“İran-Rusiya müttəfiqliyi Suriyada aktiv fəaliyyətə keçib, bölgədə öz varlığını qorumaq məqsədilə addımlar atır. Artıq bu müttəfiqlik hərbi əməliyyatların həyata keçirilməsinə qədər gedib çıxır. Eyni zamanda Türkiyə və ABŞ terrorla mübarizə istiqamətində tamamilə fərqli hədəfləri görürlər. Onların bu istiqamətdə birgə addımları olur. Əslində isə bu məsələlərə diqqət edəndə görünür ki, NATO ilə Rusiya-İran qarşıdurması güclənir. Bu qarşıdurma soyuq müharibə dövrünə yaxınlaşmasa da, həmin vəziyyəti xatırlatmağa başlayır”.
Bunu Teleqraf.com-a müsahibəsində Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bildirib. Müsahibəni təqdim edirik:
- Asim müəllim, dünyadakı geosiyasi durumu, güc mərkəzləri arasındakı mübarizənin indiki ən gərgin mərhələsini necə dəyərləndirmək olar?
- Son zamanlar təhlükəli proseslər baş verib. Bu proseslərin əsas mahiyyəti bir tərəfdən çox təhlükəli terror qrupları ilə aparılan mübarizə, ikinci tərəfdən NATO-Rusiya qarşıdurmasıdır. Ukrayna hadisələrinin ardınca, Rusiya Suriyadakı proseslərə müdaxilə edir, İranla birlikdə Suriya hakimiyyətini müdafiə edir. Əlbəttə, bu, vəziyyəti bir qədər də gərginləşdirir. Bölgədə artıq sabitlik ciddi şəkildə pozulub və dünya çox ciddi təhlükələr qarşısında qoyulub. Çünki bu qarşıdurmada iştirak edən güc mərkəzlərinin nüvə silahı var. Nüvə silahı hansısa mərhələdə istifadə edilərsə, bu, dünyanın məhvinə gətirib çıxarar. Ümidvaram ki, bu məsuliyyəti hər iki tərəf dərk edir və bu qarşıdurma zamanı xoşagəlməz hadisə baş verməyəcək. Sadəcə, siyasi və hərbi qarşıdurma ilə paralel olaraq çox ciddi iqtisadi proseslər də müşahidə olunur. Biz iqtisadiyyatda böhran mərhələsinin şahidi oluruq. Avropada müəyyən ölkələrdə iqtisadi tənəzzül, Avropa Birliyinin vahid təşkilat olaraq miqrant məsələsində vahid mövqe sərgiləyə bilməməsi faktiki olaraq bu qitədə ciddi çatların yaranmasına səbəb olub. Amerika öz müttəfiqləri ilə münasibətlərdə son zamanlar dəstəyini ifadə edir. Türkiyə də cənub-şərq bölgəsində Amerika ilə birgə hərəkət edir. Bu fakt Türkiyənin beynəlxalq oyunlarda rolunu müəyyən qədər artırır. Çinin isə bu güc mərkəzlərindən biri ilə müttəfiqlik etməməsi gərginliyin əsas səbəblərindən biri olaraq göstərilir. Bu cür iqtisadi proseslər-enerji daşıyıcılarının qiymətində kəskin enmələrin olması yalnız Amerika iqtisadiyyatının inkişafına kömək etdi. Digər ölkələr iqtisadi sahədə ciddi böhran keçirdi. Bu böhran hətta Çini də əhatə etməyə başladı. Çinin inkişaf istiqamətləri müəyyən qədər azaldı. Odur ki, dünyada müşahidə olunun hərbi, siyasi və iqtisadi hadisələr ciddi gərginliyə səbəb olub. Bu gərginlik bizə yaxın olan Şərqdə özünü artıq silahlı müharibə formasında büruzə verir.
- Güc mərkəzləri tərəfindən başlanılan geosiyasi oyunlara, dünyanın fərqli nöqtələrində baş verən proseslərə nəzarət edilirmi, yoxsa proseslər nəzarətdən çıxıb?
- Əslində, nəzarət edilsəydi, bu proseslər indiki qədər dərinləşməzdi. Müəyyən qədər bunun səbəbi ABŞ-ın indiki rəhbərliyinin Amerikanı bu proseslərdən izolyasiya etmək, öz daxili maraqları çərçivəsində qapamaq addımıdır. Amerikanın növbəti rəhbərliyinin siyasətdə müəyyən qədər dəyişikliklər etməsi, bəlkə də, dünyada sabitliyin yaranmasına gətirib çıxara bilər. Çünki Amerikanın rolu bu proseslərdə çox ciddidir. Dünyanın iqtisadi və hərbi qüvvəsi Amerika qitəsindədir. Amerika qitəsi və onun ətrafında izolyasiya daim gərginliyə səbəb olub. 1970-ci ildə də belə olmuşdu. Obama hakimiyyətə gəldikdən sonra Əfqanıstandan ordunu çıxardı, İraqdan da çıxarmaq qərarını verdi. İraqda vahid və güclü dövlət olmadığı üçün daxili hakimiyyət müəyyən qüvvələrin əlinə keçdi, bu proses İraqın ətrafına yayıldı. Əgər ABŞ-da keçiriləcək növbəti seçkilərdən sonra siyasətdə dəyişikliklər edilərsə, bu zaman stabillik arta bilər. Əks təqdirdə, bu qarşıdurmalar dünya üçün yaxşı bir şeylər vəd eləmir və daha dəhşətli hadisələrə səbəb ola bilər.
- Bizim bölgədə hansı proseslər baş verir?
- İran-Rusiya müttəfiqliyi Suriyada aktiv fəaliyyətə keçib, bölgədə öz varlığını qorumaq məqsədilə addımlar atır. Artıq bu müttəfiqlik hərbi əməliyyatların həyata keçirilməsinə qədər gedib çıxır. Eyni zamanda Türkiyə və ABŞ terrorla mübarizə istiqamətində tamamilə fərqli hədəfləri görürlər. Onların bu istiqamətdə birgə addımları olur. Əslində isə bu məsələlərə diqqət edəndə görünür ki, NATO ilə Rusiya-İran qarşıdurması güclənir. Bu qarşıdurma soyuq müharibə dövrünə yaxınlaşmasa da, həmin vəziyyəti xatırlatmağa başlayır.
- Türkiyə ilə İran arasında münasibətlər son iki həftədə ciddi şəkildə pisləşib. Baxmayaraq ki, Ankara heç vaxt Tehrana tətbiq edilən beynəlxalq iqtisadi sanksiyalarda iştirak etməyib. Bəs, münasibətlərin gərginləşməsinə səbəb nədir?
- Əslində, Türkiyə rəqabətdə və gərginlikdə olduğu ölkələrə qarşı tətbiq edilən sanksiyalara qoşulmayıb. Yəni iqtisadi sahədə heç bir problemlər yaratmır, iqtisadi münasibətlər məsələsində körpüləri yandırmır. Lakin Suriyada Rusiya-İran birliyinin hədəfləri, türkmənlərə qarşı zərbələr məzhəbçilik baxımından Türkiyə ilə İran arasında gərginliyə səbəb olub. Şübhəsiz ki, bu, çox ciddi və təhlükəli prosesdir. İstəməzdim ki, müsəlman ölkələri fərqli məzhəblər arasında yeni savaşlar və qarşıdurmalara getsin, gərginliyə nədən olsun. Odur ki, bölgədə sabitliyi istəyən insanlar bu münasibətlərin yumşalması və inkişafı üçün hansısa modellər ortaya qoya, yeni ideyalarla çıxış edə bilər. Bu istiqamətdə enerji sahəsi əməkdaşlıq üçün zəruridir. Məsələn, enerji və nəqliyyat münasibətlərin müsbət istiqamətdə inkişafı üçün imkanlar yarada bilər. Söhbət İranda hansısa qaz emalı istiqamətində proseslərdə Türkiyənin dəstəyi, dünyaya nəqlinə şərait yaratmasından gedir. Və ya Azərbaycanda İranın şimali nəqliyyat dəhlizinin yaradılması, bununla yanaşı Türkiyə ilə birgə İrana Avropa istiqamətində nəqliyyat verilməsi sayəsində siyasi gərginliyin iqtisadi vasitələrlə alınmasına nail oluna bilər.
- Amma son xəbərə görə, İran müqavilə əsasında Türkiyəyə verdiyi qazın 50 faizini azaldıb və bunu daxilində qaza tələbatın olması ilə əsaslandırıb...
- Mənə elə gəlir ki, burada söhbət İranın Rusiya ilə vahid mövqeyindən gedir. Başqa sözlə, Rusiyanın İranla birlikdə Türkiyəyə qarşı addımıdır. Yəni Türkiyəyə hansısa bir enerji sahəsində ola biləcək təzyiqlər vasitəsilə təsir etməkdir. Bunun başqa cür açıqlamasını vermək şəxsən mənim üçün çətindir. Lakin Türkiyənin bir neçə istiqamətdə enerji və ilk növbədə qazla təmin etmək imkanları mövcuddur. Azərbaycanla yanaşı Türkiyənin əsas qaz mənbələrindən biri Qətərdir. Bildiyim qədər, Qətər dövləti artıq bu məsələdə Türkiyənin təklifinə müsbət yanaşıb, bununla bağlı müəyyən qərarlar verib. Ötən həftə Türkiyə prezidenti Ərdoğanın da Qətərə rəsmi səfəri omuşdu. Bu mənada hesab edirəm ki, İran və gələcəkdə Rusiyanın Türkiyə bazarında azaldacağı qazı Qətər doldurmağa çalışacaq. Fikrimcə, bu cür metodlarla təzyiq hər hansı bir nəticə verməyəcək. Həm də, indi dünya bazarında neft və qaz kifayət qədərdir və qaz nəql edən ölkələr çalışırlar ki, yeni bazarlara çıxış əldə etsinlər.
- Rusiya-Türkiyə münasibətlərinin gərginliyi fonunda “Türk axını” layihəsindən imtina edilir. Bunun fonunda TANAP və Tap layihəsinin perspektivini necə qiymətləndirmək olar?
- TAP - TANAP Avropanın enerji təhlükəsizliyi üçün ən əsas layihələrdən biridir. Amerika dövlət katibi tərəfindən bu istiqamətdə son günlər verilən bəyanatlar ortadadır. Bu bəyanat Yunanıstanda, Avropaya səfəri zamanı səsləndi. Amerikanın belə alternativ enerji dəhlizinin formalaşmasına verdiyi dəstək Azərbaycanın və Türkiyənin, eləcə də, Avropanın mənafeyinə tam uyğundur. Hesab edirəm ki, belə dəstəklər həm də bu kimi layihələrin vaxtından tez həyata keçirə bilər. Bu sistemin formalaşması ilə biz Azərbaycanın enerji bazarlarının genişlənməsinə şahid ola bilərik.
- Ermənistan artıq parlamentli respublika quruluşuna keçidini təmin etdi. Bunu necə şərh edərsiniz?
- Biz burada Ermənistanın indiki hakimiyyətinin istəyinə uyğun olaraq oyunu müşahidə edirik. Hakim rejim hakimiyyəti zəbt edib və diktaturasına demokratik don geyindirmək üçün oyuna gedir. Amma əslində bu proseslərin əsas mahiyyəti Qarabağda hərbi cinayətlərdə iştirak edən hərbi dəstələrin Ermənistanın idarəçiliyində qalmasını təmin etməkdir. Həm də bu konstitusiya dəyişikliklərinin nəticəsində indiki iqtidar hakimiyyətini başqa formada davam etdirəcək, ona qarşı baş verəcək istənilən etirazı yatırtmaq xətti seçiləcək. Ən əsası budur ki, bu dəyişikliklər Ermənistana demokratiya gətirməyəcək, əksinə, demokratiyanın qarşısını tıxayacaq.
- Bu dəyişiklik Ermənistanın siyasətini dəyişə bilərmi?
- Ermənistan müstəqil dövlət deyil, forpostdur. Odur ki, bu dəyişiklik Ermənistanın müstəqil dövlətə çevrilmək prosesinin qarşısını alan bir layihədir. Hesab edirəm ki, bunun perspektivi yoxdur. Çünki erməni xalqı da indiki hakim rejimdən narazıdır və onu sevmir.
Nemət Orucov