5 Dekabr 2015 13:19
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan cəmiyyəti Konstitusiyada qeyd olunduğu kimi hüquqi, demokratik dövləti müdafiə edir. İslami dəyərləri Azərbaycana gətirmək haqqında danışılır. Azərbaycan bir müsəlman ölkəsidir, bizdə islami dəyərlər daima olub. Bizdə din problemləri ümumiyyətlə yoxdur, tolerant dövlətdə yaşayırıq və bütün dinlər azaddır. Azərbaycan bu istiqamətdə də inkişaf edəcək. Nardaran hadisələri isə Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə, aparılan işlərə atılan bir daşdır. Biz xalq olaraq hər şeyin qarşısında duracağıq".

Bunu Teleqraf.com-a müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, millət vəkili Rövşən Rzayev bildirib. Müsahibəni təqdim edirik:

- Rövşən müəllim, Türkiyə-Azərbaycan münasibətlərinin indiki səviyyəsini necə qiymətləndirirsiniz?
- İki ölkə arasında çox yüksək münasibətlər formalaşıb. Hörmətli Əhməd Davudoğlu baş nazir olduqdan sonra ilk səfərini Bakıya edib. Bildiyiniz kimi, Türkiyədə keçirilən son parlament seçkilərində Ədalət və inkişaf Partiyası qalib gəlib, parlamentdə kifayət qədər yer əldə edərək hökumət qurub. Azərbaycan Prezidenti, bizim hər birimizin lideri İlham Əliyev qardaş dövlətin rəhbəri kimi Əhməd Davudoğlunu qəbul etdi. Açığı, mənim üçün çox qanedici hal oldu. Çox sevinirəm ki, Azərbaycanın rəhbəri, möhtərəm Prezident qardaş dövlət olduğunu, "bir millət, iki dövlət" anlamını ən yüksək səviyyədə nümayiş etdirdi. Bu da Azərbaycanın bu gününə və sabahına aparan bir yoldur. Münasibətlər çox yüksəkdir və bundan razıyam.

- Rusiya-Türkiyə münasibətləri son dövrlər kəskinləşib. Bunu necə qiymətləndirmək olar?
- Bəli, münasibətlər kəskindir və buna təəssüf edirəm. Rusiya Azərbaycanın qonşusudur, eləcə də, regionda nüfuza malik dövlətdir. Ancaq eyni zamanda Türkiyə Azərbaycan üçün vacib bir dövlətdir. İstərdim ki, Türkiyə ilə Rusiya arasında yaranan bu problem aradan qalxsın. Çünki Rusiya-Türkiyə münasibətləri son illər inkişaf etmişdi və əlaqələr çox yaxşı idi. İstəməzdik ki, belə bir durum olsun.

- Bu iki dövlət arasında münasibətlərin pisləşməyə doğru inkişaf hansı nəticələr yarada bilər?
- Rusiya prezidenti Vladimir Putin çox uzaqgörən siyasətçidir, öz dövlətində böyük nüfuza malikdir. Eləcə də, Azərbaycanla da münasibətləri çox normaldır. Düşünürəm ki, Putin bu problemi aradan qaldırmaq üçün yol tapacaq. Şübhəsiz ki, Türkiyənin prezidenti və baş naziri ilə də bu istiqamətdə məsələnin həllinə nail olmaq üçün yol müəyyən edə biləcəklər.

- Münasibətlərin kəskinləşməsi iqtisadi münasibətlərin dağılması ilə müşayiət olunur. Bu prosesdə udan və uduzan tərəflər hansıdır?
- Ölkə prezidentləri öz xalqlarının rifahı yolunda addımlar atmalıdırlar. Əgər siyasətçilər hər hansı bir addım atırlarsa və bundan da xalq iqtisadi zərbə alırsa, bu situasiya siyasətçiləri daha dərindən düşünməyə vadar etməlidir.

- Dekabrın 6-da Ermənistanda referendum keçirilir. Sizcə, düşmən ölkə nədən parlamentli respublikaya keçid edir?
- Ermənistanın indiki siyasi rəhbərliyi Azərbaycanın ərazilərini işğal etməklə yanaşı Ermənistanın siyasi rəhbərliyini də işğal edib. Onlar bundan başqa öz dövlətlərinə və xalqlarına heç bir uğur gətirə bilməyib və gətirə bilməyəcək. Bu, elə bir rəhbərlik deyil ki, öz xalqına uğurlu nəsə verə bilsin. Lakin hakimiyyəti əldə saxlamaq məqsədilə bu dəyişikliklərə gedirlər. Çünki artıq indiki Ermənistan rəhbərliyinin hakimiyyətin ən yüksək zirvəsində oturmasının müddəti bitir və yenidən namizəd ola bilməz. İndi onlar hakimiyyəti yenidən öz əllərində saxlamaq üçün öz xalqını aldatmaq, yalan fikirlər demək, qorxutmaq, Qarabağı işğalda saxlamaq yolunu seçiblər. Bununla da hakimiyyətlərini qorumağa çalışırlar. Bu da erməni xalqını uçuruma aparan yolun davamıdır. Əgər erməni xalqı öz sözünü deyə bilməsə, onların taleyi indikindən də ağır olacaq.

- Konkret olaraq nəyi nəzərdə tutursunuz?
- Erməni siyasi hakimiyyəti xalqı silah gücü, qorxu ilə, ağır texnika vasitəsilə əzməklə hakimiyyətini saxlaya bilir. Əgər onlar bu yolu davam etdirsələr, nəticəsi daha pis olacaq.

- Hazırda Ermənistanda ciddi etiraz aksiyaları keçirilir, xalq parlament üsul-idarəsinə keçidi dəstəkləmədiyini ifadə edir. Bu haqda nə deyə bilərsiniz?
- Ermənistanda baş verən proseslərdən məlumatlıyam və media vasitəsilə prosesləri müşahidə edirəm. Erməni xalqı öz sözünü deməyi bacarmalıdır.

- Ermənistanda nəzərdə tutulan referendum dəyişikliklərində ali baş komandan vəzifəsi anlaşılmaz qalır. Yəni bilinmir ki, bu səlahiyyət kimdə olacaq. Bizə düşmən olan ölkə ali baş komandanın səlahiyyətlərinin kimdə olacağını nədən konkretləşdirə bilmir?
- Mənim üçün Sərkisyan terrorçu, işğalçıdır. Fikrimcə, bu dəyişiklik hakimiyyətlərini gücləndirmək üçün atılan addımların tərkib hissəsidir. Bu gün ali baş komandan səlahiyyəti baş nazirdə olduğuna görə, Sərkisyan istəyir ki, baş nazir olmaqla və qeyd edilən səlahiyyətləri daşımaqla Ermənistanda hakimiyyətini davam etdirsin. Ona görə də, konstitusiya reformlarına əl atıblar, hakimiyyəti əldə saxlamaq üçün bu modeli seçiblər.

- Gürcüstandan sonra Ermənistan parlamentli respublika üsul-idarəsinə keçir. Bunu bəzən demokratiyaya keçid formatında təqdim edilməsini necə şərh etmək olar?
- Bunun demokratiya ilə heç bir əlaqəsi yoxdur. Burada söhbət hakimiyyəti hansı formada əldə saxlamaqdan gedir. Əgər demokratik düşüncələri olsaydı, heç vaxt belə bir addımı atıb nəticəsi olaraq hakimiyyətdə qalmalarına çalışmazdılar. Ermənistan demokratiya anlayışından çox uzaqda duran bir dövlətdir.

- Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesi bir müddət əvvəl aktuallaşdı, hətta bir neçə rayonun Azərbaycana qaytarılacağına dair müzakirələr də aparıldı. Ancaq qəfildən danışıqlar prosesi sanki dayandırıldı. Bunu nə ilə izah etmək olar?
- Mən Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü kimi sizə tam əminliklə deyə bilərəm ki, Azərbaycanın ərazi bütövlüyü təmin ediləcək və bu müqaviləyə Azərbaycan Prezidenti İlham Əliyev imza atacaq. Bu yaxın zamanlarda da öz həllini tapacaq.

- Dağlıq Qarabağın Azərbaycanlı İcması ilə erməni icması arasında görüşlər keçirilirmi?
- İcma olaraq biz görüşlərdə maraqlıyıq və bunu dəfələrlə qeyd etmişik. Çox təəssüflər olsun ki, Dağlıq Qarabağın erməni icması bu görüşlərdən qaçır. Qeyd edim ki, onlar öz istəkləri ilə görüşdən qaçmırlar. Sadəcə, onların havadarları bu görüşlərdən onları saxlayır. Çünki bilirlər ki, sadə insanlar görüşsələr, bu yeni format ala və danışıqlar prosesində çox müsbət rol oynaya bilər. Onlar bunun əleyhinədirlər və işğal faktını saxlamaqla öz hakimiyyətlərini davam etdirməyə çalışırlar.

- İşğal faktını saxlayırlarsa, danışıqlar prosesini pozurlarsa, bunun problemin həllində hansı perspektivi ola bilər?
- Perspektiv məsələsi belədir ki, beynəlxalq hüquq bu məsələdə birmənalı olaraq Azərbaycanın yanındadır. Biz maraqlıyıq ki, Azərbaycanın ərazi bütövlüyü beynəlxalq hüquq əsasında təmin edilsin. Ona görə də müharibə yoluna addım atmaq istəmirik. Əgər Azərbaycan hərbi yolla ərazilərini azad etmək xəttini seçsə, inanın ki, bunu həyata keçirmək iqtidarındadır.

- Nardaranda baş verən hadisələr, qəsəbədə həyata keçirilən əməliyyat hazırda müzakirə mövzusudur. Bu haqda sizin mövqeyiniz nədən ibarətdir?
- Nardaran hadisələrinə münasibətim pisdir. Çox təəssüf edirəm ki, Azərbaycanda belə düşünən insanlar var. Nardaran kəndi rayonun icra orqanlarının nəzarətindən kənarda qalıb. Bu cür problemi nəzarətdən kənarda saxlamaq olmaz. Azərbaycan polisi öz vəzifə bölgüsünü layiqincə yerinə yetirdi və təəssüf edirəm ki, iki polis əməkdaşı şəhid oldu. Mən onların ailələrinə səbir diləyirəm. Çox şadam ki, Azərbaycanın hüquq mühafizə orqanları çox ciddi addımlar ata biliblər. Nardaranda olan ab-hava tamamilə və kökündən dəyişdirilməlidir. Onlar Azərbaycanın layiqli vətəndaşlarıdır, Azərbaycanın dünyəvi, demokratik və hüquqi dövlət anlayışını anlayaraq öz həyatlarını dəyişməlidirlər. Bu, olduqca vacibdir.

- Kimlərinsə ölkədə şəriətə əsaslanan quruluş qurmaq fikrinə düşməsi nə dərəcədə ciddi məsələdir?
- Problem olaraq ciddidir, lakin bunun heç bir perspektivi yoxdur. Azərbaycan cəmiyyəti Konstitusiyada qeyd olunduğu kimi hüquqi, demokratik dövləti müdafiə edir. İslami dəyərləri Azərbaycana gətirmək haqqında danışılır. Azərbaycan bir müsəlman ölkəsidir, bizdə islami dəyərlər daima olub. Bizdə din problemləri ümumiyyətlə yoxdur, tolerant dövlətdə yaşayırıq və bütün dinlər azaddır. Azərbaycan bu istiqamətdə də inkişaf edəcək. Nardaran hadisələri isə Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə, aparılan işlərə atılan bir daşdır. Biz xalq olaraq hər şeyin qarşısında duracağıq. Ola bilsin ki, Nardaran hadisələrinin baş verməsində kənar təsirlər də olsun. Yəni Azərbaycanın güclənməsini istəməyənlər bunda maraqlı olsunlar. Amma bunun nə nəticəsi, nə də perspektivi ola bilər.

Nemət


Müəllif:

Oxşar xəbərlər