“İşləyən insanların ətrafında həmişə hansısa gözü götürməyənlər olub və olacaq. Bu, həyatdır. Əgər mən, ya mənim hörmətli kolleqalarım bunlara baş qoşsaq, qiymətli vaxtımızı bu ünsürlərlə dava-dalaşa, yazışmalara sərf etsək, onda işimizi kim görəcək, bizdən kömək diləyib qapımızı döyənləri nə zaman dinləyə biləcəyik? Mən Facebook sosial şəbəkəsində özümə və rəfiqələrimə qarşı o qədər xoşagəlməz, tərbiyəsiz statuslar oxuyuram, amma heç birinə bir dəfə də olsun cavab vermirəm. Çünki onlar buna dəyməz. Onlarla deyişməyə nə vaxtım, nə də həvəsim var”.
Bunu qəzetimizə müsahibəsində hüquq müdafiəçisi Səidə Qocamanlı bildirib. Müsahibəni təqdim edirik:
- Avropa Şurası, Azərbaycan hökuməti və vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət insan hüquqlarının problemlərinin həllinə dair Birgə İşçi Qrupu yaradılmışdı. Avropa Şurasının nümayəndəsi bu qurumu tərk edib. Bundan sonra İşçi Qrupunun fəaliyyəti necə olacaq?
- 2014-cü ilin iyununda Prezident İlham Əliyevlə Avropa Şurasının Baş katibi Torbyorn Yaqland arasında olan razılaşmaya görə 2007-ci ildə fəaliyyəti dayandırılmış Birgə İşçi Qrupu yenidən bərpa olundu. Bu qrupda dövlət strukturlarının, vətəndaş cəmiyyətinin nümayəndələri, üçüncü tərəf kimi isə Avropa Şurasının nümayəndəsi, AŞ-nin Siyasi İşlər üzrə Departamentinin başçısı Aleksandr Gessel də iştirak edirdi. Aleksandr Gessel İşçi Qrupunun keçirildiyi bütün iclaslarda iştirak edirdi və yaranmış dialoqun səviyyəsindən, həll olunan məsələlərin operativliyindən məmnunluğunu dəfələrlə bildirmişdi. Qısa vaxt kəsiyində 16 nəfər məhbusun azadlığa buraxılmasında, 50-yə yaxın şikayətin müsbət həllində İşçi Qrupunun müstəsna rolu olub. Son iclasımız aprel ayında oldu və ondan sonra obyektiv səbəblər üzündən, yəni Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar, sonra isə yay tətilli zamanı hamını bir araya toplamaq mümkün olmadığından, hazırda isə parlament seçkilərinə hazırlıq mərhələsi olduğundan iclaslara ara verildi.
- Amma fəaliyyətinizi davam etdirdiniz...
- Bəli, ümumi toplantıların keçirilməməsinə baxmayaraq, İşçi Qrupunda təmsil olunan hüquq müdafiəçiləri mütəmadi olaraq fəaliyyətlərinə davam edib, ayda iki dəfə toplantılar keçirərək vətəndaşlardan daxil olan şikayətlərə baxıb, müvafiq orqanlara müraciət ediblər. Şikayətlərin böyük bir qismi müsbət həllini tapıb. Seçkilərdən sonra, yəni noyabr ayının ortalarında artıq Birgə İşçi Qrupu tam tərkibdə toplaşaraq işinə davam edəcək. Avropa Şurasının təmsilçisinə gəldikdə, unutmayın ki, problemlərin ölkəmiz daxilində həll edilməsində, insan hüquqlarının pozulması ilə bağlı faktların aradan qaldırılmasında Avropa Şurasından çox özümüz maraqlıyıq. Ona görə də indən belə İşçi Qrupu tərəfindən həll olunan problemləri beynəlxalq təşkilatlar qarşısında sərgiləyərək özümüzün öz problemlərimizi həll etmək gücündə olduğumuzu göstərməliyik.
- Sizcə, İşçi Qrupdan AŞ-nin nümayəndəsinin çıxmasına səbəb nə oldu və bu həbsdə olan insanların taleyinə yaxşı mənada təsir göstərə bilərmi?
- Unutmayın ki, Avropa Şurasında Azərbaycana qarşı böyük qıcıqla yanaşan qüvvələr mövcuddur. Hər vəchlə onlar ölkəmizə qarşı basqıların, təzyiqlərin olmasında maraqlıdırlar. Yay sessiyasını xatırlayın. Başqa üzv ölkələrdə olan pozuntuları, elə qonşumuz Gürcüstan və Ermənistanda siyasi motivlərlə həbsxanalara atılan məhbusların problemini dilə gətirməyərək, buna göz yumaraq məhz bizim ölkəmizi hədəfə almışdılar. Bu, birinci dəfə deyildi. Zənnimcə, elə həmin maraqlı qrup da Baş katibə təzyiqlər edərək öz təmsilçisini geri çəkməyə vadar edib. Təbii ki, bu həm hüquq müdafiəçilərinin işinə, həm də Avropa Şurasının özünə zərbə idi. Çünki Avropa Şurası Birgə İşçi Qrupunun simasında konstruktiv dialoqu həmişə təqdir edir və müsbət qiymətləndirirdi. Başqa bir səbəbsə o idi ki, Avropa Şurası Birgə İşçi Qrupunun iclaslarında adları gündəmə gətirilən məhbusların azad olunmasını gözləyirdi. Biz, hüquq müdafiəçiləri xəstə olan, əfv ərizələri ilə müraciət edən, cəzalarının böyük hissəsini artıq çəkmiş olan, öz davranışları ilə müsbət qiymətləndirilən məhbusların azad olunması məsələsini iclaslarımızda qaldırmışdıq və Avropa Şurası may ayında əfv fərmanının verilməsini səbirsizliklə gözləyirdi. Təəssüf ki, olmadı və bu da öz növbəsində ölkəmizə qarşı səlib yürüşündən əl çəkməyənlərin əlində bir instrument kimi işləndi.
- Sədri olduğunuz təşkilat daima AŞ PA toplantılarında iştirak edir, lakin son zamanlar sessiyalara qatılmırsınız. Bunun səbəbi nədir?
- Rəhbərlik etdiyim təşkilat 13 il bundan öncə yaratdığımız Monitorinq Qrupunun üzvüdür. Monitorinq Qrupuna beş nüfuzlu hüquq müdafiə təşkilatı daxildir. Bu qrup çərçivəsində 10 ildir ki, biz AŞPA-nın sessiyalarında vətəndaş cəmiyyətini təmsil etmişik və kifayət qədər müsbət fəaliyyətimiz olub. Hazırda da digər beynəlxalq təşkilatlarla yanaşı Avropa Şurası ilə də işimizə davam edirik. Sadəcə olaraq ötən ilin yayında bir neçə hüquq müdafiəçisinin həbsi bizim də işimizə öz təsirini göstərdi. Bilirsiniz ki, biz daha çox əyalətlərdə gənclərlə, qadınlarla maarifçilik işi aparır, layihələr icra edirik. Layihələrimizin dayandırılması, fəaliyyətimizin demək olar ki, iflic vəziyyətinə düşməsi bizi daha çox təşkilatlarımızın problemləri ilə məşğul olmağa vadar etdi. Məhz bu üzdən səfərlərimizə ara verdik. Şükürlər olsun ki, artıq problem aradan qalxıb, vətəndaş cəmiyyətinə yaşıl işıq yandırılıb və biz hazırda öz fəaliyyətimizə davam edirik. Strassburq səfərimizi isə 2016-nın qışına saxlamışıq. Ümid edirəm ki, o zamana kimi əfv fərmanı da veriləcək, Birgə İşçi Qrupunun təklifi də nəzərə alınaraq siyahımızda olan məhbuslar azadlığa qovuşacaqlar.
- Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Günündə əfv gözləyirsinizmi?
- Neçə illərdir ki, Azərbaycanda bir ənənə kimi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl ərəfəsində əfv fərmanı verilir. Bunu tək biz yox, neçə-neçə məhbus ailəsi gözləyir. Məhbəsdə olanların bu gözəl bayramları azadlıqda, sevdiklərinin əhatəsində olmaq sevincini bölüşməyi səbirsizliklə gözləyirik.
- Oktyabrın 26-da üzvü olduğunuz Müsavat Partiyasının mitinqinə qatılmışdınızmı, aksiya haqqında təəssüratınız necədir?
- Xeyr, qatılmamışdım. Çünki xaricdə idim.
- Bəs, partiyanızın indiki durumdan çıxması üçün sizcə, hansı addımlar atılmalıdır?
- Bir yolu var- kin-küdurətdən, inciklikdən, birincilik uğrunda gedən mənasız çəkişmələrdən, xoşagəlməz söz-söhbətlərdən əl çəkmək, bunları qatlayıb bir tərəfə atmaq. Partiya bir daha öz ziyalılığını nümayiş etdirməlidir.
- Azərbaycanda hüquq müdafiəçiləri arasında heç də xoş münasibət müşahidə edilmir. Əksər hallarda hüquq müdafiəçiləri mediada bir-birinə qarşı çıxış edirlər. Sizinlə və Monitorinq Qrupunun üzvləri haqqında da mütəmadi yazılar, mövqelər olur. Bu proses nə vaxta qədər davam edəcək?
- İşləyən insanların ətrafında həmişə hansısa gözü götürməyənlər olub və olacaq. Bu, həyatdır. Əgər mən, ya mənim hörmətli kolleqalarım bunlara baş qoşsaq, qiymətli vaxtımızı bu ünsürlərlə dava-dalaşa, yazışmalara sərf etsək, onda işimizi kim görəcək, bizdən kömək diləyib qapımızı döyənləri nə zaman dinləyə biləcəyik? Mən Facebook sosial şəbəkəsində özümə və rəfiqələrimə qarşı o qədər xoşagəlməz, tərbiyəsiz statuslar oxuyuram, amma heç birinə bir dəfə də olsun cavab vermirəm. Çünki onlar buna dəyməz. Onlarla deyişməyə nə vaxtım, nə də həvəsim var. Bizim daha müqəddəs, təmənnasız missiyamız var - insanlara qarşı daha duyğulu olmaq, dərdlərinə şərik olub köməklik etmək. Bundan gözəl nə ola bilər! Bu hər bir söz-söhbətdən daha qiymətli işdir. Yadıma bir epizod düşdü. Bir dəfə Zaqataladan bir ağbirçək ana gəlmişdi. Rastlaşdığı problem çox ağır idi, iki saata yaxın mənə başına gələnləri nağıl etdi. Mən səbirlə, mehribancasına onu dinləyirdim, baxmayaraq ki, gedəsi yerim var idi. Ayağa qalxıb getmək istəyəndə dedi: “Qızım, bilirəm ki, problemim çətindir. Bəlkə heç həll etməyə imkanın da olmadı. Amma sənə ona görə minnətdaram ki, bu qədər vaxtını sərf edib məni diqqətlə dinlədin, ürəyimi boşalda bildim”. Bax belə. Ona görə də bizə çamur atanlar işlərini davam etsinlər, biz cəmiyyətimiz qarşısında boynumuza götürdüyümüz missiyanı bilirik və xeyirxahlığımızı sona qədər də aparacağıq. Təki ömür vəfa etsin.
Nemət