13 Noyabr 2015 13:41
1 374
12 Punto 14 Punto 16 Punto 18 Punto

İctimai Siyasət İnstitutunun direktoru Bəxtiyar Hacıyev son vaxtlar ölkənin siyasi gündəmdə olan məsələlərlə bağlı Teleqraf.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

- Bəxtiyar bəy, 2010-cu il parlament seçkilərində aktiv iştirak edib, kifayət qədər məşhurlaşa bildiniz. Sonuncu seçkilərdə iştirak etməməyinizin səbəbi nə ilə bağlı idi?

- Birincisi, 2010-cu ildəki ictimai-siyasi mühitlə 2015-ci ildəki ictimai-siyasi mühit arasında fərqlər var. O zaman biz çox qısa zamanda təşkilatlanaraq, könüllülərin və tərəfdarlarımızın dəstəyi ilə çox uğurlu seçki kampaniyası apardıq. Lakin o zaman hər seçkidə bir dairə dəyişən namizəd Milli Məclisə seçildi.
Bu il seçkilərdə bir halda iştirak edəcəyimi bildirmişdim. Əgər seçkilərdə iştirakım qələbə və Milli Məclisdə təmsil olunmaqla nəticələnəcəkdisə, iştirak edəcəkdim. Götür-qoy etdikdən sonra namizədliyimi irəli sürməmək qərarına gəldim.

- Yeni formalaşmış parlamentin fəaliyyətini necə proqnozlaşdırmaq olar? İndiki tərkibli Milli Məclis əvvəlkindən nə ilə fərqlənəcək?
- İndiki tərkiblə əvvəlki tərkib arasında çox ciddi fərq yoxdur. Milli Məclisin əvvəlki tərkibindən yalnız 27 nəfər dəyişib. Amma parlamentdə çoxunu gənclər təşkil edən bir qrup deputatın fəaliyyətinə ümidlə baxmağın tərəfdarıyam. Onların bir neçəsini tanıyıram və bilirəm ki, bu günə qədər nail olduqları uğurları məsələlərə düzgün və doğru yanaşmalarına, vizyonlarına və peşəkarlıqlarına görə qazanıblar.

- Müxalifət partiyalarının seçki prosesindəki fəaliyyətini necə qiymətləndirirsiz?
- Müxalifət partiyalarından AXCP-nin də daxil olduğu Milli Şura ölkədəki seçki mühitini əsas gətirərək seçkilərdə iştirakdan imtina etdi. Bu, onların seçimi idi. Lakin bu il seçki mühitinin 2010-cu ildəki Milli Məclis, 2013-cü ildəki prezident seçkisi zamanı olan mühitdən fərqlənmədiyini deyənlərin, namizədlərinin adları bülletenlərdə çap edildikdən sonra seçkidə iştirakdan imtina etmələri anlaşılan deyil. Məsələn, Müsavat Partiyası nəyə ümid edirdi? Pulsuz efir vaxtından istifadəyə ümid edirdisə, seçkilərə start veriləndə efir vaxtının olmayacağı bəlli idi. Bir neçə namizədinin mandat qazanacağına? Bunun olmayacağı da bəlli idi. Seçicilərlə təmasa, kütləvi aksiyaların təşkilinə? Bu da baş vermədi. O zaman niyə seçkidə iştirak edirdilər və niyə namizədlərin adları seçki bülletenlərində çap edildikdən sonra imtina etdilər, bəlli deyil. Hətta bu qərara həmin partiyanın bir neçə namizədinin əməl etməməsi, bir qrup partiya üzvünün ayrıca blok kimi seçkiyə getməsi və seçkidən son anda da imtina etməməsi göstərir ki, müxalif partiyalar seçkilərə sadəcə seçkiyə start verildikdən sonra hazırlaşırlar. Halbuki, növbəti seçkiyə start əvvəlki seçki günü bitdikdən dərhal sonra başlamalıdır və 5 il sistemli, planlı iş görülməlidir.

- Azərbaycanda neftdən sonrakı dövrün başladığını söyləmək mümkündürmü? Mümkündürsə, bu özünü daha çox nədə göstərir?
- Bu dövr başlayıb artıq. Bunu hətta ölkə başçısı da öz çıxışlarında açıq etiraf edir və yeni dövr üçün yeni yanaşmaların vacibliyini vurğulayır. Demək olar ki, hər həftə verilən fərman, sərəncamlarda, müxtəlif qərarlarda, hətta ən toxunulmaz sayılan rəsmi şəxslərin vəzifədən azad edilmələri və s. göstərir ki, Azərbaycanda artıq yeni bir dövr başlayır. Yeni dövrün başladığını təkcə siyasi qərarlarda yox, həm də 2016-cı il üçün proqnozlaşdırılan iqtisadi göstəricilərə, dövlət büdcəsinin strukturuna baxmaqla da çox aydın görmək olar. Əsas məsələ odur ki, Azərbaycan gözləmədən üzləşdiyi bu yeni mərhələdən uğurla çıxa biləcəkmi? Bunun üçün isə mütləq və mütləq bütün sahələrdə təxirəsalınmaz, sürətli islahatlar, köhnə problemlərə yeni, innovativ həll yolları, müxtəlif inkişaf etmiş ölkələrin təcrübələrindən yararlanmaq lazım gələcək.

- Məhhərrəm ayı, xüsusilə də, Aşura mərasimi ərəfəsində bir qrup radikal dindarın aktivliyi müşahidə olunur. Onların sırasında daha çox diqqətçəkən Taleh Bağırzadədir. Onun radikal çıxışları heç də birmənalı qarşılanmadı. Taleh Bağırzadə və onun ətrafını Azərbaycan üçün təhlükə saymaq olarmı?
- Mənim üçün din Yaradanla insan arasında qalmalı, heç vaxt siyasətə alət edilməməli, siyasətin də dinə müdaxiləsi olmamalıdır. Kimsə dindən istifadə edib siyasi gündəm yaradırsa, yaxud dövlətin dünyəviliyini dəyişməyə cəhd edirsə, bunu normal qəbul etmək olmaz. Doğrudur, dindarlar xüsusilə də İslam tərəfdarları haqsızlıq, ədalətsizliklə mübarizənin vacib olduğunu qeyd edirlər. Ancaq məsələn, İranda təhsil alan gənclər İran ərazisində yaşayan milyonlarla Azərbaycan türkünün hüquqlarının pozulmasına, onların ən təməl haqlardan məhrum edilməsinə, zaman-zaman soydaşlarımızın təhqir edilməsinə də eynilə kəskin, sərt reaksiya verirlərmi?

- Müxalifət partiyalarının xaricdən idarə olunan radikal dindarları müdafiə etməsini nə ilə izah etmək olar?
- İndi bəzi dini icmalar bir çox siyasi partiyalardan həm insan resursları, həm ictimai-siyasi hadisələr yaratmaq, proseslərə təsir etmək, həm də maddi resursların genişliyi baxımından daha üstündür. Bundan başqa, siyasi partiya rəhbərlərinin verdikləri qərarları bəzən onlara hətta ən yaxın olan adamlar belə dinləmir, əməl etmirlər. Ancaq dini icma rəhbərlərinin bir çıxışı minlərlə, on minlərlə vətəndaşı onun arxasınca apara bilər, itaət sistemi qurulub. Buna görə də bəzi siyasi partiyalar öz tərəfdarlarının sayını artırmaq, dini icmaların simpatiyasını qazanmaq üçün onlara dəstək verməyə çalışa bilərlər. Amma bir şeyi unutmaq olmaz ki, dini icmalar nəinki kənardan bir siyasi lideri qəbul etmək, hətta başqa məzhbədən, yaxud eyni məzhəbdə olsa da, başqa icmaya məxsus liderləri də asanlıqla qəbul etmirlər.

- Sizin özünüzün hansı planlarıniz var? Yeni layihələriniz olacaqmı?
- Biz hazırda xaricdə təhsil alan tələbələrlə bağlı bir neçə layihə üzərində işləyirik. Noyabrın sonuna qədər Azərbaycanda Sosial İnnovasiyalar Müsabiqəsi elan etməyi, neft dövrünün arxada qaldığı, yeni bir dövrün başlandığı bir mərhələdə Azərbaycan üçün inkişaf etmiş ölkələrin təcrübələrini öyrənərək, onlardan ilham alaraq yeni həll yollarını, ideyaları qəbul etmək, ən yaxşı ideyaları reallaşdırmaq, mükafatlandırmağı düşünürük. Hazırda bu layihə ilə bağlı müxtəlif dövlət qurumları, diplomatik nümayəndəliklər və özəl şirkətlərlə danışıqlar aparır, hazırlıq işlərini davam etdiririk.

- İrandakı soydaşlarımız bu ölkənin dövlət televiziyasında Azərbaycan türklərinin təhqir edilməsinə etiraz olaraq bir neçə gündür aksiya keçirirlər. Sizcə, bu aksiyalar getdikcə genişlənə bilərmi? Ümumiyyətlə, bizim İrandakı proseslərə yanaşmamız oradakı real duruma nə dərəcədə uyğundur? Soydaşlarımızın etirazının bizə birbaşa aidiyyətı varmı?

- İrandakı soydaşlarımızın aksiya keçirməsi və on milyonlarla Azərbaycan türkünün təhqir olunmasına etirazları normaldır. Baxmayaraq ki, artıq telekanal rəhbərliyi üzr istəyib və İran hakimiyyəti bu təhqiri adi bir insident kimi təqdim etməyə çalışır. Düşünürəm ki, bu təhqir həm oradakı soydaşlarımıza, həm Azərbaycan dövlətinə, həm də daha geniş miqyasda Türk dünyasına qarşı nifrətin, qəzəbin büruzə verildiyi bir təxribatdır. Çox güman ki, əvvəlki belə təxribatlardan sonra olduğu kimi, bu dəfə də zor, güc, həbslər, təzyiqlər vasitəsi ilə soydaşlarımızın etiraz aksiyaları sakitləşdiriləcək. Ancaq hər belə təxribat, təhqir soydaşlarımızın həmrəyliyini, birliyini artıracaq və onları daha yaxşı təşkilatlandıracaq. Bizim Azərbaycan Respublikasının vətəndaşları olaraq İran hakimiyyətinin təhqirlərinə, təxribatlarına etirazımız normaldır və bu gün cəmiyyətdə bir çox insan bunu edir. Lakin dövlət olaraq Azərbaycan qonşu İranla münasibətlərdə həddindən artıq ehtiyatlı olmalı, emosiyalara qapılaraq İranın təxribatlarına uymamalıdır. Eyni zamanda ümid edək ki, nə vaxtsa, İran da öz ərazisində yaşayan başqa millətləri, xüsusi ilə də soydaşlarımızı təhqir siyasətinin yanlış olduğunu anlayacaq, ən qısa zamanda onların təməl haqlarını təmin etmək haqqında düşünəcəklər. Əks halda, növbəti təhqir və təxribat gözlənilməz nəticələrlə, qarşısı alınmaz etirazlarla nəticələnə bilər.

Ruslan Xəlil


Müəllif: