6 Noyabr 2015 18:04
752

Teleqraf.com Yeni Azərbaycan Partiyasından deputat seçilən Məlahət İbrahimqızının müsahibəsini təqdim edir:

- Məlahət xanım, 1 noyabr seçkilərinin nəticəsini, seçki prosesini necə qiymətləndirirsiniz?
- Çox yüksək səviyyədə keçirilən seçki kimi qiymətləndirirəm. Parlament seçkiləri azad, sakit, demokratik şəraitdə keçirildi. Hər bir seçici seçki məntəqəsinə gedərək istədiyi namizədə səs verdi. Bir çox ölkələrdən Azərbaycana gələn beynəlxalq müşahidəçilər də elan etdilər ki, azad və demokratik seçkilər keçirilib. Onlar qeyd etdilər ki, bir sıra ölkələrdə seçkiləri polis keçirir. Azərbaycanda bütün məntəqələrlə əlaqəmiz vardı, televiziya da seçki prosesini canlı yayımlayırdı. İnsanlarımız iradəsini bülletenlərdə ifadə etdi, istədiyi şəxsə səsini verdi.

- Seçicilərə hansı vədlər vermisiniz və bundan sonra onlarla ünsiyyətinizi hansı formada quracaqsınız?
- Mən dördüncü dəfədir ki, YAP-ın etimadı, partiya rəhbərliyinin qərarı ilə seçkilərə qatılıram. Bu, çox böyük etimad, mənim üçünsə böyük şərəfdir. Nəsimi rayonundan deputat seçilməyim də şərəfdir. Sözsüz ki, bizim namizəd olaraq fərdi platformamız yox idi. Bizim platformamız YAP-ın platforması idi. YAP iqtidar partiyasıdır, onun sədri cənab Prezident İlham Əliyevdir. Onun apardığı daxili və xarici siyasət, həyata keçirilən layihələrin müdafiə olunması bizim partiyanın irəli sürdüyü deputatların 24 saat müsəlləh əsgər olmasını qaçılmaz edir. İkincisi, vəd verdiyim kimi daima seçicilərimin yanında olacağam. Mən seçicilərimin, seçicilərim isə mənim bir parçam olacaq. İstədikləri vaxt məni görə biləcəklər. Mən YAP-ın Nəsimi rayon təşkilatının sədriyəm. Bu, ölkəmizdə ən böyük təşkilatlardan biridir. Bizim qapımız hər kəsin üzünə açıqdır. Burada qəbul saatı yoxdur, insanlar, seçicilərimiz istədikləri zaman bura gəlirlər. Onların qaldırdığı şəxsi problemlərdən tutmuş qanunvericilik problemlərinə qədər diqqətimizdə olacaq. Nəzərə alın ki, hər cür seçici təbəqəsi var. Elə təbəqə var ki, siyasətlə maraqlanmır, bəziləri ali təhsilli deyil. Lakin mənim bir millət vəkili olaraq borcumdur ki, onların hər birinin qaldırdığı məsələləri dinləyim, problemlərini qanun çərçivəsində həll etməyə çalışım. Bizim seçki şüarımız -"Yeni hədəflərə doğru"dur. Eyni zamanda, Prezidentin müşavirədə bəyan etdiyi kimi, "mənim əsas məqsədim xalqa xidmət etməkdir, başqa amalım yoxdur". Möhtərəm Prezidentin dediyi bu fikir iqtidarda olan hər bir məmur, eləcə də YAP-dan seçilən hər bir deputata şamil olunur. İnsanlara xidmətlə bağlı bundan yüksək fikir yoxdur. Bu, bizim hər birimizin fəaliyyətimizin yol xəritəsidir. Bu istiqamətdə də işimizi davam etdirəcəyik. YAP-ın tapşırığı, atdığı addımlar bizim üçün əsas olacaq.

- Siz əvvəl namizədliyinizi Şəmkirdən irəli sürmüşdünüz. Dairənizi dəyişərək 20 saylı Nəsimi Seçki Dairəsindən namizəd olmağınıza səbəb nədir?
- Bəli, əvvəl 99 saylı Şəmkir Seçki Dairəsindən seçilmişdim və şəmkirliləri də çox sevirəm. İlk dəfə 2000-ci ildə seçkiyə proporsional siyahı ilə getmişdim. Həmin vaxt mən bu siyahıda 12-ci yerdə idim. Lakin sonradan referendum keçirildi və bizdə ancaq majoritar seçki sistemi əsas götürüldü. Mən son 15 ildə Şəmkir Seçki Dairəsindən deputat seçilmişəm. Təbii ki, namizədliyimi YAP irəli sürüb. İndi yerdəyişməmdə hər hansı sətiraltı məna yoxdur. Əslində, mənim Şəmkirdə seçicilərimlə işim yüksək səviyyədə qurulmuşdu, biz doğmalaşmışdıq. Amma bu, partiyamızın rəhbərliyinin qərarıdır. Biz partiyanın əsgəriyik. Hara məsləhət görsələr, ora da gedəcəyik. Ancaq burada həm də o məqam var ki, mən 10 ildir ki, YAP-ın Nəsimi təşkilatının sədriyəm. Nəzərə alındı ki, 10 il Nəsimi təşkilatında fəaliyyət göstərmişəm, insanlarla sıx ünsiyyətim var. Hesab edirəm ki, namizədliyimin bu dairədən irəli sürülməsi mənə böyük bir etimaddır. Mənə etimad göstərən partiya sədrimizə, rəhbərliyə, 600 min YAP-çıya, gənclərimizə təşəkkür edirəm. Eləcə də, seçicilərimə də sonsuz təşəkkür edirəm.

- Parlamentin indiki tərkibini necə qiymətləndirirsiniz?
- Bizim partiya çox dəyərli namizədlər irəli sürüb. Səmimi deyim ki, partiyamızın namizədlər siyahısında çox dəyərli, hörmətli və nüfuzlu şəxslər var idi. Məsələn, Tələbə Gənclər İttifaqının sədri Şahin İsmayılov aktiv gəncdir. Deputat seçildi. Eləcə də, Ucardan Vüsal Hüseynov seçilib, özü də Harvard Universitetinin məzunudur. Çox güclü, nüfuzlu namizədlərimiz olub. Əlbəttə, mən ancaq partiyamızın namizədləri haqqında danışa bilərəm. İldən-ilə partiyamız peşəkar şəxslərin namizədliyini irəli sürür. Hesab edirəm ki, biz gənc dövlətik, 24 ildir ki, müstəqilik. Getdikcə parlamentdə daha peşəkar siyasətçilərin təmsil olunduğuna və olunacağına heç bir şübhəm yoxdur. Təki Allah dünyada gedən qlobal fəlakətlərdən, təhlükələrdən, gözəgörünməz qara qüvvələrin apardığı oyunlardan ölkəmizi qorusun.

- Yaxın illərdə Dağlıq Qarabağ münaqişəsi istiqamətində irəliləyiş gözləyirsinizmi?
- Qarabağla bağlı bizim ən ciddi irəliləyişimiz ondan ibarətdir ki, Azərbaycan inkişaf edir, dövlətimiz güclənir, ordumuz müasirləşir, müdafiə sahəsində işlər təkmilləşdirilir, yeni modern hərbi texnologiya və texnika tətbiq olunur. Məncə, bu, Dağlıq Qarabağ münaqişəsinin həllinə gedən yoldur. Dövlətimizin gücü, xalqımızın rifahı, ölkəmizin inkişafı əsas yoldur. Biz güclü dövlət olmasaq, xalqımız inkişaf etməsə, iqtisadiyyatımız irəli aparılmasa, Qarabağ münaqişəsini necə həll edə bilərik? Ordumuz güclü olmasa, onun təchizatı müasir standartlara cavab verməsə, biz nə edə bilərik? Əhalimizin sayı artıq 10 milyona yaxınlaşır. Ancaq Ermənistanı əhali tərk edir, bu ölkənin iqtisadiyyatı yerində addımlayır, ordusu zəifləyir. Bütün bunlar, əslində, Qarabağ probleminin həllinə doğru atılan addımlardır. YAP-ın parlament seçkilərindəki "Yeni Hədəflərə Doğru" şüarı elə Qarabağa gedən yoldur. Prezidentin səsləndirdiyi kimi, bütövlükdə dövlətimizin güclənməsi elə Qarabağ probleminin həllinə böyük dəstək olacaq.

- Azərbaycanla eyni gündə Türkiyədə də parlament seçkiləri keçirildi. Qardaş ölkədə keçirilən seçkilərə görə, Ədalət və İnkişaf Partiyası 2019-cu ilə qədər ölkəni idarə edəcək. Bu nəticəni necə qiymətləndirirsiniz?
- Türkiyənin üzərində qala buludlar gəzirdi. Hər bir tarixçi bilir ki, tarixən Orta Doğu uğrunda mübarizə gedib. Orta Doğuda, Balkanlarda, Anadoluda kim söz sahibi olubsa, dünyada da söz sahibi olan ölkələrdən biri olub. Məhz bu səbəbdən Osmanlı İmperiyasını dağıtdılar. Qurtuluş savaşından sonra Türkiyə vəziyyətdən çıxdı. Dünya gücləri elə siyasət aparmışdı ki, az qala Türkiyə öz haqqını tələb etmək gücündə deyildi. İnkişafdan geri olan, kənd təsərrüfatı ölkəsi idi. Lakin 2002-ci ildən sonra AKP iqtidara gəldi və az sonra Türkiyədə sıçrayış baş verdi, ölkədə ciddi inkişaf getdi. Birdən-birə inkişafına görə, qardaş ölkə Avropada altıncı dövlət, dünyada isə 12-ci ölkə oldu. Bu gün Türkiyə G-20 ölkələrindən biridir. Bütün sahələrdə-təhsil, səhiyyə, sənaye, kənd təsərrüfatı, iqtisadiyyat inkişaf etdi. Bu isə Türkiyənin gündəliyini müəyyən edən qüvvələrə sərf etmirdi. Çünki AKP Türkiyənin gündəmini müəyyənləşdirən qüvvələrə "dayan" dedi. İndiki seçkilərdən sonra AKP yenidən böyük səs aldı, təkbaşına hökumət qurmaq imkanı əldə etdi. Hesab edirəm ki, Türkiyə həm öz daxilində, həm də regionda gündəmi özü müəyyən edəcək. Şübhəsiz ki, bütün bunlar dünyanın "ağalarını" qıcıqlandırır. Düşünürlər ki, əvvəllər Türkiyə addım atanda bizimlə məsləhət edirdi, lakin indi deyirlər ki, biz müstəqil və güc dövlətiyik. Baxın, 7 iyunda seçki oldu, lakin koalisiya alınmadı. Ölkədə hökumət qurulmadı, əvəzinə nələr baş verdi, qanlı terror hadisələri törədildi. İndi Türkiyədən Kiprə dənizin altı ilə 350 kilometrlik içməli su borusu çəkilir. Dünyanın ən böyük hava limanının təməli qoyuldu, Türkiyənin bütün iri şəhərlərində aeroportlar tikildi. Bu gün Suriya böhranı səbəbindən Türkiyəyə 2 milyona yaxın qaçqın pənah gətirib. Amma Avropa 30 min qaçqını qəbul etməyə çətinlik çəkir, saxlaya bilmir. Sərhədlərinə hasar çəkir ki, bu insanlar Avropaya daxil olmasın.

- Bunu Avropanın iflası kimi qiymətləndirmək olarmı?
- Əlbəttə, Avropada insanlıq, humanist dəyərlər məhv olur. İndi Türkiyədə olan Suriya qaçqınlarının 50 faizi Avropaya getsə, bu qitə pis duruma düşər. Halbuki, Suriya böhranını Misir, Türkiyə yaratmayıb, elə Avropanın özü yaradıb. Yəni Türkiyə daha əvvəlki Türkiyə deyil. Ərdoğan xarizmatik liderdir, öz dövlətinin və xalqının maraqlarını ifadə edir. Təbii ki, Azərbaycanı gözləri götürmədiyi kimi Türkiyəni də gözləri götürmür. İlham Əliyev kimi cəsarətli və qətiyyətli Prezidenti sevərlərmi? Təbii ki, yox. Onlara sərfəlidir ki, dediklərinə "baş üstə" deyən prezident olsun. Bu mənada Türkiyədəki parlament seçkilərinin nəticəsi böyük uğurdur, türk xalqının seçimidir. Biz də buna sevinirik. Türkiyənin gücü bizim gücümüz, Azərbaycanın uğuru Türkiyənin uğurudur. Azərbaycan və Türkiyə ayrılmaz qardaşdır və dünyada ikinci bir ölkə yoxdur ki, bizi Türkiyə kimi dəstəkləsin. Başqa bir ölkə də yoxdur ki, Türkiyəni Azərbaycan qədər müdafiə etsin. Bu mənada hər iki ölkədə keçirilən seçkilər uğurludur.

Nemət


Müəllif: