2 Noyabr 2015 16:44
1 187
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bəzi beynəlxalq və regional təşkilatlar müxtəlif hegemon və imperialist mərkəzlərin struktur tərkibi qismində çıxış edirlər. Yəni onların öz əsasnaməsində əksini tapan, fəaliyyət prinsipini müəyyən edən qlobal dəyərlər, beynəlxalq hüquq gözardı olunur. Baxın, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu öz əsasnaməsini pozdu, beynəlxalq hüquqa sayğısızlıq nümayiş etdirdi. Həm də Azərbaycanla qarşılıqlı şəkildə üzərinə götürdüyü öhdəliyi kobud formada pozdu. Demokratiyanın başlıca mahiyyəti mövcud cəmiyyətdə yaşayan insanların həyat keyfiyyətini yüksəltmək, sabitliyi təmin etməkdir. Bu isə Azərbaycanda mövcuddur”.

Bunu qəzetimizə müsahibəsində “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, son parlament seçkilərində qələbə qazanan Hikmət Babaoğlu bildirib. Müsahibəni təqdim edirik:

- Hikmət müəllim, 1 noyabr seçkilərinin nəticəsinə görə, Siz də millət vəkili seçilmisiniz. Təəssüratlarınız necədir?
- Azərbaycanda beşinci çağırış Milli Məclisə seçkilər ölkəmizin milli demokratiyasının təntənəsi kimi yadda qaldı. Eləcə də, Azərbaycan seçicisinin siyasi mədəniyyətinin yeni keyfiyyətdə təzahürü olaraq yadda qaldı. Və Azərbaycanda siyasi sistemin funksional, effektiv olması ilə seçildi. Hər bir demokratik cəmiyyət üçün bu göstəricilər olduqca vacibdir. Mən də bir Azərbaycan vətəndaşı olaraq buna sevinir, mənə etimad göstərib namizədliyimi irəli sürdüyünə, habelə seçkilərdə əldə etdiyim qələbəyə görə Yeni Azərbaycan Partiyasına minnətdarlığımı bildirirəm.

- Beşinci çağırış parlamentin tərkibini necə qiymətləndirirsiniz, ilkin müşahidələr göstərir ki, Milli Məclisin tərkibində müəyyən dəyişikliklər baş verib...
- Hər bir ölkənin parlamenti dövlətin qanunverici orqanı olaraq fəaliyyət göstərir və daim təkmilləşən siyasi sistemdə yeni qanunların qəbul edilməsi vacib şərt olaraq meydana çıxır. Parlament həmçinin ictimaiyyətlə hakimiyyət arasında bir dialoq funksiyasını yerinə yetirir. Hesab edirəm ki, həm təcrübə, həm də parlamentə yeni üzvlərin daxil olması, yeni nəfəsin açılması baxımından Azərbaycan parlamenti indiki tərkibdə çox effektiv fəaliyyət göstərəcək. Parlamentin yeni tərkibi Azərbaycan seçicisinin maraqlarını yerinə yetirəcək intellektual və təcrübə potensialına, gücə malikdir. Hesab edirəm ki, çox uğurlu bir parlament formalaşıb.

- Siz ilk dəfədir deputat seçilirsiniz. Namizədliyiniz hakim partiya tərəfindən irəli sürülüb, bəs seçicilərinizlə münasibətləriniz hansı formatda qurulacaq?
- Əlbəttə, seçicilərlə münasibətlərimin hansı formatda qurulmasına dair düşüncələrim var. Mən ilk növbədə mənə səs verən seçicilərə, dairənin ərazisində yaşayan vətəndaşlarımıza öz dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Həmçinin seçicilərimi əmin etmək istəyirəm ki, onların verdikləri səsə layiq olmağa çalışacağam. Parlament üzvünün həm qanuni, həm də mənəvi borcudur ki, ona səs verən seçiciləri ilə daim ünsiyyətdə olsun, onları dinləsin, problemləri ilə tanış olsun. Ünsiyyət prosesində mövcud qanunvericiliyə uyğun olaraq parlament üzvünün səlahiyyətləri çərçivəsində mümkün olan hər bir şeyi etmək vacibdir. Mən də öz partiyama, ölkəmizin sosial dövlət fəlsəfəsinə arxalanaraq bunu etməyə çalışacam. Yəni hər bir seçicimin müraciətinə diqqət edəcək, buna uyğun olaraq fəaliyyət göstərəcəyəm.

- Azərbaycan parlamentində yaxın 5 il üçün media adına iki nümayəndə fəaliyyət göstərəcək, siz və Əflatun Amaşov. Bu iki media nümayəndəsinin parlamentdə olmasının mətbuata müsbət təsiri olacaqmı?
- Jurnalistika və onun inkişafı daim aktualdır. Çünki intellektual inkişafın sərhədi yoxdur. Bu gün Azərbaycanda medianın və jurnalistikanın inkişafı üçün dövlət tərəfindən çox ciddi qayğı göstərilir, müsbət şərait yaradılır. Bununla belə, parlamentdə təmsil olunduğum müddətdə jurnalistika və media ilə bağlı hər hansı bir məsələ vacib şərt kimi ortaya çıxarsa, hörmətli həmkarlarım əmin olsunlar ki, daim onların maraqlarından çıxış edəcəyəm və jurnalistikanın inkişafına yeni şərait yaradacaq qanunların qəbul olunması üçün əlimdən gələni edəcəyəm.

- Azərbaycan parlamentində çox az sayda deputat var ki, özü qanunvericilik təşəbbüsü ilə çıxış edir, hansısa sahələrlə bağlı qanun layihələri hazırlayır. Bu baxımdan Sizin fəaliyyətiniz necə olacaq?
- Təşəbbüskarlıq və ictimai fəallıq hər bir fərdin ümdə vəzifəsi olmalıdır. Çünki bu, olmasa, cəmiyyətdə inkişaf da arzuedilən səviyyədə olmaz. Bu mənada qanunvericilik təşəbbüsü ilə hər bir deputatın çıxış etməsi vacibdir. Lakin buna ehtiyac olduğu təqdirdə belə təşəbbüslər irəli sürülməlidir. Odur ki, əgər, belə qanunlara ehtiyac olacaqsa, mən də bu prosesdə fəal olmağa çalışacam.

- Deputat seçildikdən sonra baş redaktorluqdan istefa verəcəksiniz?
- Seçki qanunvericiliyinə əsasən, şəxs parlament üzvü seçilərsə, hansı vəzifələrdən istefa verməli olduğuna dairə konkret kriteriyalar mövcuddur. Hazırda mənim tutduğum vəzifə bu kriteriyalara aid deyil. Başqa sözlə, mən dövlət, bələdiyyə məmuru deyiləm, dövlət adına göstəriş vermək kimi səlahiyyətim yoxdur. Odur ki, indilikdə baş redaktorluğum parlament fəaliyyətimə heç bir maneçilik törətmir.

- Seçkilərlə bağlı rəylər ifadə olunmaqdadır. Özünüz namizəd olmusunuz, müşahidəçiləriniz və vəkilləriniz olub. Azərbaycanda keçirilən parlament seçkiləri sizi qane edibmi, seçki prosesində şəffaflıq qorunubmu?
- Əgər parlament seçkilərinin qiymətləndirilməsi 10 ballıq şkala üzrə olsaydı, mən buna 10 bal verərdim. Çünki 2015-ci il parlament seçkiləri Azərbaycan seçicisinin yüksək seçici mədəniyyəti və xüsusi intellektual yanaşması ilə yadda qaldı. Bu gün Azərbaycan seçicisi parlament seçkilərində olduqca fəal və şüurlu iştirakı ilə yadda qaldı. Bilirsiniz ki, Azərbaycan cəmiyyəti ötən illər ərzində yüksək intellektual keyfiyyətlər əldə edib. Azərbaycanın hüquq sistemi vətəndaşlarımız, o cümlədən seçicilər tərəfindən mənimsənilib. Ona görə də, bu seçkilər Azərbaycanda hüquqi dövlətin və milli demokratiyanın təntənəsi idi. Şübhəsiz ki, seçkilərlə bağlı neqativ rəylər də olacaq. Bu, daima olur. Cəmiyyətdə hamının fikri eyni ola bilməz. Fikir və düşüncə azadlığı bütün demokratik cəmiyyətlərə xas haldır. Tənqid etmə bütün demokratik cəmiyyətlərdə mövcuddur və Azərbaycan da demokratik bir ölkədir. Odur ki, bu kimi halların şahidi olmaq da normaldır.

- Bəzi beynəlxalq qurumlar Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etməkdən imtina etdi və gözlənilir ki, seçkilərlə bağlı neqativ rəylər ifadə olunsun. Bunu necə şərh edərdiniz?
- Bəzi beynəlxalq və regional təşkilatlar müxtəlif hegemon və imperialist mərkəzlərin struktur tərkibi qismində çıxış edirlər. Yəni onların öz əsasnaməsində əksini tapan, fəaliyyət prinsipini müəyyən edən qlobal dəyərlər, beynəlxalq hüquq gözardı olunur. Baxın, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu öz əsasnaməsini pozdu, beynəlxalq hüquqa sayğısızlıq nümayiş etdirdi. Həm də Azərbaycanla qarşılıqlı şəkildə üzərinə götürdüyü öhdəliyi kobud formada pozdu. Demokratiyanın başlıca mahiyyəti mövcud cəmiyyətdə yaşayan insanların həyat keyfiyyətini yüksəltmək, sabitliyi təmin etməkdir. Bu isə Azərbaycanda mövcuddur. Bu gün Azərbaycanda cəmiyyət elə intellektual bir toplumdur ki, bu tip hədələri, yanaşmaları nəinki qəbul etmir, hətta onu ciddiyə almır. Bu gün Azərbaycan seçicisi bilir ki, o dairələr kimlərdən ibarətdir, onların verdikləri bəyanatlar haradan sifariş edilir və hansı məqsədlərə xidmət edir. Odur ki, bu mərkəzlərin qərarlarının Azərbaycana heç bir təsiri və əhəmiyyəti yoxdur. Sadəcə olaraq onlar belə qərar və rəylərlə özlərini ifşa etmək yolunu tuturlar.

- Növbəti 5 il üçün parlament formalaşır. Azərbaycanın ən ağrılı problemlərindən biri də Dağlıq Qarabağ məsələsidir. Yaxın 5 ildə bu problemin həllini gözləmək mümkündürmü?
- Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ problemi Azərbaycan xarici siyasətinin ən prioritet mövzusu və istiqamətidir. Lakin bu problemin həlli üçün regionda mövcud olan güc mərkəzlərinin tarazlığında bir dəyişiklik olmalıdır. Əks təqdirdə, problemin həlli prosesi uzanacaq. Hesab edirəm ki, bir qədər gözləmək lazım gəlir. Yəni ilk növbədə Dağlıq Qarabağ probleminin həll edilməsi üçün, bu problemi yaradan ölkə öz xarici siyasətində bu problemin həllini diqqətə gətirməlidir. Nə qədər ki, həmin ölkə bu problemi həll etmək fikrində olmayacaq və onu həll etmək prosesinə səmimi yanaşmayacaq, bu məsələdə də irəliləyiş əldə olunmayacaq. İndilikdə bu şərtlər içərisində Azərbaycan çevik hücum diplomatiyası həyata keçirir. Diqqət edəndə görünür ki, müəyyən uğurlar əldə olunub, amma bu uğurlar hələlik problemi həll edəcək qədər böyük deyil. İnanmaq istərdik ki, yaxın 5 ildə Azərbaycan milli diplomatiyasının bu cəhdləri öz bəhrəsini verəcək.

- Azərbaycanla yanaşı Türkiyədə də parlament seçkiləri keçirildi. Bu seçkilərin nəticəsini necə şərh edirsiniz?
- İndi beynəlxalq siyasətdə klassik tarazlıq sistemi pozulub. Artıq beynəlxalq siyasətdə yeni güc tarazlığı meydana çıxır, təkrarən ikiqütblü sistemin formalaşmasının əlamətləri görünür. Belə situasiyada mütləq vacibdir ki, milli dövlətlərin idarəetməsində və siyasi sistemində sabitlik və monolitlik olsun. Türkiyədə keçirilən 1 noyabr seçkiləri bu monolitliyi təmin etdi. Türkiyənin milli maraqlarının qorunması baxımından bu seçkilərin nəticəsi ümidverici oldu.

- Seçki prosesi başa çatıb, Sizə rəqib olan siyasətçilərə sözünüz nədir?
- Rəqiblərimə uğurlar arzu edirəm. Onlar bu prosesdə siyasi rəqabət üsullarını mənimsədilər, öyrəndilər.

Nemət


Müəllif: