27 Noyabr 2015 11:45
1 236
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hər iki dövlət müəyyən müddətdən sonra geri çəkiləcək, nisbətən münasibətlər normallaşacaq. Mən bunu gözləyirəm. Hadisədən sonra cənab Putin İranla danışıqlara getmişdi, müəyyən müzakirələr apardı. İranla Azərbaycanın münasibətlərində daim gərginlik müşahidə edilib. Bir vaxtlar İrana bağlı şəxslər deyirdilər ki, buralar İran torpaqlarıdır. Yeri gəlmişkən, Nardaranda baş verən insident də ortalıqdadır. Bir qədər vəziyyət mürəkkəbləşən kimi belə hallar meydana gəlir. Daim bizə qarşı olan pisliklərə hazır olmalıyıq”.

Bunu Teleqraf.com-a müsahibəsində hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib. Müsahibəni təqdim edirik:

- Rusiya təyyarəsinin vurulmasından sonra bu dövlətlə Türkiyə arasındakı münasibətlər kəskinləşib. Məsələyə münasibətiniz necədir?
- Yaranan durum heç də xoşagələn deyil. Bu iki ölkə arasındakı münasibətlərin bu qədər kəskinləşməsini arzu etməzdik. 2000-ci illərdə bizə qonşu olan dövlətlərdən biri Azərbaycanın hava məkanını pozmuşdu. Həmin vaxt Türkiyə Azərbaycana özünün hərbi təyyarələrini göndərdi. O zaman mən də daxil olmaqla hamımız meydanlarda idik. Bir milyondan çox insan təyyarələrin havada uçuşunu seyr elədi. Bunu deməkdə məqsədim odur ki, Türkiyə bizə yaxın və qardaş dövlətdir. Türkiyə hər zaman arxamızda durub. Bu, faktdır. Bu gün də biz Türkiyənin yanında olmalıyıq. Mən şəxsən Türkiyənin yanındayam. Biz həm də ədalətli olmalıyıq. Söhbət ondan gedir ki, Türkiyənin hava məkanı bir neçə dəfə pozulub. Türkiyə dövləti də bununla bağlı Rusiyaya etirazını bildirib və belə halların təkrarlanmamasının lazım gəldiyini qeyd edib. Lakin buna baxmayaraq Rusiyaya məxsus olan təyyarə icazəsiz Türkiyənin hava məkanına daxil olub. Türkiyə silahlı qüvvələrinin yaydığı məlumatda və videogörüntüdə açıq görünür ki, pilot hava məkanını pozan təyyarəyə bir neçə dəfə çağırış edib, ondan Türkiyə hava məkanına daxil olmamasını istəyib. Təsəvvür edin ki, 5 dəqiqədə 10 dəfə çağırış və xəbərdarlıq olunub. Rusiyaya məxsus təyyarələrdən biri geri qayıdıb, digəri isə hava məkanını pozmaqda davam edib. Bu səbəbdən də vurulub. Hadisə beynəlxalq hüquq normalarına uyğun olub. Burada yanlışlıq rus pilotda olub. Günahkarın da kim olduğu bəllidir. Bunu Türkiyə tərəfi faktlarla ortaya qoyub. Odur ki, mənim mövqeyim və məsələyə yanaşmam bəllidir. Bu məsələdə Türkiyə haqlıdır.

- Azərbaycanın mövqeyi necə olmalıdır?
- Azərbaycan bu məsələdə barışcıl mövqedən çıxış etməlidir. Türkiyə bizim qardaşımızdır. Rusiya ilə qonşuyuq və yaxşı münasibətlərimiz olub. Odur ki, biz barış mövqeyindən çıxış etməliyik, bu iki ölkə arasında münasibətlər normallaşmalıdır. Bu gün nə Türkiyənin Rusiya ilə müharibə etməsi vacibdir, nə də Azərbaycanın Rusiya ilə pis münasibətdə olması. Bizim Dağlıq Qarabağ kimi ciddi problemimiz var və bunu yaddan çıxarmamalıyıq. Odur ki, barışıq olmalıdır. Azərbaycan bu mövqeyi ifadə etməlidir. Bu dövlətlər arasında münasibətlər normallaşacaq. Bu öz yerində, lakin səhv edən tərəf də yerini bilməlidir. Türkiyə Rusiyadan geridə qalan dövlət deyil, bu ölkələr bir-birinin sərhədinə, müstəqilliyinə, maraqlarına hörmətlə yanaşmalıdır.

- Suriyada yaşayan və ağır durumda olan türkmənlərin durumu barədə nə düşünürsünüz, onların gələcək taleyi necə olacaq?
- Türkmənlərin durumunun yaxşı olmadığını bilirəm. Çünki Suriyada müharibə var, türkmənlər də savaşın ortasındadırlar. Türkiyənin indiki hakimiyyəti Suriyadakı türkmənləri müdafiə edir, onların daha pis duruma düşməməsini istəyir. Rusiya Suriyada İŞİD-in mövqelərinə zərbə endirdiyini bəyan edir. Ancaq görünən budur ki, əsas zərbə alan türkmənlərdir. Türkiyə həm də buna etiraz edir. Beynəlxalq aləm Türkiyəyə haqq qazandırdı. Mən də bu mövqeni dəstəkləyirəm. Bizim Qarabağ savaşı zamanı on minlərlə gəncimiz şəhid olub, torpaqlarımız işğal edilib. Rusiya indiyə qədər bir dəfə də başsağlığı verməyib, dəstəyini görməmişik. II Dünya müharibəsi zamanı Bakı nefti əsas faktor olub. Nəticədə SSRİ müharibədən qalib çıxıb. Amma Bakıya qəhrəman şəhər statusu verilməyib. Bunların hamısı reallıqdır.

- İndən belə nələr gözlənilir?
- Hər iki dövlət müəyyən müddətdən sonra geri çəkiləcək, nisbətən münasibətlər normallaşacaq. Mən bunu gözləyirəm. Hadisədən sonra cənab Putin İranla danışıqlara getmişdi, müəyyən müzakirələr apardı. İranla Azərbaycanın münasibətlərində daim gərginlik müşahidə edilib. Bir vaxtlar İrana bağlı şəxslər deyirdilər ki, buralar İran torpaqlarıdır. Yeri gəlmişkən, Nardaranda baş verən insident də ortalıqdadır. Bir qədər vəziyyət mürəkkəbləşən kimi belə hallar meydana gəlir. Daim bizə qarşı olan pisliklərə hazır olmalıyıq.

- Nardaranda baş verən hadisəni, polis əməkdaşlarının öldürülməsi faktını necə qiymətləndirirsiniz?
- Bunların hamısı Azərbaycanı istəməyən qüvvələrdir. İmkan olan kimi qəfildən aktivliyə başladılar. Hələ deyirdilər ki, Azərbaycan İranın torpağıdır. İstəməzdim ki, ölüm faktı olsun. Amma islamı siyasətə qatan, islam inqilabı haqqında düşünənlərin və deyənlərin hamısı həbs olunmalıdır. Mənim ölkəmdə, torpağımda islam dövləti qurmaq istəyən şəxslərin hamısı həbs edilməlidir. Bu, mənim 15 ildir dediyim fikirlərdir.

- Bu dindarların silahlı olması nədən xəbər verir?
- Bu silahlar, pullar haradandır? Kimlər tərəfindən maliyyələşdirilirlər? Bunları müəyyən etmək lazımdır. Siyasi qüvvələr meydanı boş qoymamaldır. Meydan boş qalanda ortaya belə ünsürlər çıxır.

- Azərbaycan qanunlarına görə, din siyasətdən ayrıdır, dinlə məşğul olan şəxs onu siyasiləşdirməməlidir. Siz, bu haqda nə düşünürsünüz?
- Din siyasətə qarışmamalıdır. İslam dini ən demokratik, ən gözəl dindir. Məncə, biz mədəniyyəti, saflığı islamdan götürürük. Ancaq bu, o demək deyil ki, sən islamı dünyada biabır edəsən, cihad elan edəsən. Quranda belə şeylər yoxdur. Əksinə, haqq, ədalət, sivil münasibətləri təbliğ edir. Daha islam dövləti qurmaq məsələsi yoxdur.

- Siz, Tale Bağırovu tanıyırsınızmı?
- Xeyr, tanımıram. Amma çıxışlarını izləmişəm. Deyirdi ki, buralar İranın torpağıdır. Sizə bir faktı deyim. Siyahı məsələsində biz təklif edirdik ki, dindarları buna qarışdırmayın. Ancaq bu mövqeyimizə görə, bizi tənqid edirdilər, deyirdilər ki, xalq düşmənləridir. Bəyəm, bunlar yadınızdan çıxıb? Hamı bizi tənqid edirdi. Təsəvvür edin ki, 27-30 nəfər məhbusun siyahısına 60 nəfər də islamçı yazmışdılar. Dünən Nardaranda qeyd edilən insidenti edənlər də həmin siyahıda idi.

- Belə dindarlar çoxdurmu?
- Mən dəqiq deyə bilmərəm. Ancaq hesab edirəm ki, çoxdurlar və onların qarşısı alınmalıdır. Odur ki, belə tədbirləri dəstəkləyirəm. Amma atışma olmasın, insanlar ölməsin. Eyni zamanda, islami dəyərlərlə bağlı ciddi təbliğat işi aparılsın, müvafiq qurumlar, QHT-lər rayonlara gedərək maarifləndirmə aparsınlar. İslam dinində demokratiyanı, mədəniyyəti, saflığı, təmizliyi təbliğ etsinlər. Bunun kənarında zərərli düşünənlər və hərəkət edənlər sözsüz ki, cəzalanmalıdır. İslamı təbliğ etmək ayrı, üsyana çağırışlar etmək ayrıdır. Bunları qarışdırmaq olmaz. Mənim nəslim-köküm şeyx olub. Naxçıvana gedib Şeyx Cabbar, Şeyx Kərim haqqında soruşsanız, sizə bu barədə danışarlar. Mən dindar ailədən çıxmışam və dini dəyərləri bilirəm. Amma radikal islamçılıq, dini siyasətə qoşmağı əsla qəbul etmirəm. Din siyasətdən ayrıdır. Fikrimcə, dini siyasiləşdirənlərə qarşı cərimələr, cəzalar olmalıdır.

- İlin sonunda əfv sərəncamı gözləyirsinizmi, bununla bağlı məlumatınız varmı?
- Bəli, ilin sonunda əfvin veriləcəyini gözləyirik və buna ümidlərimiz var. Hesab edirəm ki, əfv sərəncamı olacaq. Ancaq bundan artıq bir şey deyə bilmərəm. Çünki informasiyam yoxdur. Ümid edirəm ki, əfv olacaq və bir çox ailələr sevinəcək.

- İnsan hüquq və problemləri ilə bağlı yaradılan İşçi Qrupunun taleyi bəllidirmi?
- Hər şey qaydasındadır. İşçi Qrupu fəaliyyətini davam etdirir. Sadəcə olaraq, biz gördüyümüz işi ictimailəşdirmirik. Bizim İşçi Qrupunu təmsil edən şəxs qismində görüşlərimiz, müxtəlif hökumət nümayəndələri ilə danışıqlarımız olur.

- AŞ PA-nın yanvar sessiyasında iştirak edəcəksinizmi?
- Hələlik bu haqda konkret bir şey deyə bilmərəm. Bizim yanvar sessiyasında Strasburqa səfərimiz daha çox dekabrda veriləcək əfvlə bağlıdır. İnşallah, ümid edirəm ki, hər şey yaxşı olacaq.

Nemət Orucov


Müəllif: