5 İyun 2014 10:35
1 573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ruhəngiz Hüseynova: “Deputatlığa namizədliklə bağlı təklif olmadı”

Uzun illər ictimai sektorda fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının rəhbərlərinin bir hissəsi Azadlıq Hərəkatından çıxan insanlardır. Bu insanlar QHT sektorunda dövlətin hər zaman diqqət mərkəzində olan problemlərin araşdırılmasında, həllində yardımçı olur.

“Çoxdan görünməyənlər” layihəsinin bu dəfəki müsahibi “Qadınlar arasında həmrəylik” İctimai Birliyinin sədri Ruhəngiz Hüseynovadır.

- Ruhəngiz xanım çoxdandı görünmürsüz, haralardasız?
- Mən görünürəm (gülür). Sadəcə media ilə bir o qədər ünsiyyətim yoxdur. Siz (mətbuatı nəzərdə tutur - B.M.) məni yada salmırsınız. Öz yerimdəyəm və hər zaman gördüyüm işlərlə məşğulam.

- QHT-dəki fəaliyyətinizi nəzərdə tutursunuz, deyilmi?
- Bəli, mən “Qadınlar arasında həmrəylik” İctimai Birliyinin sədriyəm. Həmin QHT vasitəsilə bir neçə layihə həyata keçiririk. Bu layihələr qadın layihələri ilə bağlıdır. Onu deyə bilərəm ki, çox yaxşı layihələrimiz var ki, bunlar haqqında sosial şəbəkələrdə məlumatlar yayırıq. Amma belə götürəndə informasiyamız az işıqlandırılır.

- Bu layihələrdə konkret olaraq qadınların hansı problemləri qaldırılır?
- Hazırda QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə layihə həyata keçiririk. Layihə artıq bitmək üzrədir və bu, ailə zorakılıqları ilə bağlıdır. Konkret olaraq, layihənin məqsədi ailə zorakılıqları ilə bağlı yaranmış stereotiplərin aradan qaldırılması üçün debatların təşkil olunmasıdır. Bu layihə orta məktəbin 10-11 sinif şagirdləri üçündür. Biz çox fikirləşdik və qərara gəldik ki, bu məsələ ilə bağlı mütləq gənclərlə, ən əsası məktəblilərlə işləmək, onları öyrətmək, istiqamətləndirmək və məlumatlar vermək lazımdır. Buna görə də biz layihəyə məcburi köçkün məktəblərinin şagirdlərini cəlb etdik. Sözün düzü, çox maraqlıdır, şagirdlər komandalara ayrılır, suallar qoyulur, o suallar ətrafında müzakirələr gedir. Bu uşaqların ailə zorakılığı ilə bağlı fikirlərini, qızların təhsil almasına münasibətini bilmək bizim üçün çox önəmlidir. Eyni zamanda onlara bu məsələ ilə bağlı material veririk, biliklərinin artırılmasına çalışmaqla yeniyetmələrə ailə zorakılığının nə qədər mənfi çalarlarının olmasını anladırıq. Eləcə də, onlardan öyrənirik ki, ailə zorakılığının kökündə nələr dayanır.
Eyni zamanda USAİD-in “Kounterpart İnternational” təşkilatının vasitəçiliyi ilə qadınların inkişaf proqramı ilə bağlı layihə həyata keçiririk. Bu layihədə əsasən sahibkar qadınlarla işləyirik. Sahibkar qadınların faizi Azərbaycanda çox aşağıdır və həqiqətən, bu sahə ilə işləməyə ehtiyac var. Həmçinin jurnal nəşr etdiririk, internet sayt yaratmışıq, maarifləndirici xarakterli sosial video çarxlar hazırlayacağıq. Ötən il genderlə bağlı telekanallardan birində sosial video çarxlar yayımlanırdı. Bu il isə sırf sahibkar qadınlarla bağlı belə video çarxlar hazırlanacaq.

- Məcburi köçkün məktəbləri hansı rayonlara aid idi?
- Sumqayıtda Qubadlı rayon 2 saylı orta məktəbi ilə işlədik. Bakıda da Qubadlı rayon məktəbi idi, orada Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər rayonlarından olan uşaqlar da təhsil alır. Bərdədə isə Ağdam məktəbi ilə işləmişik və deyərdim ki, çox aktiv məktəb idi. Eləcə də, Ağdamın Bərdənin kəndində yerləşən bir məktəbində də layihəmizi həyata keçirdik.

- Məşğul olduğunuz sahədə problemlər daha çox özünü nədə göstərir?
- Həyata keçirdiyimiz layihələr müxtəlif olduğu kimi, problemlər də müxtəlifdir. Məsələn fəlakət risklərinin azaldılması ilə bağlı işləyəndə nisbi çətinliyimiz icmanın formalaşdırılmasında idi. Ancaq sonra elə oldu ki, sosial qruplar çox aktiv oldu və onlar bizdən öyrəndiklərini kənd camaatına çatdırdılar. Biz onlar üçün ailə təhlükəsizliyi ilə bağlı işlər görürdük. Çünki Azərbaycanda yanğınların sayı çoxdur və bununla bağlı maarifləndirmə işi aparılırdı. Bir haşiyə çıxım ki, bu yaxınlarda keçirilən konfransda elə bizim işlədiyimiz istiqamətlə bağlı Fövqəladə Hallar naziri fikirlərini bildirdi.
Burada 3 əsas - fəlakət baş verməmişdən əvvəl, fəlakət vaxtı və fəlakətdən sonra məsələsi öyrənilir. Təşkilatımız hər üçü ilə bağlı vətəndaşlarımızı məlumatlandırır. Biz də bu cəmiyyət üçün çalışırıq, ölkəmizi çox sevirik.

- Qadın təşkilatları nədənsə, kişilərə qarşı zorakılıqla bağlı fikir səsləndirmirlər...
- Əslində gender deyəndə tək qadınlar nəzərdə tutulmur, eləcə də, kişilərlə bağlı məsələ də bura daxildir. Bizim debatlarımızda hər iki məsələnin müzakirəsi gedir. Sadəcə olaraq, Azərbaycanda zorakılığa daha çox qadınlar məruz qalır. Qadınlar daha çox döyülür, əzilir və ona görə də onların problemi qabarır. Misal üçün, Astarada qadın 75 yaşlı ərini öldürmüşdü. Amma kişilərə qarşı zorakılıq halları azdır və bu məsələdə qadınlar daha çox əziyyət çəkir. Ona görə də biz qadınların problemlərini qaldırırıq. Bu məsələləri məktəblilərlə işləmək həm rahat, həm də vacibdir. İnanıram ki, problemə belə yanaşan məktəbli oğlanlar gələcəkdə heç vaxt ailə zorakılığına getməyəcəklər.

- Əvvəllər ailə daxilində nə isə baş verəndə kənara çıxmazdı, amma indi nəinki kənara hətta məsələ məhkəməyə qədər gedib çıxır. Bu nə ilə əlaqədardır?
- Əslində ailədaxili məsələlər kənara çox az çıxır. Keçmişdə belə məsələlər heç ortaya çıxmırdı. Çünki buna pis baxırdılar. Bu ondan irəli gəlirdi ki, o dövrdə informasiya azlığı var idi və insanlar ailə zorakılığını həyatlarının bir hissəsi kimi qəbul edirdilər. Elə bil ki, bunların alın yazısıdır - ərə getməlidirlər, söyülməlidirlər, bunlara pul verilməməlidir. Amma sonradan Azərbaycan müstəqil oldu, dünyaya açıldı, qloballaşma getdi, internet, informasiya bolluğu, eləcə də, ailə zorakılığı ilə bağlı ağır fəsadlar üzə çıxdıqca anlaşıldı ki, bu, ailənin daxili işi deyil, həm də cəmiyyətin problemidir. Çünki ailədə uşaq böyüyür və zorakılıq içərisində böyüyən uşaq cəmiyyətdə problemlər yaradır. Cəmiyyətin inkişaf etməsi bir ailənin necə olmasından çox asılıdır. Ailədə problemlər az olarsa, bu cəmiyyətə də sirayət edər. Yəni, zorakılıq ailədən cəmiyyətə yol açır.

- Dövlətin aparıcı sferalarında qadın iştirakçılığının az olması nə ilə bağlıdır?
- Azərbaycanın qərarların qəbulunda qadınların rolunun artırması ilə bağlı öhdəliyi var. Bu çox yaxşı haldır. Hələ ki qeyri-rəsmi kvotalar var və bu məsələdə dövlət özü də maraqlıdır. Əvvəllər bələdiyyədə qadınlar 4 faiz idi, lakin son seçkidə 26-27 faiz oldu. Habelə qadınların sayı parlamentdə artdı. Amma bütövlükdə bu rəqəmlər çox azdır və yaxşı olardı ki, icra strukturlarında da qadınların sayı artsın və bu istiqamətdə işlər gedir. İstərdim ki, nazirlərin içərisində qadın olsun. Son dövrlər icra hakimiyyəti başçılarının müavinlərindən biri qadın təyin edilir. Lakin niyə də icra başçısı qadın olmasın? Hökumət tərəfindən şəffaflıqla bağlı işlər həyata keçirilir. Amma mən deyərdim ki, qadınlar daha çox şəffafdır. Ən azından bir şey olanda deyilir ki, qadınlar gedib nəyi isə deyəcək və xəbər yayılacaq. Bu, elə şəffaflığın bir növüdür də. Qadınlar müzakirəyə, informasiya alınmasında açıq olacaq. Ona görə də düşünürəm ki, qadınların sayı artmalıdır. Artmasa da, biz qadınlar özümüz istəməli və onu hökumətdən almalıyıq. Bu qadınlar da öz üzərlərində çalışmalıdırlar ki, onlara sadəcə zəif cinsin nümayəndəsi kimi yanaşılmasın. Ən azından iddialı olan qadınlar özlərini təsdiq etməlidirlər və göstərməlidirlər ki, mən filan işi bacarıram.

- Azadlıq Hərəkatında fəal qadınlardan biri olmusunuz, sonradan siyasətdən niyə uzaqlaşdınız?
- Həqiqəti deyəcəm. İnsan bir qərar qəbul edəndə o bir neçə səbəbə əsaslanır. Birinci, həqiqətən, qadınlarla işləmək, bu sahədəki problemlər məni özünə çəkdi. İkincisi, kişi dünyası məsələsi də vardı. Hər yerdə çalışırdılar ki, mümkün qədər az görünəsən, adın az çəkilsin. Məsələn, o dövrdə parlament seçkiləri ilə bağlı namizədlər irəli sürülürdü, Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəyasət heyətində təmsil olunmağıma baxmayaraq, bir dəfə olsun belə deputatlığa namizədliklə bağlı təklif olmadı. O vaxt indiki kimi özümü təsdiq eləməmişdim, özlüyümdə. Amma görürdüm ki, siyasətdə qadınlara qarşı bir kompleks var. Çalışırdılar ki, qadınlar özləri üçün yox, liderləri üçün işləsinlər. Mən də düşündüm ki, niyə belə olmalıdır? Elə yaxşı olar ki, biz qadınların özləri ilə işləyək, onları üzə çıxardaq, onlar özlərinə çalışsınlar. Bax əsas səbəblər bunlardır.

- Sonradan partiyadan niyə getdiniz?
- Mən Əbülfəz bəyin sağlığında orada olmuşam. Sonradan partiyanın parçalanması prosesi başlananda tərəf olmaq istəmədiyim üçün uzaqlaşdım. Partiyanı bütöv görürdüm və ona görə də getməyə qərar verdim. Partiyada qalıb mübarizə aparmaq olardı, amma AXCP-ni parçalanmış vəziyyətdə görmək istəmirdim.

- Ümumilikdə siyasi prosesləri izləyirsiniz?
- Əlbəttə, siyasi prosesləri izləyirəm, çünki ictimai sahə özü də bir siyasətdir. Ölkənin qadın siyasəti məni çox maraqlandırır. Sadəcə siyasi hakimiyyət uğrunda mübarizə aparmıram.

- Müxalif bir qurum yarananda orada təmsil olunmağınızla bağlı təkliflər edirlərmi?
- Məni yaxşı tanıdıqları üçün elə bir təkliflər olmur. Tədbirlərinə dəvət edirlər, amma onlara qoşulmaqla bağlı təklif etmirlər. Mən hələ AXCP parçalanmamış oradan istefa verib çıxmışam. Özü də sakitcə partiyanı tərk etmişəm. Çünki məqsədim onu şouya çevirmək deyildi. Hərəkatda fəaliyyətimi bilirlər və mövqeyimə görə mənə müxalif qurumlara qoşulmaqla bağlı təkliflər olmur.

Bəxtiyar Məmmədli


Müəllif: