18 Noyabr 2015 19:05
602

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli partiya sədri Qüdrət Həsənquliyevlə Tunisə birgə səfəri, Avropa Mühafizəkarlar və İslahatçılar Alyansına tamhüquqlu üzvlüyü barədə suallarımızı cavablandırıb. O, BAXCP-nin planlarından da söz açıb.

- Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevlə Tunisə səfəriniz çərçivəsində partiyanız Avropa Mühafizəkarlar və İslahatçılar Alyansına tamhüquqlu üzv qəbul olundu. Tunisə səfər məhz bu qurumda təmsilçiliklə bağlı idimi? Hansı görüşlər keçirdiniz?
- Tunisə səfər Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının bu ölkədə keçirilən Şura iclasında iştirak etmək və Məğrib Zirvə toplantısı ilə bağlı idi. Tədbirlərin Tunisdə keçirilməsinin də özünəməxsus səbəbi var idi. Tunisin siyasi partiyaları qurumda müşahidəçi statusunda iştirak edirlər. Eyni zamanda Tunisin ərəb ölkələri arasında daha az itki ilə qan tökülmədən müəyyən dəyişikliklər etməsi ölkəni Avropanın partiyalar ittifaqı üçün müəyyən qədər cazibədar etmişdi. Alyansının Şura iclasının Tunisdə keçirilməsində başqa bir məqsəd ayrı-ayrı ölkələrin yüksək rütbəli məmurlarının, ekspertlərinin və parlamentarilərinin iştirakı ilə “Ərəb baharı”nın nəticələrinin müzakirə etməkdən ibarət idi. Noyabrın 13-də keçirilən toplantının ilk yarısı Şuranın iclasına həsr olundu. Bu tədbirə qurumun üzvlüyünə namizəd partiya kimi qatılmışdıq. Bizim namizədliyimiz müzakirə olunacaqdı. Müzakirələr bitdikdən sonra partiyamızın növbəti dəfə təqdimatını keçirdik. Xatırladım ki, namizəd olanda da təqdimat keçirmişdik. Partiya sədri Qüdrət Həsənquliyev BAXCP-nin təqdimat nitqi ilə çıxış elədi, eyni zamanda ölkədəki siyasi-ictimai vəziyyəti, Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı mövcud durumu və ölkədəki son parlament seçkilərini dəyərləndirdi. Nitq boyunca öncədən hazırladığımız Qarabağ, işğal olunmuş torpaqlarımız, Xocalı soyqırımı ilə bağlı fotokadrların yer aldığı slayd nümayiş olundu. Həmçinin BAXCP-nin quruma üzvlüyü məsələsi gündəmə gətirildi, partiyamız Alyansa üzv qəbul olundu. Reykyavik bəyannaməsi imzalandı. Bəyannaməni BAXCP sədri Qüdrət Həsənquliyev və Alyansın prezidenti Jan Zaharadil imzaladı. Şuranın iclasından sonra Məğrib Zirvə toplantısı başlandı. Avropa Parlamentinin vitse-prezidentləri, bir çox ölkələrin nazirləri, xarici işlər nazirləri, nüfuzlu ekspertlər bu tədbirə qatılmışdı. Ərəb ölkələrində baş verən proseslər geniş şəkildə müzakirə olundu.

- Tunisi gəzmək, müşahidə aparmaq imkanınız oldumu? Hazırda Tunisin vəziyyəti necədir?
- Təhlükəsizlik tədbirləri ilə əlaqədar bizim şəhəri gəzmək imkanımız olmadı. Ancaq insanlarla ünsiyyətdə olduq. Dövlət qurumlarını təmsil edən ayrı-ayrı nazirlərlə və partiya təmsilçiləri ilə təmaslarımız oldu, təəssüratlarımız yarandı. Tunisdə il ərzində olan terror aktlarına görə bu ölkəyə turistlərin gəlişi azalıb. Bu ölkənin əsas gəliri turizm sektorundan gəlir, enerji resursları yoxdur. Ümumən kasıb təsir bağışlasa da, yollar, körpülər müasir və təzə idi. Sözün düzü, mən fərqli görüntü gözləyirdim. Əhalinin sosial durumu kifayət qədər ağırdır. Ölkənin məşğulluq və əmək naziri də çıxışında vurğulamışdı ki, Tunis gənclərinin yarıdan çoxu işsizdir. Ölkənin əhəmiyyətli hissəsini gənclər təşkil etdiyinə görə bu, Tunis əhalisinin yarıdan çoxunun işsiz olması deməkdir. İnqilabın bu ölkəyə nə gətirdiyini yəqin ki, zaman göstərəcək. Amma sabitliyin çox böyük təhlükəsizlik tədbirləri hesabına qorunması artıq göz qabağındadır. Bizə təqdim olunan məlumatlarda qeyd olunurdu ki, Avropa İttifaqı tərəfindən böyük yardımlar edilir, təhlükəsizlik sistemi yenidən qurulur. Avropa İttifaqına daxil olan ölkələrin Xarici İşlər Nazirliklərinin saytlarında Tunisə yalnız xüsusi ehtiyac duyulduqca səfər etmək məsləhət görülür. Çox maraqlı mənzərə ortaya çıxmışdı, bir tərəfdən Tunisdə mötəbər tədbir keçirilirdi, digər tərəfdən tədbiri təşkil edən ölkələrin rəsmi saytlarında bu ölkəyə getmək məsləhət görülmürdü. Müzakirələr zamanı Qüdrət bəy çıxışında dedi ki, “Ərəb baharı” bu ölkələrə nə demokratiya gətirdi, nə də sabitlik. Növbəti günlərdəki çıxışlarda BAXCP sədrinin bu tezisi onların da fikirlərində yer almışdı, bildirirdilər ki, “Ərəb baharı” faktiki olaraq ərəb ölkələrini ciddi problemlərlə qarşı-qarşıya qoyub.

- Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının təmsilçilərinin ermənipərəst olduğu barədə iddialar var. Doğrudanmı, Alyansda ermənipərəstlər üstünlük təşkil edir?
- BAXCP Azərbaycanda ilk siyasi partiyadır ki, Avropa Mühafizəkarlar və İslahatçılar Alyansına üzv qəbul olunub. Alyansda Cənubi Qafqazın iki ölkəsindən partiyalar təmsil olunurdu. Ermənistandan “Çiçəklənən Ermənistan” Alyansdadır. Gürcüstandan, o cümlədən müxtəlif Avropa ölkələrindən quruma üzv partiyalar var. Alyansın üzvü olan partiyaların bir çoxu öz ölkələrində hakim partiyadır. Məsələn, Böyük Britaniya təmsilçisi hakimiyyətdədir. Alyans Avropanın ən böyük üçüncü siyasi partiyalar ittifaqı sayılır. Həmçinin Avropa Parlamentində deputatlarının sayına görə üçüncü yerdədir. Bu da kifayət qədər əhəmiyyətli mövqe deməkdir. Ermənipərəst mövqeyə gəlincə, siyasi ittifaqlar eyni formada qalmır. Partiyaların rəhbərləri də, fikirlər, yanaşmalar da zamanla dəyişir. Onlarla necə iş aparılmasından çox şey asılıdır. Avropa Parlamenti Azərbaycandakı seçkilərlə bağlı qətnamə qəbul edəndə Alyansın prezidenti BAXCP sədrinə məktub ünvanlayaraq bu qətnamənin yanlış olduğunu vurğulamışdı. Faktiki olaraq bu, Azərbaycana dəstək idi. Bu cür nüfuzlu qurumun prezidentinin belə bir addım atması təbii ki, həm də qurumdakı siyasi partiyaların əhəmiyyətli hissəsinin mövqeyini ifadə edir. Ünvanımıza hər hansı tənqidin səslənməsi üçün prinsipial yer yoxdur. Qurumun prinsiplərinə gəlincə, Praqa bəyannaməsindən sonra Reykyavik bəyannaməsi qəbul olunub. Burada nə BAXCP, nə də Azərbaycanın mövqeyinə zidd olan hər hansı prinsip var. Alyans şəxsiyyət azadlığı, dövlət müstəqilliyi, parlament demokratiyası, qanunun aliliyi, mülkiyyətin toxunulmazlığı, aşağı vergilər, dayanıqlı valyuta siyasəti, azad ticarət, şəffaf rəqabət və hakimiyyətin mərkəzdən daha aşağı səviyyəli orqanlara ötürülməsi kimi prinsiplər ətrafında birləşən partiyaların ittifaqıdır. Alyans Avropanın müstəqil dövlətlərinin öz ərazi bütövlüklərini və milli özünəməxsusluqlarını qorumaqla qarşılıqlı qərarlar əsasında əməkdaşlıq edə biləcəyinə inanır. Alyansın müddəaları demək olar ki, Azərbaycanın Konstitusiyasının müddəalarının əhəmiyyətli hissəsidir.

- Artıq seçki dönəmi bitdi. Seçkidən sonra BAXCP-nin qarşısında duran hədəflər nədən ibarətdir?
- Hədəflərimiz yol verdiyimiz səhvlərimizdən nəticə çıxarmaq, partiyanın təşkilatlanması istiqamətində fəaliyyəti sürətləndirmək, BAXCP-nin mövcud strukturlarına yeni insanların cəlb edilməsi üçün addımlar atmaq, beynəlxalq əlaqələrimizi genişləndirmək, Azərbaycanın milli və dövlət maraqları olan məsələlərlə bağlı hər zaman olduğu kimi ardıcıl və prinsipial mövqe nümayiş etdirmək və bu mövqeni ölkəmizin sərhədlərindən kənara çıxarmaqdır. Perspektivdə kifayət qədər ciddi planlar var. Ümid edirəm ki, bunların həyata keçirməsi istiqamətində uğurla çalışacağıq.

Nərgiz Ehlamqızı


Müəllif: