1 Dekabr 2015 12:06
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Musa Quliyev suallarımızı cavablandırıb. O, Nardarandakı hadisələr, Gəncədə "Müsəlman Birliyi" adlı hərəkatın üzvlərinə dəstək məqsədi ilə törədilən insidentdən danışıb. Deputat Milli Məclisdə yaradılan yeni komitələrin fəaliyyət istiqamətlərinə toxunub.

- Musa müəllim, Milli Məclisdə yeni 4 komitə yaradıldı. Ötən çağırış seçkilərdə üzvü olduğunuz Sosial siyasət komitəsinin adı dəyişdirildi. Bir növ həmin komitə hissələrə ayrıldı. Bunun əhəmiyyəti nədən ibarət olacaq?
- Yeni komitələrin yaradılması Azərbaycanda hüquqi dövlət quruculuğu, qanunvericiliyin möhkəmlənməsi, icra orqanlarının parlamentlə fəaliyyətinin daha da fəallaşmasında öz təsirini göstərəcək. Bu, həmçinin ictimai marağın Milli Məclisə cəlb olunması və sosial sifariş olan qanunların qəbul olunmasında çox mühüm əhəmiyyət daşıyır. Yeni yaranan 4 komitənin hər birinin konkret vəzifələri müəyyənləşəcək və həmin istiqamətlər üzrə də fəaliyyət göstərəcək. Əvvəlki Sosial siyasət komitəsində gənclər, idman, səhiyyə, sosial təminat məsələsi müzakirə edilirdisə, indi konkret olaraq bu adda komitələr yaranıb. Əlaqədar nazirliklər, millət vəkilləri, ictimai təşkilatların nümayəndələri, ekspertlərlə daha çox dinləmələr etmək imkanı əldə edəcəyik.

- Siz hansı komitədə fəaliyyətinizi daha uyğun bilirsiniz?
- Uzun illərdir sosial siyasətlə məşğul olan adamam. Tibb üzrə fəlsəfə doktoruyam, eyni zamanda əmək fəaliyyətimin xeyli hissəsi sosial sahədə keçib. Milli Məclisin rəhbərliyi də məsləhət görüb ki, səhiyyə komitəsi yeni yaranan komitədir, orada mən daha gərəkli ola bilərəm.

- Son günlər Nardaranda baş verən hadisələr geniş müzakirə olunur. İnsan itkisi ilə nəticələnən bu hadisə ilə bağlı mövqeyiniz necədir? Niyə vəziyyət bu həddə gəlib çatdı?
- Bu məsələləri narahatlıqla izləyirəm. Dövlətçiliyə qarşı istənilən qeyri-qanuni hərəkəti çox kəskin şəkildə pisləyirəm. Azərbaycanı zəiflədən addımlara qarşı hamımız bir yerdə mübarizə aparmalıyıq. O insanlar ki dövlətin müəyyən etdiyi qanunlardan kənara çıxır, hətta hüquq-mühafizə orqanlarına, dövlət qulluqçularına silahlı müqavimət göstərir, onlar da, onları dəstəkləyənlər də qınanmalıdırlar. Həm də qanunun ən sərt üzü ilə cəzalanmalıdırlar. Bu dolaşıq, mizanı pozulmuş dünyada Azərbaycan sabitlik, inkişaf adasıdır. Bu sabitlik adasına pis gözlə baxan bütün nəzərlər kəsilməlidir. Daxildə belə insanlar, qüvvələr varsa, onlarla bütövlükdə hamımız mübarizə aparmalıyıq. Ziyalılar, ağsaqqallarımız, sözü eşidilən hər kəs dövlətçilik mənafeyi naminə öz sözünü deməlidir. Hesab edirəm ki, Nardaranın dövlətə bağlı adamları, ziyalıları özləri bu hadisəyə qarşı çıxmalı və oradakı şər yuvası dağıdılmalıdır. Heç kəs başqa dövlətin maraqları naminə öz vətəninə xəyanət etməməlidir.

- Bu kənddəki insanlar çıxışlarında özlərini "Nardaran xalqı" kimi təqdim edir. Çıxış yolunu nədə görürsünüz?
- Onların özünü Nardaran xalqı kimi təqdim etməsi savadsızlıqdan irəli gələn məsələdir. Məni qorxudan odur ki, oradakı müəyyən insanlar zombiləşmək həddinə qədər gəlib çatıb, ideoloji və psixoloji basqının altındadırlar. Bu, çox təhlükəli məsələdir. Hesab edirəm ki, bu məsələ ardıcıl şəkildə xüsusi proqramla işlənməlidir. Dövlətin qanunları öz yerində, ictimaiyyət də öz təsirini göstərməlidir. Azərbaycanın bir kəndinin dövlətə, hökumətə meydan oxuması, öz mənfi imicini ictimaiyyətə qəhrəmanlıq kimi sırımağa çalışması yolverilməzdir. Hesab etmirəm ki, kəndin hamısı dövlətçiliyə qarşıdırlar. Amma onlar da bu insanların girovuna çevriliblərsə, onlara da kömək əlimizi uzatmalıyıq. Mən millət vəkiliyəm, 2 gün, uzaqbaşı 3 gün işıq pulunu gecikdirəndə qapımı döyürlər ki, işığını kəsirəm. Normal bir şeydir. "Nardaranlıların işığı kəsilməməlidir" deyən insanların hansı biri gedib kiməsə pulsuz xidmət göstərər? Heç kəs göstərməz. Dövlətin qayda və qanunları hamı üçündür, buna da tabe olmalıyıq.

- Gəncədəki Nardaran hadisələrinə dəstək məqsədilə polis əməkdaşına xəsarət etmək cəhdi oldu. Bu insidentlə əlaqədar Gəncədə təmasınız olub? Vəziyyət necədir?
- O zaman Buxarestdə Qara Dəniz İqtisadi Əməkdaşlıq təşkilatının tədbirində idim, YAP-ın Gəncə şəhər təşkilatı və İcra Hakimiyyəti ilə əlaqə saxladım. Orada Naradaranla müqayisə olunacaq səviyyədə qarşıdurma olmamışdı. Sadəcə müəyyən təmayülün nümayəndəsi etiraza cəhd göstərirdi, onun da qarşısı vaxtında alınmışdı. Gəncədə tam sakitlikdir, İcra Hakimiyyəti bu məsələni çox ciddi şəkildə öz nəzarətində saxlayır.

- Bu hadisələr fonunda Rusiya-Türkiyə gərginliyi ölkəmizdə də ajiotaj yaradıb. YAP təsmilçisi kimi necə hesab edirsiniz, Azərbaycan hansı mövqeyi sərgiləməlidir?
- Bu barədə cənab Prezident İlham Əliyev də, Milli Məclisin sədri də Türkiyənin xarici işlər naziri ilə görüşdə açıq şəkildə mövqeyimizi ifadə edib. Onlar bütövlükdə Azərbaycan ictimaiyyətinin, o cümlədən YAP-ın fikirlərini ifadə ediblər ki, Türkiyə və Rusiya arasında yaranmış gərginliyin çözülməsində Azərbaycan əlindən gələni etməyə, istənilən vasitəçiliyi görməyə hazırdır. Türkiyə bizim əbədi və əzəli qardaşımız, yaxın qonşumuz, strateji tərəfdaşımızdır. Rusiya da bizim böyük qonşumuz və strateji tərəfdaşımızdır. Bu iki dövlətin münasibətlərinin istilənməsində, əlaqələrin tərəfdaşlıq səviyyəsinə gəlməsində hamıdan çox maraqlı olan bizik. Buna görə də hesab edirəm ki, emosiyalara, yalançı millətpərvər şüarlara uymaq lazım deyil.

Nərgiz EHLAMQIZI


Müəllif:

Oxşar xəbərlər