərə səsləyir. Amma bu kanalın çağırışına 200 nəfərdən çox insan dəstək verməyib. Bax, bu da cəmiyyətdə ciddi qıcıq doğurur. Cəmiyyətdə də siyasətlə məşğul olmayan, qıcığa reaksiya verən tərəflər var. Onlar da bu fitnəkarlığı təşkil edərək həmin hücumlara rəvac vermişdi. Təbii ki, polis də buna adekvat tədbirlər görür. Hücumu təşkil edənlərin bəziləri saxlanılıb, dindirilib və cərimə edilib. Biz hesab edirik ki, normal və sivil siyasi fəaliyyətə qarşı tətbiq edilən bu cür hücumlar qəbuledilməzdir.

- Doğrudanmı, Gürcüstanda keçirilən rəy sorğularına görə, “Gürcü Arzusu” koalisiyası Vahid Milli Hərəkat Partiyasına uduzur?
- Yalan danışmaq, yanlış informasiya ötürmək, ictimaiyyəti çaşdırmaq lazım deyil. Bəli, ABŞ-ın Milli Demokratiya İnstitutu Gürcüstanda rəy sorğusu keçirib. Bu sorğunun nəticəsinə görə, “Gürcü Arzusu” koalisiyası Vahid Milli Hərəkatı bir neçə faiz səslə qabaqlayıb. Vahid Milli Hərəkat Partiyasının bizdən öndə olması haqqında informasiya doğru deyil. Biz öndəyik. Amma bir məqamı deyim ki, ABŞ-ın Milli Demokratiya İnstitutu tərəf tutmaqla, qərəzliliyi ilə daima Gürcüstanda məşhur olub. 2012-ci ildə bu institut Vahid Milli Hərəkat Partiyasının böyük səs çoxluğu ilə qalib gələcəyini proqnozlaşdırırdı və bununla bağlı rəy sorğusu keçirmişdi. Amma bildiyiniz kimi həmin seçkidə “Gürcü Arzusu” qalib gəldi. Odur ki, cəmiyyətdə bu instituta, onun keçirdiyi rəy sorğularına ciddi inam yoxdur.

- 2016-cı ildə keçiriləcək seçkilərdə hansı qüvvə qalib gələcək?
- Mən özüm siyasi prosesləri təhlil edirəm, habelə Gürcüstanın sanballı analitiklərinin proqnozlarına diqqət edirəm, özüm də siyasi proseslərin mərkəzindəyəm. Hesab edirəm ki, 2016-cı ildə “Gürcü Arzusu” koalisiyasının qələbəsi labüddür. Buna heç kim şübhə etmir. Ana müxalifət olan Vahid Milli Hərəkatın seçkilərdə böyük səs alacağı gözlənilmir. Əlbəttə, onlar bizi tənqid edir, bildirirlər ki, seçkidə verdiyimiz vədlərin bəzilərini həyata keçirməmişik. Lakin bu o demək deyil ki, Vahid Milli Birlik Hərəkatı qalib olacaq. Onların üzərindən xətt çoxdan çəkilib. Lakin hesab edirəm ki, 2016-cı ildən sonra koalisiyanın tərkibində müəyyən dəyişikliklər ola bilər. Seçkidən sonra yeni koalisiyanın qurulması gözləniləndir. Nəzərə alın ki, seçkilərdə parlamentə digər siyasi qüvvələr də daxil olacaq. Böyük ehtimalla seçkinin nəticələrinə uyğun olaraq koalisiya hökuməti qurula bilər. Lakin “Gürcü Arzusu” koalisiyanın seçkilərdə qalib gələcəyinə heç kim şübhə etməsin.

Nemət


Müəllif:

Oxşar xəbərlər