23 Noyabr 2015 19:54
715

Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli son günlər medianın gündəmdə olan problemlərilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

- Müşfiq bəy, Mətbuat Şurası “Media və məsuliyyət: mövcud durum və perspektiv vəziflərə baxış” mövzusunda “dəyirmi masa” keçirdi. Müzakirələrin əhəmiyyətini necə qiymətləndirirsiz?
- Mətbuat Şurasının keçirdiyi tədbir günün vacib çağırışıdır. Ölkənin xəbər gündəmi ilə bağlı ciddi narahatlıq yaranıb. Milli Təhlükəsizlik, Rabitə Nazirliklərinin keçmiş rəhbərlikləri ilə bağlı baş verənlər, aparılan istintaq hərəkətləri bəzi KİV təmsilçiləri üçün sanki çoxdan gözlənilən fürsət yaradıb. Ölkənin xəbər gündəmini şər, böhtan, qeyri-obyektiv, qeyri-real, qərəzli informasiyalar bürüyüb. Ölkə əhalisinin nə baş verdiyini anlamasına problem yaradılır. Əlbəttə, baş verənlər barədə məlumat yaymaq KİV-in missiyasıdır. Amma indi yayılan informasiyalar baş verənləri yox, baş verməyənləri, mövcud olmayanları əks etdirir. Tutaq ki, MTN və Rabitə Nazirliyində problem olub və ölkə başçısı bu problemlərin aradan qaldırılması üçün tədbirlər görüb. Bunu alqışlayaq və dəstək olaq, normal işləməyənləri tənqid edək. Amma baxın, bu gün tənqid olunmayan nazirlik, icra qurumu varmı? Tənqid deyil, təhqir olunurlar, barələrində nələr yazılmır ki?! İşlərini, özlərini tənqid etsələr, bəlkə də başa düşmək olar, amma ailələrini, qohumlarını niyə bu işə qatırlar? Dövlətə qarsı etimadsızlıq, itaətsizlik mühiti yaradılır.

Təbii ki, bu, KİV qanunu və Jurnalistlərin Etik Kodeksi baxımından yolverilməzdir və həm etik, həm də hüquqi məsuliyyət doğurur. Hələlik məsələyə etik müstəvidən yanaşılır. Ölkənin rəsmi şəxsləri dəfələrlə çağırış, xəbərdarlıq ediblər ki, bu cür halların qarşısı alınsın. Əgər qarşısı alınmasa, hüquqi müstəvidə ölçü götürüləcək. Mətbuat Şurası da bundan narahatdır. Bir narahatçılıq Etik Kodeksə sayqısızlıq göstərilməsidirsə, digər narahatlıq baş verənlərin qarşısının alınması üçün qanunun sərt tərəfinin işə salınmasıdır. Əgər bu cür yanlış informasiyalara qarşı hüququn sərt dili ilə ölçü götürülsə, onda nə qədər KİV-in, nə qədər jurnalistin hüquqi məsuliyyətə cəlb ediləcəyini təsəvvür edə bilərsiz. Məsələnin bu müstəviyə keçməsi həm KİV, həm də ölkə üçün ciddi problem yaradar. Bu baxımdan Mətbuat Şurası konfranslar, dinləmələr keçirir, KİV-lərdə açıqlamalar verir ki, bu cür yanlış tendensiyanın qarşısını ala bilsin. Qeyd etdiyiniz tədbir də bu müstəvidəndir. Hesab edirik ki, tədbirdə ölkə KİV-i tam təmsil olundu, hər kəs nə demək istədiyimizi anladı.

- “Dəyirmi masa”da jurnalist Elxan Şükürlü yaranmış duruma görə Mətbuat Şurasını da qınadı. Onun qaldırdığı məsələlərə münasibətiniz necədir?
- Yuxarıda qeyd etdim ki, Mətbuat Şurası yaranmış durumun həssaslığı barədə KİV-də intensiv açqılamalar verir. Şuranın sədri başda olmaqla, üzvlər də KİV-də intensiv çıxışlar edirlər, durumun aydınlaşmasına çalışırlar. Əflatun müəllim bir neçə dəfə televiziya ekranlarına çıxıb, izahedici şərhlər verib. Amma bu, Şura sədrinin və ya Şura üzvlərinin çıxışlarıdır. Tədbirlərin, konfransların keçirilməsinin məqsədi odur ki, baş verənlər barədə KİV təmsilçiləri də öz fikirlərini bildirsənlər. Problemlərin səbəbi, qarşısının alınması yolları barədə auditoriyanın rəyi də mühümdür və Şura müzakirələrə hər zaman açıq olub. Biz “Strateq” xəbər portalının redaktoru Elxan Şükürlünün çıxışına da bu kontekstdən yanaşırıq. Orada çıxış üçün hər kəsə şərait yaradıldı, kim nə istədisə, danışdı. Elxan da öz düşüncələrini bölüşdü. Bu, MŞ-nin fikir plüralizminə verdiyi qiymətdir, tənqidçiyə də, normal fikir bildirənə də sözünü demək üçün şərait yaradır. Onun çıxışının reallığı nə dərəcədə əks etdirməsinə gəlincə, məncə, bu barədə ən düzgün qiyməti auditoriya özü verdi. Elxan 15 çıxışçıdan biri oldu. Onun mövqeyini başqa çıxışçılar təkrar etmədilərsə, deməli, auditoriya bu mövqeyi dəstəkləmədi. Bu, normal bir haldır. Məncə Elxan da göstərilən reaksiyanı normal qəbul etdi.

- Yalan məlumatların yayılmasına görə, dövlət qurumlarının mətbuat xidmətləri də tənqid olundu. Mətbuat xidmətlərinin fəaliyyətini nə dərəcədə qənaətbəxş hesab etmək olar?
- Mətbuat xidmətləri arasında işini normal quranlar da var, tam bərbad quranlar da. İnformasiya məkanında yaranmış çaşqınlığın məsuliyyətinin çox böyük bir hissəsi onların üzərinə düşür. Bunu bilirik, deyirik, problemin aradan qaldırılması üçün tədbirlər görürük. Mənim bu mövzuya həsr edilmiş müəllif yazım da olub, “Qeybə çəkilən mətbuat xidmətləri, suçlanan jurnalistlər”.

- Baş Prokurorluq bir neçə sayt redaktoruna xəbərdarlıq edib. Sizcə, bu kimi xəbərdarlıqlar nəticə verəcəkmi?
- Mən yuxarıda bu mövzuya ötəri toxundum. Bizi narahat edən məsələlərdən biri də odur ki, KİV-də baş verən qanunsuzluqlar barədə özünütənzimləmə müstəvisində, yəni Mətbuat Şurası müstəvisində yox, prokurorluq, məhkəmə müstəvisində tədbir görülməyə başlasa, arzuedilməz durum yaranacaq. Təsəvvür edin ki, Mətbuat Şurasına il ərzində orta hesabla 600-ə yaxın şikayət daxil olur və Şura bunu barış yolu ilə tənzimləyir. Proses hüquq müstəvisinə yönəlsə, bu, ildə 600 məhkəmə işi deməkdir. Prokurorluq da xəbərdarlıq edib. Arzu edək ki, xəbərdarlıqdan nəticə çıxarılsın, məsələ hüquqi ölçü götürülməsi müstəvisinə keçməsin. Bu, KİV-lərin özündən asılıdır.

- Yaxın günlərdə Mətbuat Şurası daha hansı addımlar atmaq niyyətindədir?
- Məsələ ondadır ki, xəbər gündəmindəki qüsurlar ümumi şəkildə medianın adına yazılsa da, burada ənənəvi medianın payı çox azdır. Ölkədə kifayət qədər peşəkar qəzetlər, radio, televiziya, informasiya agentliyi və xəbər portalları var. Bəzi onlayn media resurslarının yanlış hərəkətləri ümumi KİV-lərin adına yazılır. Şuranın hazırda diqqəti peşəkar olanlarla peşəkar olmayanların fərqləndirilməsinə, qərəzli informasiya yayanlarla bu prosesə təsadüfi qoşulanların ayırd edilməsinə, media adından istifadə edib ölkəyə qənim kəsilənlərin müəyyənləşdirilməsinə yönəlib. Bunun mexanizmləri var və növbəti mərhələdə açıqlanacaq. Onda biz ümumi medianın yox, konkret günahkarların barəsində müzakirə aparacağıq.

Ruslan Xəlil


Müəllif: