18 Noyabr 2015 11:59
1 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

“G-20-ni izlədim. Azərbaycan dövlətinin də bu tədbirdə təmsil olunması çox mühüm hadisə oldu. Çox müsbət haldır ki, Prezident İlham Əliyev bu toplantıda iştirak etdi. Bu şansdan istifadə edən Türkiyə və Azərbaycan terror təhlükəsini dünyanın nüfuzlu liderlərinin diqqətinə çatdıra bildi. Bütün dünya bu cinayətlərə qarşı çıxıb qüvvələrini səfərbər edərək mübarizə aparmalıdır”.

Bunu qəzetimizə müsahibəsində Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə bildirib. Müsahibəni təqdim edirik:

- Asim bəy, Parisdə baş verən terror aktı əsas müzakirə mövzusudur. Hadisəyə münasibətiniz necədir?
- Terror insanlığa qarşı olan ən dəhşətli cinayət olayıdır. Fransada, Türkiyədə və dünyanın digər nöqtələrində olan terror hadisələri Azərbaycanda hər zaman ağrı ilə qarşılanıb. Çünki Azərbaycan xalqı da terrordan əziyyət çəkir. Bakıda baş verən terror hadisələrini xatırlatmaq istərdim. Metroda dəfələrlə terror hadisələri baş verib. Ən dəhşətli terror hadisəsi isə Xocalı qətliamıdır. Məhz bu ağrıya, terrorun insanlığa qarşı cinayət olmasına görə, Azərbaycan anti-terror koalisiyasında təmsil olunur, dünyada terrorla mübarizədə aktiv iştirak edir. Lakin bir amil də vacibdir. Ədalət prinsipi olmalıdır. Sivil insanlara qarşı törədilən bütün cinayətlərə, terrora münasibət eyni cür olmalıdır. Məhz bu səbəbdən Azərbaycan illərdir ki, “Xocalıya ədalət” şüarı ilə çıxış edir. Bu mənada Parisdə baş verən terror hadisələrini qətiyyətlə pisləyirik.

- Niyə Avropada terror aktları həyata keçirmək istəyən terrorçu qruplar məhz Fransanı seçirlər? Bundan əvvəl də Parisdə terror aktları həyata keçirilib.
- Terrorçuların şəbəkələri Fransada, Belçikada daha rahat nəfəs ala bilir. Bu terror şəbəkəsinin təməli bu ölkələrdə daha güclüdür.

- Hazırda terroru daha çox islam dini ilə əlaqələndirməyə cəhdlər edilir. Sizcə, bu olaylarda müsəlmanlığın hansısa rolu varmı?
- Heç bir halda bu terrorun dinlə bağlılığı yoxdur. Ümumiyyətlə, terroru dinlə bağlamaq doğru olmazdı. Terror böyük bir cinayətdir. Hansısa qüvvələr bu cinayətlərinə din amili ilə haqq qazandırmaq istəyirlərsə, bunun özü böyük günahdır. Dünyanın istənilən ölkəsində baş verən terrorun dinə hər hansı bir aidiyyəti ola bilməz. Bu cür düşünmək də doğru deyil. Bu terroru dinlə əlaqələndirənlər böyük səhv edirlər.

- Suriyadan gələrək Parisdə terror aktları həyata keçirmək, silah, sursat əldə etmək bu qədərmi asandır?
- Əslində, bunlar Avropada, xüsusilə, Fransada təhlükəsizlik xidmətinin zəif işləməsi, peşəkarcasına iş apara bilməməsinin nəticəsidir. Yeri gəlmişkən, mətbuatdan tanış oldum ki, bir neçə gün əvvəl Parisdə terror aktını törədənlərin bəziləri polis tərəfindən saxlanılıb. Lakin sonradan bu şəxslər azadlığa buraxılıb. Bu fakt göstərir ki, Avropa bir çox hallarda terrorun qarşısını almağa hazır deyil. Təcrübələri çatmır, yoxsa laqeyd yanaşırlar, bilmirəm. Ancaq hesab edirəm ki, Avropa ölkələrində böyük işlər aparılmaldır ki, terrora qarşı mübarizə güclənsin, terror törətmək istəyən şəxslərə layiqli cavab verilsin. Azərbaycan da bu istiqamətdə beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir ki, ölkəmizə qarşı həyata keçirilən terror aktları öz qiymətini almayıb. Müvafiq sənədlərin olmasına baxmayaraq bu cür cinayətlərin yerini almasına ədalətli yanaşma sərgilənməyib. Bu, vacib məqamdır. Terror lənətlənməlidir. Fransada, Türkiyədə də, illər əvvəl Azərbaycanda da baş verən terrora yanaşma eyni cür olmalıdır. Bir məqamı xüsusilə qeyd etmək istərdim. Bir neçə il bundan əvvəl Fransanın özündə terror etməyə cəhd edən cinayətkarlar Fransa prezidenti tərəfindən əfv edilib. Sonradan bu terrorçular Ermənistana gedərək terror qrupu yaradıblar. Bu məşhur erməni terrorçuları Fransa hava məkanında, Türk Hava Yollarında terror etmək istəyiblər. Həbs edildikdən az sonra azadlığa çıxıblar. İndi isə Dağlıq Qarabağda fəaliyyət göstərir, Azərbaycan xalqına qarşı terror cinayətləri hazırlayırlar. Hesab edirəm ki, bunu da dünya ictimaiyyətinin diqqətinə çatdırmaq lazımdır. Belə hallar da mövcuddur. Dünyada terrorun qarşısını almaq üçün yanaşma bir olmalıdır. Eyni zamanda terrorun nəticələri deyil, onu doğuran səbəblər haqqında düşünmək lazımdır.

- Parisdə baş verən terror hadisəsinin İraq Şam İslam Dövləti tərəfindən hazırlandığı bəyan olunub. Terrorun kökü Suriya məsələsindən qaynaqlanır?
- Bəllidir ki, Yaxın Şərqdə nəzarətsiz ərazilər var. Üstəlik terror qrupları orada kök sala bilib. Son zamanlar Türkiyə və Avropa ölkələrinə çoxlu sayda qaçqınlar gəlir. Onlar Suriyada olan müharibədən qaçıb canlarını qurtarmaq istəyirlər. Bu qaçqınların sayı milyonu aşır. Əlbəttə, qaçqınların və miqrantların daxilində müəyyən terror törətmək məqsədilə gələn cinayətkarlar olmamış deyil. Avropa bu istiqamətdə müvafiq addımlar atmalı, tədbirlər görməlidir. Miqrantların içərisində terrorçuların olması istisna deyil. Qaçqınlar ilk dəfə Türkiyəyə getmişdi. Gördük ki, Türkiyədə terror hadisələri baş verdi. Əlbəttə, bu terror aktları da dünyanın hər yerində pislənməlidir. İkincisi, Türkiyənin NATO üzvü olaraq müdafiəsi üçün Avropa Birliyi ölkələri ciddi addımlar görməlidir. Terror bəşəriyyətə, insanlığa qarşı bir aktdır. Onun kimsə tərəfindən müdafiə olunması da qəbuledilməzdir. Biz terrordan əziyyət çəkən bir xalq olaraq dünyanın harasında baş verməsindən asılı olmayaraq terroru lənətləyirik.

- Parisdə terror hadisəsi baş verdi, Fransa qırıcıları üç dəfə havaya qalxaraq İŞİD adlı qurumun hərbi bazalarını, təlim düşərgələrini bombaladı. Bununla da məsələ bitdimi?
- Bəli, terror hadisəsindən sonra Fransa qırıcıları İŞİD ərazisini bombalayıb. Hesab edirəm ki, bu daha çox piar aksiyasına bənzəyir, nəinki ciddi mübarizəyə. Mübarizə böyük səfərbərlik və ciddi addımlarla müşahidə olunmalıdır.

- Baş verən terror hadisəsi Suriya düyününün həllini qaçılmaz etmirmi?
- Əlbəttə, haqlısınız. Həm Suriya probleminin həlli, həm İraq məsələsinin yoluna qoyulması, həm də Liviyada sabitliyin bərpası vacibdir. Əslində, diqqətlə baxsaq görərik ki, bu problemlər zəncirvaridir. Yəni bir-biri ilə bağlı məsələlərdir. Odur ki, həll edilməsi olduqca vacibdir.

- Parisdə terror hadisəsindən bir gün sonra G-20 ölkələrinin Antalya zirvə toplantısı baş tutdu. Azərbaycan da bu mühüm tədbirə qatıldı. Bu tədbirin əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Mən bu tədbiri izləmişəm. Azərbaycan dövlətinin də bu tədbirdə təmsil olunması çox mühüm hadisə oldu. Çox müsbət haldır ki, Prezident İlham Əliyev bu toplantıda iştirak etdi. Bu şansdan istifadə edən Türkiyə və Azərbaycan terror təhlükəsini dünyanın nüfuzlu liderlərinin diqqətinə çatdıra bildi. Bütün dünya bu cinayətlərə qarşı çıxıb qüvvələrini səfərbər edərək mübarizə aparmalıdır.

- G-20 sammitindən çıxan nəticələr nədən ibarətdir?
- Dünya liderləri bura toplaşaraq iki gün ərzində müzakirələr, fikir mübadiləsi apardı. Eyni zamanda terrorizm təhlükəsini ciddi şəkildə müzakirə etdilər. Bəllidir ki, terrorun səbəbi yoxdur, dünyanın istənilən nöqtəsində terror hücumu baş verə və bunun nəticəsində günahsız insanlar həyatını itirə bilər. Odur ki, dünya qüvvələri terrora qarşı səfərbər olmalıdır. Bu baxımdan Antalyada keçirilən sammit çox əhəmiyyətli oldu.

- Antalya toplantısında ABŞ prezidenti Obama ilə Rusiya dövlət başçısı Putin arasında görüş keçirildi, tərəflər 30 dəqiqə müzakirə apardılar. Bu, Qərb-Rusiya qarşıdurmasında buzları əridə bilərmi?
- Mən bu istiqamətdə böyük dəyişikliklər gözləmirəm. Çünki tərəflər arasında soyuq münasibətləri yaradan səbəblər mövcuddur. Bu səbəblər hələlik aradan qaldırılmayıb. Odur ki, yaxın dövrdə müsbət tendensiya müşahidə olunmayacaq. Sadəcə olaraq Antalya görüşü fikir mübadiləsi aparmaq baxımından əhəmiyyətli hesab oluna bilər. Belə görüşlər və toplantılar ona görədir ki, burada hamının birgə terrorla mübarizəsi nümayiş olunsun. G-20 kimi mühüm bir tədbirin qardaş Türkiyədə keçirilməsi göstərir ki, terrorun əsasları var. Dini nöqteyi nəzərdən Türkiyə və Azərbaycan müsəlmanların yaşadığı ölkələrdir. Lakin bu ölkələrin əhalisi də terrordan əziyyət çəkir. Məncə, Qərb ölkələri bu istiqamətdə Türkiyəyə dəstək verməlidirlər.

Nemət


Müəllif: