21 Noyabr 2015 13:28
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu gün dünyada baş verən belə hadisələrə səbəb beynəlxalq iqtisadi böhrandır. Bir çox ölkələr krizdən çıxmaq məqsədilə xaricdən əlverişli şərtlərlə nəsə əldə etmək istəyirlər. Məhz buna görədir ki, Suriyada biri Bəşər Əsədə qarşı vuruşanlara dəstək verir, digəri Əsədi müdafiə edir. Bu prosesdə silah, avadanlıqlar satılır. İraqın işğalından Amerika nəhəng gəlir əldə etdi. İndi biz yuxarıda müzakirə etdiyimiz halların arxasında güclü dövlətlərin beynəlxalq böhrandan uduşlu çıxmaq niyyəti də durur. Yeganə səbəb bəzi dövlətlərin krizdən çıxmaq üçün bəzi ölkələrə müdaxiləsi, terror isə bu müdaxilələrə cavabdır".

Bunu Teleqraf.com-a müsahibəsində ADP sədri Sərdar Cəlaloğlu bildirib. Müsahibəni təqdim edirik.

- Ümid Partiyasının sədri İqbal Ağazadə bəyan edib ki, sizinlə görüşüb "Qarabağ" Blokunun gələcək taleyini həll etmək istəyir. Görünən budur ki, Ümid blokun davam etdirilməsini istəyir. Bəs, ADP-nin mövqeyi necədir?
- Açığı, mən bu haqda ancaq mətbuatdan xəbər tutmuşam. Daha doğrusu, dostlar məlumat verib. Amma konkret bilmirəm ki, söhbət nədən gedir. Ona görə də bir söz deyə bilmərəm. Mənə heç kim deməyib ki, bu məsələni müzakirə edək. Lakin biz ADP olaraq "Qarabağ" Blokuna dair mövqeyimizi bildirmişik. Hesab edirik ki, bundan sonra "Qarabağ" Blokunun fəaliyyətinə heç bir ehtiyac yoxdur. Həm də son parlament seçkilərində Ümid Partiyası açıq formada başqa bir təşkilatla ittifaq yaratdı və seçkiyə getdi. Əgər Ümid seçkiyə tək getsəydi, başa düşərdik. Lakin onlar ADP ilə müttəfiq olduqları halda başqa qurumla seçkilərə getdilər. Bu, faktiki olaraq "Qarabağ" Blokunun fəaliyyətinin dayandırılması, başa çatdırılması demək idi. Bizim partiyada Ümidlə "Qarabağ" Bloku çərçivəsində əməkdaşlıq etməklə bağlı ciddi meyl yoxdur. Bu mənada hətta Ümid rəhbərliyi ilə görüşüb danışsaq.

- Yeddi partiya siyasi blok yaratmaq haqqında danışıqlar aparır. ADP-nin bu blokda təmsil olunmaq ehtimalı nə dərəcədədir?
- Bu bloku "Azadlıq-2015" seçki blokunu təsis edən partiyalar yaradır. Bu mənada mənim mövqeyimin onlara nə aidiyyəti ola bilər. Uğurlar olsun. Bizim bu məsələyə aidiyyətimiz yoxdur. Nə bizi ora dəvət edən var, nə də biz gedib orada təmsil olunmaq niyyətindəyik. Yeri gəlmişkən, seçkidən əvvəl ADP bu formatda gedən müzakirələrdə iştirak edirdi və sonra oradan çıxdı. İndi hər dəfə gedib harasa daxil olası deyilik.

- Hansı səbəbdən daha bloklaşmaya meyl göstərmirsiniz?
- Siyasi proseslərdə hər şey bu proseslərin məntiqindən doğmalıdır. İndi kiminsə subyektiv fikri və ya ideyası siyasi reallıq ola bilməz. Məsələn, deyirlər, başqa partiyalarla əməkdaşlıq edək. Hər bir partiya bir cür mövqe nümayiş etdirir. Seçkilərdən əvvəl belə idi. İndi ölkədə hansı hadisə baş verib ki, bütün partiyalar eyni mövqe nümayiş etdirsin? Mən belə bir zərurəti görmürəm. Seçkidən əvvəl və seçkilərdə vahid bir addım atılsaydı, bəlkə də, seçkidən sonra müəyyən konfiqurasiya yarana bilərdi. İndi siyasi blok yaradan 6-7 partiya seçkidən əvvəl də seçkilərdə də əməkdaşlıq ediblər. Ən ideal variant odur ki, özləri toplaşıb əməkdaşlıq etsinlər. Başqa qüvvələri ora cəlb etməyin nə mənası var? Ancaq yenə də özləri bilər, kimə istəsələr, təklif verə bilərlər. Mən kiməm ki, onlara deyim belə etməyin, elə edin. İndilikdə bizim blokda təmsil olunmaq marağımız yoxdur.

- Pənah Hüseyn də təklif edir ki, "Həmrəylik" Hərəkatı yaransın, siyasi qüvvələr bu prosesdə aktiv iştirak etsin...
- Mənim bu təşəbbüsdən də xəbərim yoxdur. Sadəcə olaraq oxumuşdum ki, Pənah Hüseyn bəyan edib ki, müxalifətə liderlik edə bilər. Mən də demişdim ki, lap gözəl, bir insan üçün nəsə arzulamaqdan gözəl bir şey yoxdur. Biz deyə bilmərik ki, sən bunu arzu eləmə. Ancaq Pənah Hüseyn də nəsə yaradacaqsa, yaratsın. Lakin söhbət real proseslərə təsir edən nədənsə gedirsə, həmin qurum hadisələrin içindən çıxmalıdır. Hadisə yoxdursa, ortaya bir şey çıxmayacaq. Kimsə də kənardan düşünüb ortaya birlik çıxaracaqsa, bu da hadisə yaratmayacaq.

- Amma siz elan etmisiniz ki, Pənah Hüseyn tolerant deyil və çılğındır...
- Mən deməmişəm ki, ondan lider çıxmaz. Demişəm ki, bu xarakterlə Pənah Hüseyn necə ümumi prosesə rəhbərlik edə bilər. Bu mənim üçün də maraqlıdır. Pənah dostumdur, xarakterini tanıyıram. Bu, ayrı məsələdir. Amma ən müxtəlif və ziddiyyətli mövqeli təşkilatların birliyini yaratmaq çətin işdir. Məsələn, biz vaxtilə "Azadlıq-2015" seçki blokunu təsis edən partiyalarla birlikdə olanda maraqlı bir insident oldu. Bu insident zamanı oradakı insanların davranışını gördüm. Orada birlik yaratmaq məsələsində o qədər də parlaq niyyət yoxdur. Pənah Hüseyn birlik yaratsın, onun lideri olsun, lap böyük vəzifə də tutsun. Kim ona nə deyə bilər.

- Müxalifətin indiki ən ağır durumunda inteqrasiyaya ehtiyac varmı?
- Əlbəttə, var və vacibdir. Ancaq bu real bir prosesin üzərində qurula bilər. Ancaq görüntü naminə belə birliyin qurulmasını məqsədəuyğun hesab etmirəm.

- Parisdəki terror hadisəsi dünyanın diqqət mərkəzindədir. Sizcə, bu terror aktı niyə baş verdi, məqsəd və məram nədən ibarət ola bilər?
- Əvvəla, biz terroru, terrorçunu və onun qurbanlarını bir-birindən ayırmalıyıq. Çünki bunların əmələ gəlməsinin səbəbləri fərqlidir. Terrora məruz qalan o ölkələrdir ki, bu ölkələr başqa xalqa, dinə və millətə qarşı qeyri-qanuni, beynəlxalq hüquqa zidd olaraq hansısa addımlar atır. Məsələn, bu gün Fransa ona görə terrorun hədəfidir ki, bu ölkədə Məhəmməd peyğəmbər təhqir olunur, mühacirlərə qarşı qeyri-sağlam münasibət var. Orada hicab, məscidlər qadağan olunur, küçədə namaz qılmağa məhdudiyyət qoyulur. Əlcəzairdən olan gəncləri bir neçə il əvvəl öldürdülər və mühacirlər ayağa qalxdı. Həmçinin onlar tarixən müsəlman xalqlara qarşı genosid siyasəti aparıblar. Yəni həm tarixdə, həm də müasir dövrdə Fransa anti-islam, anti-ərəb mövqe ortaya qoyan ölkə kimi tanınır. O cümlədən Fransa biz müsəlman olduğumuz səbəbindən Qarabağdakı terrorçu və separatçı erməniləri dəstəkləyir. Bunu hamımız bilirik. Mən Azərbaycana olan münasibəti çıxıram. Digər qeyd etdiyim məqamlara görə Fransanın terror hədəfi olması təbiidir. Niyə İŞİD Polşada, Bolqarıstanda deyil, məhz Fransada bu terroru həyata keçirir? Yəni terrorun hədəfi olmağa səbəb həmin terrorçunun xalqı və ölkəsi ilə bağlı hansısa yanlış addımlar atmaqdan doğur. İkincisi, terrorçu kimdir? Ən cılız canlı belə özünü saxlamağa, qorumağa cəhd edir. Şüurlu, ziyalı, pulu, güclü adam niyə terrorçuya çevrilir? Məncə, biz bunun səbəbini intiharlarda axtarmalıyıq.

- Niyə intiharlarda?
- Terrorçular həm də intiharçılardır. Onları tapırlar, müəyyən qədər iş aparırlar. Deyirlər ki, özünü öldürməklə yanaşı, başqalarını da öldür. İntiharın da əmələ gəlməsinə səbəb insanın öz-özünə yadlaşmasıdır. Yəni insanın ruhu ilə bədəni bir-birinə yadlaşır. Elə sosial faktorlar var ki, insanı ikiyə bölür. Başqa sözlə, insanın cismani varlığı bir, ruhu varlığı isə digər tərəfə gedir. Bu, nədir? İnsan hüquq və azadlıqların boğulması və kasıblıq. İnsan hüquq və azadlıqları ruhu bir tərəfə çəkib radikallaşdırır, kasıblıq isə cismani radikallığa meyl edir. Bu halda insan ya özünü öldürür, ya da terror törədir. Terrorun əmələ gəlməsi səbəbindən biri də bu məsələdir.

- Bəs niyə inkişaf edən ölkədə də terrorçu yetişir?
- Bu, sırf ideoloji məsələdir. İslamın beş üsulu var və onun da biri cihaddır. Allah Quranda açıq deyir ki, sizi yerinizdən qovub çıxaranları siz də qovub çıxarın, sizə qarşı vuruşanlarla siz də vuruşun, sizi öldürənləri siz də öldürün. İndi hansısa ölkə Suriyaya bomba atır, orada günahsız insanlar da ölür. Bu adamın da imkanı yoxdur ki, Suriyadan hansısa ölkəyə bomba atsın. Odur ki, özü gedib həmin ölkədə özünü partladır və günahsız insanları öldürür. Suriyanın bombalanmasına hərbi əməliyyat, Parisdə kiminsə özünü partlatmasına isə terror deyirik. Müharibədə iştirak etməyən insanların öldürülməsi hərbi cinayət adlanır, qeyri-qanuni hərəkətdir. İraqlı görəndə ki, günahsız körpə, yaşlı insan bomba nəticəsində öldürülür, onun özü də bu qanunsuz hərəkəti aparıb Parisdə və ya başqa bir şəhərdə həyata keçirir. Bunun da adı qalır terror. Quran açıq yazır ki, sizə qarşı hansı üsulla düşmənçilik edib qırırlarsa, siz də bu metoddan istifadə edərək vuruşun.

- Sizə elə gəlmirmi ki, terrorun islama heç bir aidiyyəti yoxdur?
- Buna sən, mən və başqası terror deyir. Burada söhbət ad qoymaqdan gedir. Biz buna terror adını qoyuruq, onlar özləri isə vuruşmaq. Quran deyir ki, sənə qarşı əl qaldırmayana sən də əl qaldırma. Fransa aviasiyası onları bombalayırdı, peyğəmbəri təhqir edirdi. Bu terrorçular da gedib Parisdə bu hərəkəti təkrarladı. Bunlar da düşünür ki, mənim qırıcım yoxdur, özüm gedib partladıram. Ancaq sən bunu əsassız, heç bir səbəb olmadan edərsənsə, Quran səni ittiham edir. Heç bir müsəlman səbəb olmadan bir ağacın budağını kəsirsə, müsəlman deyil, islamı bilmir. Quran deyir ki, ilk olaraq heç kimə hücum etməyin, sizə hücum edənlə vuruşun. Yəni Quran hücum deyil, müdafiə olunmaq əmrini verir. İndi də terrorçu deyir ki, sən gəlib Suriyaya bomba atırsan, dinc insanları, körpələri öldürürsən. Müharibə edirsənsə, əsgəri öldür. Odur ki, gedib əvəzini çıxırlar. Müharibə hərbi yolla həyata keçirilən siyasətdir. Amma ilk baxışdan bizə elə gəlir ki, müharibə ilə siyasətin heç bir əlaqəsi yoxdur. Terror isə lokal müharibədir. Yəni sən total müharibə apara bilmirsənsə, lokal müharibəyə gedirsən. Yeri gəlmişkən, prezident Fransua Olland da bunu açıq dedi. Elan etdi ki, Fransaya qarşı müharibə elan ediblər. Bu halda onun adını terror niyə qoyursan. 2001-ci ilin terror hadisəsi zamanı mən özüm Amerikada idim. Onda prezidentin özü bəyanat verdi ki, bizə qarşı müharibə elan olunub. Yəni terror da müharibə deməkdir.

- Bu hadisələrin sonu necə olacaq?
- Bu gün dünyada baş verən belə hadisələrə səbəb beynəlxalq iqtisadi böhrandır. Bir çox ölkələr krizdən çıxmaq məqsədilə xaricdən əlverişli şərtlərlə nəsə əldə etmək istəyirlər. Məhz buna görədir ki, Suriyada biri Bəşər Əsədə qarşı vuruşanlara dəstək verir, digəri Əsədi müdafiə edir. Bu prosesdə silah, avadanlıqlar satılır. İraqın işğalından Amerika nəhəng gəlir əldə etdi. İndi biz yuxarıda müzakirə etdiyimiz halların arxasında güclü dövlətlərin beynəlxalq böhrandan uduşlu çıxmaq niyyəti də durur. Yeganə səbəb bəzi dövlətlərin krizdən çıxmaq üçün bəzi ölkələrə müdaxiləsi, terror isə bu müdaxilələrə cavabdır. Dünya Suriyaya toplaşıb sivil şəkildə Bəşər Əsədin hakimiyyətdən getməsini təmin etsəydi, vətəndaş müharibəsi başlamasaydı, İŞİD necə ortaya çıxardı?

Nemət Orucov


Müəllif: