4 Dekabr 2015 15:09
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan əməldə də Türkiyənin tərəfində olduğunu sübut etdi"

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Türkiyənin baş naziri Əhməd Davudoğlunun ölkəmizə səfəri, eləcə də, regionda baş verən mühüm siyasi hadisələrlə bağlı Teleqraf.com-un suallarını cavablandırıb. O, öncə Əhməd Davudoğlunun Bakı səfərini şərh etdi:

- Azərbaycan Türkiyə üçün çox vacib ölkədir. Türkiyə prezidentləri ilk səfərlərini Şimali Kipr Türk Cümhuriyyətinə və Azərbaycana edirlər. Baş nazir Əhməd Davudoğlunun geniş tərkibli nümayəndə heyəti ilə indiki həssas dönəmdə Azərbaycana səfər etməsi olduqca önəmlidir. Gərginləşən Rusiya-Türkiyə münasibətləri fonunda belə bir səfər Azərbaycanın regional nüfuzunu göstərdi. Açığı deyim ki, belə bir durumda prezident İlham Əliyevin birmənalı şəkildə Türkiyəni dəstəkləməsi mənim üçün gözlənilməz idi. Azərbaycan təkcə sözdə yox, əməldə də Türkiyənin tərəfində olduğunu sübut etdi. Bir millət, iki dövlət olduğumuzu reallıqda da göstərməliyik. Bu mənada səfəri yüksək qiymətləndirirəm.

- Türkiyə-Rusiya münasibətlərində gərginliyin aradan qaldırılması üçün Azərbaycan vasitəçilik edə bilərmi?
- Düşünmürəm ki, Azərbaycan bu məsələdə vasitəçilik etsin. Bu, təkcə Rusiya-Türkiyə arasındakı gərginlik deyil. Rusiya bu gərginliyi məqsədli şəkildə yaradıb. Ukrayndan sonra yaranmış gərgin stuasiya fonunda Qərblə pisləşən münasibətlərə cavab olaraq Rusiya belə bir addım atdı. Özlərinin də dediyi ki, Rusiya streteji şəraitdə özünün təhlükəsizlik sistemini qurur. Şərqi Aralıq dənizi və Suriya da bu sistemə daxildir. Öncə İŞİD-ə qarşı mübarizə adı altında silahlı qüvvələrini Suriyaya yeritdi. Orada gördü ki, tək İŞİD-ə qarşı mübarizə ona kifayət etmir. Sonra digər əraziləri bombalamağa və Türkiyə hava məkanını pozmağa başladı ki, münasibətlər gərginləşsin və Suriya ərazisində hərbi baza qurmaq üçün əsas yaratsın. Diqqət etdinizsə, böhran yaranandan bir gün sonra Rusiya S-300 və S-400 raket kompleksini bölgəyə daşıdı. Bir daha qeyd edirəm ki, burada Rusiyanın məqsədi bölgədə strateji hərbi baza yaratmaqdır. Türkiyə ilə yaranan konflikt eyni zamanda NATO ilə yaranan konfliktdir. Bu mənada daha yüksək səviyyədə yaranan gərginliyin azaldılmasında Azərbaycanın hansısa rol oynaya biləcəyini düşünmürəm.

- Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi Azərbaycan üçün nə vəd edir?
- Hər şey böhranlı vəziyyətin idarə olunmasından asılıdır. Düşünürəm ki, 2016-cı ildə Rusiya ətrafında böhran daha da dərinləşəcək. Azərbaycan burada fürsətcil görünməməlidir, amma öz maraqlarını qorumalıdır. Ola bilsin ki, Rusiya bazarlarında boşalan yerlərin bir qismini Azərbaycan məshulları tutsun. Bu, böyük həcmdə olmayacaq. Eləcə də turizm sektoru Türkiyədəki kimi inkişaf etməyib ki, milyonlarla rus turistlərini qəbul edə bilsin. Azərbaycan birmənalı şəkildə Türkiyəni dəstəkləyəndən sonra Rusiyanın ölkəyə qarşı hansı addımlar atacağını gözləmək lazımdır.

- Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı yaradılmış Minsk qrupu həmsədrlərindən biridir. Bu mənada Azərbaycanın Türkiyəni dəstəkləməsi münaqişənin həllinə necə təsir göstərə bilər?
- Dağlıq Qarabağ münaqişəsinin kökü sovet dövrünə gedib çıxır. O zaman Moskvanın himayəsi ilə ermənilər torpaqlarımızı işğal edib. Həmin himayə bu gün də davam edir. Postsovet məkanında digər münaqişələr də məhz Kremlin dəstəyilə yaradılıb. Məqsəd Rusiya güclənənə qədər ətraf respublikaların avrointeqrasiyasının qarşısını almaqdır. Rusiya MDB ölkələrini öz ətrafında, koalisiyasında birləşdirməyənə qədər münaqişələr həll olunmayacaq. Regiondakı bütün münaqişələr oxşardır və eyni mənbədən yaradılıb. Əgər Qazaxıstan, Özbəkistan da avrointeqrasiya xəttini tutsa, inanın ki, Rusiya onların da ərazisində münaqişə yaradacaq. Rusiya Dağlıq Qarabağda sülhməramlılar yerləşdirmək istəyir. Azərbaycan yeganə MDB ölkələrindən biridir ki, onun ərazisində Rusiya hərbi qüvvələri yoxdur. Yaddan çıxarmamalıyıq ki, əgər Rusiya silahlıları yerləşdirilsə, biz Dağlıq Qarabağı da itirəcəyik, müstəqilliyimizi də.

- Rusiyanın qonşu ölkələr - Gürcüstan, Ukrayna, Pribaltika ölkələrilə münasibətləri yaxşı deyil. O cümlədən Qərb dövlətlərilə münasibətlərində soyuqluq var. Belə olan təqdirdə Türkiyə ilə də münasibətləri pozması Rusiyanı hara aparır? Putin nə üçün ölkəsini dünyadan təcrid etmək siyasəti yürüdür?
- 2005-ci ildən sonra Rusiya sürətlə qonşularını itirməyə başladı. 2005-ci il mayın 13-də Özbəkistanda baş verən Əndincan hadisələrindən sonra Rusiya bu ölkələrdə öz mövqeyini gücləndirməyə başladı. Gömrük İttifaqı, Avrasiya İttifaqı kimi layihələr də qonşu ölkələri öz ətrafında birləşdirməyə hesablanıb. Amma hesab edirəm ki, 2016-cı ildə Rusiyanın xarici siyasətinin kontrları daha açıq şəkildə özünü göstərəcək. Neftin qiymətinin kəskin azalması Rusiyanı daha radikal addımlar atmağa vadar edir ki, bu da sonda ölkənin özünə zərbə vuracaq. Rusiya cəmiyyətində yaranacaq narazılığı ört-basdır etmək, zərərsizləşdirmək üçün mütləq yeni düşmənlər tapmaq lazımdır.

Ruslan Xəlil


Müəllif:

Oxşar xəbərlər