12 Noyabr 2015 10:21
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev Teleqraf.com-un suallarına cavab verib. Partiya sədri əsasən, bölgədə gedən proseslər haqqında danışıb.

- İranın Azərbaycan vilayətlərində insanların küçələrə axışması, televiziya kanalında təhqir olunmalarına qarşı nümayişlər keçirməsini necə qiymətləndirirsiniz?
- Millətin hisslərinə toxunmaq olmaz. Nəzərə almaq lazımdır ki, İran adlanan coğrafi məkanda türklər 900 il hakimiyyətdə olub. 1925-ci ildən sonra hakimiyyət Pəhləvilərə keçib. Fakt odur ki, İran Konstitusiyasının 15-ci maddəsinə əsasən, türk dili də dövlət dilidir. Lakin neçə illərdir ki, azərbaycanlılar öz ana dilində orta və ali məktəblərdə təhsil almır, muxtariyyət hüquqları yoxdur. Əlbəttə, son dövrlər regionda gedən proseslərə də diqqət edilməlidir. Bildiyiniz kimi, son aylar nüvə danışıqları ilə əlaqədar İran 5+1 formatında müzakirələr apardı. Sanki İran Qərbə yaxınlaşdı. Yaxın Şərqdə gedən proseslərdə də İran iştirak edirdi. Həmçinin tarixi müttəfiqi olan Rusiya ilə əlaqələri sayəsində dünya bazarına çıxdı. Suriya məsələsində şiə ideologiyasına uyğun olaraq Bəşər Əsədi dəstəklədi və bu məsələdə Rusiya ilə mövqeləri üst-üstə düşdü. Vaxtilə Azərbaycan Xəzər dənizində neft-qazma işləri aparanda İran buna mane olurdu, hətta elan edirdi ki, Xəzər hərbiləşdirilməməlidir. Lakin Rusiya gəmiləri Xəzərin İrana aid sektorundan Suriyada İŞİD-in mövqelərinə raket zərbələri endirdi. İran bu məsələdə səsini çıxarmadı. Sözsüz ki, İran bir neçə variantda siyasət yürüdür. Başqa sözlə, iqtisadi mənada Qərblə yaxınlaşır, siyasi mənada Rusiya ilə əlaqələrini saxlayır və bu da Yaxın Şərqdə onun öz mövqeyini qorunmasına xidmət edir. İran Yəməndə Səudiyyə Ərəbistanı ilə üz-üzə gəldi, indi Fələstin məsələsində İsraillə üz-üzə gəlir. Bu siyasəti aparmaqla İran həm təhlkələri özündən kənarda saxlayır və həm də imperiya ambisiyalarını qorumağa çalışır. Bu səbəbdən də düşünüldü ki, İran Qərblə yaxınlaşır, Yaxın Şərqdə siyasətini aparır, güclü dövlətdir və s. Məhz imperiya təfəkkürü sonda bu ölkədə yaşayan 30 milyonluq türkün hissiyyatına toxunmağa səbəb oldu. Sözsüz ki, bu səhv addım idi. İran hazırda Ermənistan vasitəsilə Gürcüstan üzərindən Avropaya qaz kəməri çəkmək istəyir. Bu nə Rusiyanın, nə də digər oyunçuların xoşuna gələcək. Azərbaycan türkünün təhqir edilməsi isə azəri türklərinin qan yaddaşının təzələnməsinə səbəb oldu. Fikrimcə, bu indi milli hisslərin güclənməsinə, müəyyən təşkilatlanma işinin qurulmasına və gələcəkdə siyasi tələblərin səsləndirilməsinə qədər davam edəcək. Hər halda İrandakı azərbaycanlı toplumun bu məsələdə həssaslığı ortaya çıxdı. Gələcəkdə bölgədə baş verən proseslərdə Azərbaycan türkləri aktiv olacaq. Bu gün İran-Rusiya arasında neft və qaz məsələsinə görə münasibətlər pisləşirsə, Rusiya bu ölkənin güclənməsində maraqlı olmayacaq. Tarixən Azərbaycan, Rusiya və İranın xeyir-duası ilə parçalanmışdı. İndi isə parçalanan İran Rusiyanın hədəfinə daha yaxındır. Tarixən bizi bölən Rusiya üçün indi azərbaycanlıların birləşməsi daha sərfəlidir. Yeri gəlmişkən, Qərb üçün də güclü İran lazım deyil.

- İranda azərbaycanlıları təhqir edən televiziya kanalının rəhbərliyi üzr istəyib, bu verilişdə təhqirə yol verən şəxslər cəzalandırılıb. Bunu necə şərh etmək olar?
- Onlar hadisələrin bu formada ortaya çıxacağını, bunun nəticələrinin nələrə gətirə biləcəyini bilmirdilər. Gələcəkdə İranın xüsusi xidmət orqanları həmin kanalın rəhbərliyinin və ya bu verilişi hazırlayanların xarici ölkələrin agenti olduğunu üzə çıxaracaq. Çünki milli hisslərlə oynamaq ağır işdir və bunun bədəli təkcə kanal rəhbərliyinin üzr istəməsi ola bilməz. Çünki küçələrə çıxan azərbaycanlılar bu hadisəyə neçə illərdir ki, onların hisslərinin təhqir olunması kimi baxır. Bundan əvvəl də belə hallar olub. Eləcə də bölgədə gedən proseslərin də buna təsiri var. Bu, İran iqtidarının yürütdüyü siyasətin nəticəsi kimi qəbul olunur.

- Türkiyədə də ciddi siyasi proseslər gedir. Seçkilər başa çatıb, amma siyasi hərarət düşmür. Qardaş ölkədə mövcud olan durumu necə şərh etmək olar?
- İyunun 7-də baş verən seçkilərin nəticəsində koalisiya hökuməti qurulmadı. Bununla da Türkiyə demokratiyası ciddi zərbə aldı. Faktiki olaraq, Türkiyə cəmiyyətində, eləcə də bölgədə baş verən strateji siyasi oyunlar konteksində böyük dəyişikliklər oldu. Rusiyanın Suriyada apardığı hərbi əməliyyatlardan sonra Qərbin Türkiyəyə marağı yenidən artdı. Hazırda Türkiyə regionda ABŞ-ın bir nömrəli müttəfiqi haqlındadır.

Onu da qeyd etmək lazımdır ki, 7 iyun seçkilərindən sonraTürkiyə PKK və İŞİD-lə müharibə aparırdı və bu indi də davam edir. Belə bir ərəfədə Türkiyədə vahid komandanlığın olması, monolit hökumətin formalaşdırılması çox vacib məsələdir. Türkiyədə vətənpərvərlik ruhu çox güclüdür. Türklər bəzən demokratiyanı strateji maraqları baxımından qurban verməyi bacarırlar. Biz son seçkidə bunu müşahidə etdik. Əlbəttə, bu addım ölkənin vahidliyinin qorunması, güclənməsi, iqtisadi-siyasi maraqların təmin olunması üçün atıldı. Məhz buna görə də Türkiyədə güclü hökumətin olması istənildi və buna da nail olundu. Bu proses də ABŞ-ın diqqətində oldu. Hazırda Türkiyəsiz bölgədə heç bir iş görə bilməzlər. Odur ki, regionda Qərbin strateji maraqları Türkiyə üzərindən qurulacaq. Aydın məsələdir ki, indi dünyada ciddi strateji mübarizə gedir. Bir tərəfdə ABŞ, digər tərəfdə Rusiya və Çin kimi nəhəng dövlətlər durur. Bu baxımdan da Türkiyənin regionda rolu getdikcə artacaq, bu ölkəyə ciddi önəm veriləcək.

- Hazırda siyasi qüvvələr Türkiyədə daha çox başqanlıq sistemi mövzusunu müzakirə edir. Bunun tərəfdarları və əleyhdarları var. Sizcə, Türkiyə prezident üsul idarəsinə keçəcəkmi, yoxsa bu mümkün deyil?
- Bəli, hazırda bu mövzu gündəmdədir. Burada söhbət prezidentin səlahiyyətlərinin artırılmasından gedir. Əslində bu məsələ daha çox Amerikan modelinin Türkiyəyə gətirilməsi məsələsidir. Odur ki, qarşıdakı dövrdə Türkiyədə mərkəzləşdirilən hakimiyyətin daha da güclü olacağını görəcəyik. Türkiyə Amerika modelinə keçirsə, burada ali icra orqanının rəhbəri prezident olacaq. Bu zaman hökumət parlament seçkilərinin nəticəsinə görə qurulmayacaq. Hökuməti prezident seçkisində qalib gələn şəxs quracaq. Təbii ki, başqanlıq sisteminin dəyişməsi müzakrələrinə Fransa modeli də daxildir. Fransa modeli yarı prezident, yarı parlament modelidir. Lakin Ərdoğanın siyasi baxışlarına uyğun olaraq Amerika modeli seçiləcək. Bu zaman demokratik seçkidə udan iqtidar olacaq. Yəni seçkidə hər şey xalqın iradəsi ilə həll olunursa, bu iradə ilə də siyasi hakimiyyət formalaşacaq. Bu gələcəkdə güclü Türkiyə, eləcə də bölgə üçün əhəmiyyətlidir. Türkiyə ilə Azərbaycanın strateji müttəfiqliyi, Türkiyənin güclənməsi bizim maraqlarımız daxilindədir. Çünki bölgə kifayət qədər həssas mərhələyə daxil olur. Biz bilirik ki, I dünya müharibəsi zamanı qərb, Avropa və Rusiya bölgədə ermənilərə stavka edirdi. Məqsəd Osmanlını dağıtmaq idi. İndi də diqqət edəndə görünür ki, Qərb, Avropa və Rusiyanın bölgə maraqları eynidir, sadəcə erməni sözünü götürüb yerinə kürd sözünü qoyublar. Yəni erməni faktoru indi kürd faktoru ilə əvəz olunub. Baxmayaraq ki, Qərb və Avropa bölgədə xəritəni dəyişmək üçün kürd faktoruna istinad edir, amma Rusiya Yaxın Şərqdə gücləndi. Lakin bütün qüvvələr kürd faktoru məsələsində eyni mövqedən çıxış edirlər. Bu mənada Türkiyədə mərkəzləşmiş, güclü hakimiyyətin olması əhəmiyyətlidir.

- Bundan sonra Türkiyənin PKK və İŞİD-lə bağlı siyasəti necə olacaq?
- Hesab edirəm ki, Türkiyə öz ərazisində separatizm meyllərini neytrallaşdıracaq. 30-40 ildir mübarizə aparılıb, 40 min şəhid verilib. Odur ki, separatizmdən qorxub çəkilmək Türkiyənin ərazi itirməsinə səbəb olardı. Türkiyə buna heç vaxt imkan verməz. Əgər ölkədə separatizm meyli daha da güclənəcəksə, fikrimcə, buna adekvat cavab veriləcək. Separatizmə meyl edənlər sıxışdırılıb çıxarılacaq. Əlbəttə, bu durumda Türkiyədə yaşamaq istəməyənlər bölgədə zəif durumda olan ölkələrə gedə bilərlər. Məsələn, İraq Kürdüstanına və ya Suriyanın müəyyən hissəsinər. Hesab edirəm ki, Türkiyə həm PKK, həm də İŞİD-ə qarşı güclü mübarizə aparacaq. Bəllidir ki, PKK-ya böyük dövlətlər silah ötürürlər. Eləcədə İŞİD kifayət qədər güclü quruma çevrilib. Lakin Türkiyə öz sərhədləri daxilində və sərhədlərinə yaxın ərazilərdə bu qüvvələrin fəallaşmasına qarşı dirəniş göstərəcək, prosesin qarşısını alacaq. Türkiyə ordusu NATO-da ikinci ən güclü ordudur və lazım gəldikcə sözünü deyəcək. Məhz bu səbəbdən də Türkiyə seçicisi gücün tərəfində oldu. Əvvəl istədilər bütün qüvvələr bir yerdə olsun, milli iradənin ifadəsi olaraq siyasi qüvvələr birləşsin. Amma bu baş vermədi, əvəzində proses vahid gücün formalaşmasına gətirib çıxardı. Son seçki bunu ortaya qoydu.

Cavidan


Müəllif: