Teleqraf.com Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı ilə müsahibəni təqdim edir.
– Ramin bəy, sizin ixtisasınız nədir?
– Bexnəlxalq siyasi münasibətlər.
– Harda oxumusunuz?
– İqtisad Universitetində türk dünyası işlətmələr fakültəsi var, orada oxumuşam. Türkiyənin İstanbul Universiteti ilə Azərbaycan Dövlət İqtisad Universitetinin birgə fakültəsidir.
– Hazırkı fəaliyyətiniz ixtisasınıza uyğundurmu?
– Uyğundur. Siyasət sahəsində oxumuşam, indi də Beynəlxalq Avropa Hərəkatının Azərbaycan nümayəndəliyinə rəhbərlik edirəm. Azərbaycanın Avropaya inteqrasiyası istiqamətində çalışıram, Ümid Partiyasında Beynəlxalq Əlaqələr və Strateji Məsələlər üzrə sədr müavini kimi çalışıram, demək ki, sırf öz sahəmlə məşğulam.
– Deyəsən, iki dəfə Milli Məclisə namizədliyinizi vermisiniz, eləmi?
– Bəli, 2010-ci ildə və bu il.
– Namizəd olduğunuz vaxtda bir kampaniya başladınız ki, hər seçici sizə on manatdan yardım eləsin. Bu fikri sizin ağlınıza kim salmışdı? Doğrudan da, inanırdınız ki, adamlar kütləvi şəkildə sizə 10 manatdan pul verəcəklər, yoxsa bəxtinizi sınayırdınız?
– Yox, nə bəxtimi sınayırdım, nə də böyük pullar yığacağımı düşünürdüm. Çünki realıq göz önündə idi. Ancaq istəyirdim ki, bəzi insanlar prosesə bu şəkildə qatılsınlar. Görünən o idi ki, insanlar prosesə qatılmaq istəmir. Belə demək mümkünsə, bizim insanlar ağ atlı oğlan axtarır. Onların yerinə bütün işləri sənin görməni istəyir. Hətta imkan vermirlər sən özün danışasan, özləri hər şeyi yaxşı bildiklərin göstərməyə çalışırlar, ümidsiz halda birdən hər şeyin düzəlməsin arzu edirlər. Əlini daşın altına qoymaq istəyən yoxdur. Heç nə eləmirlər, uzağı səni yalnız tərifləyirlər, vəssalam, işlərini bitmiş hesab edirlər. Çox sahədə yardım istədik, kimdənsə müşahidəçi olaraq, kimdənsə təbliğatçı... eyni zamanda da bu istiqamətlərdə yardım edə bilməyənləri maddi formada yardıma səslədik. Bu insanlarda maraq yaratmaq, təşviq etmə üsuludu. Açıq deyirdik, siz kömək eləməlisiniz ki, seçkini qazanaq, sonra da ölkəmizin problemləri ilə daha effektiv məşğul olaq.
– Maraqlıdır, bundan sonra planlarınız nədir?
– Dəyərlərin təbliğini davam etdirəcəm. Azərbaycan Avropa Hərəkatının fəaliyyətini daha da gücləndirməyə çalışacam. Baş verən proseslər onu göstərir ki, Azərbaycan Avrointeqrasiya istiqamətində çox sürətli addımlar atmalıdır. Yoxsa hər zaman ökləmiz təhlükəsizliklə bağlı problem yaşayacaq.
– Namizədlərin təbliğat-təşviqat kampaniyası zamanı birdən-birə ölkədən çıxıb getdiniz...
– Mənim getməyimlə bağlı əsl səbəbləri bu günə kimi heç bir yerdə açıqlamamışam. Əslində, dönüşümlə haqqımda deyilən bütün dedi-qodulara son verməklə yanaşı həm də bilinmiş oldu ki, bütün mənfi danışanlar qərəzlidi. Buna görə bəziləri utandı, bəzilərinin paxıllıqlarından irəli gələn ifadələrinə görə dilləri gödək oldu. Təbii, bilərəkdən mənə təziq göstərənləri ayırd eləməyəim üçünsə imkan yarandı.
– Bəs getməyinizin əsl səbəbinin nə vaxt açıqlayacaqsınız?
– Bu yaxınlarda...
– Nəyi gözləyirsiniz ki?
– Hər şeyi dəqiq müəyyənləşdirməyə və faktları toplamağa çalışıram. Elə adamlar var ki, soyadını bilirəm, amma adını dəqiq bilmirəm. Elə təzyiq mənbələri var ki, ərazisini müəyyən etmişik amma ev ünvanı ayırd edə bilməmişik.
– Ev ünvanlarını tapıb neyləyəcəksiniz ki? Evlərinə gedəcəksiniz?
– Təbii ki, ilk növbədə məsələni ictimailəşdirməyə çalışacam, sonra hüquq-mühafizə oraqanlarına açıq müraciət eləyəcəm və medaianı da bunun ətrafına cəlb eləyəcəm ki, hər kəs məsələdən xəbərdar olsun.
– Ramin bəy, siz gənc olmağınıza baxmayaraq, ictimai həyatda xeyli vaxtdır ki, varsınız və fəalsınız. Amma son vaxtlar sizdə bir yorğunluq, bədbinlik hiss olunur...
– Bədbinliyimin səbəbi odur ki, biz bir nəsil kimi uduzmuşuq, məğlub olmuşuq. Bu məğlubiyyət bizi parçaladı.
– Necə yəni uduzmaq? Yəni...
– Bizim nəsilin içərisindən Suriyada döyüşməyə gedənlər var, dini zəmində bir neçə hissəyə bölünüb bir-birinə düşmən kəsilənlər var, siyasi olaraq da bölünüb bir-birinə düşmən kəsiliblər. Cəbhəçi müsavatçıyla dalaşır, ictimai təşkilatlar bir-biri ilə vuruşur, döyüşür. Nəslin içərisində bir-birini ittiham ənənəsi genişlənməyə başlayıb, gördüyü işdən asılı olmadan hamı bir-birinə satqın gözüylə baxır... Bütün bu şeylər məni sarsıdır. Təsəvvür elə, arzuların var, ideallarınla yola çıxırsan, çalışırsan, layihələr həyata keçirirsən, amma səni ya başa düşmək istəmirlər, ya da zərbə vurmaq üçün startda durublar.
– Bəs siz öz nəslinizdən nə gözləyirdiniz ki?
– Əslində, bizim nəsil Azərbaycana dəyərlər gətirməli idi. Çünki bizdən öncəki nəsil pis-yaxşı bizə müstəqillik gətirmişdi.
– Bayaq satqınçılıq dediniz...
– Hə, bu, bizim bəzi insanlarda yeni yaranmış xəstəlik deyil, Sovetlərdən miras qalıb. Bu fikrin xüsusən, gənc nəsilə sirayət etməsi məni narahat edir. Nə deməyindən, nə danışmağından asılı olmayaraq, ona əks fikir deyən kimi səni ittiham eləyirlər. Massonsan, Mossada işləyirsən, oranın agentisən, bura xidmət edirsən və s. Bu bezdirici situtsiya yaradır. Kimdənsə kimisə müdafiə etməyə çox zaman itiririk.
– Hətta bezdirir...
– Bir dəfə xaricdən bir qonağım gəlmişdi. Mənə deyir, sizin insanların hamısı niyə pul hərisidir. Doğrudan, Azərbaycan xalqını maddi nemətlər çox düşündürür. Kimisə çox pullu görən kimi onun hansısa pis yolla bunu qazandığını iddia edir. Çünki özünü qazanmağın düz yolunun olmadığına əmin edib.
– Bizim kəndimizdə nə qədər insanlar var, heyvandarlıqla, kənd təsərrüfatıyla məşğuldurlar, səhərdən axşama kimi işləyib bir tikə çörək qazanırlar. Siz Azərbaycan xalqı deyəndə onları da nəzərdə tutursunuz?
– Xalq deyəndə mənim gözümün qabağına sizin dediyiniz kimi adi insanlar gəlmir. Mən cəmiyyətdə dinamik hərəkət eləyən insanları nəzərdə tutub danışıram. Hansı ki, onlar kütləni arxasınca aparır. Sizin haqqında danışdığınız insanlarsa sadə vətəndaşlardı. Onların fikirini formalaşdıranda xalq olurlar. Bu o deməkdir ki xalqı yaradan şüur formalaşdıranlardı. Bütöv xalq şüuru tezisi də burdan yaranıb. Elita bütün xalq üçün şüur təmsilçisidir.
– Aydındır.
– Bir universitet tələbəsi cavan oğlan görür ki, yaxşı oxuyan tələbəyə hörmət eləmirlər, daha çox pulu olana hörmət qoyurlar. Yaxud, qızlar yaxşı oxuyan oğlana yox, pulu, maşını olan oğlana maraq göstərir, arxasınca qaçır. Bunu görən sadə vətəndaş istəyir ki, pullu tələbə kimi olsun, elədirmi?
– Elədir.
– Və pullu olmaq üçün pul axtarmağa başlayır. Puldan başqa heç nə düşünmür. Qazandığı pulun oğurluq olduğu, haram yolla əldə olunduğu daha onu maraqlandırmır. Çünki məqsəd universitetdə müəllimlərin hörmət elədiyi, qızların maraq göstərdiyi tələbə oğlan kimi olmaqdır. Belə olanda insan ancaq madiyyat barədə fikirləşir, onu mənəvi məsələlər qətiyyən maraqlandırmır. Xanımlar da pulla bağlı çox düşünür. Xoşbəxtliyin ondan keçdiyinə inanır. Çünki elitar tərz bunun təbliği ilə məşğuldu. Deqradasiya belə baş verir.
– Ramin bəy, sizcə, bu cəmiyyəti sağaltmağa hardan başlamaq lazımdır?
– Təhsildən. Mütləq yaradıcı təhsil olmalıdır. Yəni universitetə getdim, əzbərlədim, qiymət aldım, belə olmamalıdır. Hər kəs başa düşməlidir ki, təhsilinə, savadına görə filankəs filan yerdədir. Yaxud, filankəsin filan uğurunun səbəbi təhsildir. Bütün uğurların səbəbi puldursa, yaltaqlıqdırsa, qohumbazlıqdırsa, tapşırıqdırsa, yerliçilikdirsə demək ki, cəmiyyətin düzəlmək şansı yoxdur. Bu, çox sadə bir düsturdur.
– Belə bir fikir var: “Nə mutlu türküm deyənə”. Sizcə, XXI əsrdə, 2015-ci il-də bu fikir nə qədər aktualdır?
– Bir əsr əvvəl türk nədir, bilinmirdi. Atatürk bu fikri dilinə gətirənə kimi ancaq Osmanlı anlayışı vardı. Fikir versəniz, həmin dövrdəki savaşlar o zamankı ədəbiyyatda Osmanlı-xristian müharibəsi keçir. Sultan Səlim özünü xəlifə elan eləyəndən sonra ümumiyyətlə, Osmanlıda qabaran sifət din idi, millət məsələsi gündəmdən çıxmışdı. Ona görə bir əsr bundan əvvəl ”nə mutlu türküm deyənə” çox aktual fikir idi. Bu fikir insanları öz soykökünə qaytarmaq kimi bir mahiyyət kəsb edirdi, mesaj xarakteri daşıyırdı. Amma indiki halda “nə mutlu türküm deyənə” fikri ancaq içki məclislərində tost ola bilər. Ona görə ki, hər kəs türk olduğunu bilir və bununla öyünməyə ehtiyac yoxdur.
– Niyə ehtiyac yoxdur ki?
– Çünki bizim dövlətimiz var. Sən millətçisən, bəs mən kiməm? Axı mən də millətimi sevirəm. Müasir dünyada millətçi olmaq əvəzinə daha çox milli kimliyimizi təbliğ eləmək lazımdır, dili inkişaf elətdirmək gərəkdi. Millətçiliyi bir dava kimi görmək və başqalarını ittiham eləmək üçün alətə çevirmək olmaz.
– Türkün türkdən başqa dostu yoxdur, Tanrı türkü qorusun və s.
– Yenə deyirəm, Azərbaycanın müstəqilliyi ərəfəsində bu fikirlər lazım idi. Biz artıq müstəqil dövlət olmuşuq. Bu şüarlar hamısı - biz kimik, kim olmuşuq, hardan gəlmişik, hara gedirik... dövlət konsepsiyasında olmalıdır və bütün vətəndaşlara da izah olunmalıdır. Bayrağında, gerbində, himnində və digər rəmzlərdə öz əksini tapmalıdır. Artıq dövlət var və öz müstəqilliyinin milli əsaslarını qanunlarda və strateji konsepsiyalarında əks etdirməlidi.
– Güney Azərbaycanda necə, bu fikirlərə, şüarlara ehtiyac varmı?
– Əlbəttə, var. Hətta olması çox vacibdir.
– Nə üçün?
– Çünki Güney Azərbaycanda soydaşlarımıza qarşı rejim tərəfindən assimilayasiya siyasəti var. Türk olduqlarına – milli soylarına görə siyasətə məruz qalan, milli kimliyindən uzaqlaşdırılmağa çalışılan toplum varlığını qorumaq üçün tez-tez kimliyini xatırlamalıdi ki, assimilyasiya olunmasın, özünü, dilini, kimliyini qoruyub saxlaya bilsinlər. Bu səbəbdən də türkmanlar Suriyada, İraqda, uyğurlar Çində, tatarlar Rusiyada... türk olduğunu hər an xatırlamaldır. Orta Asiya türk dövlətlərində isə rus assimilyasiyasından qorunmaq üçün dövlətlərin siyasi kimlik konsepsiyası hazırlanmılıdı. Bizdən fərqli olaraq Orta Asiya türkləri kültür olaraq rus əsarətində hələ də qalmaqdadır. Çünki, Türkiyədən coğrafi uzaqlıq var, tarixi dövlətçilik ənənəsinin Rusiya tərəfindən formalaşdırılması – Rəsulzadə, Nəsibbəyli, Axundov, Topçubaşov.. kimi mütəfəkkirləri olmaması faktı var.
– Ramin bəy, niyə bizim insanlar Avropa dəyərlərindən danışanda elə bilirlər ki, geylərin hüquqlarını müdafiə eləyirsən? O saat deyirlər, Avropada kişi kişi ilə evlənir, Avropada namus-qeyrət yoxdu və s.
– Bu məqsədyönlü bir siyasətdir. Bu siyasəti Azərbaycanda Rusiya, İran, Səudiyyə Ərəbistanı həyata keçirib. Bu fikirlərin Azərbaycanda yayılmasında Türkiyədən gələn təbliğatın da payı var. Xüsusən, nurçuların məktəblərində təbliğ olunur. Əslində isə Azərbaycan insanı dilində nə deməsindən asılı olmayaraq içində bilir ki, Avropa standartları onu xoşbəxt edəcək.
Unutmamağımız lazımdır ki, hər bir topluma yenilik qorxulu gəlir. Avropa isə yeniliklə dolu, fərqli dünyadı. Bu açılmamış sandıq bizim insanlara uzaq, çətin, yad gəldiyindən çəkinirlər bəşəri dəyərlərdən. Öz kimliklərini itirmək qorxusu yarnır vətəndaşımızın içində və bundan dediyim kimi istifadə edən tərəflər var. Qərblə Azərbaycan arasında uçurum yaratmaqla özlərinə yaxınlaşdırmaq istəyirlər.
Sadə Avropalı Rəsulzadə kimi düşünür, Rəsulzadə kimi yaşayır. Mən istəyirəm ki, bütün Azərbaycan vətəndaşları Rəsulzadə kimi düşünsünlər, Rəsulzadə kimi yaşasınlar. Yəni hər bir vətəndaş şəxsiyyət olsun.
– Bütün vətəndaşlar Rəsulzadə kimi düşünsə və bütün vətəndaşlar Rəsulzadə kimi yaşasa, onda Rəsulzadənin özü kim olardı?
– Rəsulzadə ilk bu cür düşünən və yaşayan bir şəxsiyyət idi.
– Ümumiyyətlə, Avropa dəyərləri Azərbaycana daşınmalıdır ifadəsinin arxasında nə dayanır? Avaropa dəyəri nədir?
– Avropa dəyərləri insanı şəxsiyyət eləyən azadlıqlardı.
– Bəs şəxsiyyət nədir?
– Şəxsiyyət odur ki, sənin seçmək hüququn var. Daha valideyn sənə məktəb seçmir, ailə qurmaq üçün həyat yoldaşı seçmir, dövlət sənin yerinə seçimlər etmir, bütün azadlıqlarına sahib olursan və iradənin, ölkənin, sahibi hiss edirsən özünü.
– Sizcə, bizim insanlar seçə bilirlərmi? Uşaq yaxşı müəllim seçə bilirmi, qız yaxşı ər seçə bilirmi, oğlan yaxşı xanım seçə bilirmi?
– Axı dəyişmək şansı var. Birinci dəfə pisi seçibsə, sonra dəyişib yaxşını seçsin. Əsas odur, bilir ki, səhvi özü elədi. Biz seçim eləmiriksə, seçmiriksə, həyatımızı, yolumuzu özümüz müəyyən eləmiriksə, bir problem olanda da bizim üçün seçim eləyən adamı günahlandırırıq. Beləlikə, biz şəxsiyyət olmuruq. Şəxsiyyət olmayan isə məsuliyyətsiz yaşayır.
– Sizcə, gey olmaq problemdirmi? Çünki bunu problem kimi görməyən, tamamilə təbii qarşılayanlar da var.
– Bu sual ətrafında düşünməyim lazımdır. Düzü, bu mövzu haqqında çox fikirləşməmişəm. Bu mənim ixtisasım deyil. Sadəcə sadə yanaşmam var; kimsə geydirsə, onun öz dünyası olacaq və orda yaşayacaq. Onun mənə nə dəxili var? İnanın, Almaniyada geylərin təbliğatı Azərbaycandakı qədər getmir. Bizdə gey televiziyaya çıxır, hamı da bilir ki, o, geydir. Danışır, digərlərinin də diqqətin cəmləyir ora. Beləliklə, toplumun təhtəlşüuruna keçir...
– Guya əks təbliğatdır, əslində isə təbliğata çevrilir. Axı qadağan olunmuş şeylərə maraq güclü olur.
– Bəli, əlbəttə, elədir. Qadağaya sevgi insan xislətində var. Bu, dinimizdə də təsbit olunub. Bir alman qətiyyən maraqlanmır ki, kim homoseksualdı, kim heteroseksual. Öz həyatını özü kimi olanlarla qurur.
– Bəs almanı, ingilisi, fransızı dəyərli eləyən nədir?
– Məsələn, gecə saat ikidir. Sadə bir avropalı görür ki, sfetoforda qırmızı işıq yanır və heç bir tərəfdən maşın gəlmir. O, gözləyir ki, yaşıl yansın, sonra yolu keçsin. Avropa insanı buna görə qiymətlidi. Bu qanunun kültürə keçəməsinin sadə izahıdı.
– Bizdə buna axmaqlıq kimi baxırlar...
– Əvvəl mən də onlara axmaq kimi baxdım.
– Doğrudan, yol boşdursa, keçib getsin, nolar ki?
– Yox, elə deyil. Bu halda avropalı protestantlar düşünür ki, mən günaha batıram. Deyir, dinimiz bizə belə buyurmayıb. Tanrı bizi görür. Gərək dürüst olaq. Bir dostum demiş, qanunun xurafatıdı bu. Onlar belə bir təfəkkür sahibidirlər. Din, mentalitet dövrün yaşayıblar, qanun mərhələsin keçiblər və hüquqi mədəniyyət epoxasına çatıblar. Bir sözlə, işində, davranışında, münasibətində vicdanının – Tanrısının onu gördüyünü düşünüb əvvəllər və zamanla bu dürüstlük mədəniyyətlərinə keçib.
– Ramin bəy, dünyagörmüş bir azərbaycanlı kimi deyə bilərsinizmi, bəs Avropadan bizə hansı dəyərin gəlməsini istəmirsiniz?
– Kəramət bəy, bu barədə düşünməmişəm. Bu sualı heç vaxt məndən soruşan olmayıb.
Kəramət Böyükçöl