24 Noyabr 2015 13:00
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qurtuluş savaşından sonra Türkiyənin təyyarəsini, tankını vuran olmamışdı. Amma Suriya türk təyyarəsini vurub yerə saldı, pilotlar da öldü. Heç nə tapılmadı, bir şey də etmədilər. İkincisi, Rusiya Suriya ərazisini bombalayır. Türkiyə ərazisini bombalamır ki. Odur ki, bu hansısa bir savaş üçün əsas ola bilməz. İkinci, Rusiya Suriya məsələsində çox dəqiq və ehtiyatlı hərəkət edir. Bilir ki, bütün gözlər onlardadır. Hamı da Rusiyanın addımlarına qısqanclıqla yanaşır. Qərb ölkələri, o cümlədən də Türkiyə Rusiyanın bu addımlarını sevmir. Rusiya da çox dəqiq və ehtiyatla addımlar atır”.

Bunu Teleqraf.com-a müsahibəsində “Münaqişələrin Həlli Mərkəzi”nin rəhbəri, politoloq Elxan Mehdiyev bildirib. Müsahibəni təqdim edirik.

- Elxan bəy, Suriya məsələsi dünyanın əsas problemi olaraq qalır. Hazırda Suriyada hansı qüvvələr var və onlar hansı dairələrə bağlıdır?
- Suriya dövləti artıq mövcud deyil. İndi Suriya dövləti Dəməşqin bir hissəsidir. Bir də Aralıq dənizi sahilində Rusiya hərbi bazasının yerləşdiyi ərazi Bəşər Əsədin nəzarətindədir. Suriyanın böyük hissəsi isə İŞİD-in nəzarətindədir və bu qurumun başında xəlifə dayanıb. Onlar həm də İraqın müəyyən hissəsinə nəzarət edirlər. Suriyanın Türkiyə ilə sərhəd bölgəsi kürd qüvvələrinin nəzarətindədir. Ondan sonrakı ərazilərdə isə çoxlu sayda terrorçu qurumlar, ABŞ və Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu, Əl-Qaida, Əl-Nüsrə adlı qurumlar var. Bu qrupların hər biri müəyyən bölgələrə nəzarət edirlər. Real durum bundan ibarətdir. Rusiya İŞİD və anti-Əsəd qüvvələrini bombalayır. Amerika daha çox kürd qüvvələrinə dəstək ifadə edir. Çünki orada yeganə nizamlı qüvvə kürd qüvvələridir. İndi İŞİD-in haradan silah-sursat alması müəmmadır. Əlbəttə, İŞİD İraq ordusunu darmadağın edəndən sonra böyük silah ələ keçirə bildi. Azad Suriya Ordusunun Türkiyədə təlim keçən qüvvələri Suriyaya keçdikdən sonra İŞİD-ə qoşuldu. Həm də beynəlxalq qaçaqmalçılıq yolu ilə silah əldə edirlər. Real durum bundan ibarətdir.

- Azad Suriya Ordusunun müəyyən qruplarının İŞİD tərəfə keçməsi nə dərəcə dəqiq informasiyadır?
- Dünya bundan yazır. ABŞ 500 milyon dollar ayırdı, Türkiyədə poliqonlar açdı, türk subayları ilə birgə Azad Suriya Ordusuna təlim keçdi. Anti-Bəşər Əsəd qüvvəsi formalaşdı və onlar təlimdən sonra Suriyaya keçdi. Bu döyüşçülərin çoxu İŞİD tərəfə keçdi. Yerdə qalan bir neçə nəfər isə Türkiyə tərəfə qayıdaraq bildirdi ki, İŞİD sıralarına qoşulmayıb.

- ABŞ və Türkiyənin 500 milyonluq layihəsi batdı?
- Bəli, demək olar ki, batmış hesabdır.

- Suriyada həm də 3,5 milyon türkmən yaşayır. Onların vəziyyəti necədir?
- Əslində, Suriya səviyyəsində onlardan səs-soraq gəlmir. Mən bu mövzuda danışmaq niyyətində deyiləm, çünki hazırda bu istiqamətdə informasiya çox azdır. Amma 2-3 gün əvvəl Brüsseldə konfransda iştirak etdim. Orada Suriya məsələsi də müzakirə olunurdu. Regiondakı böyük aktyorların çoxu konfransda iştirak edirdi. Biz orada yeni bir şeylər öyrənmədik, hamısı izlədiyimiz məsələləri ortaya qoyurdu. İndi daha çox kürd tərəfi silah problemini ortaya qoyur və deyir ki, silahımız yoxdur. Olsa, İŞİD qüvvələrini geri atarıq. Türkmənlərin konkret olaraq bölgədə hansı addım atdığı haqda məlumat yoxdur. Türkmənlərin kürdlər kimi nizami qüvvələrinin olduğu da bəlli deyil.

- Amma üç gün əvvəl Rusiya aviasiyası türkmənlərin olduğu bölgəni bombalayıb...
- Mən deyə bilmərəm ki, Rusiya hansı məqsədlər naminə həmin əraziyə havadan zərbələr endirib. Eyni zamanda, orada məhz türklərin və ya türkmənlərin olduğu üçün zərbələr endirməsini demək də çox mübahisəli olardı. Ruslar əslində Əsədin kəşfiyyatının verdiyi koordinatlar əsasında hansısa ərazilərə zərbə endirirlər. Yəni Suriyada Əsəd rejimi və İraq kəşfiyyatı Rusiya ilə işləri koordinasiya edirlər. Onlar harada silahlı qruplaşma varsa, onun koordinatlarını rus aviasiyasına verirlər. Odur ki, bu məsələyə dediyiniz konteksdə deyil, mən deyən istiqamətdə baxmaq lazım gəlir.

- Doğrudanmı, Kürdüstan yaratmaq üçün hökmən Suriyada tarixi torpaqlarında yerləşən türkmənlərin ərazilərinin ələ keçirilməsi vacibdir?
- Mən bu məsələyə dediyiniz formada yanaşmıram. Suriya ərazisində kürdlər Türkiyə sərhədi ilə zolaqda yerləşib. Onlar burada nəzarəti ələ keçiriblər. Özlərinin güvənliyi üçün bu əraziləri kontrol edərək İŞİD-dən qoruyurlar. İndiki mürəkkəb durumda onları məhkum etmək böyük sual doğurardı. Əks halda ortaya sual çıxardı, nəyə görə, kürdlər özlərini qorumasınlar? Qorumasalar, İŞİD-in nəzarətinə keçəcək və qətliama məruz qalacaqlar. Bildiyim qədər, bir dəfə də məruz qalıblar. Odur ki, onların İŞİD-ə qarşı vuruşması alqışlanır. Bu səbəbdən də ABŞ və Qərb dünyası onlara kömək edir. Lakin bu məsələdə cənab Ərdoğanın tutumu mübahisəlidir. Əksinə, Türkiyə oradakı kürdlərə hamıdan çox kömək etdi. Kobanidən yol açdı, peşmərgələrin ora daxil olmasına imkan yaratdı. Oranın 100 minlik əhalisini qəbul etdi, hər cür yardım göstərdi. Humanitar baxımdan onlara ən ciddi dəstəyi Türkiyə göstərdi. Amma siyasi yanlışlıqlar ucbatından Türkiyənin indiki rəhbərliyi onlarla konfliktə gedir. Səbəb də həssas məqamlarla bağlıdır. Çünki Türkiyə ilə sərhəddə zolaq təşkil edən kürdlərin PKK ilə işbirliyinə getməsi ehtimalından ehtiyat edirlər.

- Türkiyənin Suriyadakı türkmənlərə dəstək vermək imkanı nə qədərdir?
- İmkanlar var. Lakin hesab etmirəm ki, Ərdoğan iqtidarı türkmənlər haqda düşünür. Ərdoğan iqtidarının düşüncəsi dini və məzhəb üzərində qurulub. Bu mənada türkmənlərin önə çəkilməsi gözlənilən deyil.

- Türkiyə Suriya türkmənlərini silahlandırıb özlərini müdafiə etməsini təmin edə bilərmi, bu imkanı varmı?
- Buna Türkiyənin istənilən qədər imkanı və şəraiti var. Nəzərə alın ki, Suriya ilə sərhədlər heç kim tərəfindən qorunmur. Bura açıq sərhəddir. Türkiyə buradan tank da, top da keçirə bilər. Suriyada olan terrorçuların böyük bir hissəsi Türkiyədən keçərək ora daxil olub. Türkiyə istəsə, bunu edər. Həm də, orada türkmən vuruşmur. Bəli, türkmən əhalisi yaşayır, amma vuruşmaq məsələsi bir qədər fərqlidir. Təsəvvür edin ki, Suriyada onlarla silahlı qrup vuruşur, hərəsi də bir ərazidə özünü hakim kimi tanıdıb.

- Gələcək Suriya dövlətində türkmənlərin durumunu necə görürsünüz, daha nələr baş verə bilər?
- Suriyada türkmənlərin hüquqlarını aşağı görürəm. Çünki orada gedən oyunlarda türkmənlər aktyor deyillər. Amma kürdlər müəyyən qədər aktyordur. Əlbəttə, gələcəkdə Türkiyə ayağını diriyərək onlara status ala bilər. Amma fikrimcə, Türkiyədəki zehniyyət türk millətləri üzərindən qurulmayıb. Əksinə, Türkiyə hakimiyyəti daha çox dini cərəyanları üstün tutur.

- Suriya probleminin tezliklə həlli ehtimalı nə qədər realdır?
- Vyanada görüş oldu. Yol xəritəsi cızılmışdı: 18 ay ərzində keçid dövrü başlayır, müxalif qüvvələr Əsədlə birlikdə danışıqlara gedir, seçki keçirilir. ABŞ, Türkiyə və Avropa deyir ki, Bəşər Əsəd hakimiyyətdə qalmasın, indidən getsə, daha müsbət olar. Ancaq keçid dövrü üçün də kompromis tapılıb. Lakin Rusiya və İran da çalışır ki, keçid dövründən sonra Əsəd də seçkidə iştirak etsin və Suriyanın başında dursun. İstənilən halda Suriya da gələcəkdə federal dövlətə çevrilə bilər. Hazırda Əsəd ələvi qruplarının başındadır. Bu da Ərdoğanı qıcıqlandıran məqamlardan biridir. Ola bilsin ki, gələcək Suriyada sünnilərə formal statusların olması masaya yatırılacaq. Yəni əvvəlki kimi unitar bir Suriya deyil, federal strukturlu ölkə halına gətirilməsi düşünülür.

- Avropada qatıldığınız konfransda türkmən nümayəndələri də iştirak edirdimi?
- Konfransda Bərzani Kürdüstanından nümayəndə qatılmışdı. Fələstindən Yasir Ərəfat hökumətində Daxili İşlər naziri vəzifəsində işləyən şəxs iştirak edirdi. Əsasən, Suriyada vəziyyət, maliyyə yardımı, terrorçuların haradan gəlməsi, necə silah alması müzakirə olunurdu.

- Yeri gəlmişkən, Rusiya aviasiyası Türkiyə ilə sərhəddə yerləşən Suriya ərazilərinə zərbələr endirib. Baş nazir Əhməd Davudoğlu isə bundan narahat olduğunu dilə gətirib, bildirib ki, bu hal Türkiyəyə daha çox qaçqın axınına səbəb ola bilər. Baş nazirin göstərişi ilə Ankaradakı Rusiya səfirinə etiraz notası təqdim edilib. Həmçinin bəyan olunub ki, Türkiyə bir NATO ölkəsidir. Əgər bu kimi hallar III Dünya Müharibəsinə səbəb olarsa, İngiltərə Türkiyənin savaşacağı ölkəyə dərhal zərbə endirməlidir. Hazırda Suriya böhranı bir çox ölkələri üz-üzə qoyub, mürəkkəb durum yaranıb. Bu mənada Türkiyə-Rusiya münasibətləri kəskinləşə bilərmi?
- Hesab etmirəm ki, münasibətlər kritik məqama çatsın. Məncə, indi deyilənlər, sadəcə, deyilənlərdir. Yeri gəlmişkən, Qurtuluş savaşından sonra Türkiyənin təyyarəsini, tankını vuran olmamışdı. Amma Suriya türk təyyarəsini vurub yerə saldı, pilotlar da öldü. Heç nə tapılmadı, bir şey də etmədilər. İkincisi, Rusiya Suriya ərazisini bombalayır. Türkiyə ərazisini bombalamır ki. Odur ki, bu hansısa bir savaş üçün əsas ola bilməz. İkinci, Rusiya Suriya məsələsində çox dəqiq və ehtiyatlı hərəkət edir. Bilir ki, bütün gözlər onlardadır. Hamı da Rusiyanın addımlarına qısqanclıqla yanaşır. Qərb ölkələri, o cümlədən də Türkiyə Rusiyanın bu addımlarını sevmir. Rusiya da çox dəqiq və ehtiyatla addımlar atır.

- Əvvəlki dövrdən fərqli olaraq indi Suriyada bir çox ssenarilərin Rusiya tərəfindən cızıldığını deyə bilərikmi?
- Sözünüzdə həqiqət var. İndi Suriyada Rusiya təşəbbüsü tam olaraq ələ alıb. Çünki Əsəd hökuməti Rusiyanı dəstəkləyir. İkincisi, Rusiyanın Suriyada hərbi bazası var və təyyarələr də Suriya içindən qalxaraq anti-Əsəd qüvvələrə zərbələr endirir. Faktdır ki, Rusiya İŞİD qüvvələrini effektiv şəkildə bombalayır. Hazırda təşəbbüs Rusiyanın əlindədir.

- Yəni Qərbin Suriya ssenarisi iflasa uğradı?
- Deyə bilmərik ki, Qərb Suriyada iflasa uğrayacaq. Sadəcə, dediyim faktorlar Rusiyanı daha güclü edib. Suriyada Rusiya təkbaşına daha qərarlı addımlar atır. Amma Qərb koalisiyası epizodik addımlar atır. Həm də Qərb ölkələri demokratik və açıq olduğundan bir qədər qərarlı siyasət yürütmür.

Nemət Orucov


Müəllif: