26 Noyabr 2015 16:22
1 569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər Türkiyə-Rusiya münasibətlərində yaranmış gərginlik və bu məsələdə Azərbaycanın tuta biləcəyi mövqe ilə bağlı Teleqraf.com sabiq daxili işlər naziri İsgəndər Həmidovun fikirlərini öyrənib. Müsahibəni təqdim edirik.

- Noyabrın 24-də Türkiyə Rusiya qırıcısını vurdu. Sizcə, bu hadisə baş verməyə bilərdimi?
- Türkiyə daha öncə Rusiyaya xəbərdarlıq etmişdi ki, onun qırıcıları hava məkanına daxil olur. Həmçinin Ərdoğan dəfələrlə bəyan edib ki, rus qırıcıları İŞİD-i deyil, müxalifəti, türkmənləri bombalayır. Türkiyə hüquqi baxımdan çox düz edib rus qırıcısını vurub. Rusiyanın hərəkətlərinə haqq qazandırmaq mümkün deyil. Rusiya minlərlə kilometr ondan uzaq olan türk torpaqlarını niyə bombalayır?

- Türkiyə-Rusiya münasibətlərinin sonrakı aqibətini necə proqnozlaşdırmaq olar?
- Hesab edirəm ki, tərəflər məsələni diplomatik yolla həll edəcəklər. Rusiya Türkiyəyə qarşı heç bir addım atmayacaq. Atsa, bu, onun ziyanına olacaq. Çünki dünya dövlətləri tərəfindən sanksiyaya məruz qalan Rusiya Türkiyə ilə də əlaqələri kəssə, iqtisadi baxımdan çox geriləyəcək. Rusiyanın kənd təsərrüfatı məshullarına, tekstlə olan təlabatının müəyyən hissəsini Türkiyə ödəyir. Bu mənada sanksiyadan Rusiya da ziyan çəkəcək.

- Azərbaycanda bəzi şəxslər Türkiyənin Rusiyadan üzr istməli olduğunu deyib. Buna münasibətiniz necədir?
- Münasibətim çox pisdir. Türkiyə Rusiyadan niyə üzr istməlidir? Əksinə ruslar üzr istəməlidir ki, Türkiyənin hava sərhədini pozublar. Bunu deyənlər çox savadsızdırlar. Sabah Qarabağda müharibə başlasa, sərhədimizi pozan qırıcını vurmayacağıq? Məni narahat edən odur ki, "üzr istəmək" məsələsini qarabağlılar deyib. Hər kəsə məlumdur ki, ermənilər Qarabağı Rusiyanın dəstəyilə alıblar. Torpağı işğal altında olan toplumda kimlərinsə ruspərəstlik etməsi nonsesdir. "Türkiyə Rusiyadan üzr istəməlidir" deyənlər guya vaxtilə Boz qurd olublar. Mən buna inanmıram. Boz qurdluq sözdə yox, düşüncədə, əməldə olur. Boz qurd türkün totemidir, insanın ruhudur, gərək onu yaşayasan.

- Gərginləşən Türkiyə-Rusiya münasibətlərində Azərbaycanın mövqeyi necə olmalıdır?
- Bəziləri deyir ki, Azərbaycan neytrallığını qorumalıdır. Mən bununla razı deyiləm. Dinimiz, dilimiz, qanımız bir olan Türkiyə türklərinin yanında olmalıyıq. Bunun alternativi yoxdur. Azərbaycan Latviyadan, Estoniyadan, Litvadan, Moldovadan kiçik ölkə deyil. Cənubi Qafqazın ən böyük ölkəsiyik. Avroatlantik məkana inteqrasiya etməliyik.

- Azərbaycan birmənalı şəkildə Türkiyəni dəstəkləsə, yaxın qonşumuz olan Rusiyanın buna münasibəti necə ola bilər?
- 19-cu əsrin əvvəllərindən bəri Azərbaycan torpaqları işğal edilib, başqa dövlətləriə pay verilib. 20 faiz torpağımızı Ermənistan işğal edib. Bir milyondan artıq qaçqınımız var. Bütün bu bəlalarda Rusiya qarşı tərəfin yanında olub. Yəni Azərbaycanı dəstəkləməyib. Rusiya bizə qızacaq deyə, heç nə etməməliyik? Biz kimdən və niyə qorxmalıyıq? Qorxa-qorxa Zəngəzuru, İrəvanı, Göyçəni, Şuşanı, Kəlbəcəri, Ağdamı vermişik. Əgər bütün bu itkilərdən sonra yenə də canımızda itirmək qorxusu, kimisə qəzəbləndirmək xofu varsa, onda biz nə millət, dövlət olduq ki...

Ruslan Xəlil


Müəllif: