4 Noyabr 2015 10:43
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Aplarslan Türkeş hakimiyyətdən daha çox dövlətin maraqlarını müdafiə edən kəsimə liderlik edirdi. Onlar üçün siyasət son məqamda gələn amil idi. Lakin Baxçalının zamanında MHP ifrat dərəcədə siyasiləşdirildi və bəlli qrupun maraqlarına xidmət edən təşkilata çevrildi. Bu da öz nəticəsini verdi. Hazırda MHP dağılır. İndiki halda əgər MHP-nin rəhbərliyinə yeni düşüncə tərzi gələcəksə, bu zaman Türkeşin platformasını qoruyub saxlamaq mümkün olacaq. Əks təqdirdə MHP digər millətçi partiyaların içərisində əriyib gedəcək”.

Bunu Teleqraf.com-a müsahibəsində siyasi analitik Elçin Mirzəbəyli bildirib. Müsahibəni təqdim edirik:

- Türkiyədə seçkilər başa çatsa da, müzakirələr davam edir. Qardaş ölkədə keçirilən parlament seçkilərinin nəticələrini necə qiymətləndirirsiniz?
- Bundan öncə keçirilən seçkidən dərhal sonra qeyd etmişdim ki, Ədalət və İnkişaf Partiyası (AKP) əgər kifayət qədər səs toplamasa, koalisiya hökuməti yaranmayacaq. Çünki Cümhuriyyət Xalq Partiyası (CHP) ilə AKP-nin birgə koalisiya hökuməti qurması mümkün deyildi. Əvvəla, bu iki partiya arasında körpülər yandırılmışdı. İkincisi, ideoloji fikir ayrılıqları Türkiyədə ciddi məsələdir. Millətçi Hərəkat Partiyası (MHP) ilə AKP-nin tabanı bir olduğu üçün bu partiyaların koalisiya qurması real idi. Təəssüflər olsun ki, MHP başqanı Dövlət Baxçalı bu şansdan istifadə etmədi. Əslində, AKP hökumətinin ünvanına səslənəcək kifayət qədər ittihamlar var idi və MHP bu məsələdə haqlı idi. Lakin dövlətin mənafeyi tələb edəndə Alparslan Türkeşin platforması üzərində fəaliyyət göstərən partiya bu mövqeni nümayiş etdirmirdi.

- Seçkilərin nəticəsi gözlənilən idimi?
- Gözlənilən idi. Çünki AKP bu situasiyadan istifadə etdi. Xalqa mesajlar verdi ki, baxın, təkpartiyalı hökumət olanda problemlər yaranmırdı. İkincisi də, bu insanlarla ortaq dil tapmaq, hökuməti birgə formalaşdırmaq mümkün deyil. Xalqa hesablanan bu mesajlar 1 noyabrda öz bəhrəsini verdi. Beləliklə də, Türkiyənin seçiciləri MHP və CHP-ni cəzalandırdı. Düzdür, daha çox MHP cəzalandırıldı. Lakin diqqət edəndə görürük ki, bu cəza elə MHP-çilərin özündən gəldi. Yəni taban eyni olduğundan, ideoloji baxışlarda ciddi fərqlər olmadığından MHP-nin davranışlarına, eyni zamanda Türkeşin oğlunun verdiyi mesaja uyğun olaraq MHP səslərinin bəlli qismini itirdi. Bu da parlamentdə yerlərin yarısının itirilməsi demək idi. İndiki şəraitdə Türkiyə üçün bir partiyanın hakimiyyətdə olması daha çox əlverişlidir. Çünki bu mürəkkəb situasiyada mühüm qərarların qəbul edilməsi zamanı bir çox hallarda nə edəcəyini bilməyən CHP və ya MHP ilə razılaşmaq mümkün deyildi. Odur ki, indiki mürəkkəb geosiyasi şəraitdə Türkiyədə bir monolit iqtidarın olması daha məqsədəuyğundur.

- MHP-nin bundan sonrakı durumu necə olacaq?
- MHP sıfır versiyasına qayıtdı. Təbii ki, millətçilərin sayı Türkiyədə heç zaman çox olmayıb. Lakin bəlli bir kəsim var ki, onlar məhz dövlətin və türk millətinin maraqlarının qorunması üçün hər zaman fədakarlıq göstərirlər. Təəssüflər olsun ki, Dövlət Baxçalı fəaliyyətdə olduğu bu illər ərzində bu fədakar təbəqənin maraqlarını ifadə edə bilmədi. Dövlət Baxçalının xarizma ilə bağlı problemləri var idi, həm də lider kimi avtoritarlaşmışdı, partiya daxilində demokratik fikir müxtəlifliyinə diqqət etmirdi. Ətrafında topladığı şəxslər ona “rəis” deyərək tərif edirdilər. Prinsip etibarilə demokratik dəyərlərdən uzaq düşmüşdü. Bu da partiya daxilində demokratik dünyagörüşlü insanların kənarlaşmasına zəmin yaratdı. Digər tərəfdən, MHP Türkeşin platformasından da uzaq düşmüşdü. Aplarslan Türkeş hakimiyyətdən daha çox dövlətin maraqlarını müdafiə edən kəsimə liderlik edirdi. Onlar üçün siyasət son məqamda gələn amil idi. Lakin Baxçalının zamanında MHP ifrat dərəcədə siyasiləşdirildi və bəlli qrupun maraqlarına xidmət edən təşkilata çevrildi. Bu da öz nəticəsini verdi. Hazırda MHP dağılır. İndiki halda əgər MHP-nin rəhbərliyinə yeni düşüncə tərzi gələcəksə, bu zaman Türkeşin platformasını qoruyub saxlamaq mümkün olacaq. Əks təqdirdə MHP digər millətçi partiyaların içərisində əriyib gedəcək. Son zamanlar Türkiyədə bir neçə partiya yaranıb və millətçi xəttin üzərində köklənib. Böyük Birlik Partiyasının adını qeyd edə bilərik. Lakin bu partiya da uğur qazana bilmədi. Çünki Türkiyədəki millətçi kəsim şüarlara deyil, davranışlara diqqət edir. Əgər MHP-nin davranışlarında bundan sonra milli düşüncə tərzi özünü büruzə verəcəksə, bu partiya özünü qoruyub saxlaya biləcək. Əks təqdirdə, MHP zəifləyəcək və əriyib gedəcək.

- Xalqların Demokratik Partiyası (HDP) da müəyyən qədər səs itirdi və hazırda zəif duruma düşüb. Lakin bu partiya həm də PKK-nı müdafiə edir. Sizcə, parlamentə zəif daxil olan bu təşkilatın durumu necə olacaq?
- Əslində, HDP-nin aldığı səslərdə elə bir ciddi fərq yoxdur.

- Bu partiya bir milyon səs itirib.
- Bu bir milyon seçici AKP-ni dəstəkləyib. Yəni HDP-nin bu səsləri AKP-yə gedib. Şübhəsiz ki, bu 1 milyon insan bəlli etnik qrupu təmsil edən, lakin Türkiyənin bütövlüyünü istəyən və ölkədə qarşıdurma deyil, sabitliyi istəyən təbəqədir. Kürdlərin arasında da müxtəlif dünyagörüşlər var. Onların içərisində Türkiyənin güclənməsini, qarşıdurmaların olmamasını istəyən, dövlətə bağlılığı olan yetərincədir. HDP əvvəlki seçkidə barış məsələsini qabardırdı. Bu 1 milyon insan da barış üçün HDP-yə səs vermişdi. Lakin sonradan Türkiyə qana sürüklənəndə, HDP açıq formada PKK-ya dəstək verəndə, bu insanlar AKP-yə səs verdilər. Bu da faktiki olaraq HDP-nin cəzalandırılması idi. İndiki şəraitdə HDP bu fəaliyyətini müəyyən müddət davam etdirəcək. Ya barış sürəcinin davam etdirilməsi üçün AKP-nin şərtləri altında yola çıxacaq, ya da qısa zaman ərzində HDP daxilində ciddi ziddiyyətlər yaranacaq. Mümkündür ki, qopmalar da yaşansın. Nəzərə alın ki, HDP daxilində olanlar heç də bir dünyagörüşü paylaşmırlar. PKK sol ideyalarla yüklənən, lakin separatçı və aşırı millətçi təşkilatdır. Lakin HDP-də yer alan insanlar içərisində sol mərkəzçi, eyni zamanda Türkiyə dövlətinin parçalanmasını arzu etməyən, barış sürəcinin davam etdirilməsini istəyən şəxslər də var. HDP-də öndə olan bir sıra liderlər PKK-nın sözçüsü olaraq fəaliyyətini davam etdirəcəksə, sözsüz ki, bu partiya daxilində parçalanmalar baş verəcək.

- CHP-nin mövqeyini necə qiymətləndirirsiniz və bu partiya AKP-yə rəqib olaraq davam edə biləcəkmi?
- CHP bəlli bir elektorata malik partiyadır. Bu partiyanın əldə etdiyi səslər daha çox ideoloji səslərdir. CHP-yə səs verənlərin arasında, şübhəsiz ki, HDP-dən olanlar da var. Nəzərə almaq lazımdır ki, CHP və HDP-də sol düşüncəli şəxslər çoxdur. Qılıncdaroğlunun seçki ərəfəsində PKK ilə bağlı, Suriya mövzusunda və AKP iqtidarı barədə səsləndirdiyi sərt sözlər ola bilsin ki, HDP-yə yaxın solçuların CHP-yə meyllənməsinə zəmin yaradıb. Hazırda CHP prosesə ana müxalifət olaraq daxil olub, lakin həm də itirib. Şübhəsiz ki, CHP yaxın 5 ildə AKP-yə qarşı ittihamlarını davam etdirəcək. Hər şey bundan sonra proseslərin necə cərəyan edəcəyindən asılıdır. Əgər AKP öz fəaliyyətində yenidən səhvlər buraxacaqsa, daxili siyasətdə özünün başlatdığı açılım siyasətinin uğurla nəticələnməsinə çalışmayacaqsa, eləcə də, regionda mövqelərini itirəcəksə, bu zaman növbəti seçkilərdə CHP daha çox səs qazanmaq imkanı əldə edəcək. Amma ümumilikdə Türkiyə siyasətini götürdükdə, türk düşüncəsinə diqqət edəndə bəlli olur ki, CHP-nin nə zamansa təkbaşına hakimiyyətə gəlməsi imkansızdır. Sol ideyalar Türkiyədə bəlli bir kəsimi maraqlandırır. Əsas düşüncə sahibləri daha çox milli-dini ideoloji platformaya söykənən insanlardır. Onlar isə heç zaman CHP-ni dəstəkləməyəcək.

- Seçki başa çatıb, İŞİD və PKK-ya qarşı əməliyyatlar davam edir. Təkpartiyalı hökumət formalaşandan sonra bu istiqamətlərdə nə gözlənilir?
- PKK ilə bağlı barış sürəci gündəmə gətiriləcək. Son bir neçə ayda onsuz da PKK-nın mövqelərinə kifayət qədər ciddi zərbələr endirilib. Bu zərbələrin nəticəsində PKK müəyyən qədər öz mövqelərini itirib. Bununla da, bir sıra partiyaların, xüsusilə MHP-nin ortaya atdığı iddialar AKP tərəfindən sıfıra endirilib. MHP bəyan edirdi ki, AKP iqtidarı PKK-ya qarşı mübarizə aparmır, onun mövqelərinə zərbə endirmir. İndi AKP-nin PKK-ya qarşı hücumlar təşkil etməsi, çoxlu sayda terrorçunu məhv etməsi MHP-nin bəlli ittihamının qarşısını aldı. Bundan sonra AKP rahat formada yola davam edə bilər. Lakin indi AKP ancaq öz şərtlərini diktə edəcək. Artıq nə HDP, nə də PKK-nın digər sözçüləri AKP qarşısında ciddi şərtlərlə çıxış edəcək. Əgər belə şərtlərlə çıxış olunacaqsa, bu zaman onsuz da İŞİD tərəfindən divara dirənən PKK-nın bəlli qollarına qarşı AKP hökuməti sərt davranışlar ortaya qoya bilər. Bu isə PKK-nı daha zor duruma sala bilər. Mən müəyyən zaman kəsimində PKK və onun sözçülərinin Türkiyənin şərtləri ilə razılaşacağını düşünürəm.

- Yəni artıq Türkiyə qeyri-stabil bir situasiyadan stabil bir vəziyyətə keçid edəcək?
- Sabitlik yaranacaq, itirilən mövqelərin bərpa olunmasına çalışılacaq.

Nemət


Müəllif: