12 Noyabr 2015 17:32
963
12 Punto 14 Punto 16 Punto 18 Punto

“PKK-dan fərqli olaraq İŞİD xarici faktordur, amma Türkiyənin sərhədləri yaxınlığındadır. Odur ki, Ankara bu məsələdə laqeyd mövqe tuta bilməz və tutmur da. Əksinə, çalışır ki, məsələnin sülh yolu ilə həllinə nail olsun. ABŞ-ın mövqeyini Türkiyə müdafiə etdiyi kimi Ağ Ev də son dövrlər Ankaranın mövqeyinə “haqlısınız” formasında yanaşır. Belə bir məqamda Rusiya və İranın tutduğu mövqe müəyyən qədər çətinliklər yaradır. Lakin ümid edirəm ki, Suriya böhranının danışıqlar vasitəsilə həlli imkanları ortaya çıxacaq”.

Bunu qəzetimizə müsahibəsində tarix elmləri doktoru Rafiq İsmayıl bildirib. Müsahibəni təqdim edirik:

- Rafiq müəllim, Türkiyədə keçirilən parlament seçkilərinin nəticəsini necə qiymətləndirirsiniz?
- Türkiyədə son seçkilərin nəticəsi gözlənilən idi. Ədalət və İnkişaf Partiyası (AKP) kifayət qədər səs topladı və təkbaşına hökumət qurmaq şansı əldə etdi. Digər siyasi qüvvələrə gəldikdə, Cümhuriyyət Xalq Partiyası (CHP) irəliləməsə də, geriyə getmədi. Lakin Millətçi Hərəkat Partiyası (MHP) çox uduzdu. Bu partiya əvvəlki seçkidə topladığı səslərin yarısını itirdi. Dördüncü əsas partiya olan Xalqların Demokrat Partiyası (HDP) da parlamentə düşdü. Bir çox analitiklər HDP-nin səs toplayacağına inanmırdılar. Lakin nəticədə HDP düşünüləndən fərqli şəkildə seçkilərdən çıxdı.

- Seçkinin yaratdığı mənzərə nəyi göstərir?
- Bu mənzərə faktiki olaraq Türkiyədəki elektoratın göstəricisi deyil. Yəni bu seçkinin nəticəsinə fokuslaşıb demək olmaz ki, bu partiyanın elektoratı bu qədərdir, digərinin dayaqları isə bu qədər. Seçkilər türk insanının nəyə daha çox həvəs göstərdiyinin və istədiyinin göstəricisidir. Mənzərə bundan ibarətdir. Türk seçicisi stabilliyin qorunub saxlanılması, monolit hökumətin qurulması, separatizmə qarşı ciddi mübarizənin aparılması, böyük strateji planların həyata keçirilməsi üçün AKP hökumətinə şans verdi.

- Millətçi kəsimin mövqeyini ifadə edən MHP çox zəif duruma düşüb. Mümkündürmü ki, bu partiya sıradan çıxsın və ümumiyyətlə, növbəti seçkilərdə parlamentə düşməsin?
- Növbəti seçkilərə çox var. Bu həqiqətdir ki, millətçi kəsimin müəyyən hissəsi Toğrul Türkeşin mövqeyini daha münasib hesab edir. Alparslan Türkeşə sadiq olanların böyük hissəsi səsini AKP-yə verdi. Bu da, nəticə etibarilə MHP-nin az səs almasına və zəifləməsinə gətirib çıxardı. İkincisi, MHP təkrar seçkilər zamanı nə taktikasında, nə də strategiyasında dəyişiklik etmədi. Ümumiyyətlə, belə bir mənzərə mövcud olmadı. MHP liderindən artıq ciddi narazılıqlar dilə gəlib və deyilir. Sözsüz ki, əvvəllər də belə hallar olurdu. Müəyyən adamlar MHP-dən gedirdi, lakin yeniləri də gəlirdi. İndi faktiki olaraq MHP-nin özündən çox onun rəhbərliyinə qarşı ciddi etirazlar var. Söhbət partiya daxilində liderə qarşı etirazların sərgilənməsindən gedir. İndi yeni başqanın kimliyinə dair fikirlər söylənilir. Nəinki partiya daxilində, hətta partiya kənarında olan və MHP-yə rəğbət göstərən insanların yeni namizədlərdən birini dəstəkləyəcəyinə dair fikirlər yayılır.

- Düşünürsünüz ki, MHP rəhbərliyində dəyişikliklər baş verəcək?
- İndiki situasiyada rəhbərliyin özü dəyişiklik istəmir və öz mövqelərini qoruyub saxlayacaqlarına əmin kimi görünürlər. Lakin inkar etmək olmaz ki, rəhbərlikdə qalmaq onların maraqlarını təmin edir. İsti kabinetləri var, bəziləri millət vəkili seçilib, bəziləri yerli idarəetmə orqanlarında təmsil olunurlar və s. Ancaq indi Türkiyədə o adamlar uğur qazanırlar ki, onlar passionardırlar. Son seçkidə üç siyasi fiqur daha çox passionar kimi görünürdü. Bunlar Rəcəb Tayyib Ərdoğan, baş nazir Əhməd Davudoğlu və HDP-nin şərikli sədri Səlahəddin Dəmirtaş idi. Bu şəxslərin hər birinin açıqlaması səs-küyə səbəb olur, diqqət çəkirdi. Şəxsən Əhməd Davudoğlu indiyə qədər olduğundan daha aktiv və daha passionar idi.

- AKP seçkini udub. Bəs, başqanlıq sisteminə keçidi reallaşdıra biləcəkmi?
- Başqanlıq sisteminə keçidin baş tutacağını birmənalı söyləmək doğru olmazdı. Bu, daha çox proseslərdən və siyasi qüvvələr arasındakı münasibətlərdən asılı olacaq. Lakin konstitusiyaya müəyyən dəyişikliklərin ediləcəyi gözləniləndir və olacaq. Başqanlıq sisteminə keçid üçün AKP-yə müəyyən qədər deputat səsi lazımdır. İnanmıram ki, hakim partiya kimlərinsə timsalında bu səsləri qazana bilsin. Bunu reallaşdırmaq üçün AKP-yə daha bir neçə deputat lazımdır. İndilikdə AKP-dən seçilən deputatların sayı bunu həyata keçirməyi mümkünsüz edir.

- Konstitusiya dəyişikliklərini referenduma çıxara bilməzlərmi?
- Bu başqa məsələ. Referenduma götürə bilərlər. Referenduma götürsələr də, Konstitusiyaya səs verəndə yenə də millət vəkilləri səs verməlidir. Hesab edirəm ki, bu çox çətin və mürəkkəb bir məsələdir.

- İddia edirlər ki, AKP daxilində başqanlıq sisteminə keçidə etiraz edən qüvvələr də var. Konkret olaraq başqanlıq sisteminə keçid o deməkdir ki, Əhməd Davudoğlu səlahiyyətinin böyük bir hissəsini itirmiş olacaq...
- Söhbət ancaq Davudoğlundan getmir. Digər şəxslərdən də söhbət gedir. AKP daxilində kifayət qədər klassik AKP-çilər var və onlar başqanlıq sisteminin əleyhinədirlər. Çünki başqanlıq sistemində baş naziri, AKP rəhbərliyində təmsil olunan insanları sanki cəmiyyət də itirir. Odur ki, hakim partiya daxilində bundan narazı olanlar az deyil. Bu mənada AKP daxilində narazılıq edən qüvvələr var və məsələ aktuallaşdıqca bu məqam nəzərə çarpacaq.

- Türkiyənin yeni və həm də köhnə hökumətinin PKK ilə münasibətləri necə olacaq, terrorçularla anlaşma əldə oluna bilərmi?
- PKK ilə münasibətlərə dair mövqe birmənalı elan edilib və indiki kurs davam edəcək. Yəni PKK-ya qarşı aramsız və qətiyyətli silahlı mübarizə davam edəcək.

- Ancaq analitiklər iddia edirdilər ki, AKP PKK kartı ilə oynayaraq səs aldı və bundan sonra əməliyyatlar dayandırıla və əvvəlki açılım siyasəti ortaya gətirilə bilər...
- Siyasətdə “yox” sözü mövcud deyil. Hər zaman “yox” demək məsələsi ola bilməz. Əslində, hər şey ola bilər. Lakin konkret olan budur ki, prezident Ərdoğan və baş nazir Əhməd Davudoğlu elan edir ki, geri dönmək məsələsi yoxdur. İndiki kurs qətiyyətlə aparılacaq, Türkiyədə separatizmə meyl edən qüvvələr məhv ediləcək. Dağlarda PKK-nın hərbi bazaları vurulacaq, aşağı şəhər və kəndlərə gələn terrorçular ya sivil cəmiyyətə keçid etməli, ya da məhv olmalıdır. Daha əvvəlki kimi güzəştlər, danışıqlar və s. arxa plana keçir.

- İŞİD-lə münasibətlər hansı səviyyədə olacaq?
- PKK-dan fərqli olaraq İŞİD xarici faktordur, amma Türkiyənin sərhədləri yaxınlığındadır. Odur ki, Ankara bu məsələdə laqeyd mövqe tuta bilməz və tutmur da. Əksinə, çalışır ki, məsələnin sülh yolu ilə həllinə nail olsun. ABŞ-ın mövqeyini Türkiyə müdafiə etdiyi kimi Ağ Ev də son dövrlər Ankaranın mövqeyinə “haqlısınız” formasında yanaşır. Belə bir məqamda Rusiya və İranın tutduğu mövqe müəyyən qədər çətinliklər yaradır. Lakin ümid edirəm ki, Suriya böhranının danışıqlar vasitəsilə həlli imkanları ortaya çıxacaq.


- Bundan sonra Rusiya-Türkiyə münasibətlərində yeni situasiya yarana bilərmi?
- Ankara-Moskva yaxınlığı siyasi-strateji baxımdan deyil, iqtisadi-ticarət təməlinə söykənir. Bu mənada iqtisadi baxımdan Türkiyə nə qədər Rusiyadan asılıdırsa, bir o qədər də Rusiya Türkiyədən asılıdır. Türkiyə Rusiya olmadan da, Avropa bazarlarına çıxış imkanındadır. Lakin Rusiyanın belə bir çıxışı yoxdur. Odur ki, Rusiya Avropadan müəyyən məsələlərdə özünü təmin etmək istəsə, bunu Türkiyə vasitəsi ilə reallaşdıra bilər. Sadəcə olaraq bölgədə gedən siyasi proseslərin xarakterindən asılı olaraq Rusiya-Türkiyə münasibətləri kəskinləşir və ya yaxınlaşır. Bu da təbiidir. İranla bağlı da belə situasiya var. Türkiyənin İranla münasibətləri sərin deyil, amma açıq formada pis də deyil. İran və Türkiyə həm də regionda rəqib ölkələrdir. İran şiəliyin təbliği vasitəsilə bölgədə olan ölkələrin daxili işlərinə qarışa bilər. Amma Türkiyə bir müsəlman ölkəsi olaraq bölgədə çıxış edir. Bu baxımdan Türkiyə müsəlmançılıq tərzi baxımından İrandan üstündür. İran ancaq şiə olan yerlərdə aktivdir. Söhbət İran şiəliyinin olduğu ölkələrdən gedir. Bu da, əsasən İraq, Suriya, Livan, Yəməndə var. Demək olar ki, İran öz qonşuları ilə münasibətlərdə geniş formada uğur qazana bilmir. Əlbəttə, müəyyən qədər Suriyada təsiredici rola malikdir, amma uğur qazana bilmir. Çünki ölkələrin çoxu Qərblə, Səudiyyə Ərəbistanı ilə bağlıdır. Reallıq bundan ibarətdir.

- Son seçkidən sonra bölgədə baş verən proseslər konteksində Türkiyədə mövcud olan gərginlik aradan qalxacaqmı?
- Yaxın dövrdə olmasa da, baş tutacaq. Bu gün Qərb ölkələrinin toplaşması, İran və Rusiyanın prosesə cəlb edilməsi, Suriya və İraqdakı böhranın aradan qalxması kimi hadisələr müşahidə edilmir. Məsələyə bu cür yanaşmaq doğru olmazdı. Müəyyən danışıqlar aparılacaq, kimin kimlə işləyə bilməsi şansı müəyyən ediləcək. Ən ciddi məsələ Suriyadır. Rusiyanın mövqeyi belədir ki, Suriyada məsələlər Bəşər Əsədin vasitəsi ilə həll edilə bilər. Qərb isə Əsədsiz Suriya barədə danışır. İndi bu məsələdə anlaşma yoxdur. Lakin son dövrlər Rusiya rəhbərliyinin bəyanatı göstərir ki, Əsədi ürəkdən dəstəkləmir. Əsəd sadəcə danışıqlara girmək, bölgədə Rusiyanın maraqlarının təmin edilməsi üçün vasitədir.

Nemət


Müəllif: